Azərbaycanda
musiqi ifaçılığının digər növləri kimi klarnet
sənəti də böyük bir tarixi yol keçib. Bu sənətin
Şəmsi İmanov, Vəli Qədimov kimi peşəkarları olub
ki, zaman keçdikcə onların ardıcılları yetişib.
Sevindirici haldır ki, bu məktəbi təmsil edən
gənc ifaçılar sələflərinin yolunu layiqincə
davam etdirirlər. Belə ki, öz ifa üslubları ilə
həm milli koloriti qoruya bilir, həm də klassik
üslubları çox düzgün mənimsəyirlər. Odur ki,
Azərbaycan ifaçıları dünyanın hansı ölkəsində
çıxış etsələr, vətənə uğurla qayıdırlar.
Haqqında söhbət açacağımız Səddam Novruzbəyovu
başqa ifaçılardan fərqləndirən əsas amil isə
onun həm də rəssam olmasıdır. İncəsənətin həm
musiqi, həm də rəssamlıq sahələrini öz
yaradıcılığında birləşdirən Səddam istedadlı
ifaçılardan biridir.
Səddam
hələ 3 yaşı olarkən qeyri-adi musiqi duyumu və
çəkdiyi rəsmlərlə yaşıdlarından fərqlənirdi. Çox
keçmir ki, 5 yaşlı Səddam Tofiq İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Uşaq
dünyası" rəsm qalereyasının təşkil etdiyi
müsabiqələrin fəal iştirakçılarından birinə
çevrilir. 2002-ci ildə Səttar Bəhlulzadə adına
sərgi salonunda ilk fərdi sərgisi keçirilən
Səddamın nümayiş etdirdiyi əsərlər iştirakçılar
tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli
sənətkarımız Polad Bülbüloğlu sərgidəki
əsərlərdən böyük zövq aldığını və rəsmlərdə
dərin fəlsəfi fikirlərin olduğunu nəzərə
çatdırmışdır. 2003-cü ildə "Raskras Sayt Yukos",
2004-cü ildə isə Avstriya Hava Yolları,
Britaniya səfirliyi, MEXX və Rəssamlar
İttifaqının birgə layihəsi ilə keçirilən "Bakı
gələcəkdə" adlı rəsm müsabiqələrində I yerə
layiq görülən Səddamın əsərləri xeyriyyə
məqsədilə satılmış, əldə olunan vəsaitdən uşaq
evlərinə ərzaq və geyim alınmışdır. Həyatını
vətənə, millətə qurban verməyə hazır olan və
dövlətimizin bayrağını daim ucalarda görmək
istəyən Səddam öz gizli dünyası ilə ancaq
boyalar və fırça vasitəsilə paylaşır.
Musiqi
sahəsində ilk addımlarını Bülbül adına Orta
İxtisas Musiqi Məktəbində atan Səddam hazırda
Bakı Musiqi Akademiyasının IV kursunda klarnet
ixtisası üzrə təhsil alır. Klassik və sərbəst
caz improvizasiyalarına üstünlük verən Səddamın
ifası respublikamızın görkəmli musiqiçiləri
tərəfindən yüksək qiymətləndirilir. Xalq artisti
Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət
Gənclər Simfonik Orkestrinin solisti olan Səddam
Fransada YUNESKO-nun konsert zalında keçirilən
tədbirdə orkestrin tərkibində çıxış etmişdir.
Bundan başqa, Səddam həmin orkestr ilə Belçika,
Almaniya, İtaliya və İsveçdə qastrol
səfərlərində olmuş, ölkəmizi layiqincə təmsil
etmişdir.
Səddamın
dediklərindən: "İlk musiqi təhsilimi Fikrət
Əmirov adına 6 nömrəli incəsənət məktəbində
almışam. Məktəbin direktoru Nəriman müəllim
fərqli istedadımı görərək mənə klarnet alətinin
ifaçısı olmağı məsləhət gördü. İlk vaxtlar
klarnetə həvəs göstərməsəm də indi sevinirəm ki,
bu seçimi qəbul etmişəm. İllər keçdikcə klarnetə
sonsuz marağım və həvəsim məni Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinə gətirdi. Sənətin
sirlərini daha dərindən öyrənmək və professional
olmağı qarşıma məqsəd qoymuşdum. Bunun üçün var
gücümlə çalışırdım. Mənim bu səviyyəyə gəlib
çatmağımda müəllimlərimin rolu və zəhməti
danılmazdır. Klarnet müəllimim Əziz
Qarayusiflinin adını isə xüsusilə vurğulamaq
istəyirəm. Klassik musiqiyə həvəsi, ifa
manerasını, alətin incəliklərini mənə aşılamaqda
onun böyük zəhməti olmuşdur. Hər səhnəyə çıxışım
zamanı mənimlə bərabər, bəlkə də məndən çox
həyəcan keçirən Əziz müəllimin məsləhətlərinə
qulaq asıram. Onun göstərdiyi diqqət və qayğı
məni daha da ruhlandırır, ciddi çalışmağa,
məsuliyyətli olmağa təhrik edir. Bilirsiniz, bu
sənətdə istedadla bərabər, çoxlu əmək sərf etmək
vacib amillərdəndir. Bəlkə də rəssamlıqda mənim
üçün çalışmaq, əmək sərf etmək musiqidəki qədər
çətin deyil. Hərdən xəyala dalıram və "hansı
sənəti daha çox sevirəm" deyə düşünürəm". Lakin
bunu seçə bilmirəm. Həm rəssamlıq, həm də musiqi
həyatımın ayrılmaz hissələridir. Klarnet ilə
demək olar ki, hər gün məşğul oluram və bu mənim
işimdir. Lakin vaxtla əlaqədar hərdən rəsm
çəkmək mümkün olmur. Həmin vaxtlar elə bilirəm
ki, məndə nəsə çatmır. Bu boşluğu doldurmaq üçün
az müddət də olsa rəngli fırçaları əlimə alır,
qəlbimdən keçənləri kağız üzərinə köçürürəm. Ən
çox sevdiyim payız fəslidir və bu fəsli təsvir
etməkdən çox zövq alıram.
Yaşıdlarıma
dövlətimizin yaratdığı imkanlardan maksimum
dərəcədə istifadə etməyi və dövlətçilik naminə
var gücləri ilə çalışmağı tövsiyə edərdim. Mən
inanıram ki, bugünkü gənclik sağlam düşüncəlidir
və gələcəyə ümidlərlə baxır. Sonda bizə
göstərdikləri diqqət və qayğıya görə ölkə
Prezidenti cənab İlham Əliyevə və YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığımı
bildirirəm".
Müəllimi Əziz
Qarayusiflinin dediklərindən: "Səddamla
görüşdüyümüz ilk gündə o mənə çəkdiyi şəkillər
və iştirak etdiyi sərgilər haqqında həvəslə
danışdı. Onun danışığından hiss olunurdu ki,
hələ gənc olmasına baxmayaraq, yaradıcılığa və
sənətə böyük diqqət yetirir, sərbəst və məntiqli
fikirlər yürüdür. Səddamı dinlədikdə bu sadə,
uşaqqəlbli və bir az da dalğın gəncin rəssamlığa
sonsuz həvəsini duydum. Bir anlığa qəlbimdən elə
bir hiss keçdi ki, onunla işləmək mənim üçün bir
az çətin olar. Çünki rəsm çəkərkən nə qədər
azad, sərbəst, özünə qapanırsansa, musiqidə bir
o qədər dəqiq və ciddi olmaq tələb olunur. Lakin
fikirləşdiyimin tam əksinə olaraq nəticə
gözlənilməz oldu. Klassik musiqiyə həvəs,
improvizə bacarığı, texnikası və öz üzərində
ciddi çalışmaq vərdişləri onunla işləməyi
asanlaşdırdı. Səddam xüsusi istedada malik olan
çalışqan gənclərimizdəndir. Onu da qeyd edim ki,
Səddamın Dövlət Gənclər Simfonik Orkestrində
çıxış etməsi və bir çox ölkələrdə qastrol
səfərlərində olması onun üçün vacib
şərtlərdəndir. Çünki dünya musiqi aləmi ilə
canlı şəkildə və yaxından tanış olur. Bu, onun
üçün əlavə stimuldur. Ona bu çətin və şərəfli
sənət yolunda uğurlar arzulayıram. Ümid edirəm
ki, Səddam istər respublikamızda, istərsə də
beynəlxalq aləmdə öz dəst-xətti ilə tanınan
musiqiçi olacaq".
Bəli, biz də
Əziz müəllimin arzularına şərik çıxır və
inanırıq ki, Səddam və onun kimi gənclər milli
musiqimizi, zəngin mədəni irsimizi dünyada
layiqincə nümayiş etdirəcəklər.
Niyazi RƏHİMOV |
|