Urbana-Şampeyn
İllinoys Universiteti (University of Illinois at
Urbana-Champaign (UIUC)) ABŞ-ın İllinoys
ştatının iki qardaşlaşmış şəhərində - Urbana və
Şampeyndə yerləşir. Bu təhsil müəssisəsi
İllinoys Ştatı Universitetindən sonra ştatın
ikinci ən böyük dövlət ali məktəbidir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement
- QS World Universities Rankings" jurnalının
2009-cu ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Urbana-Şampeyn İllinoys
Universiteti Orhus Universiteti ilə birgə 100 ən
yaxşı ali məktəb arasında 63-cü yerdə olub.
"Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında apardığı araşdırmaya
əsasən Urbana-Şampeyn İllinoys Universiteti
33-cü, "QS World University Rankings"in
açıqlamasına görə isə 63-cü yerdə qərarlaşıb.
ABŞ-ın "U.S.
News and World Report" jurnalının 2011-ci ildə
apardığı araşdırmaya əsasən, Urbana-Şampeyn
İllinoys Universiteti ABŞ universitetləri
arasında 47-ci yerdə dayanır.
Tarixi
1862-ci
ildə ABŞ prezidenti Avraam Linkoln Morill
Qanununu imzalayır. Qəbul edilmiş Morill
Qanununa əsasən ABŞ-ın hər bir ştatında kənd
təsərrüfatı, mexanika və hərbi hazırlıq
ixtisasları verən dövlət universitetləri
yaradılması üçün torpaq sahələri ayrılır.
İllinoys ştatının bir sıra şəhərləri arasında
sərt qiymət təklifi (auksion) müharibəsindən
sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin
ərazisi kimi Urbana şəhəri seçilir. Ali təhsil
müəssisəsi İllinoys Sənaye Universiteti
adlandırılır və ilk prezidenti Con Milton
Qreqori təyin edilir. C.M.Qreqori humanitar
ənənələrə söykənən universitet yaratmaq
niyyətində idi, İllinoys Sənaye Liqası, ştat
sakinləri və Morill Qanununu qəbul edən şəxslər
isə ali məktəbin yalnız "sənaye yönümlü"
olmasını istəyirdilər. Bu məsələ ilə bağlı
C.M.Qreqori və həmin şəxslər arasında
mübahisələr yaranır. Nəhayət,1868-ci il martın
2-də iki müəllim və kiçik tələbə qrupu ilə
universitetdə dərslər başlanır.
Universitet
fəaliyyətə başladıqdan sonra da Qreqori və ştat
rəhbərliyi arasında debatlar davam edir.
Nəticədə 1880-ci ildə Qreqori istefaya getmək
məcburiyyətində qalır. Hazırda Urbana-Şampeyn
İllinoys Universitetinin yaranmasını və əsas
fənlərarası ali məktəb kimi formalaşmasını
C.M.Qreqorinin adı ilə əlaqələndirirlər. Bu gün
də onun məzarı universitetin kampusunda Altgeld
Holl və Henri inzibati binasının arasında
yerləşir. C.M.Qreqorinin məzarı üzərindəki
lövhədə "Əgər siz onun abidəsini axtarırsınızsa,
ətrafınıza baxın" sözləri qeyd olunub.
1885-ci ildə
universitetin adı dəyişdirilərək İllinoys Ştatı
Universiteti olur və bu hal 100 il davam edir.
1882-ci ildən ali məktəb Urbana-Şampeyn İllinoys
Universiteti adlandırılır.
Büdcəsi və
təhsil haqqı
2009-2010-cu
tədris ilində Urbana-Şampeyn İllinoys
Universitetinin İanə fondunun gəlirləri
883142265 ABŞ dolları olub.
Urbana-Şampeyn
İllinoys Universitetində təhsil haqqı, əsasən,
tələbənin oxuduğu kollecdən asılıdır.
2010-2011-ci tədris ilində yerli tələbələrin
təhsil haqqı ildə 13658-18386, əcnəbi
tələbələrin təhsil haqqı isə ildə 27800-32528
ABŞ dolları olub. Qeydiyyat xərci isə 40
dollardır.
Urbana-Şampeyn
İllinoys Universitetində təhsil haqqı daxil
olmaqla bir il yaşamaq üçün yerli tələbələrə
ümumilikdə 27082-31810, əcnəbi tələbələrə isə
41224-45952 ABŞ dolları lazım gəlir: 1200 dollar
- kitab və digər dərs vəsaitləri, 9714 dollar -
yataqxana və qidalanma, 2510 dollar - digər
xərclər (nəqliyyat, geyim, istirahət və s.).
Urbana-Şampeyn
İllinoys Universitetində təqaüdlər tələbələrə
yüksək akademik göstəricilərə görə verilir və
onların qarşısında bir sıra şərtlər qoyulur.
Tələbələr təqaüd almaq üçün Tələbələrə Federal
Yardım (FAFSA) xidmətinin ərizəsini
doldurmalıdırlar. Başqa universitetlərdə olduğu
kimi, Urbana-Şampeyn İllinoys Universitetində də
tələbələrə müxtəlif məbləğli təqaüdlər təklif
olunur (Metyus təqaüdü-ildə 2000 dollar,
Prezidentin Mükafat Proqramı-ildə 4000-12000
dollar, Kampus Xidmətləri təqaüdü-ildə 3000
dollar, Milli Ximətlər təqaüdü-ildə 500 dollar,
Lesli Ellis təqaüdü-ildə 1100 dollar, Süzanna və
Devid Peterson təqaüdü-ildə 3000 dollar və s.),
eləcə də hər kollecin ayrıca təqaüdləri
mövcuddur. Universitetdə təhsil alan və yüksək
göstəricilərə malik əcnəbi tələbələr ildə 12000
ABŞ dolları dəyərində Universitet Nailiyyəti
təqaüdü alırlar. Həmçinin universitetdə
tələbələrə kredit və maliyyə yardımı təklif
edilir.
Universitet
bu gün
Urbana-Şampeyn
İllinoys Universiteti Mərkəzi-Şərqi İllinoysda
Urbana və Şampeyn şəhərlərində yerləşir.
Universitetin kampusu ümumilikdə 1500 akr
ərazini əhatə edir və landşaftı, memarlıq
abidələri ilə diqqəti cəlb edir. T.A.Geynsin
"Kampus incəsənət əsəri kimi" kitabında
Urbana-Şampeyn İllinoys Universitetinin tələbə
şəhərciyi 50 kollec və universitet kampusları
arasında "incəsənət əsəri" kimi təqdim olunub.
Urbana-Şampeyn
İllinoys Universitetinin kampusunun dizaynı bir
çox ali məktəblərdə olduğu kimi dördbucaqlıdır.
Mühəndislik kampusunun mərkəzi Bekman və Con
Bardin dördbucaqlarından ibarətdir. Con Bardin
dördbucağının arasından Bonyard Krik su kanalı
keçir. Bekman dördbucağında, əsasən,
laboratoriya və elmi-tədqiqat müəssisələri
mövcuddur. Con Bardin dördbucağının yaxınlığında
Əsas və Cənub dördbucaqları yerləşir.
Universitetin ən görkəmli yerlərindən Alma-Mater
abidəsini, Hellene qapılarını, roman memarlıq
üslubunun ən yaxşı nümunələrindən olan Altgeld
Holl, İntibah üslubuna aid Mühəndislik binasını,
İllini Təşkilatı binasını, Linkoln Holl, Harker
Holl, Viktorian-qotik üslubda inşa olunmuş
Təbiət tarixi binasını, klassik üsluba aid Smit
Holl, 1907-ci ildə tikilmiş və 1984-cü ildə
universitetin məzunu Elena Foellincerin şəxsi
vəsaiti hesabına təmir edilmiş Foellincer
auditoriyasını, Silah anbarını, ACES
kitabxanası, İnformasiya və məzun mərkəzini,
Alisa Kempbell Məzun Mərkəzini, Halfvey
mehmanxanasını, Qreyncer Texniki kitabxanasını,
diametri 400, hündürlüyü isə 128 fut olan nəhəng
Akt zalını, milli tarixi abidə kimi qorunan
Astronomiya rəsədxanasını, Bekman Qabaqcıl Elm
və Texnologiya, Genom Biologiya institutları
korpuslarını, Krannert bədii muzeyi və Kinked
pavilyonunu, Krannert İncəsənət Mərkəzini,
Memorial stadionunu, Sperlok muzeyini, Robert
Allerton parkı və konfrans mərkəzini, Tomas
Siebel Kompüter Mərkəzini, universitet
kitabxanasını, Uillard aeroportunu qeyd etmək
olar. Urbana-Şampeyn İllinoys Universiteti şəxsi
aeroportu olan az sayda universitetlərdən
biridir. Universitetin sabiq prezidenti Artur
Kats Uillardın şərəfinə adlandırılmış Uillard
aeroportu Savoy kəndində yerləşir və 1954-cü
ildən fəaliyyət göstərir. Aeroport Amerika hava
yollarından uçuşlar həyata keçirməklə yanaşı,
universitetin Aviasiya İnstitutunun
elmi-tədqiqat layihələri apardığı mərkəzdir.
Urbana-Şampeyn
İllinoys Universiteti 150-dən çox proqram təklif
edən 17 kollec, məktəb və institutdan ibarətdir.
Kənd
Təsərrüfatı, İstehlakçı və Ekologiya Elmləri
Kolleci 1867-ci ildən fəaliyyət göstərir. Kollec
Kənd təsərrüfatı və bioloji mühəndislik, Kənd
təsərrüfatı və istehlak iqtisadiyyatı,
Heyvandarlıq elmləri, Qida elmi və insan
qidalanması, Bitkiçilik elmləri, İnsan və
ictimai inkişaf, Təbii resurslar və ətraf
mühitin mühafizəsi fakültələrindən, Qida elmləri
bölməsindən ibarətdir. Kollecin dekanı Robert
Hauzerdir.
Tətbiqi
Sağlamlıq Elmləri Kollecinin yaranması
universitetdə 1895-ci ildə Fiziki hazırlıq
departamentinin açılmasına təsadüf edir. Kollecə
Kineziologiya və cəmiyyətin sağlamlığı,
İstirahət, idman və turizm, Nitq və dinləmə
elmləri, Sağlamlıq fakültələri, Sağlamlıq,
Əlillik resursları və pedaqoji xidmətlər
bölmələri, Qocalıq və Əlillik Məsələləri Mərkəzi
aiddir. Kollecin dekanı xanım Tanya Qallaxerdir.
Biznes Kolleci
1915-ci ildə yaradılıb və Mühasibatlıq, Biznesin
idarəolunması, Maliyyə departamentlərindən,
eləcə də Biznes və İctimai Siyasət, İnformasiya
Texnologiyaları və Biznes İdarəolunması,
Beynəlxalq Təhsil və Tədqiqatlar, Professional
Məsuliyyət, Qolder Şəxsi Kapital Tədqiqatları,
Beynəlxalq Ticarət, İqtisadi və Biznes
Tədqiqatları, Bank Tədqiqatları mərkəzlərindən
ibarətdir. Kollecə dekan Larri DeBrok rəhbərlik
edir.
Pedaqogika
Kollecinə Tədris planı və təlimat, Təhsil
siyasəti, təşkilatçılıq və siyasət, Təhsilin
psixologiyası, Xüsusi təhsil fakültələri, Kiçik
Şəhər Cəmiyyəti Təhsili, İctimai Təhsilin
Gələcəyi mərkəzləri, Təhsil İnstitutu daxildir.
Kollecin dekanı xanım Meri Kalantzisdir.
Mühəndislik
Kolleci 1868-ci ildən fəaliyyət göstərir.
Kollecdə Aerokosmik sənaye, Kənd təsərrüfatı və
biologiya mühəndisliyi, Biomühəndislik, Kimya
texnologiyası və biomolekulyar mühəndislik,
Vətəndaş və ekologiya mühəndisliyi, Kompüter
elmləri, Elektronika və hesablama texnikası,
Sənaye və müəssisə sistemləri mühəndisliyi,
Materiallar elmləri və texnika, Nüvə, plazma və
radioloji mühəndislik, Fizika departamentləri
mövcuddur. Kollecə dekan İlesanmi Adesida
rəhbərlik edir.
Təsviri və
Tətbiqi İncəsənət Kolleci 1931-ci ildə
yaradılıb. Kollec İncəsənət və Dizayn, Memarlıq,
Musiqi məktəblərindən, Rəqs, Landşaft
arxitekturası, Teatr, Şəhər və regional
planlaşdırma departamentlərindən, Şərqi
Sent-Lüis Tədqiqat Layihəsi, Krannert Tətbiqi
İncəsənət mərkəzlərindən, Krannert Bədii
Muzeyindən, Yapon Evindən ibarətdir. Kollecin
rəhbəri Robert Qreyvsdir.
Hüquq Kolleci
1897-ci ildə açılıb. Burada konstitusiya hüququ,
vergi, müflislik, beynəlxalq hüquq, kommersiya,
ailə, əmək, mülkiyyət hüququ və s. üzrə novator
tədqiqatlar həyata keçirilir. Kollecə dekan
Bryus Smit rəhbərlik edir.
Humanitar
və Dəqiq Elmlər Kolleci 1913-cü ildə Ədəbiyyat
və İncəsənət, Dəqiq Elmlər kolleclərinin
birləşdirilməsi nəticəsində yaradılıb.
İnstitutda humanitar və incəsənət elmləri,
sosial elmlər və davranış elmləri, dəqiq və
kəmiyyət elmləri, fənlərarası proqramlar
çərçivəsində onlarca departamentlər fəaliyyət
göstərir. İnstitutun dekanı Harri Prebldir.
Media
Kollecinin yaranma tarixi 1902-ci ildə
universitetdə jurnalistika fakültəsinin
açılmasına təsadüf edir. 1927-ci ildə fakültə
Jurnalistika Məktəbinə çevrilir, 1948-ci ildən
Jurnalistika və Kommunikasiya Kolleci, 2008-ci
ildən isə Media Kolleci adlandırılır. Kollec
Reklam, Kənd təsərrüfatı əlaqələri,
Kommunikasiya və media, Jurnalistika, Media və
kino tədqiqatları departamentlərindən,
Kommunikasiya Tədqiqatları İnstitutundan
ibarətdir. Kollecin dekanı Yan Sleyterdir.
Urbana-Şampeyn
Tibb Kolleci 1971-ci ildə yaradılıb. Kollecdə
Tibbi elmlər, Fundamental və kliniki elmlər,
Kliniki işlər, Fasiləsiz tibbi təhsil, Ali tibbi
təhsil, Şəhər səhiyyəsi bölmələri üzrə Biokimya,
Hüceyrə və inkişaf biologiyası, Tibbi
informatika, Mikrobiologiya, Molekulyar və
inteqral fiziologiya, Patologiya, Əczaçılıq,
Ailə tibbi, Daxili təbabət, Mamalıq və
ginekologiya, Pediatriya, Psixiatriya,
Cərrahiyyə, Tibbi humanitar və dəqiq elmlər
proqramı və s. departamentlər mövcuddur.
Kollecə dekan Bredford Şvarts rəhbərlik edir.
Baytarlıq
Kolleci 1945-ci ildə yaradılıb (həmin vaxta
qədər universitetdə Heyvandarlıq departamenti
fəaliyyət göstərib). Kollecdə Patobiologiya,
Müqayisəli bioelmlər, Baytarlıq kliniki tibb,
Diaqnostik laboratoriya və s. departamentlər,
Mikroskopik Təsvirlər, Zoonozların Tədqiqatı,
Çikaqo mərkəzləri, heyvanlar üçün xəstəxana
vardır. Burada infeksion xəstəliklər, ekosistem
sağlamlığı, ortopedik, reproduksiya biologiyası,
ətraf mühit toksikologiyası, tibbi zoologiya,
gövdə hüceyrələri, endokrinologiya üzrə
tədqiqatlar aparılır. Eyni zamanda bu kollecdə
heyvanların və onların sahiblərinin, ümumiyyətlə
bütün canlı aləmin sağlamlığının qorunması üzrə
yeni proqramlar həyata keçirilir. Kollecin
dekanı Herbetr Uaytlidir.
Ali
Kollec təhsilin davam etdirilməsi üçün
tələbələrə yüzlərlə proqramlar (140 magistr, 97
doktorluq) təklif edir. Kollecin dekanı Kennet
Ballomdur.
Əmək və İş
Əlaqələri Məktəbi 1946-cı ildən fəaliyyət
göstərir. Məktəbdə İnsan resurslarının
idarəolunması və təşkilati davranış, İş
əlaqələri və əmək tədqiqatları, Əmək
iqtisadiyyatı, Əmək hüququ, ictimai siyasət və
etika, Beynəlxalq, müqayisəli və kəsişən
mədəniyyətlər tədqiqatları, İctimai-texniki
sistemlər departamentləri mövcuddur. Məktəbin
dekanı Coel Katçer Gernshenfelddir.
İctimai
Fəaliyyət Məktəbi ictimai siyasət və fəaliyyət,
cəmiyyətdə fəal iştirak, sosial təminat, ədalət
və s. məsələlər üzrə tədqiqatlar aparır,
insanlar, insan və ekologiya arasında
münasibətləri araşdırır, eləcə də dövlət
qulluğu, qəyyumluq, xeyriyyə, səhiyyə və digər
xidmətlər üçün yüksək səviyyədə ixtisaslaşmış
kadrlar hazırlayır. Məktəbin dekanı xanım Vinn
Korrdur.
Kitabxana və
Məlumat Elmləri Ali Məktəbi 1893-cü ildə
yaradılıb və kitabxanaşünaslıq, informasiya
elmləri üzrə magistr və doktorantlar, ən müasir
texnologiyalara yiyələnmiş yüksək ixtisaslı
kitabxanaçılar, arxivçilər, muzey
mütəxəssisləri, şəbəkə yaradıcıları, məlumat
menecerləri və s. hazırlayır. Məktəbdə
İnformasiyanın təşkili və bilik təqdimatı,
İnformasiya resurslarından istifadə və
istifadəçilər, İnformasiya sistemləri, Tarix,
iqtisadiyyat və siyasət, İdarəetmə və
qiymətləndirmə, İctimaiyyət, cəmiyyət,
təşkilatçılıq və informatika, Gənclik ədəbiyyatı
və xidmətlər, eləcə də digər mövzularda
proqramlar həyata keçirilir. Məktəbə dekan Con
Ansvort rəhbərlik edir.
Aviasiya
İnstitutu 1946-cı ildən mövcuddur. Aviasiya
İnstitutu aviasiya sahəsi üzrə bakalavr
pilləsində mütəxəssislər hazırlayır. İnstitutda
aviasiya təhlükəsizliyi, bədbəxt hadisələrin
qarşısının alınması, insan psixologiyası
faktorlarına xüsusi diqqət yetirilir.
Ümumi
tədqiqatlar şöbəsində 200-dən çox əsas və
100-dən çox əlavə tədqiqat proqramı mövcuddur.
Burada yuxarıda sadalanan kollec və məktəblərin
ixtisasları üzrə tədqiqatlar aparılır və
bakalavr, magistr, doktorluq proqramları təklif
edilir.
Urbana-Şampeyn
İllinoys Universitetinin kitabxana sistemi
dünyanın ən böyük dövlət akademik
kitabxanalarından biridir. Universitetin əsas və
35-dən çox sahə kitabxanası mövcuddur. Kitabxana
sisteminə ümumilikdə 24 milyondan çox material
daxildir. Universitetin Mühəndislik Kollecinə
məxsus Qreyncer Texniki kitabxanası ölkənin ən
böyük kütləvi texniki kitabxanasıdır. Kitabxana
sisteminin onlayn kataloqundan gündə 1 milyondan
çox insan istifadə edir. Universitetin əsas
kitabxanasında 20-yə yaxın fənn yönümlü
kitabxanalar mövcuddur. Kənd təsərrüfatı,
İstehlakçı və Ekologiya Elmləri Kollecinə İsaak
Funk Ailə kitabxanası aiddir və bu sahələrə dair
çox zəngin materiallara malikdir. Urbana-Şampeyn
İllinoys Universitetinin Yataqxana kitabxanası
zənginliyinə və böyüklüyünə görə ABŞ-da
üçüncüdür. 1948-ci ildə yaradılmış kitabxanadan
təkcə yataqxanalarda yaşayan tələbələr deyil,
müəllim və tədqiqatçılar da təhsil, mədəni və
digər məlumatlar əldə edə bilərlər.
Urbana-Şampeyn
İllinoys Universitetinin prezidenti Maykl Hoqan,
rektoru isə Robert İsterdir. Universitetdə
12000-ə yaxın işçi çalışır. Əməkdaşların 2971
nəfərini akademik, 8085 nəfərini inzibati heyət
təşkil edir.
Urbana-Şampeyn
İllinoys Universitetində ABŞ-ın 50 ştatından və
dünyanın 118 ölkəsindən ümumilikdə 41918 nəfər
tələbə təhsil alır. Onların 31209 nəfəri
bakalavr, 10709 nəfəri isə magistrant və
doktorantlardır. Tələbələrin 54%-ni oğlan,
46%-ni isə qızlar təşkil edir.
Bir çox ABŞ
universitetlərində olduğu kimi, Urbana-Şampeyn
İllinoys Universitetinin birinci kurs tələbələri
universitetin istənilən yataqxanasında yerləşə
bilərlər. Yuxarı kurs tələbələri qarşısında
yataqxanalarla təmin olunmaq üçün bir sıra
şərtlər qoyulub. Tələbələr yataqxana ilə təmin
olunmaq üçün universitetin Mənzil xidmətinə
müraciət etməlidirlər. Yataqxanalarda
məskunlaşan tələbələr digər yerlərdə sərbəst
qidalana bilərlər, lakin buradan da müəyyən
miqdarda qida almaq onların qarşısına qoyulan
əsas şərtlərdən biridir.
Universitet
yataqxanaları Urbana və Şampeyn şəhərlərində
yerləşir. Sağlamlıq imkanları məhdud olan
tələbələr üçün universitetdə xüsusi yataqxanalar
mövcuddur. Universitetdə tələbələrə bir qədər
baha qiymətə özəl yataqxanalar da təklif olunur.
Dövlət yataqxanalarındakı şəraitlə razılaşmayan
tələbələr özəl yataqxanalara keçirilə bilərlər.
Universitet bu barədə lisenziyalaşdırılmış özəl
yataqxanalarla razılıq əldə edib.
Tələbələrin
əksəriyyəti birinci və ya ikinci kursdan sonra
kirayə mənzillərə və ya özəl yataqxanalara
köçməyə üstünlük verir. Universitetin İcarə
Təşkilatı mənzil seçimində və icarə
müqaviləsinin imzalanmasında tələbələrə yardım
edir.
Urbana-Şampeyn
İllinoys Universiteti dahi alimlərin,
ideyaların, elmi nailiyyətlərin vətənidir.
Universitetin tanınmış məzun və müəllimləri
arasında 23 Nobel, 20-dən çox Pulitzer mükafatı
laureatları, beynəlxalq korporasiya rəhbərləri,
astronavtlar, olimpiya çempionları və b. vardır.
"Netscape Communications" "AMD", "PayPal",
"Playboy", "Siebel Systems", "Mortal Kombat",
"CDW", "YouTube", "THX", "Oracle", "Lotus",
"Safari", "Firefox", "Delta Air Lines", "BET",
"Tesla Motors" kimi şirkət və məhsulların
yaradıcıları Urbana-Şampeyn İllinoys
Universitetinin məzunlarıdır. Ali məktəbin
məzunları inteqral sxemlər, kvant lazeri,
tranzistor, plazma ekran, işıqsaçan diodlar,
maqnit-rezonans tomoqrafiyası kimi çoxlu sayda
kəşflərə imza atıb, Uillis Touer, Con Henkok
Mərkəzi binalarını, Burj Dubay göydələnini
ucaldıblar.
Urbana-Şampeyn
İllinoys Universitetinin əsas missiyası
təhsilin, elmi tədqiqatların və cəmiyyətin
inkişafı sahəsində ən qabaqcıl təcrübəyə malik
olmaqdır. Universitet bu günədək əldə etdiyi
nəticələri, zəngin irsi ilə fəxr edir və
missiyasının reallaşması yolunda inamla gələcəyə
doğru addımlayır.
Universitetin məşhur məzunları
|
Fidel Ramos |
Filippinin sabiq prezidenti |
|
|
Rafael Korrea |
Ekvadorun sabiq prezidenti və maliyyə
naziri |
|
|
Ceyms Bredi |
Ağ Evin sabiq mətbuat katibi |
|
|
Atif Ebeyd |
Misirin sabiq baş naziri |
|
|
Annet Lu |
Tayvanın sabiq vitse-prezidenti |
|
|
Edvard Duazi |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Robert Holli |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Edvin Krebs |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Rozalin Yelou |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Vinsent du Vigneaud |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Filipp Şarp |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Uendell Stenli |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Cek Kilbi |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Polokarp Kuş |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Con Şriffer |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Hant Ayrin |
tanınmış ABŞ yazıçısı |
|
Universitetin
məşhur müəllimləri
|
Jon Bardin |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Entoni Leccett |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Elis Ceyms Kori |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Rudolf Markus |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Pol Leuterbur |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Salvador Luria |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Franko Modiqliani |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Leonid Harviç |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|