Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - ¹05

 

SSRİ-nin həbsxana və düşərgələr şəhəri

 

Maqadana minlərlə azərbaycanlı sürgün olunub 

(Əvvəli qəzetimizin 14 və 28 yanvar tarixli nömrələrində) 

Bu yerlərə sürgün edilənlər 1-2 ildən çox yaşaya bilməyiblər 

Gedəcəyim növbəti keçmiş düşərgə isə Maqadandan 500 kilometr aralı olan Seymcan qəsəbəsi yaxınlığındakı Lazo və Kanyon-1 adlanan həbs düşərgələrinin xarabalıqları olacaqdı.

Totalitar rejiminin sürgün etdiyi insanları məhz Maqadanın ən sərt havası olan Susuman, Neksikan, Yaqodnoe, Seymcan və s. kimi yerlərinə aparmışlar. Maqadan DİN arxivindən aldığım sorğu cavablarında belə faktlara çox rast gəldim. Bu insanların çoxu yalnız bir qış mövsümünü sağ qala bilmişdi. Yəni bir ildən çox yaşaya bilməmişlər. Bu yerlərin şaxtasından iş fəaliyyətini itirmiş insanlar lazımsız işçı qüvvəsi  olduğuna görə güllələnmişlər. Bunlara misal olaraq iki fakt göstəririk:

30-cu illərdən qalan xarabalıq Atka qəsəbəsiKuluyev Şahsuvar Firidun oğlu 1905-ci il təvəllüdlü. Az. SSR, Qubadlı rayonu, Amudux kəndi. 1938-ci il aprelin 14-də Zaqafqaziya Hərbi Tribunalı tərəfindən Az. SSR CM-in 21, 64, 70, 73 maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Cəza müddətini çəkmək üçün Maqadan vilayəti ərazisinə 9 dekabr 1938-ci ildə gəlmişdir. 16 aprel 1940-cı ildə Maqadan xəstəxanasında vəfat etmişdir və s.

Şirinov Fərhad Mustafa oğlu. Təvəllüdü 1905-ci il. Az. SSR, Cəbrayıl rayonu, Dağtumas kəndi...

3 iyun 1939-cu ildə cəza müddətini çəkmək üçün Maqadan vilayəti ərazisinə gətirilmişdir. 24 noyabr 1940-cı ildə Susuman rayonundakı Çkalov adına düşərgənin tibb məntəqəsində vəfat etmişdir. Ölüm səbəbi: ürək çatışmazlığı olub.

Arxivdən aldığım cavablara əsasən deyə bilərəm ki, Azərbaycanın aran rayonlarından buraya sürgün edilənlərin 60-70 faizi bir, ya da iki il yaşayıblar. Bu insanlar siyasi repressiyanın qurbanları idi. 

Azad olmuş dustaqlardan Vətənə dönməyənləri də olurdu 

XX əsrin sonuncu onilliyində Susuman qəsəbəsinə şəhər statusu verilib. 30-cu illərdə burada böyük müvəqqəti saxlama həbsxanası və xeyli düşərgə olub. Bu həbsxana və düşərgələr Çay-Uryax düzənliyində kəşf olunmuş qızıl yataqlarında işləmək üçün buranı ucuz işçi qüvvəsi ilə təmin edirdi. Dustaqlar bu yerə "ölüm düzənliyi" deyirmişlər. Susuman həm də böyük nəqliyyat şosesinin və yol tikintisinin əsas dayaq nöqtəsi idi. Belə ki, İndigirka çayı sahilində yerləşən Üçt-Nərədən Aldan çayı sahilindəki Xandıqaya qədər uzun bir məsafəyə yol çəkilməli idi. Bunun üçün Stalinin göstərişi ilə "zərbəçi briqada"lar yaradılmışdı. Hər 10 kilometrdən bir düşərgə salınmaqla dustaqlar tikintidə işlədilirdilər. Bu düşərgələrdə soyuqdan, acından və işin hədsiz dərəcədə ağır olması səbəbindən adamlar kütləvi şəkildə tələf olurdular. Bu gün həmin "zona"lardan heç  nə qalmayıb.Qızılyuma prosesi (1935-ci il). "Şturmavoy"

Susumandan 25 kilometr qərbə tərəf  Neksikan qəsəbəsi yerləşirdi və buradan 15 kilometr aralıda düşərgələrin xəstəxanası vardı. Bu xəstəxanaya xəstəlikdən, iş rejiminin dözülməzliyinin və yaxud az qidalanmanın nəticəsində artıq əmək qabiliyyətini itirərək "doxodyaqi" adlandırılan dustaqlar göndərilirdi. Amma "müalicə" üçün buraya göndərilənlər geriyə dönmürdülər. Xatınnaxda, Berlaqda və s. olduğu kimi, bu xəstəxananın da qəbiristanlığı olub. Burada da əvvəlcədən hazırlanmış tranşeylər həmin xəstəxanaya gətirilən dustaqların cəsədləri ilə doldurulurdu. İndi bu qəbiristanlıqdan da əsər-əlamət qalmayıb.

"Zona"ların və məzarların kim tərəfindən, nə vaxt və nə üçün sökülüb dağıdılması barədə də məlumat vermək istəyirəm. Belə ki, Stalinin ölümündən sonra verilən amnistiyaya əsasən dustaqların xeyli hissəsi azad edilmişdi. 1956-cı ildə isə nəinki Kalımda, bütün SSRİ ərazisində "QULAQ"ın tabeliyində olan dustaqlara, xüsusilə də siyasi dustaqlara bəraət verildi. Bununla da Kalım ərazisindəki düşərgələr və həbsxanalar, demək olar ki, xeyli boşaldı. Azad olmuş keçmiş dustaqlar arasında Vətənə dönməyənlər də oldu. Bu insanlar buradakı artellərdə işləyərək yenə qızıl axtarışına başladılar. 1970-1980-ci illərdə bu artellərə dağlıq ərazilərdə işləyən güclü texnika göndərildi. Bununla da daha tez və daha çox metal emalına başlandı. "Zona"lar bulduzerlərlə dağıdıldı, burada vaxtilə dustaqların gizlətdikləri qızıllar aşkar edildi.

Bu barədə yazıçı Viktor Nikolayeviç Pavlov yazır: "Mən Çay-Uryax adlanan çayın sahilində yerləşən böyük qızıl emalı fabrikində oldum. Bu fabrikin fəhlələri mənə danışdılar ki, bir dəfə gecə növbəsindən sonra draqa (torpağı yuyaraq qızıl aşkar edən texnika) irəlilədikcə arxada qoyduğu qum təpəciklərində insan sümükləri və kəllələri gördük. Sən demə, biz bütün gecəni hamı üçün gizlin olan dustaq qəbirlərini sökərək irəliləmişik..." (Stalinizm na Kalıme. str.118).

Ümumiyyətlə, "zona"ların məhv edilməsinin bir neçə yolu var. Yaşayış məntəqələrindən uzaqda olması ilə əlaqədar kimin texnikası varsa, onlar gedib keçmiş düşərgələrdəki barakları söküb, dəmirini və taxtalarını gətirib istifadə edir və ya satır. Buna isə bu gün "ərazinin təmizlənməsi" deyirlər. Digər tərəfdən, Xalq Daxili İşlər Komissarlığı nəzdində olan məşhur "Dalstroy" trestinin və "USTVİL"in (Şimal-Şərq Əmək-İslah Düşərgələri İdarəsi) əməkdaşları Stalinin ölümündən sonra yenə də istehsalata rəhbərlik etmiş, sovet və partiya orqanlarında yüksək vəzifələri tutmuşlar. Aydın məsələdir ki, onlar düşərgələrdə törətdikləri cinayətlərin üstünü örtməyə çalışırdılar. Ona görə də bu vandalizmə göz yuman yerli hakimiyyət həbsxana və düşərgələrin məhv edilməsində çox maraqlı idi. Elə bu gün də burada o zamanlar baş verənləri haqlı, lazımi və qanuni hesab edənlər var. 

Zıryanka qəsəbəsini də dustaqlar tikiblər 

Kalıma yolundaZıryanka qəsəbəsi də bir çox qəsəbələr kimi, Kalım çayının sahilləri boyunca salınmış düşərgələrdən biri idi. Hələ "Dalstroy"un var gücü ilə işlədiyi dövrdə bura çay gəmiçiliyinin kiçik bir limanı olub. Odunla işləyən gəmilər buradakı mədənlərə lazım olan hər şeyi-texnika, geyim, qida məhsulları və əlbəttə, ucuz işçi qüvvəsi olan dustaqları daşıyırdılar. Ust-Srednekandan başlayaraq Kalım çayı boyunca hər 10 kilometrdən bir buraya göndərilmiş dustaqlardan ibarət kiçik düşərgələr fəaliyyət göstərirdi. Bu düşərgələrin məqsədi çay boyunca hərəkət edən gəmiləri odunla təchiz etməkdən ibarət idi. Kalım çayı gəmiçilik idarəsinin baş iqamətgahı da elə burada-Zıryankada yerləşirdi. İdarənin rəisi isə admiral olub. Əgər kiçik düşərgələrin hansısa lazım olduğu qədər odun verməsəydi, bu admiral heç kimdən və heç nədən çəkinmədən həmin düşərgənin dustaqlarının hər on və ya hər beş nəfərindən birinin güllələnməsinə əmr vermək gücünə malik idi. Sonra onların ölüm aktlarında hansısa bir xəstəliyin adı yazılır, güllələnmiş dustağın vəfatı barədə qohumlarına bir "qara kağız" göndərilirdi. Sovet rejimində Beriyanın rəhbərlik etdiyi "QULAQ"ın (Düşərgələr üzrə Dövlət idarəsi) daxili qanunları belə idi. Ümumiyyətlə, buradakı idarə rəhbərləri külli-ixtiyar sahibləri imiş.

O zaman Zıryankadan 63 kilometrlik məsafədə geoloqlar kömür yataqları kəşf ediblər. Oraya xeyli dustaq göndərilib və yeni bir düşərgə yaranıbdır. Bura yeraltı mədən oldugundan dustaqlar kömürü əl arabası ilə daşıyırlarmış. Bu gün də burada kömür, az miqdarda olsa da, hasil edilir,  amma  müasir  texnika ilə.

...Səyahətə çıxdıgım gəminin göyərtəsində əyləşib hər iki sahilə heyranlıqla baxırdım. Çılpaq və sərt qayaları əhatə etmiş yaşıllıqlar göz oxşayırdı.İnanmaq olmur ki, bu yerlərdə ilin doqquz ayı şaxtanın sazagı mənfi 40, 50, bəzən də 60 dərəcəyə çatır.Bu yerlərin yaşıl təbiəti, həqiqətən, heyranedicidir. Bələdçim mənə o zaman Kalım çayı sahillərində salınmış düşərgələrin yerini göstərirdi.Yerini ona görə deyirəm ki, bu günə o düşərgələrdən heç nə saxlanılmayıbdır.

Zıryanka qəsəbəsi ilə üz-üzə, Kalım çayının sağ sahilində daha bir qəsəbənin xarabalıqları var. Bu qəsəbə də dustaqlar tərəfindən tikilmişdi.Sonradan onlar burada yaşamaq məcburiyyətində qalıblar.Qəsəbə xüsusi köçürülənlərin qəsəbəsi idi.Yəni həbs müddəti başa çatanda azad edilən, lakin bu vilayətdən çıxması qadağan olunan dustaqların qəsəbəsi. Belə dustaqların harada yaşamasını rəhbərlik təyin edirdi. Maqadandan 500 kilometr məsafədə yerləşən Seymcan, Yaqodnoye və s. qəsəbələr kimi, Zıryankada yayda isti olur. Dustaqlar kartof və kələm əkib-becərərək burada kənd təsərrüfatını inkişaf etdiriblər. İstixanalar tikərək pomidor və xiyar da yetişdiriblər. Beləliklə, bu qəsəbə  yaxın qəsəbələri, hətta bəzən düşərgələri də tərəvəzlə təmin edirmiş. Stalinin ölümündən sonra amnistiya fərmanı bu insanlara tam azadlıq verdi (qatı cinayətkarlardan başqa). Onların bəziləri öz vətənlərinə, bəziləri qismən böyük qəsəbələrə, bəziləri də Maqadana köçdülər. Beləliklə, qəsəbə tamamilə boşaldı. Sonra yerli hakimiyyətin burada kənd təsərrüfatını bərpa etmək cəhdi baş tutmadı. Qəsəbədən bu günümüzə yalnız uçuq-sökük yaşayış evləri və leysan yağışlarının torpağını yuyub hamarladığı qəbiristanlıq qalmışdır. Bu torpağın altında isə o zaman siyasi baxışı başqa olan sovet vətəndaşlarının qalıqları çürüməkdədir. Bu insanlar, sadəcə olaraq, qəddar rejimin "QULAQ" adlı dəyirmanından sağ çıxmayanlardır.

Keçmiş dustaqların bəziləri isə, sadəcə olaraq, Kalımın sağ sahilindən sol sahilinə keçərək Zıryanka qəsəbəsində məskunlaşmış, ailə qurmuş və həmişəlik burada yaşamışlar. Bu sadə Şimal adamlarına məni çox mehribanlıqla qarşıladıqlarına görə minnətdarlığımı bildirirəm.  

"Vaskovun evi" 

1935-ci ildə Maqadanda ilk daş binaların tikintisinə başlanıldı. Bunlar poçtun binası, sərhəd qoşunlarına məxsus bina və 1 nömrəli həbsxana idi. Həmin həbsxana binası tarixin yaddaşına onun ilk rəisinin adı ilə "Vaskovun evi" kimi həkk olunub. Bu, zirzəmisində neçə-neçə insanın əzab verilərək güllələndiyi həmin məşhur həbsxana idi.

Keçmiş Maqadan dustaqlarından olan rəssam N.Biletovun düşərgə xatirələrindən:

"...Bir gün bizim "47-ci kilometr" adlanan düşərgəyə çox da böyük olmayan "NKVD" dəstəsi gəldi. Onlar bizə nəzarət edən əsgərləri də, gözətçi "vışka"sında duran əsgərləri də öz adamları ilə əvəz etdilər. Düşərgə rəisini də harasa göndərdilər. Ertəsi gün bizi işə aparmadılar. Bu gözlənilməz istirahətə çox sevindik, nəhayət ki, paltar və çəkmələrimizi yaxşıca qurudacağıq. Amma sevincimiz çox çəkmədi. Gecə bizi sanki həyəcan siqnalı varmış kimi ayağa qaldırıb baraklardan həyətə qovdular (təxminən min nəfərə yaxın idik). Cərgəyə düzüb sıra ilə saydılar, sonra isə hər on nəfərdən birini ayrıca cərgəyə düzdülər. Bu bəxti gətirməyənləri guya yaponların tərəfinə keçmək üçün silahlı üsyan hazırladıqlarına görə təqsirli bilib apardılar. Elə həmin gecə onların hamısını düşərgənin kənarında güllələdilər. O gündən düşərgənin idarəsi əsl zindana çevrildi. Heç nə başa düşmək olmurdu. İstənilən vaxt gəlib kimisə aparırdılar-ağqvardiyaçıları, Vətəndaş müharibəsi qəhrəmanlarını, partiyaçıları, din xadimlərini, kolxoz və sovxoz direktorlarını, kimi olsa. Onlar bir daha baraka qayıtmırdılar. Düşərgə idarəsindən isə gecə-gündüz dəhşətli fəryad səsləri gəlirdi. Sanki orada insan dərisi soyurdular...". 

(Ardı var) 

Binnət ƏSGƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov