Müasir
təhsilin əsas məqsədi təlim-tərbiyə prosesinin
səmərəliliyini maksimum artırmaq, müstəqil
düşünən, tədris fənlərini dərindən mənimsəyən və
aldığı bilikləri tətbiq etməyi bacaran, geniş
dünyagörüşə malik şəxsiyyətlər yetirməkdən
ibarətdir. Bu isə təhsil sistemində böyük
dəyişikliklər etməyi, dünya təhsil sisteminin
mütərəqqi təlim metodlarından yaradıcı şəkildə
istifadəni tələb edir.
Əgər müəllim
hər dərsə yaxşı hazırlaşarsa, təlim
metodlarından səmərəli istifadə edərsə, tədris
etdiyi fənni şagirdlərə sevdirməyi bacararsa,
əlavə mənbələrdən bəhrələnərsə, şagirdlər əldə
etdikləri bilikləri praktik işlər zamanı tətbiq
edərlərsə, onda təlimin səmərəsindən danışmaq
olar.
Bunun üçün
elmi hazırlıq da əsasdır.
Tədris zamanı
mövzuların şərhində daim diqqətli olmağa və
şagirdlərə düzgün məlumat verməyə çalışıram.
Qeyd etdiyim
fikirlərin təsdiqi üçün "İsmin təsirlik halı"
mövzusunu daha münasib bilirəm. Çünki bəzi
hallarda təsirlik halın cümlədə rolu barədə
yanlış fikirlərə rast gəlinir. Belə hallarda
şagirdlərə izah edirəm ki, təsirlik hal cümlədə
vasitəsiz tamamlıq olur. Əlbəttə, bu zaman
unutmaq olmaz ki, təsirlik hal yalnız öz sualına
cavab verəndə (yəni kimi? nəyi? haranı? və nə?)
müəyyən və ya qeyri-müəyyən vasitəsiz tamamlıq
olur.
Bu növ
tamamlıqlar hərəkətlə bilavasitə bağlı olub,
hərəkətin icrası nəticəsində yaranan və yaxud
dəyişikliyə uğrayan, ya da həmin hərəkətin
təsirinə məruz qalan obyekti ifadə edir.
Azərbaycan dilində xüsusi isimlər, şəxs
əvəzlikləri, yer zərfləri və s. həmişə müəyyən
məfhum ifadə edir və buna görə də vasitəsiz
tamamlıq olanda hər zaman hal şəkilçisi ilə
işlənir. Məlumdur ki, zərf adlıq və təsirlik
halda isimləşir. Adlıq halda mübtəda, təsirlik
halda tamamlıq olur. Şagirdlərə aşağıdakı
cümlələri təhlil etdirirəm:
1) Mən
Türkiyəni, İranı, Gürcüstanı gəzmişəm.
2) İçərini
ələk-vələk elədilər.
Birinci
cümlədə xüsusi isimlər, ikinci cümlədə isə zərf
vasitəsiz tamamlıq vəzifəsində işlənmişdir.
Ancaq belə sözlər bəzi Azərbaycan dili
dərsliklərində yer zərfliyi kimi götürülür. Belə
məlumatlar şagirdləri çaşdırır.
İsmin təsirlik
halı bəzən cümlədə nə zaman sualına cavab verə
bilər. Sözsüz ki, zaman mənası bildirəndə
təsirlik hal cümlədə zaman zərfliyi olar.
Buna görə də
dərs prosesində çalışmalar üzrə iş apararkən
məsdər, feli bağlama tərkiblərindən ibarət
cümlələr sintaktik təhlil ediləndə şagirdlərə
diqqətli olmağı tapşırıram.
Aşağıdakı
cümləni təhlil üçün seçirəm:
Vətəni ürəkdən
sevmək müqəddəs vəzifəmizdir.
Bu cümlədə
təsirlik hal məsdər tərkibinin daxilində qalıb
və onunla birlikdə mübtəda vəzifəsindədir. Eləcə
də feli sifət və feli bağlama tərkibləri ilə
ifadə olunan cümlələrdə də belə hallar baş verə
bilər. Bu zaman sintaktik suala əsaslanmaq
lazımdır.
Bir sözlə,
vasitəsiz tamamlıqların bir qrupu, göründüyü
kimi, hərəkətin maddi məkan münasibətini ifadə
edərkən onu cümlədəki zərfliklə qarışdırmaq
olmaz. Bu tamamlıqlar lüğəti cəhətdən yer
(məkan) məzmunu bildirən isimlər, zərflər və söz
birləşmələri ilə ifadə olunur. Çox vaxt belə
sözlər gəzmək, dolanmaq, keçmək, dalaşmaq və s.
kimi fellərə aid olur.
Məsələn:
1) Çöllərə
düşdüyüm o vaxtdan bəri
Dolandım
dağları və meşələri.
2) Hər halda
şose yolunu keçin.
3) Uzağı görə
bilmirəm.
Məktəb
təcrübəsində belə hallarla rastlaşılır. Yol
verilmiş və texniki xətalar olan belə
məlumatları verərkən qeyri-dəqiqlikləri
əvvəlcədən aşkara çıxarır, dilimizin
incəliklərini dəqiqliklə çatdırmağa çalışıram.
Bu işdə sintaktik təhlil ən yaxşı vasitə olur.
Züleyxa ƏLİYEVA,
Beyləqan rayonu G.Əsədov adına
I Şahsevən kənd 1 nömrəli orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |