Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - ¹06

 

Bioetika müasir elm sahəsidir

 

Mütəxəssislər onu insanın təbabət və biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri haqqında elm adlandırırlar 

Vüqar Qurban oğlu Məmmədov 1969-cu il oktyabrın 4-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Bakı şəhərindəki 42 nömrəli orta məktəbi qızıl medalla, 1992-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2 il həmin universitetin məhkəmə təbabəti kafedrasında kliniki ordinaturada, 3 il isə aspiranturada təhsil alaraq elmi tədqiqat işləri aparıb. 1997-ci ildə məhkəmə təbabəti üzrə  namizədlik, 2004-cü ildə isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki Məhkəmə Tibbi Ekspertiza Mərkəzində doktorluq dissertasiyaları müdafiə edib. Tibb elmləri doktorudur. 2010-cu ildən Azərbaycan Tibb Universiteti məhkəmə təbabəti kafedrasının professoru vəzifəsində çalışır. V.Məmmədov eyni zamanda 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci ali təhsil alıb.  1995-ci ildə Böyük Britaniyanın Dandi, 1998-ci ildə Şotlandiyanın Qlazqo universitetlərində məhkəmə təbabəti üzrə, 2001-ci ildə isə ABŞ Dövlət Departamentinin qrantı əsasında Vaşinqtonda Amerika Universitetinin Transmilli Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzində ixtisaslaşma kursu keçib.  2010-cu ildə YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun rəhbəri təyin olunub. Ötən ilin mart ayından Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda bioetika və tibbi hüquq şöbəsinin müdiridir.  Ümumdünya və Amerika Tibbi hüquq assosiasiyalarının üzvüdür.  Ailəlidir, 2 övladı var. 

Dünyada baş verən güclü inkişaf prosesi, bu inkişafın əsasını təşkil edən elmi-texniki tərəqqinin getdikcə daha böyük vüsət alması, onun tətbiq sahələrinin genişlənməsi yeni-yeni elm sahələrinin yaranmasına və sürətli inkişaf yoluna çıxmasına səbəb olur. Belə elm sahələrindən biri də ötən əsrin 70-ci illərində meydana gəlmiş və elə yarandığı vaxtdan da dünya elmləri sırasında özünə vətəndaşlıq hüququ qazanmış bioetikadır.

Yeni elm sahəsi hansı zərurətdən meydana gəlib, tətbiq sahələrinə nələr daxildir, onun dünyada və ölkəmizdə inkişafı, tətbiqi, tədrisi vəziyyəti necədir?

Əməkdaşımızın ölkəmizdə bu elm sahəsi üzrə tanınmış mütəxəssis, AMEA-nın İnsan Hüquqları İnstitutunun Bioetika və tibbi hüquq şöbəsinin müdiri, YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun rəhbəri, Ümumdünya və Amerika Tibbi hüquq assosiasiyalarının üzvü, Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru Vüqar Məmmədovdan aldığı və aşağıda oxuculara təqdim etdiyimiz müsahibəsində həmin məsələlərə aydınlıq gətirilir. 

- Vüqar müəllim, istərdik öncə bioetika elmi haqqında məlumat verəsiniz. Bu elm nə vaxt, harada, hansı zərurətdən yaranıb?

- Bu gün "bioetika" sözü alimlər, siyasətçilər, ilahiyyatçılar, hüquqşünaslar və digər fəaliyyət sahələrinin təmsilçiləri tərəfindən tez-tez işlədilir. Bioetika biotibbi elmlərin tərəqqisi və ən yeni texnologiyaların insanın gündəlik həyatına tətbiqi ilə əlaqədar yaranan, etik, tibbi, bioloji və hüquqi problemlərlə məşğul olan elmlərarası tədqiqat sahəsidir. Bioetika ənənəvi etikanın, hüquq, fəlsəfə və təbabətin elementlərini özündə birləşdirir. Əksər mütəxəssislər onu insanın təbabət və biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri haqqında elm hesab edirlər.

Planetimizdə bioetika və tibbi hüququn bərqərar olması yüksək biotibbi texnologiyalar sahəsindəki inqilabi nailiyyətlərlə şərtlənmişdir. XX əsrin 70-ci illərinin əvvəllərində təbabətdə elmi-texniki tərəqqinin nailiyyətlərini, transplantalogiya, gen mühəndisliyi, reanimotologiya, rerroduktiv texnologiyalar və s. sahələrdə yeni imkanları qiymətləndirmək zəruriliyindən ABŞ-da yaranan bioetika tezliklə həm tibb elminin, həm də tibbi etikanın hüdudlarından kənara çıxdı. Tibbi hüquq isə hüququn müstəqil sahəsi kimi formalaşmağa başladı. Belə bir vəziyyətin yaranması biologiya və təbabət sahəsində ən yeni ixtiraların təkcə həyat və ölüm, norma və patologiya, xeyir və  şər haqqında təsəvvürlərimizi deyil, eləcə də bütün bəşəriyyətin həyatının inkişaf perspektivlərini dəyişməyə qadir olması ilə şərtləndi. Müasir təbabətin sürətlə dəyişilməsi, demək olar ki, bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsinin və həllinin zəruriliyi məsələsini qaldırdı və indi də qaldırmaqda davam edir. Bioetikaya yeni reproduktiv texnologiyaların (suni mayalandırma, surroqat analıq), insanlar və heyvanlar üzərində eksperimentlərin keçirilməsinin, evtanaziyanın etik və hüquqi problemlərini, ölməkdə olan xəstələrə münasibət, vaksinləşdirmə və QİÇS, genetika, transplantologiya, təbabətdə ədalət, insanın klonlaşdırılması, kötük hüceyrələri ilə manipulyasiya, həkimlər və biznesin qarşılıqlı münasibəti problemlərini aid edirlər.

"Bioetika" termini ilk dəfə 1969-cu ildə Amerika həkimi   Van Rensseler Potter tərəfindən "Bioetika: gələcəyə körpü" kitabında müasir  dünyada bəşəriyyətin yaşamasına potensial təhlükə ilə bağlı etik problemləri ifadə etmək üçün işlədilib.

Dar mənada bioetika anlayışı həkim və pasiyentin qarşılıqlı fəaliyyətinin bütün etik problemlərini ifadə edir. Bu planda "bioetika" termini tibbi etikanın bütün məzmununu, Ümumdünya Tibb Assosiasiyası 3-cü Baş Assambleyasının 1949-cu ildə Londonda qəbul etdiyi və 1968-ci ildə Sidneydə, 1983-cü ildə Venesiyada əlavələr etdiyi Beynəlxalq Kodeksi özündə birləşdirir.

- Bu elm sahəsinin inkişafı, yayılması, tədrisi sahəsində son illər dünyada nə kimi işlər görülüb, hansı addımlar atılıb?

- Bioetika və tibbi hüquq sürətlə inkişaf etməkdə olan elm sahələrinin bütün xüsusiyyətlərinə malikdir. Nüfuzlu beynəlxalq konfransların fəaliyyəti bu elmlərin problemlərinə həsr olunur, bir sıra ixtisaslaşdırılmış jurnallar nəşr edilir, çoxlu sayda kitab və dərsliklər işıq üzü görür, milli və beynəlxalq bioetik təşkilatlar yaradılır. Bioetika yeni sosial institutlar - etik komitələr formalaşdıraraq öz elmi fəaliyyətini də dəyişdirir. Biotibbi etika üzrə xüsusi komitə və komissiyalar həm milli həkim assosiasiyalarında, həm də Avropa Şurası, YUNESKO, ÜST, ÜTA və s. kimi beynəlxalq təşkilatların nəzdində təsis edilir.

1994-cü ilin oktyabrında Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının bioetikanın təlim olunması məsələləri üzrə IV Konfransı keçirilib. Tədbir iştirakçıları yekdilliklə qeyd ediblər ki, bioetikanın tədrisi tibbi təhsilin ayrılmaz hissəsi olmalıdır, bu, bütün tədris prosesi və diplomdan sonrakı təhsil boyu məcburi və fasiləsiz şəkildə həyata keçirilməlidir. Bu məqsədlə bütün tibb məktəblərində hökmən bioetika və tibbi hüquq kafedrası və lazımi sayda müəllimlər olmalıdır.

1996-cı ildə Avropa Şurası tərəfindən "İnsan hüquqları və biotəbabət haqqında" Konvensiya qəbul edilib. Konvensiyanın qüvvəyə minməsi ilə bioetikanın prinsip və müddəaları Azərbaycan da daxil olmaqla, Avropa Şurasının üzvü olan ölkələrdə qanun qüvvəsinə minib. Bioetik və tibbi hüquq təkcə Şimali Amerika və Avropanın deyil, həmçinin Asiya, Afrika və Latın Amerikasının əksər ölkələrinin ali və tibbi təhsil müəssisələrində məcburi fənn kimi tədris edilir.

YUNESKO-da 1993-cü ildə yaradılmış Bioetika proqramı təşkilatın 2002-ci ildən etibarən əsas prioritetlərdən birinə çevrilmişdir. Təşkilatın 2 məşvərət orqanı yaradılıb - Bioetika üzrə Beynəlxalq Komitə və Bioetika üzrə Hökumətlərarası Komitə. 2005-ci ilin oktyabr ayında YUNESKO-nun 33-cü Baş Assambleyasında 191 ölkə "Bioetika və İnsan Hüquqları üzrə Ümumi Bəyannaməni" qəbul edib. Bəyannamənin 23-cü maddəsi: "Bioetika sahəsində təhsil, peşə hazırlığı və informasiya" adlanır və bu cür ifadə olunur: A."....dövlətlər bioetika sahəsində təhsilin və peşə hazırlığının dəstəyinə səylər göstərməli, bu sahədə biliklərin və məlumatların yayılmasını təqdir etməlidirlər...."B. "...bu səylərdə iştirak edən beynəlxalq, regional və milli qeyri-hökumət təşkilatlarının iştirakını dövlətlər dəstəkləməlidir....". Bəyannamə haqda məlumatın dünyada geniş yayılması üçün YUNESKO bioetika sahəsində tədris proqramı işləyib hazırlayıb. Proqram məzmunu bioetika sahəsində elə prinsiplər əsasında qurulmuşdur ki, bu prinsipləri YUNESKO universal kimi qəbul edib və onlar heç bir milli, dini, irqi, siyasi, iqtisadi, sosial, mədəni fərqliliklərdən asılı deyil.

- Bioetika elmi və onun ali məktəblərdə tədrisi ilə bağlı ölkəmizdə vəziyyət necədir?

- Bioetika və tibbi hüquq dünyada çox yüksək sürətlə inkişaf edən ən müasir elm sahələrindən biridirlər. Son illər yeni texnologiyalar, biotexnologiyaların, gen mühəndisliyinin və tibbin sürətli inkişafı nəticəsində çoxsaylı etik və hüquqi boşluqlar yaranmışdır. Bunu bu gün bütün dünya alimləri, siyasətçilər, YUNESKO-nun və digər beynəlxalq təşkilatların mütəxəssisləri etiraf edir. 2010-cu ilin avqust ayında Zaqreb şəhərində Dünya Tibbi Hüquq Assosiasiyasının son 18-ci Konqresinin açılışında Xorvatiyanın prezidenti, cənab İvo Cosipoviç demişdir ki, "Tibbi hüquq və bioetikanin sürətlə inkişaf etməsi demokratik ölkələri səciyyələndirən cəhətdir". Bu fikirlə razılaşmamaq mümkün deyil. Odur ki, demokratik Azərbaycanın qurulması üçün bu elmlərin inkişafına xüsusi diqqət verilməlidir.

Dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səhiyyəyə və təbabətə ciddi diqqət ayırdıqları bir şəraitdə, Səhiyyə Nazirliyinin rəhbərliyi altında əhaliyə göstərilən müalicə-profilaktik xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü bir vaxtda tibbi hüquq və bioetika sahəsində olan boşluqların aradan qaldırılması, görülən böyük işlərin nəticəsiz qalmaması üçün hüquqi və etik normaların inkişafına da lazımi diqqət yetirmək gərəkdir.

YUNESKO-nun və MDB ölkələrinin Parlamentlərarası Assambleyasının sənədlərindən aydın görünür ki, ölkəmizdə hazırda bioetika arzuolunan səviyyədə deyildir.

Tibbi hüquq sahəsində isə ümumiyyətlə heç bir ciddi işin aparılmamasını etiraf etməliyik. Bu elm istiqamətlərinin nə Azərbaycan Milli Elmlər Akademiyasında, nə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ixtisas şifrləri var, nə də bu sahədə ixtisaslaşmış azərbaycanlı mütəxəssislər. Hazırda bioetikanin və tibbi hüququn tədrisi yalnız Azərbaycan Tibb Universitetində təşkil olunub. Lakin o, dövlət tibbi təhsil standartlarına daxil edilmədiyindən  əsasən kafedralararası xarakter daşıyır. Bu sahədə respublikamızda ixtisaslaşmış mütəxəssislər olmadığından bu fənlərin tədrisini digər ixtisas sahibləri aparır. Heç bir digər ali və orta təhsil ocağında, o cümlədən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, tibb kolleclərində, Bakı Dövlət Universitetinin hüquq, biologiya, sosiologiya, jurnalistika, psixologiya fakültələrində bioetika fənni tədris olunmur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, "Həkim üçün....ən əsas keyfiyyət yüksək mənəviyyatdır". Bunun üçün də həkimlər, tibb işçiləri bioetika və tibbi hüququ yaxşı mənimsəməlidirlər. Səhiyyə, tibb, biotexnologiyalar bu gün hər bir vətəndaşın gündəlik həyatında böyük əhəmiyyət kəsb edən sahələrdir. Lakin sürətlə inkişaf edən transplantologiya, ekstrakorporal mayalanma və reproduktiv texnologiyalar, cəmiyyətdə aktiv müzakirə olunan evtanaziya, embrion statusu, insan genomu, klonlaşdırma, donorlar və s. məsələləri yalnız sadə insanları, həkim və tibb işçilərini deyil, digər mütəxəssisləri, siyasətçiləri, alimləri də bəzən məəttəl bir vəziyyətə salır.

Bu sahələrdə bir çox etik və hüquqi normaların hazırlanması istiqamətində elmi tədqiqatların və araşdırmaların aparılmasında digər ölkələrə nisbətən xeyli gecikmişik. Xəstə hüquqları, məlumatlandırılmış razılıq, ölüm hallarının araşdırılmasına yanaşmalar, həkimlərin əczaçılıq biznesi ilə əlaqələrinin etik və hüquqi tərəfləri sahələrində ölkəmizdə hələ heç bir ciddi elmi araşdırma və yaxud tədqiqat aparılmamışdır. 

Bu gün hüquq fakültəsinin tələbələri hansı hərəkətin hüquqi, hansının hüquqa zidd olmasını öyrənir. Lakin onların gələcəkdə hansı hərəkətin doğru olub-olmamasını düzgün qiymətləndirməsi, mürəkkəb etik dilemmalar zamanı doğru qərarlar verməsi üçün bioetika sahəsində müasir proqramlar əsasında tədris aparılmalıdır. Hüquqşünaslar vətəndaşlarımızın həyat hüququ, sağlamlıq hüququ kimi vacib konstitusional insan hüquqlarının müdafiəsi üçün tibbi hüquq fənnini yaxşı öyrənməlidirlər.

Cəmiyyətimizin düzgün istiqamətdə inkişaf etməsi üçün belə fənlərin tədrisi formal xarakterli yox, interaktiv şəkildə, müasir tədris vasitələrindən, real həyatdan gətirilmiş misallardan istifadə edilməklə aparılmalıdır.

İnkişaf etmiş demokratik dövlətlərdən fərqli olaraq, MDB-nin heç bir ölkəsində, eləcə də Azərbaycanda bu gün mütəxəssislərin, o cümlədən, bioetika və tibbi hüquq üzrə elmlər namizədlərinin və doktorlarının hazırlanması prosesi gerçəkləşmir. "Elmi işçilərin ixtisaslarının siyahısı"nda bu ixtisasın adı olmadığından bioetik problemlərə toxunan dissertasiyalar MDB-nin müxtəlif ölkələrində ayrı-ayrı ixtisasların şifri əsasında müdafiə edilir.

MDB Dövlətlərinin Parlamentlərarası Assambleyasının "MDB ölkələrinin ali  tibbi təhsil sistemində bioetika tədrisinin vəziyyəti" üzrə 2009-cu il iclasının sənədlərində qeyd edilir ki, "biotibbi etika sahəsində MDB həkimlərinin sistematik təhsilinin olmaması onların imicinə beynəlxalq tibbi ictimaiyyət gözündə neqativ təsir göstərir, onları bu sahədə daha hazırlıqlı xarici həmkarları yanında əlverişsiz vəziyyətə salır (xüsusilə də birgə elmi əməkdaşlıq proqramlarının tərtibi zamanı), diplomların konvertasiyasında maneələr yaradır, milli səhiyyə sistemlərində yeni münasibətlərin formalaşmasına imkan vermir". MDB məkanında bioetika yalnız 5 ölkədə dövlət təhsil standartına daxil edilib. Bunlar Gürcüstan, Moldova, Rusiya Federasiyası, Tacikistan və Özbəkistandır. Odur ki, Parlamentlərarası Assambleyanın 2009-cu ildəki son sənədində Azərbaycan da daxil olmaqla bütün MDB ölkələri bu qərara gəlmişlər ki, bioetika kursu həm diplomaqədər, həm də diplomdansonrakı mərhələlərdə tibbi təhsilin dövlət standartına salınmalı, ali məktəblərdə bioetika və tibbi hüquq kafedraları yaradılmalı, həmin fənlərin ali məktəblərin yuxarı kurslarında vahid bir blokda tədrisi təmin olunmalı, "Bioetika" elmi ixtisası və müvafiq elmi şifri təsdiq edilməli, bioetika və tibbi hüquq üzrə milli tədris proqramları, tədris materialları və vəsaitlərinin hazırlanması istiqamətində bütün lazımi tədbirlər görülməlidir.

- Bəs yaxın gələcəkdə bu sahədə vəziyyət dəyişilə bilərmi? Bunun üçün hansısa işlər görülürmü?

- Bununla əlaqədar olaraq, hazırda YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun dəstəyi ilə AMEA İnsan Hüquqları İnstitutunda biz Azərbaycanda bioetika və tibbi hüququn inkişafı, tibbi və hüquqi təhsil müəssisələrinin tədris planlarına bioetika və tibbi hüquq fənlərinin daxil edilməsi, bu fənlər üzrə yeni elmi ixtisasların yaradılması və elmi şifrlərin qeydiyyatdan keçirilməsi istiqamətində layihə üzərində işə başlamışıq. Layihə  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Dəstəklənməsi Fonduna təqdim olunmuşdur.

Büromuz YUNESKO-nun Bioetika kafedrası, qurumun Azərbaycandakı daimi nümayəndəliyi, Azərbaycanda Milli Komitəsi, Moskva Bürosu, Dünya Tibbi Hüquq Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Artıq bioetika və tibbi hüquq fənlərinin müxtəlif fakültələrdə tədrisi üçün nəzərdə tutulmuş kurikulumlar əldə edilib və Azərbaycan dilinə tərcüməsinə başlanıb. Təhsil və Səhiyyə nazirlikləri, ali və orta ixtisas məktəblərin rəhbərliyi ilə sıx əməkdaşlıq qurmaq istəyirik. Ali məktəblərin birində "Bioetika və tibbi hüquq" mərkəzinin və ya kafedrasının yaradılması da məqsədlərdən biridir.

Bu fənlərin respublikamızda tədrisinin bugünkü vəziyyəti hərtərəfli təhlil olunub, onların ali məktəblərin tədris proqramlarına daxil edilməsinin prinsipləri işlənilib hazırlanacaq. Bu cür yanaşma YUNESKO-nun  19 oktyabr 2005-ci ildə Parisdə keçirilən 33-cü Sessiyasının Baş Assambleyasında  bioetika və insan hüquqları üzrə qəbul edilmiş Ümumi Bəyannamə siyasətinə və MDB ölkələrinin Parlamentlərarası Assambleyasının 2009-cu il qətnamələrinə uyğundur.  Bioetika və tibbi hüquq fənlərinin Azərbaycanın təhsil sisteminə tətbiq edilməsinin yolları və prinsipləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixdə imzaladığı "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"dan, "Təhsil qanunu"ndan irəli gələn vəzifələrlə uzlaşdırılmışdır. Gələcəkdə bu fənlər tibb, hüquq, fəlsəfə, sosiologiya, psixologiya, jurnalistika, biologiya, kənd təsərrüfatı və texnologiyalar üzrə respublikamızın bütün ali və orta ixtisas məktəblərində tədris olunmalıdır. Ali və orta ixtisas məktəblərində dərs deyə biləcək müəllimlər üçün  treyning və seminarlar təşkil olunmalı, iştirakçılar lazım olan materiallar və informasiyalarla təmin edilməlidir. Qarşıya qoyulan məsələlərin həlli üçün müasir təhsil metodlarından, bu sahədə mövcud  beynəlxalq təcrübədən, dünyada tanınmış aparıcı xarici ekspertlərin köməyindən istifadə olunmalıdır.

- Reallaşdırmaq istədiyiniz layihədən nə kimi praktik əhəmiyyət gözlənilir?

- Onun ən böyük əhəmiyyəti bu olacaq ki, bioetika və tibbi hüquq elm sahələrinin tədrisi respublikamızın təhsilinin beynəlxalq təhsil sistemlərinə inteqrasiyasına dəyərli töhfə olacaq.  Yaxın bir zamanda "Bioetika və tibbi hüquq" elmi ixtisasın və müvafiq elmi şifrin rəsmi qeydiyyatını gözləyirik. Bu haqda təkliflərimizi artıq bir neçə aydır müvafiq dövlət təşkilatlarına göndərmişik. Onlar müsbət həll olunduğu halda bioetika və tibbi hüquq sahəsində mütəxəssislər hazırlanacaq. Layihənin gedişi və nəticələri kütləvi informasiya vasitələrində işıqlandırıldığı üçün ictimaiyyətin müasir bioetik problemlər (həyat və ölüm, transgen məhsullar, xəstələrin hüquqları, süni mayalanma, məlumatlandırılmış razılıq və s.) haqda maarifləndirilməsi aparılacaq.

- İllərlə etika ali məktəblərdə tədris olunur. Həmin fənlə hazırda tədrisinə səy göstərilən bioetika    arasında nə kimi fərq var?

- Bioetika tibbi etika ilə qarışdırılmamalıdır. Bu gün həqiqətən də Tibb Universitetində tibbi etika tədris olunur. Lakin bioetika tibbi etikanı da əhatə etməklə daha geniş anlayışdır. Bunlar arasında bir sıra fərqlər vardır. Birincisi, bu gün bəşəriyyətin qarşısında duran problemləri təkcə həkimlər yox, artıq filosoflar, hüquqşünaslar, ilahiyyatçılar, psixoloqlar, politoloqlar, siyasətçilər və digər mütəxəssislər də tədqiq edirlər. Məsələn, modifikasiya olunmuş məhsullar tək bioloqların, həkimlərin problemi deyil. O həm də siyasətçilərin problemidir, yəni o problem artıq ictimai-siyasi məna kəsb etmişdir. Ona görə  əgər əsrlər, minilliklər boyu həyat problemləri ilə, xüsusən də insanların həyatı ilə məşğul olan yeganə elm təbabət olubsa, hazırda bu sahədə çoxlu sayda elm və peşələr vardır.

İkinci prinsipial fərq budur ki, bioetika akademik və maarifçi fəaliyyət sahəsidir. Artıq bir çox ölkələrdə uşaq bağçalarından, məktəblər və liseylərdən başlayaraq universitetlərə qədər müxtəlif bioetik kurslar tədris edilir. 2000-ci ildən etibarən, məsələn, qonşu Rusiyanın ali tibb məktəblərində tibbi etika yox, bioetika məcburi fənn kimi tədris edilməyə başlanıb.

Üçüncü fərq də odur ki, bu, çox sürətlə inkişaf edən sosial bir institutdur. Bununla BMT, YUNESKO, ÜST və s. kimi beynəlxalq təşkilatlar, dövlət və müvafiq peşə təşkilatları məşğuldur.

Bioetika müəyyən baxımdan səhiyyə sahəsində insan hüquqlarının qorunması hərəkatının bir hissəsidir. Bunları nəzərə alaraq bioetikanı tibbi etika ilə qarışdırmaq düzgün olmaz. Bir daha vurğulamaq istəyirəm ki, bioetika tibbi etikadan daha geniş bir sahədir.

- İrəlidə qeyd etdiniz ki, bu sahədə ölkəmizdə kifayət qədər mütəxəssis yoxdur. Xüsusən də bioetikanı tədris etmək üçün. Tutaq ki, sabahdan bütün kolleclərdə, ali məktəblərdə bu fənn keçildi, onu kim tədris edəcək?

- Hazırda ölkəmizdə belə mütəxəssislər yoxdur. Ona görə də təhsil naziri cənab Misir Mərdanovla bu yaxınlardakı görüşümüzdə bu məsələni müzakirə etdik. Qeyd olundu ki, ilk mərhələdə pilot olaraq ali məktəblərin birində ya mərkəz, ya kurs, ya da kafedra şəklində bir qurumun, strukturun yaradılması və kurs keçildikdən sonra gələn illərdən etibarən bu ixtisas üzrə magistraturanın açılması, elmi şifrin, elmi ixtisasın olduğu halda isə bu sahə üzrə ali dərəcəli mütəxəssislərin, yəni elmlər namizədi və s. hazırlanması həyata keçirilə bilər.

- Vüqar müəllim, siz ölkəmizdə bioetika məsələləri ilə yaxından məşğul olan, bu sahədə layihələr tərtib edib həyata keçirilməsinə səy göstərən bir mütəxəssis, YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun rəhbəri kimi, yəqin bu elmin inkişafını izləyir, onunla bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak edirsiniz?

- Təbii ki.  2010-cu ildə YUNESKO-nun Bioetika kafedrasının, İnsan Hüquqları Forumunun, tibbi hüquq təşkilatlarının keçirdiyi beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişik. O cümlədən sonuncu dəfə   Ümumdünya Tibbi Hüquq Assosiasiyasının (World Association of Medical Law, WAML) üzvü olaraq 2010-cu il avqustun 8-dən 12-nə qədər Zaqreb şəhərində (Xorvatiya) Assosiasiyanın XVIII Konqresində iştirak etmişəm. Assosiasiyanın konqresləri iki ildən bir təşkil edilir və dünyanın hüquq, tibb və etika sahəsində aparıcı mütəxəssislərini toplayır. Konqresin açılış mərasimində Xorvatiyanın prezidenti, Zaqreb şəhərinin meri, səhiyyə, ədliyyə nazirləri, təxminən 60 min tələbənin təhsil aldığı Zaqreb Universitetinin rektoru iştirak edirdilər. Xorvatiyanın Prezidenti İvo Cosipoviç təbrik nitqində çox haqlı olaraq qeyd etdi ki, "İnsan hüquqlarını müdafiə etmək məqsədilə tibbi hüququn intensiv inkişafı hazırda bütün demokratik dövlətlərin səciyyəvi xüsusiyyətidir. Ölkədə tibbi hüququn inkişaf dərəcəsi cəmiyyətin tərəqqisinin və demokratikliyinin göstəricisinə çevrilmişdir". Konqresə təqdim olunmuş 486 məruzənin əksəriyyəti insan hüquqları, pasiyentin hüquqlarının müdafiəsi, həkimlərin və tibbi heyətin hüquqları, məlumatlandırılmış razılıq məsələlərinə həsr olunmuşdu. Ayrı-ayrı sessiyalar uşaq hüquqları, ruhi xəstələrin hüquqları, QİÇS xəstələri, əlillərlə bağlı idi. Bundan başqa, tibbi hüquq və ictimai səhiyyənin digər aspektlərinə aid maraqlı iclaslar, "dəyirmi masa"lar və sessiyalar da oldu. Konqresin geniş iclasında Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda tədqiq etdiyimiz "MDB ölkələrinin qida məhsulları üzrə milli qanunvericiliklərinin genetik modifikasiya olunmuş məhsullara münasibəti haqqında" elmi işimiz təqdim olundu. Bu iş auditoriyanın böyük marağına səbəb oldu və çoxlu sayda suallar doğurdu. Məruzədən sonra Assosiasiyanın Baş Katibi, professor Roy Beran, amerikalı professorlar Robert Uilbur və Con Konomi, Çin Tibbi Hüquq Cəmiyyətinin sədri, professor Vu Çenqfu və başqaları məsələ ilə bağlı müsbət fikirlərini bildirdilər. Növbəti gün institutumuz tibbi hüququn müxtəlif məsələlərinə həsr olunmuş ingilis dilində daha üç məruzə təqdim etdi. Bu məruzələr konqresin rəhbərliyinin və iştirakçılarının diqqətini cəlb etdi.

Konqresin təşkilat komitəsi mənə "Tibbi hüquq və tibbi araşdırmalar" və "Məlumatlandırılmış razılıq" adlı iki mühüm elmi sessiyanın sədrliyini həvalə etdi. Bu tədbirlərdə Böyük Britaniya, Fransa, Belçika, Avstraliya, Çin, Yaponiya, Xorvatiyanın və digər ölkələrin professorları çox maraqlı məruzələrlə çıxış etdilər. 

Bu cür görüşlər, digər ölkələrdən olan həmkarlarımızla olan söhbətlər, həmçinin müxtəlif sessiyalardakı məruzələri dinləmək sayəsində hüquq və təbabətin vəhdəti olan tibbi hüquq elminin nə qədər irəli getdiyini, hazırda dünyada bu fənnin nə qədər yeni istiqamətlərinin olduğunu xüsusi qeyd etməyi lazım bilirik.

- Müsahibə üçün sağ olun.

Söhbətləşdi:
Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov