Dünya elm
aləmində Lütfi Zadə soy adı ilə tanınan Lütfi
Ələsgərzadə 1921-ci ildə Bakıda
jurnalist-psixoloq ailəsində anadan olmuşdur.
Lütfi Bakıdakı 16 nömrəli məktəbdə 4 il
oxuyandan sonra 1931-ci ildə ailəsi İrana
köçmüşdür. O, burada ingilis təmayüllü məktəbdə
oxumuş, sonra Tehran Universitetinin
mühəndis-elektrik fakültəsinə daxil olmuşdur.
Lütfi 1942-ci ildə həmin universiteti bitirəndən
iki il sonra Amerika Birləşmiş Ştatlarına
getmişdir. O, 1946-cı ildə Massaçusets
Texnologiya İnstitutunu bitirib. 1949-cu ildə
Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq
elmi dərəcəsini almışdır. 1957-ci ildə
Kaliforniya Elmi Mərkəzinin sədri olan Norbert
Viner L.Zadəni Kaliforniyadakı Berkli
Universitetinə işləməyə dəvət edir. 1959-cu ildə
L.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə
köçür. 1959-cu ildən Kaliforniyadakı Berkli
Universitetində çalışır. 1965-ci ildən
başlayaraq dünyanın bütün aparıcı firmalarında
onun nəzəriyyələri tətbiq olunur.
Professor
Lütfi Zadə 1965-ci ildə reallıqla fantastikanın
harmoniyasından yaranmış qeyri-səlis məntiq
nəzəriyyəsini ərsəyə gətirmişdir. Amma bu
nəzəriyyə nədənsə həm Amerika, həm də dünyanın
elmi ictimaiyyəti tərəfindən skeptikcəsinə
qarşılanmışdır. Bunun da əsas səbəbi Lütfi
Zadənin əsrlərdən bəri insanların beynində
formalaşmış Aristotel məntiqini öz qeyri-səlis
məntiqi ilə dağıtması olmuşdur. O sübut etmişdir
ki, insan dünyanı yalnız "ağ" və "qara"
rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb
dərk etmə imkanları zəngin və hüdudsuzdur. Elə
buna görə də o, hüdudsuzluğun riyaziyyatını
yaratmış, onun rəngarəngliyini açmışdır.
Beləliklə, Əl-Xarəzm cəbri ilə yanaşı,
qeyri-səlis cəbr - Zadə cəbri meydana gəlmişdir.
Lütfi Zadənin
qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın,
kibernetikanın, informatika və hesablama
texnologiyasının inkişafı tarixində yeni bir
dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə,
texnika və texnologiyaya geniş nüfuz etmişdir.
Paltaryuyan maşınlardan tutmuş avtomat sürücüyə
kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz
tətbiqini tapmışdır. Beləliklə də, həmin
nəzəriyyənin əməli gücü onun mücərrəd
mahiyyətini üstələmişdir.
L.Zadə
"Qeyri-səlis çoxluqlar" adlı fundamental
məqaləsində qeyri-səlis çoxluqlar anlayışı
barədə təsəvvür yaratmaq üçün onu "mənsubiyyət
dərəcələrinin kontinuumu" kimi təsvir etmiş,
qeyri-səlis çoxluqlar üzərində baza
münasibətlərinə və əməliyyatlara, eləcə də
qeyri-səlis çoxluqların qabarıq kombinasiyası,
insanlarla induksiya edilən qeyri-səlis
çoxluqlar, qabarıq qeyri-səlis çoxluqların
separabelliyi anlayışına tərif vermişdir. Bu
halda birləşmə və kəsişmə əməliyyatları həm
bazisində, həm də cəbri cəm və hasil formasında
tətbiq edilmişdir.
Bu ilkin
anlayışlarla birlikdə üçüncüsünü istisna
qanununun və onun qarşılığı olan ziddiyyətsizlik
qanununun zəifləndirilməsinin zəruri olması
isbat edilmişdir. Klassik çoxluqlar
nəzəriyyəsində bu qanunlar toxunulmaz hesab
edilirdi. Lakin həyat göstərir ki, yeni
nəzəriyyələrin kəşf edilməsi və işlənilib
hazırlanması ücün ənənəvi təfəkkür tərzindən
imtina etmək lazımdır. 1965-ci ildə klassik
nəzəriyyənin əsas aksiomunu təkzib etməklə
L.Zadə də faktiki olaraq məhz belə hərəkət
etmişdir.
L.Zadə
"Qeyri-səlis hadisələrin ehtimalının meyarları"
(1968) əsərində qeyri-səlis hadisə anlayışını
tətbiq etmiş, onu "bu gün hava istidir", "X
kəmiyyətin qiyməti təqribən 5-ə bərabərdir" və
s. kimi misallarla izah etmişdir. Bu ifadələr
"müvafiq sözlərin mənasının dəqiq olmasına görə
qeyri-səlisdir". Bundan əlavə o, qeyri-səlis
hadisələr üçün ədədi orta, variasiya və
entropiya anlayışlarının riyazi
ümumiləşdirilməsini vermişdir.
L.Zadə
R.Belmanla birgə yazdıqları "Qeyri-səlis mühitdə
qərarlar qəbul edilməsi" adlı əsərdə (1970)
"məqsəd və məhdudiyyətlər qeyri-səlis təbiətə
malik olduğu halda qərar qəbul edilməsi"
prosesini nəzərdən keçirir, sonra isə qərarlar
qəbul edilməsi ilə bağlı çoxsaylı addımlardan
ibarət proseslər nümunəsində bu yeni yanaşmanı
şərh edirlər.
"Mürəkkəb
sistemlərin və qərarlar qəbul edilməsi
proseslərinin təhlilinə yeni yanaşmanın
əsasları" (1973) əsərində Lütfi Zadə linqvist
dəyişən anlayışını və kompozision nəticə
çıxarılması qaydasını tətbiq edir. O göstərir
ki, bu yeni yanaşma "dəqiq riyazi metodların
tətbiq edilməsi üçün həddən artıq mürəkkəb və
pis müəyyən edilmiş sistemlərin davranışını
təsvir etmək üçün təxmini olsa da, səmərəli
vasitə yaradılmasını təmin edir. Əsas tətbiq
sahələri sırasına sistemin canlı
komponentlərinin aparıcı rol oynadığı
iqtisadiyyat, menecment, informasiya axtarışı,
süni intellekt, linqvistika, təbabət, biologiya
və digər sahələr aiddir".
Belə bir əsər
Lütfi Zadə ideyalarının yaradıcılığında ən mühüm
mərhələ sayılmalıdır. Məhz bu işin bazasında
1975-ci ildə E.Mamdani və S.Assilian qeyri-səlis
tətbiqi sistemin ilk laboratoriya versiyası olan
qeyri-səlis tənzimləyici yaratmış və onu
sənayedə tətbiq etmişlər. L.Zadənin "Mürəkkəb və
ya qeyri-dəqiq anlayışların tərəfinə qeyri-səlis
alqoritm yanaşma" (1976) əsərində belə bir ifadə
var: "Riyaziyyatda, fizikada, kimyada, mühəndis
elmlərində və başqa sahələrdə üstünlük təşkil
edən yüksək dəqiqlik standartları sosiologiya,
psixologiya, linqvistika, tarix, fəlsəfə,
antropologiya, incəsənət və digər sahələr üçün
səciyyəvi olan biliklərimizin qeyri-dəqiqliyi
ilə aşkar ziddiyyət təşkil edir".
"Qeyri-səlis
çoxluqlar mümkünlük nəzəriyyəsinin əsası kimi"
(1978) məqaləsində L.Zadə yazır: "Bizim əsas
məqsədimiz informasiya ölçüsündə (Şennon və
Vinerin statistik informasiya nəzəriyyəsinə dair
işlərində göstərilən mənada) daha çox
informasiyanın mənasını təsvir etməkdən ibarət
olduqda informasiyanın təhlilinə mümkünlük
mövqeyindən yanaşma, bu məsələdə ehtimal
mövqeyindən yanaşma ilə müqayisədə öz təbiətinə
görə daha münasib və təbii olur". Müəllif bu
məqalədə "imkanların paylanması", "imkanın
ölçüləri", "həqiqiliyin keyfiyyət baxımından
təsviri", "ehtimal edilən ixtisas" və s.
anlayışlardan bəhs edir.
"Linqvist
dəyişən anlayışı və onun təxmini qərarlar qəbul
edilməsinə tətbiqi" silsiləsinə aid məşhur
məqalələr (1975-76) aşağıdakı sözlərlə başlanır:
"Linqvistik dəyişən dedikdə, qiymətlərin müəyyən
təbii və ya süni dilin sözləri və söz
birləşmələri olan dəyişən başa düşülür. Bizim
dəqiq, ciddi və kəmiyyətcə müəyyən olan hər şeyə
səcdə etməyimizi və qeyri-səlis, qeyri-ciddi və
keyfiyyətcə müəyyən olan hər şeyə
etinasızlığımızı nəzərə alsaq, rəgəmli
kompüterlərin yaranması heç də təəccüblü
deyil... Bu kompüterlər davranışı mexanika,
fizika, kimya və elektromaqnitizm qanunları ilə
müəyyən edilən mexanistik, yəni canlı olmayan
sistemlərlə iş zamanı çox səmərəli olmuşdur.
Təəssüf ki, humanistik sistemlər haqqında bu
sözləri demək olmaz...".
"Təxmini
mühakimə nəzəriyyəsi" əsərində alim proyeksiya,
məntiqi davam, semantik ekvivalentlik və s.
prinsiplər əsasında nəticələr çıxarmağın və
təxmini mühakimələr yürütməyin qeyri-səlis
qaydalarının təqdim olunması imkanlarından bəhs
edir.
"Qeyri-səlis
məntiq - sözlərlə hesablamalar" (1996),
"Qeyri-səlis informasiya qranulyasiyası
nəzəriyyəsi və onun insan mühakimələrində və
qeyri-səlis məntiqdə mərkəzi yeri haqqında"
(1997) və "Rəqəmli hesablamalardan sözlərlə
hesablamalara - ölçülərlə manipulyasiyadan hissi
obrazlarla manipulyasiyalara" (2001) əsərlərində
Lütfi Zadə yazır: "Qeyri-səlis məntiqin əsas
töhfəsi sözlərlə hesablamalar aparılması üçün
metodologiya yaradılmasıdır. Hələlik bundan ötrü
heç bir başqa metodologiya yoxdur. Adi mənada
hesablamalar rəqəmlər və simvollarla
manipulyasiyadan ibarətdir. İnsanlar təbii dilin
vasitələrilə ifadə edilmiş və ya perseptiv
obrazlar formasında çıxış edən mühakimələrdən
sözlərlə ifadə edilmiş, nəticələr çıxarmaq üçün
hesablama və mühakimələrində isə əksinə, əsasən
sözlərdən istifadə edirlər".
Professor
Lütfi Zadə həm də sistem və optimal süzgəclər
nəzəriyyəsinin müəllifidir. Alimin qeyri-səlis
məntiq nəzəriyyəsi kimi optimal süzgəclər
nəzəriyyəsi də müasir riyaziyyatda və
kibernetikada yeni bir addım, yeni bir
hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı
ilə deyil, həm də əməli nəticələri ilə
qiymətlidir.
Alimin dünya
elm aləmində hadisəyə çevrilən kəşflərindən biri
də dinamik sistemlərdə çoxmeyarlı
optimallaşdırma nəzəriyyəsidir. O, özünün bu
nəzəriyyəsi ilə sübut edib ki, bütün zəruri
meyarların ən yaxşı qiymətlərinə cavab verə
bilən ideal sistem yaratmaq mümkün deyil. Bir
meyarın yaxşılaşdırılması yalnız digərlərinin
pisləşməsi hesabına mümkündür. Bu da kompromis
variant tələb edir. Bununla əlaqədar Lütfi Zadə
çoxmeyarlı dinamik sistemlərin qurulma
üsullarını təklif edib.
1966-cı ildən
etibarən dünyanın bir çox ölkələrində -
İngiltərə, Almaniya, Yaponiya və başqa
dövlətlərdə Lütfi Zadənin yaratdığı elmi
məktəblər, laboratoriyalar fəaliyyət göstərir.
"Umtaçi", "Mitsubisi", "Toşiba", "Soni",
"Orison", "Kanon", "Riqo", "Sanyu", "Anesan",
"Honda", "Nek", "Şarp" və s. firmalar Lütfi Zadə
nəzəriyyəsinin kommersiya tətbiqi ilə
məşğuldurlar.
Professor
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi
ABŞ-da kosmik proqramların həyata keçirilməsində
mühüm rol oynayır. Yaponiyada qeyri-səlis
məntiqə əsaslanan fotovideo cihazlar buraxılır.
Danimarkada qeyri-səlis məntiq əsasında işləyən
sement sobaları istehsal edilir. Avropada çoxlu
sistemlər və qurğular, xüsusi "ağıllı" ekspert
sistemləri hazırlanır. Yaponiyada Panasonik və
Kvassar adı altında mallar istehsal edən
"Mitçusita" kompaniyası qeyri-səlis məntiq
nəzəriyyəsinin tətbiqini ugurla davam etdirir.
Hazırda bu nəzəriyyədən iqtisadiyyatda,
psixologiyada, linqvistikada, siyasətdə,
fəlsəfədə, sosiologiyada, dini məsələlərdə,
münaqişə problemlərində də istifadə olunur.
Sosioloji araşdırmalar göstərir ki, bu
nəzəriyyənin tətbiq dairəsi gələcəkdə daha da
genişlənəcəkdir...
Professor
Lütfi Zadə sistem və optimal süzgəclər
nəzəriyyəsi sahəsində də fundamental nəticələrə
nail olmuşdur. Dünya alimləri onun əldə etdiyi
elmi nəticələri müasir riyaziyyat və kibernetika
sahəsində yeni bir hadisə kimi
qiymətləndirmişlər.
L.Zadə 200-dən
çox elmi məqalənin müəllifi və 70-dən çox elmi
jurnalların redaksiya heyətinin üzvüdür. Hazırda
dünyanın ayrı-ayrı ölkələrində Lütfi Zadənin
qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar 25-ə
yaxın elmi jurnal çıxır. Həmin jurnallarda
alimin nəzəriyyəsi ilə bağlı hər il minlərlə
məqalə çap olunur. Yaponiyada 2 mindən çox alim
qeyri-səlis məntiqin istehsala tətbiqi ilə
məşğuldur. Onlar qeyri-səlis məntiqi məişət
tipli cihazların, elektrik avadanlıqlarının
hazırlanması layihələrinə əlavələr edirlər. Son
illər ABŞ-da, Yaponiyada, Avropada qeyri-səlis
məntiqin bəhrəsi olan 1300-dən çox patent tətbiq
edilmişdir. Alimin elmi uğurları 1991-ci ildə
Yaponiyanın ən yüksək mükafatına - Honda
mükafatına layiq görülmüşdür.
Lütfi Zadə
dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin
fəxri doktoru adına layiq görülüb. O, həmçinin
Koreya, Bolqarıstan, Polşa, Finlandiya,
Azərbaycan və ABŞ akademiyalarının üzvüdür.
Dünya şöhrətli
alim İEEE Educational medalı (1973), İEEE
Centennial medalı (1984), Honda mükafatı (1989),
Berkeley Citation (1991), İEEE Rişard Hamming
medalı (1992), Rufus Oldenburger medalı (1993),
İEEE Fəxri medalı (1995), Bolzano medalı (1997),
Edvard Feigenbaum medalı (1998), İEEE Milenium
medalı (2000), V.Kaufman mükafatı və gızıl
medalı (2004), Egleston medalı (2007), Franklin
medalı (2009) ilə təltif olunmuşdur.
Professor
Lütfi Rəhim oğlu Ələsgərzadəni ürəkdən təbrik
edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat elmləri
doktoru,
əməkdar elm xadimi |
|