Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - ¹06

 

Azərbaycanın elm korifeyləri

Orta əsrlər ədəbiyyatının tədqiqatçısı, elm təşkilatçısı

 

 

Kamil mətnşünas, ədəbi əlaqələri öyrənən alim, folklorşünas 

Həmid Məmmədtağı oğlu Araslı 1909-cu il fevral ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Məmmədtağı Ərəszadə dövrünün tanınmış din xadimi, tərcüməçi və publisist idi. Həmid Araslı atasını çox tez itirmiş, atalığının himayəsində böyümüşdür.    1921-ci ildə Gəncədə (Yelizavetpolda) açılmış seminariyaya daxil olmuş, 5 il sonra buranı bitirib pedaqoji fəaliyyətə başlamışdır. O, iki il Gəncəbasardakı Nəbiağalı kəndində müəllim və məktəb direktoru vəzifələrində çalışmışdır. 1928-ci ildə Bakıya gələn H.Araslı Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. Təhsil illərində filoloji bilik və məlumatını artıran gənc milli ədəbiyyatımızı tədqiq etmək arzusu ilə yaşamışdır. Elə bu niyyətlə də aspiranturaya daxil olmuş, həm də assistent kimi kafedrada işə götürülmüşdür.  Gənc və istedadlı aspirantın bilik və bacarığını, ərəb və fars dillərini bilməsini nəzərə alaraq onu SSRİ Elmlər Akademiyası Azərbaycan filialındakı elmi kitabxananın şərqşünaslıq şöbəsinin müdiri vəzifəsinə təyin etmişlər.  Çalışdığı elmi-ədəbi mühitin təsiri ilə Həmid Araslı Şərq ədəbiyyatının bir qolu olan fars-tacik ədəbiyyatını dərindən öyrənib, ədəbi mənbələri tədqiq etmişdir. İkinci bir tərəfdən, türkdilli xalqların folkloru və ədəbiyyatını mənimsəyib, araşdırmalar aparmışdır. Aspiranturanı bitirən (1935) Həmid Məmmədtağı oğlu ali məktəbdə ilk dəfə olaraq orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi kursunun əsasını qoymuşdur.

1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Əslində H.Araslının orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaları aspirantura dövründən başlamışdır.

1954-cü ildə ədəbiyyatşünas alim "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Professor Əliyar Səfərli Həmid Araslının bu əsəri haqqında sonralar yazmışdır: "Doktorluq işi kimi yazılmış bu kitab gerçəkdən yeni bir ədəbiyyat tarixidir. İki əsrin ədəbi irsinin peşəkar bir ədəbiyyat tarixi mütəxəssisi kimi araşdırılması da yenə bu böyük alimin tarixi xidmətlərindəndir".

"XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasında klassik irsimizin Əvhədi, Əssar, Füzuli kimi görkəmli nümayəndələrinin həyatına nəzər salınmış, əsərlərinin tarixi-mədəni dəyəri, ideya-məzmun məziyyətləri təhlil və təqdir olunmuşdur. Tədqiqat əsərində bu və ya digər sənətkarın yaradıcılığının orijinal cəhətləri araşdırıcı fikir və mülahizələri əsasında qiymətləndirilmişdir.

"XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyası (1956) Həmid Araslının ən mühüm işlərindən biri sayılır. Söz sənəti tariximizin bu dövrü az öyrənilmişdi, lakin bu mərhələ ilə bağlı mənbə az deyildi. Vətəndaşlıq-vətənpərvərlik hisslərinə arxalanan H.Araslı çoxlu sayda ədəbi əsərləri diqqət və obyektivliklə təhlil etmişdir. Saib Təbrizi, Tərzi Əfşar kimi farsdilli şairlərimiz ədəbiyyat tariximizdə öz yerlərini almış, Qövsi Təbrizi, Fədai, Əmani, Arif Təbrizi kimi şairlərin irsini təhlil edən dəyərli oçerklər yaradılmışdır.

Bu monoqrafiyada Vidadi, Şəkili Nəbi, Şakir Şirvani, Məhcur Şirvani, Baba Şirvani kimi müxtəlif səviyyəli söz sənətkarlarının klassik şeir janrlarında yaratdıqları əsərlər, o cümlədən "Şəhriyar dastanı" kimi nəsr abidəsi araşdırılmışdır.

***

Akademik Həmid Araslı, sözün həqiqi mənasında, çoxsahəli bir alim olmuşdur. O, təkcə ədəbiyyat tariximizi öyrənib sistemləşdirməklə, bu sahədə kadrlar hazırlamaqla kifayətlənməmişdir. Alim ədəbiyyat tarixindən ali məktəb kurslarının tədrisi sistemini işləmiş, proqram tərtib edib dərslik hazırlamışdır. Bu istiqamətdə fəaliyyətinin bir qolu orta məktəblə bağlı olmuşdur. Tədris proqramları və dərsliklər hazırlanması kimi mühüm və başlıca məsələnin həllində H.Araslı öz əməyini ləyaqətlə sərf etmişdir. 1936-cı ildə VIII sinif üçün ilk dəfə "Qədim ədəbiyyat" dərsliyini nəşr etdirən müəllif sonralar həmin dərsliyi M.Rəfilinin, H.Eyvazovun həmmüəllifliyi ilə dəfələrlə təkmilləşdirərək yenidən çapına nail olmuşdur.

Azərbaycan ədəbiyyatının bir qolu olan şifahi xalq ədəbiyyatı, qədim mənəvi dəyərimiz olan "Avesta", N.Gəncəvi, İ.Nəsimi, , M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, "Koroğlu" dastanı kimi oçerkləri əhatə edən VIII sinif "Ədəbiyyat" dərsliyi çox haqlı olaraq ədəbiyyat metodikası sahəsində araşdırmalarda yüksək dəyərləndirilmişdir.

Akademik Həmid Araslının yaradıcılıq sahələrindən biri xalq  ədəbiyyatı olmuşdur.

O, xalqın "Ana kitabı" (Anar) kimi dəyərləndirilən, böyük tarixi-mədəni dəyəri olan (Ə.Sultanlı) "Dədə Qorqud" boylarını 30-cu illərin əvvəllərində öyrənməyə başlamış, eposu 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirmişdir. Almaniya, Türkiyə, Rusiya kimi ölkələrdə tədqiq olunan eposa bir "Azərbaycan ədəbi abidəsi" kimi yanaşmış, "onun (eposun-Ş.M.) dilinin məhz Azərbaycan dili qanun-qaydalarına daha çox uyğun gəldiyini elmi əsaslarla göstərmişdir".

Professor Həmid Araslının "Dədə Qorqud" eposu ilə bağlı fəaliyyəti bununla bitmir. Akademik V.Bartoldun eposun rus dilinə tərcüməsini 1950-ci ildə geniş qeyd və izahlarla, əlavələrlə folklorşünas M.H.Təhmasiblə birlikdə Bakıda çap etdirmişdir. Nəşrin əhəmiyyətli və dəyərli olmasını təsdiq edən fakt budur ki, sonralar həmin tərcümə variantı V.Jirmunski və A.Kononov tərəfindən əsas götürülmüşdür.

H.Araslı dastanlara, aşıq yaradıcılığına aid bir sıra məqalələrlə çıxış etmişdir. Folklorşünaslıq tariximizin araşdırıcısı professor P.Əfəndiyev akademik H.Araslının bu sahədəki fəaliyyətini belə ümumiləşdirmişdir: O, Azərbaycan aşıqlarının III qurultayı ərəfəsində -1960-cı ildə "Aşıq yaradıcılığı" adlı kitab çap etdirmişdir.

Görkəmli alim "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şəhriyar" dastanlarını, "Koroğlu" eposunu araşdırmışdır. Üstəlik beşcildlik "Azərbaycan nağılları"nın çapında redaktor və redaksiya kollektivinin üzvü kimi əmək sərf etmişdir.

Azərbaycan MEA-nın müxbir üzvü, professor A.Nəbiyev sələfi H.Araslının folklorşünaslıq sahəsində araşdırmalarına yığcam, fəqət çox böyük dəyər vermişdir:

1939-cu ildə "Kitabi-Dədə Qorqud" latın əlifbası ilə Azərbaycanda nəşr olunur. Bu nəşri çapa hazırlayan Həmid Araslı idi.

Araşdırıcılar qeyd edirlər ki, Həmid Araslı "Dədə Qorqud" boyları ilə bağlı araşdırmalarını iki istiqamətlə aparmışdır. Belə ki, bir tərəfdən folklorşünas alim eposun əlyazmalarını diqqətlə öyrənməyə çalışmış, nüsxə fərqlərini aşkara çıxarmaq üçün alim fədakarlığı göstərmişdir. Görkəmli folklorşünas eposun əlyazmalarındakı oxunması çətinliklər törədən sözləri, ifadələri düzgün oxumaq üçün gərgin günlər yaşamışdır.

Professor Həmid Araslı ikinci bir tərəfdən "Dədə Qorqud" boyları obrazlarının təhlili istiqamətində qələm çalmışdır. Eposa yazdığı ön sözdə, eləcə də başqa məqalələrində Həmid Araslı Qazan xan, Qaracuq Çoban, Buğac, Basat və başqa obrazlar barədə dəyərli fikirlər yazmışdır. Bu baxımdan eposun qadın qəhrəmanları barədə dəyərli ədəbi-estetik mülahizələr bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

***

Həmid Araslının eposla bağlı ilk məqalələri 1938-ci ildə dövri mətbuatda görünmüşdü. Sonrakı illərdə də Araslı "Dədə Qorqud" eposuna qayıtmış və buna görə o vaxtlar haqsız tənqid və təqiblərə məruz qalmışdır.

Belə ki, o vaxtlar "Dədə Qorqud"  boylarına millətçilik damğası vurulmuşdu. Bolşevik ideologiyası "Dədə Qorqud" dastanlarını milli folklorumuz, mədəniyyətimiz üçün yad bir əsər kimi qələmə verirdi. Yuxarıdan belə bir göstəriş verilmişdi ki, epos orta və ali məktəb dərsliklərindən çıxarılsın.

Professor Həmid Araslı bu ədalətsiz və qərəzli göstərişlərə qarşı etirazını bildirmişdir. Üstəlik araşdırmalarını davam etdirmişdir. 1957-ci ildə mart ayının 26-da "Kommunist" qəzetinin 71-ci nömrəsində Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif, Məmmədhüseyn Təhmasiblə birgə çap etdirdiyi məqalə Həmid Araslının bir alim, bir vətəndaş kimi uzaqgörənliyinin, qalib gəlmiş milli hissiyyatının təntənəsi idi.

Bu məqalədə "Dədə Qorqud" eposu türkdilli xalqların qəhrəmanlıq tarixi və mədəniyyətini, etnoqrafiyasını öyrənmək üçün qiymətli bir mənbə kimi dəyərləndirilmişdi.

Xalqımızın ana abidəsinə olan sonsuz maraq və məhəbbət akademik Həmid Araslını ömrünün sonuna kimi tərk etməmişdi. 1939, 1972, 1977-ci illərdə dastanı Azərbaycanda nəşr etmiş, neçə-neçə alimin elmi rəhbəri, məsləhətçisi kimi öz bilik, kömək və əməyini əsirgəməmişdir.

Professor Həmid Araslı "Koroğlu", "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şəhriyar" kimi dastanlarımızın araşdırılmasında da öz əməyini əsirgəməmişdir.

Professor Vaqif Vəliyev yazır ki, Araslının "Koroğlu" eposu haqqında apardığı tədqiqat, dastanın ideya-bədii səciyyəsini əks etdirən fikirləri olduqca maraqlıdır. Müəllif dastanın müsbət və mənfi surətlərini, Koroğlunun silah yoldaşlarını, onunla çiyin-çiyinə mübarizə aparan qəhrəman Çənlibel qızlarının xarakter cəhətlərini təhlil edir.

"Koroğlu"nun kompozisiyası, dil və təsvir vasitələrindən, dastandakı şeirlərin bədii xüsusiyyətlərindən danışılır.

Həmid Araslının "Koroğlu" barədə araşdırmalarında göstərilir ki, xalq qəhrəmanı, mərd və dönməz bir sərkərdə kimi Koroğlu bədii obrazından yazılı ədəbiyyatımızda istifadə olunmuşdur.

Akademik Həmid Araslının folklorşünaslıq sahəsindəki tədqiqatlarında XVII əsr xalq dastanları və şifahi poeziya haqqında fikirləri xüsusi yer tutur. Görkəmli alim "Şah İsmayıl" dastanının Səfəvi dövlətinin banisi Şah İsmayılla bağlı olduğuna aid maraqlı mülahizələr söyləmişdir.

1960-cı ildə Həmid Araslının "Aşıq yaradıcılığı" adlı əsəri çapdan buraxılmışdır. Azərbaycan aşıqlarının III qurultayı ərəfəsində nəşr olunmuş bu kitabda Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq kimi görkəmli el sənətkarlarının həyatı və ədəbi irsi haqqında dəyərli fikirlər əksini tapmışdır.

Bütün bunlarla yanaşı, görkəmli alim aşıq sənəti, onun spesifik bir sənət növü olması barədə fikir və mülahizələrini qələmə almışdır. Həmin kitabda sinkretik sənət növü kimi səciyyələndirilən qədim el yaradıcılığı barədə öz tarixi-nəzəri, ədəbi-estetik dəyərini saxlayan mülahizələr geniş şərh olunmuşdur.

Azərbaycan xalq yaradıcılığının güclü bir qolu olan, həm də bu yaradıcılıq dəryasının dəyərlərini yaşadan, təbliğ edib kütləviləşdirən, yazılı və şifahi söz sənətləri arasında körpü olan aşıq yaradıcılığı folklorumuzla maraqlanan hər kəs üçün diqqət mərkəzində olub.

***

Həmid Araslının tədqiqatlarının miqyası çox genişdir. Ulu həmyerlisi Nizami Gəncəvi onu daim düşündürən mövzulardan olmuşdur. "Şairin həyatı", "Nizami yaradıcılığında dostluq və qəhrəmanlıq", "Nizami və vətən", "Nizami Gəncəvi" adlı sanballı əsərlər məhz professor Araslının qələmindən çıxmışdır.

Həmid Araslının Nizami Gəncəvi ilə bağlı araşdırmaları dahi şair və təfəkkür sahibinin bir Azərbaycan şairi olması fikrinə kölgə salanlara tutarlı cavablar idi. Professor Araslı bu əsərləri ilə, professor Əliyar Səfərlinin qeyd etdiyi kimi, "Nizaminin milli mənsubiyyətini, soykökünü, Azərbaycan xalqının poetik irsi ilə əlaqələrini təhrif və inkar edən alimlərin yanlış mülahizə və fikirlərini alt-üst edərək, Nizamişünaslıqda yeni bir elmi konsepsiyanın özülünü qoydu. Onun "Şairin həyatı", "Yaxın Şərq ədəbiyyatında "Leyli və Məcnun" mövzusu", "Nizami və vətən", "Şairin dünya şöhrəti" və s. əsərlərində Nizaminin "Xəmsə" yaradıcılığı, epik-romantik məsnəvi-dastanlarının ideya-mövzu mənbələri, onların bədii-fəlsəfi məzmunu, doğma milli ənənələrlə əlaqələri və s. kimi problemlər yeni bir baxımdan araşdırılırdı".

Nizami əsərlərində Azərbaycan söz, ifadə və məsəllərinin işlənməsi, ayrı-ayrı qeyd və motivlərin öz əksini tapmasını müqayisəli və tarixi aspektdə şərh və izahlar "Nizaminin "türklüyü" probleminin gələcək həllinin başlanğıcı kimi çox mənalıdır. Təbiidir ki, belə bir yanaşma üsulu Nizami şeirinin qüdrət və qüvvət mənbəyinin doğru, dürüst araşdırılması və elmi-nəzəri həllinə zəmin yaradırdı, tarixi həqiqətlərin üzə çıxarılmasına istiqamət verirdi".

Həmid Araslı Nizami və Füzuli kimi sənətkarlarımızla yanaşı, Şah İsmayıl Xətai, Kişvəri, Həbibi, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani kimi şairlərimizin həyatı və yaradıcılığının aşkarlanması sahəsində də qələm çalmışdır.

1940-cı ildə "Şairin həyatı" adlı kitab nəşr etdirən alim Nizami Gəncəvi və Azərbaycan folkloru kontekstində araşdırmalar aparmışdır. Bu tədqiqatlar "Nizamidə xalq sözləri, xalq ifadə və zərbülməsəlləri" (1942), "Nizami və Azərbaycan xalq ədəbiyyatı" (1947) adlı əsərlərdə ümumiləşdirilərək geniş ədəbi ictimaiyyətə çatdırılmışdır.

***

Azərbaycan ədəbiyyatşünaslığında, ümumiyyətlə, "Dədə Qorqud" boylarının bədii mədəniyyətimizə təsiri mövzusunda ilkin araşdırma da H.Araslının adı ilə bağlıdır. Belə ki, 1960-cı ildə şərqşünasların XXV beynəlxalq konqresində (Moskva) Həmid Araslı "Nizami yaradıcılığında Azərbaycan xalq eposu "Dədə Qorqud"un motivləri" mövzusunda məruzə etmişdir.

Görkəmli alim N.Gəncəvi poemalarındakı bir sıra motivlərin birinci növbədə "Dədə Qorqud" dastanları ilə bağlı olduğunu aşkara çıxarmışdır.

Nizami Gəncəvi ilə bağlı bütün araşdırmalarda müəlliflərin sıx-sıx müraciət etdikləri araşdırıcı H.Araslıdır, istifadə etdikləri mənbə onun mütəfəkkir şairə həsr olunmuş əsərləridir.

Ədəbiyyat tariximizdə idealı uğrunda qəhrəmancasına ölümü qəbul etmiş şair, milli tariximizdə əqidəsi naminə hünərvər sənətkar kimi əbədiləşmiş İmadəddin Nəsiminin həyatı və yaradıcılığı Həmid Araslının tədqiqat predmeti olmuşdur. Şairin 600 illik yubileyi ilə bağlı ədəbiyyatşünas alim "İmadəddin Nəsimi" adlı kitabça hazırlamış, bunu səkkiz dildə çap etdirərək, böyük sənətkarın şəxsiyyəti və ədəbi irsi barədə dünya oxucularında təəssürat yaratmağa nail olmuşdur.

Həmid Araslının "böyük vüsət və ardıcıllıqla tədqiq etdiyi simalardan biri də Füzulidir".

Əslində ədəbiyyatşünas alim hələ 30-cu illərdən başlayaraq böyük mütəfəkkir sənətkarla bağlı ədəbi-mədəni, tarixi-estetik məsələlərə məqalə, ədəbi-nəzəri oçerk və əsərlərə yazdığı müqəddimələrdə aydınlıq gətirir, münasibət bildirirdi. Bunlar böyük Füzulinin vəfatının 400 illiyi münasibətilə 1958-ci ildə nəşr olunmuş "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyasında ümumiləşdirilərək sistemləşdirilmişdir.

Kitabda XVI əsrdə Bağdadda yaşayıb yaratmış soydaş şairlər barədə bəhs edilməklə yanaşı, M.Füzulinin həyatı, lirikası, üç dildə yaratdığı qəsidələr, Azərbaycan və farsca yazdığı poemalar, tarixi-ədəbi, mədəni-elmi-ictimai dəyərləri ilə seçilən nəsri, alleqorik poemaları, tərcümələri və fəlsəfi əsəri ("Mətləül-etiqad"), oğlu Fəzli, Füzulinin irsinin Şərq və türk xalqları ədəbiyyatlarına təsiri barədə zəngin elmi qaynaqlar əsasında məlumat verilmişdir.

"Akademik Həmid Araslı Nizamini, Nəvaini, Füzulini, ümumən Türk dünyasının böyük ədəbi simalarını, şifahi yaradıcılıq sərvətini məsuliyyətlə öyrənmək sahəsində ölkəmizin hüdudlarından uzaqlarda da yüksək qiymətləndirilən nüfuzlu bir məktəb yaratmışdır. Bu məktəbin yaradıcısının özünün zəngin elmi irsi ətraflı tədqiqini gözləyir" (A.Vəfalı).

***

Həmid Araslı həm də bir mətnşünas kimi tanınmışdır. Qəlbində dərin xalq məhəbbəti olan alim ədəbiyyatımızla bağlı qədim mətnlərin toplanması, elmi baxımdan sistemə salınması, çapa hazırlanması və nəşri məsələlərinə də böyük diqqət yetirmişdir. SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərqşünaslıq şöbəsinə rəhbərlik etdiyi illərdə, eləcə də Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru olarkən H.Araslı mətnlərin toplanmasına və tədqiqi məsələlərinə əhəmiyyət vermiş, 1957-ci ildə institutda mətnşünaslıq şöbəsinin təşkilinə nail olmuşdur.

N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif irsinin, eləcə də Kişvəri, Qövsi və Vidadinin bir sıra şeirlərinin ilk dəfə aşkara çıxarılması bu böyük alimin adı ilə bağlıdır.

O, həm də ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitablarının əsas müəlliflərindən biri olmuşdur.

***

Həmid Araslı Azərbaycan SSR EA-nın akademiki seçilmiş, Azərbaycan SSR-in, Özbəkistan SSR-in əməkdar elm xadimi adlarına layiq görülmüşdür.

Akademik H.Araslı Türk Dil Qurumunun (1966), İraq Elmlər Akademiyasının fəxri üzvü (1971), İslam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin müxbir üzvü (1972) seçilmişdi.

Filologiya elmi sahəsində araşdırmalarına, filoloq alimlər hazırlanmasında əməyinə və anadan olmasının 70 illiyinə görə H.Araslı 1979-cu ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdu.

"Ədəbiyyatşünaslıq elmimizin veteranı", "çoxcəhətli alim" kimi səciyyələndirilən Həmid Araslının, Araz Dadaşzadənin qeyd etdiyi kimi, maraq dairəsi əlvan və geniş olmuşdur. Belə ki, "Həmid müəllim həm orta əsrlər ədəbiyyatının tədqiqçisi, həm kamil mətnşünas, həm folklor mütəxəssisi, həm qarşılıqlı ədəbi əlaqələri araşdıran alim, həm elm təşkilatçısı idi".

Həmid Araslı "öz ömrünü Nizamidən, Xaqanidən, Nəsimidən, Füzulidən yönü bəri bütün Azərbaycan ədəbiyyatına sərf" etmiş, "həm yazılı, həm də şifahi ədəbiyyatımızı paralel şəkildə araşdır"mış (Anar) alim kimi dəyərləndirilmişdir.

Müasirləri və tanıyanlar Həmid Araslının mənəvi-psixoloji, əqli-fizioloji, əxlaqi-insani xüsusiyyətlərini belə səciyyələndirirlər: "...əsl millətsevər və cəsur kişi, qeyrətli və ləyaqətli vətəndaş, örnək alim. ...mülayim rəftarlı, həlim təbiətli, mədəni, həmişə asta danışan, bir az ehtiyatlı kimi təsir bağışlayan nurlu insan".

Azərbaycan ədəbiyyatşünaslığında Həmid Araslı qədər regionlar və ölkələr üzrə maraq dairəsi geniş olan ikinci bir alim hələlik olmayıb. Özbək ədəbiyyatının banisi Əlişir Nəvainin lirikası, poemaları, böyük şairin Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqəsi ilə bağlı tədqiqlər, "Hüseyn Bayqara risaləsi" adlı əsər; "Nizami və Rustaveli poeziyasında xalqlar dostluğu"; "Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı"; "Azərbaycan-ərəb ədəbi əlaqələri tarixindən"; "Azərbaycan və Hindistan xalqları arasında mədəni və ədəbi əlaqələr"-özbək, türk, gürcü, ərəb, hind... xalqlarının ədəbiyyatı və mədəniyyətinin tədqiqinə həsr olunmuş bu əsərlər indi də araşdırmalar üçün əhəmiyyətli qaynaqlardandır.

Ruhu şad olsun. 

Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov