London
İqtisadiyyat Universitetində keçirilmiş
"Türk-erməni münasibətləri: əsassız ittihamlar,
yalanlar və erməni problemi" mövzusunda
konfransda çıxış edən ABŞ-ın Luisvill
Universitetinin professoru Jastin MakKarti
ermənilərin soyqırımı iddialarının uydurma
olduğunu və bu məsələnin Amerika-ingilis
mətbuatında birtərəfli işıqlandırıldığını
söyləmişdir.
AzərTAc xəbər
verir ki, Türkiyənin Böyük Britaniyadakı səfiri
Əhməd Ünal Çeviköz, İngiltərə Türk Dərnəkləri
Federasiyasının üzvləri və tarixçi alimlərin
iştirak etdikləri konfransda amerikalı tarixçi
ermənilərin hücumuna məruz qalmışdır.
Professor
MakKarti 1890-cı ildən başlayan hadisələrə
toxunaraq bildirmişdir ki, bütün bu iddiaların
mənbəyi o zaman ingilis və Amerika mətbuatında
erməni yalanlarına istinadla Osmanlı imperiyası
və türklər haqqında yayılan əsassız xəbərlərdir.
Həmin illərdə baş vermiş köçlərin və qətliam
iddialarının hələ əvvəlcədən Qərb mətbuatında
yer alması da şübhə doğuran amildir. Bu
qəzetlərin bölgədə öz müxbirləri yox idi və
ermənilərdən aldıqları məlumatları yayırdılar.
Ən qəribəsi odur ki, xəbər və məqalələri
yazanlar təxəyyülünə güc verərək hadisələrin
çoxunu uydururdular.
Amerikalı
tarixçi bölgədəki missionerlərin də öz
mənafelərinə uyğun olan və həqiqəti əks
etdirməyən müxtəlif kitablar yazdığını, onların
"öz hekayələrini özləri uydurduqlarını"
demişdir. Təəssüf ki, bir sıra siyasi
ambisiyaları olan lobbi təmsilçiləri bu
yalanları bu gün də həqiqət kimi təqdim edirlər.
Jastin
MakKarti o dövrdə mətbuatda dərc olunmuş
müxtəlif xəritələri də konfrans iştirakçılarına
göstərərək, diqqəti onlardakı böyük səhvlərə
yönəltmişdir. |