Azərbaycanda
ibtidai təhsil pedaqogikası və metodikası
sahəsində korifeylik qazanmış professor Yəhya
Kərimovun hələ neçə il əvvəl gənc alim Fərrux
Rüstəmov barədə söylədiyi fikir öz təsdiqini
tapıb. Doğrudan da, F.Rüstəmov bu gün pedaqoji
elmimizin tədqiqi, təbliği, eləcə də bu
istiqamətdə mütəxəssis hazırlığı sahəsində
birinci sıradadır. Tarixi-elmi dəyərlərə
ehtiramla Ə.Seyidov, M.Mehdizadə, M.Muradxanov,
H.Əhmədov ənənələrini öyrənib inkişaf etdirərək,
pedaqoji fikir və düşüncənin nəzəri məzmunu və
təsir-əhatə dairəsini genişləndirmək Fərrux
müəllimə nəsib olub.
Müasirlərindən
professor Ə.Ağayevin mətbu yazıda etiraf edib
vurğuladığı kimi, "Fərrux Rüstəmov Azərbaycanda
XX əsr pedaqogikaşünaslığının pioneri olaraq da
öndədir".
30-dan artıq
kitab və kitabçası, dərslik və dərs vəsaiti, 500
elmi-pedaqoji və publisistik yazısı nəşr və çap
olunmuş pedaqoji elmlər doktoru, professor
F.Rüstəmov həm də 10 kitab tərtibçisidir,
onlarca əsərin elmi redaktorudur.
Azərbaycan
pedaqoji fikrinin böyük bir dövrünün, Şərq, Qərb
və Türk dünyası pedaqoji fikrinin inkişaf
tendensiyalarını, ayrı-ayrı ideya və
konsepsiyaların elmi-pedaqoji və tarixi-fəlsəfi
şərhini vermiş alim həm də ADPU-nun Pedaqoji
fakültəsinin dekanı, İbtidai təhsilin
pedaqogikası kafedrasının, "Pedaqoji təhsilin
problemləri" elmi-tədqiqat laboratoriyasının
müdiri kimi bilik, bacarıq və əməyini əsirgəmir.
Qocaman ali məktəbdə fəaliyyət göstərən ümumi
pedaqogika, pedaqogika və təhsilin tarixi
ixtisası üzrə dissertasiya şurasının sədr
müavinidir. Bu təqdimatın qələmə alınmasının
səbəbi budur ki, F.Rüstəmovun fəaliyyəti
çoxşaxəlidir. Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, akademik M.Mehdizadə, "Gənc alimlər",
"Qızıl qələm" mükafatları laureatı olan Fərrux
Abbas oğlu həm də pedaqogika və metodika
sahəsində məlum olan alimlər haqqında dəyərli,
məzmunlu məqalələr müəllifidir.
Professor
Fərrux Rüstəmovun "Elm və təhsil" nəşriyyatında
(2010) buraxılmış "Pedaqoji oçerklər: sələflərim
və müasirlərim" 344 səhifəlik kitabı (elmi
redaktorları professor H.Əhmədov, professor
İ.İsayev, rəyçilər professorlar R.Əliyev və
R.Hüseynzadədir) elm tariximizlə bağlı
araşdırmalar aparanlar üçün dəyərli
mənbələrdəndir.
Ön sözün
müəllifi, professor Ə.Ağayevin qeyd etdiyi kimi,
F.Rüstəmovun "Pedaqoji oçerklər: sələflərim və
müasirlərim" kitabı xələflərinin və
müasirlərinin xidmətlərini oxucusuna təqdim edən
dəyərli mənbə və öyrənc dərsliyidir.
"Sələflərim"
adlandırılan hissədə Azərbaycan pedaqoji
fikrinin görkəmli nümayəndələri - Güney Qafqazda
ilk pedaqoji elmlər doktoru Ə.Seyidov, SSRİ
PEA-nın akademiki M.Mehdizadə, professorlar
M.Muradxanov, B.B.Komarovski, Ə.Həşimov,
Y.Talıbov, dosent İ.Vəlixanlı və daha neçə elm
və təhsil nümayəndələrinin həyatı və irsi barədə
təsəvvür yaradan məzmunlu məqalələr verilmişdir.
Dünyasını dəyişmiş bu insanlar haqqında
yazılarda müəllifin bir soydaş olaraq dərin
ehtiramı, layiqli bir varis olaraq obyektiv
dəyərləndirmə yazı üslubu diqqəti cəlb edir. Bu
baxımdan dünyasını tez dəyişmiş T. Məmmədov,
V.Səmədov, B.Zərbəliyev haqqında qələm
məhsulları kövrək motivləri ilə oxucu
qəlbində-yaddaşında dərin iz buraxır.
Professor
F.Rüstəmov, onu tanıyanların da təsdiq etdiyi
kimi, səmimi, xeyirxah və təmənnasız insandır.
Üstəlik Fərrux Abbas oğlu həm də böyük ürək
sahibidir: soydaşlarının və həmkarlarının,
tanıdıqlarının uğurlarına ürəkdən sevinir, lazım
olanda qayğı və köməyini əsirgəməyən bir türk
oğludur. Azərbaycanın tanınmış elm-təhsil
fədailəri (MEA-nın müxbir üzvü, professor
Y.Məmmədov, professor H.Əhmədov, professorlar
A.Mehrabov, Y.Kərimov, Ə.Ağayev, Ə.Paşayev,
R.Mustafayeva, M.Həsənov, R.Hüseynzadə, İ.İsayev
və b.) haqqında qələm məhsulları həmin
insanların hər kəsə nümunə ola biləcək həyat
yolu, elm sahəsində tarixi xidmətləri barədə
yığcam, anlaşıqlı, zəngin informasiyalı
oçerklərdir.
Kitabla
tanışlıqdan doğan təəssüratlar olduqca zəngin və
dərindir. Bunlar ön sözdə aşağıdakı fikirlərlə,
demək olar ki, üst-üstə düşür: bu kitabın
məziyyətlərindən biri də ayrı-ayrı simaların
təqdimatı ilə XX əsrdə və hazırda Azərbaycanda
təhsil və təhsil elminin inkişafı üçün edilən
cəhdləri, çalışmaları ortaya çıxarması və
fərdlərdən ümuminin xeyrinə alınan nəticələri
göstərməsidir.
Professor
F.Rüstəmovun "Pedaqoji oçerklər: sələflərim və
müasirlərim" kitabı təhsil sahəsində çalışanlar,
elm tarixçiləri, bakalavr, magistrant və
pedaqoji ictimaiyyətin nümayəndələri üçün, sözün
həqiqi mənasında, dəyərli ədəbiyyatlardandır.
Ş.MƏMMƏDOV |
|