Fevralın
10-da Respublika Olimpiya Mərkəzində, Təhsil
Nazirliyinin "Təhsil" Respublika İdman
Mərkəzinin, Uşaq-Gənclər Futbol Məktəbinin
Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş
atletika yarışının açılış mərasimi oldu.
Mərasimi giriş
sözü ilə açan təhsil naziri Misir Mərdanov
qonaqları, gəncləri və idmançıları salamlayaraq
bu gün ölkəmizin hər yerində Azərbaycan xalqının
Milli Qəhrəmanı Mübariz İbrahimovun ad gününə
həsr olunmuş tədbirlər keçirildiyini bildirdi.
Qeyd etdi ki, xalqımız canını onun yolunda
qoymuş bütün qəhrəman övladlarının xatirəsini
həmişə əziz tutur. Mübarizin əziz və unudulmaz
xatirəsinə həsr olunmuş Azərbaycan gənclərinin
atletika yarışının keçirilməsi buna bariz
nümunədir.
Tədbirdə
Azərbaycan Respublikasının Milli Olimpiya
Komitəsinin birinci vitse-prezidenti Çingiz
Hüseynzadə, Daxili Qoşunların Qərargah rəisi,
general- mayor Şirin Xəlilov, Könüllü
Hərbi-Vətənpərvərlər Texniki İdman Cəmiyyətinin
Respublika Şurasının sədri, general- mayor
Növruzəli Orucov çıxış edərək Mübariz
İbrahimovun qəhrəmanlığından qürur hissi
duyduqlarını, onun Azərbaycanın ən qüdrətli
oğullarından biri olduğunu vurğuladılar.
Mərasimin
sonunda çıxış edən Milli Qəhrəmanın atası
Ağakərim İbrahimov atletika turnirinin
iştirakçılarına uğurlar arzuladı və tədbirin
təşkilatçılarına minnətdarlığını bildirdi.
Çıxışlardan
sonra Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik
sükutla yad edildi. Sonra Azərbaycanın Dövlət
himni səsləndi. Tədbirin bədii hissəsində Milli
Qəhrəmana aid kompozisiya nümayiş etdirildi və
üç gün davam edəcək atletika yarışına start
verildi.
Ədalət DAŞDƏMİRLİ |