Təhsil naziri
Misir Mərdanov qonaqları səmimi salamlayıb və
Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən layihələrin
əhəmiyyətindən söz açıb. Bu işin hazırda da
davam etdirildiyini nəzərə çatdıran Misir
Mərdanov "Kənd təsərrüfatı sahəsində ilkin peşə
təhsilinin inkişafı layihəsi"ni yüksək
dəyərləndirərək bununla bağlı Təhsil Nazirliyi
tərəfindən lazımi dəstək göstəriləcəyini
bildirib.
Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə
təhsili və təlimi sahəsində islahatlar
strategiyası və Azərbaycanın seçilmiş rayonunda
pilot icrası" layihəsinin uğurla yekunlaşdığını
qonaqların diqqətinə çatdıran təhsil naziri yeni
layihənin ölkəmizdə kənd təsərrüfatı sahəsində
kadr hazırlığı işinin təkmilləşdirilməsinə
layiqli töhfə verəcəyinə əminliyini ifadə edib.
Nazir bildirib ki, layihənin həyata keçirilməsi
üçün müvafiq müəssisə seçilməli, həmin
müəssisədə nəzərdə tutulan işlərin
reallaşdırılması məqsədilə lazımi şərait
yaradılmalıdır. Təhsil naziri, həmçinin
ölkəmizin bir neçə ilk peşə-ixtisas təhsili
müəssisəsində bu istiqamətdə iş aparılması
təklifi ilə çıxış edib.
Görüşdə
layihənin başlanması məqsədilə müqavilə
şərtlərinin müəyyənləşdirilməsi, cari ilin
iyulunadək müqavilənin bağlanılmasının nəzərdə
tutulduğu və bununla bağlı müvafiq qurumlarla
birgə iş aparılması barədə fikirlər
səsləndirilib.
Təhsil naziri
Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən
"Kənd təsərrüfatı sahəsində ilkin peşə
təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə
meneceri Herbert Strobel öncə ötən gün
keçirilmiş "Peşə təhsili və təlimi sahəsində
islahatlar strategiyası və Azərbaycanın seçilmiş
rayonunda pilot icrası" layihəsinin yekun
konfransını yüksək dəyərləndirib.
"Kənd
təsərrüfatı sahəsində ilkin peşə təhsilinin
inkişafı layihəsi" üzrə məsul qurumlarla birgə
görüləcək işlərdən danışan qonaq bildirib ki,
kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı
sisteminin təkmilləşdirilməsi ilə əlaqədar
sənədin hazırlanması, müəllim hazırlığının təmin
edilməsi və əmək bazarının tələbatının
öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas
tədbirlərdəndir. Herbert Strobel Gəncə şəhərində
bununla bağlı müvafiq treninqlərin keçirildiyini
nəzərə çatdırıb.
Daha sonra
qeyd edilib ki, 4 alt-komponentdən ibarət olan
"Kənd təsərrüfatı sahəsində ilkin peşə
təhsilinin inkişafı layihəsi" üzrə müqavilə
sənədinin ilkin olaraq martın 15-dək
hazırlanması nəzərdə tutulur.
Görüşdə peşə
təhsilinin vəziyyəti ilə yaxından tanışlıq
məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili
və layihənin uğurla həyata keçirilməsi üçün bir
sıra digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb. |