Azərbaycan
Respublikasında həyata keçirilməkdə olan
islahatlar tədrisin təşkili, müasir təlim
metodlarının tətbiqi, yeni plan və proqramların,
alternativ təlim metodlarının prosesdə
istifadəsi, pedaqoji kadrların ixtisasının
artırılması və tətbiqini zəruri edir.
İslahatların bilavasitə siniflərdə,
auditoriyalarda, təlim-tərbiyə müəssisələrində
əsl daşıyıcıları olan müəllimlərin - pedaqoji
kadrların ixtisaslarının artırılması və
təkmilləşdirilməsi prosesi günün tələbidir.
Həmin məqsədlə əlavə təhsilin tədrisi
metodikasının təkmilləşdirilməsi prosesi günün
tələblərinə cavab verməlidir. Əlavə təhsilin
tədrisi metodikasının təkmilləşdirilməsi, müasir
informasiya bankının yaradılması, beynəlxalq
ekspertlərin tövsiyələrində göstərilən yeni
əlaqələndirmə, tənzimləmə, nəzarət
mexanizmlərinin işlənib hazırlanması, əlavə
təhsil şəbəkəsində, eləcə də strukturunda köklü
dəyişikliklərin aparılması, bütün bunların
reallaşdırılması üçün yeni normativ-hüquqi
bazanın yaradılması və ya onun
təkmilləşdirilməsi son dərəcə aktualdır.
Qeyd etmək
lazımdır ki, həmin istiqamətdə artıq bəzi işlər
görülmüşdür. Respublikanın bütün ümumtəhsil
məktəblərinin ibtidai siniflərində tədrisə cəlb
olunan müəllimlərin böyük əksəriyyəti xüsusi
proqramlarla hazırlanmış, əlavə təhsil prosesini
tənzimləyən normativ-hüquqi sənədlər işlənmiş,
çoxsaylı xarici ölkələrin, beynəlxalq
təşkilatların bu istiqamətdə təcrübəsi
öyrənilmişdir.
Bütün bunlarla
yanaşı, aparılmış təhlil göstərmişdir ki, keçən
müddət ərzində pedaqoji kadrların əlavə təhsil
şəbəkəsinə daxil olan tədris müəssisələrinin,
eləcə də yerli təhsil orqanlarının bu
istiqamətdə fəaliyyəti son dərəcə zəif olmuş,
bir çox hallarda kollegiya qərarlarının,
verilmiş müvafiq əmrlərin, təlimatların konkret
müddəaları lazımi səviyyədə icra olunmamış,
kifayət qədər məqsədyönlü iş aparılmamışdır. Elə
buna görə də pedaqoji kadrların ixtisasartırma
təhsilində yenə də köhnə mexanizmlərə üstünlük
verilmiş, bəzi tədris müəssisələri tərəfindən
"Sifariş-təklif" modelinə keçid üçün ən sadə
cəhdlər belə edilməmiş, təkmilləşdirmə prosesi
və dayaq məntəqələrinin təşkili ilə bağlı
müvafiq təlimatlar, reqlamentləşdirici sənədlər
icrasız qalmışdır.
Qeyd
olunanları nəzərə alaraq, pedaqoji kadrların
ixtisasartırma təhsili, müəllimlərin
təkmilləşdirilməsi prosesində, eləcə də dayaq
məntəqələri üzrə işin effektli təşkilinə nail
olmaq üçün aşağıdakıları məqsədəmüvafiq hesab
edirik.
1. Əlavə
təhsilin problemləri üzrə Tədris-Koordinasiya
Şurası bərpa edilsin. Həmin şura ölkəmizdə
mövcud olan 24 əlavə təhsil müəssisəsi və
struktur qurumlarının fəaliyyətinin
əlaqələndirilməsi işini nazirliyin Strateji
təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsinin rəhbərliyi altında Azərbaycan
Müəllimlər İnstititunun bazasında həyata
keçirsin.
2. Şuranın
tərkibi əlavə təhsil müəssisələrinin rəhbər və
elmi-pedaqoji işçilərindən, aidiyyəti nazirlik
və müəssisələrin nümayəndələrindən
formalaşdırılsın və Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən təsdiq edilsin.
3. Şuranın
fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardan
ibarət olsun:
* əlavə təhsil
müəssisələrinin fəaliyyətinin təhlili və onların
işinin təkmilləşdirilməsi haqqında təkliflər
hazırlamaq;
* əlavə təhsil
müəssisələrinin fəaliyyətini tənzimləyən
normativ-hüquqi sənədlərin hazırlanmasında kömək
göstərmək;
* əlavə təhsil
pilləsində informasiya bankının formalaşmasını
təmin etmək;
*
ixtisasartırma və yenidənhazırlanma tədris
planları, proqramlarının daim
yeniləşdirilməsini, müasirləşdirilməsini təmin
etmək, onların məzmun, forma, strukturuna rəy
vermək;
* rəhbər,
elmi-pedaqoji, pedaqoji kadrların ixtisasartırma
və yenidənhazırlanma prosesinin təşkilində
iştirak etmək, onların qiymətləndirilməsi üçün
real təkliflər vermək;
* əlavə təhsil
müəssisələrinin sahələrarası və bölgələrarası
qarşılıqlı əlaqələrinin yaxşılaşdırılması üzrə
təkliflər hazırlamaq, onların reallaşdırılması
işində yaxından iştirak etmək;
* əlavə təhsil
strukturlarının işinin öyrənilməsi məqsədilə
yaradılmış komissiyaların işinə əməli kömək
göstərmək;
* əlavə
təhsilin elmi təminatı prosesində iştirak etmək;
* respublika
əlavə təhsil strukturlarının işinin mütəmadi
şəkildə təhlilini aparmaq, prosesin
təkmilləşdirilməsi məqsədilə perspektiv
fəaliyyət proqramlarının layihələrini təqdim
etmək.
Azərbaycan
Respublikasında təhsil sahəsində islahat
proqramı qəbul edildikdən sonra təhsilin
müxtəlif sahələrində olduğu kimi, əlavə təhsil
sahəsində də yeniliklərin və innovasiyaların
tətbiqi və əlavə təhsilin müasirləşdirilməsi
sahəsində xeyli işlər görülmüşdür.
İxtisasartırma, təkmilləşdirmə, dayaq
məntəqələri mexanizmi bu gün aktuallığı ilə
seçilir. Son on ildə Azərbaycanda təhsillə bağlı
16 dövlət proqramı qəbul edilmiş və 28 adda
innovasiyaların tətbiqinə nail olunmuşdur. Bütün
yuxarıda qeyd olunan yeniliklərin istər rəhbər,
istərsə də digər kateqoriyadan olan pedaqoji
işçilərin öyrənməsinə böyük ehtiyac vardır. Bu
zərurətdən Azərbaycan Respublikası Nazirlər
Kabineti 6 sentyabr 2010-cu il tarixli 163
nömrəli qərarı ilə "Əlavə təhsilin məzmunu,
təşkili və əlavə təhsilin hər hansı istiqaməti
üzrə təhsil almış şəxslərə müvafiq sənədlərin
verilməsi Qaydaları" adlı mühüm sənəd qəbul
etmişdir. Həmin dövlət proqramına uyğun olaraq
Təhsil Nazirliyində müvafiq əmr hazırlanmış və
əlavə təhsil müəssisələrinə göndərilmişdir.
Əlavə təhsil
müəssisələri arasında sağlam rəqabət yaratmaq,
bu yolla əlavə təhsilin keyfiyyətini yüksəltmək
məqsədilə indiyədək ixtisasartırma fəaliyyəti
ilə məşğul olmayan ali təhsil müəssisələrinin
əlavə təhsil fakültələrində də ixtisasartırma
təhsilinin təşkilinə nail olmaq yolu ilə bu
sahədə müəyyən irəliləyişlər əldə etmək olar.
İxtisasartırma
təhsilindən sonra keyfiyyət parametrləri
səviyyəsinin izlənməsi məqsədilə mütəmadi
şəkildə monitorinq aparılmalıdır. Bu yolla təkcə
dinləyicilərin deyil, əlavə təhsil verən
müəssisənin də məsuliyyətinin artırılmasına
stimul yaradılır.
Nəzərə
alınmalıdır ki, hər bir müəllimin öz pedaqoji
fəaliyyəti dövründə mütəmadi olaraq professional
və metodiki səviyyəsini yüksəltmək, peşə
ustalığının elmi-nəzəri biliklərini artırmaq
məqsədilə şəxsi tələbatlarına, ehtiyaclarına
uyğun gələn tədris plan və proqramlar əsasında
əlavə təhsil alması həmin təhsilin effektliyini
artırar. Bunun üçün ən yaxşı dayaq məntəqələri
mexanizmidir.
Müəllimlərin
təkmilləşdirilməsi prosesi Təhsil Nazirliyinin
"Dayaq məntəqələri mexanizminin tətbiqi barədə"
əmri ilə təsdiq edilmiş dayaq məntəqələrində
təşkil edilir. Müəllimlərin təkmilləşdirilməsi
aşağıdakı vəzifələri yerinə yetirir:
* daimi
özünütəhsil;
* pedaqoji,
psixoloji, metodoloji, elmi yeniliklər, dərs
vəsaiti və dərsliklərdə, eləcə də tədris plan,
proqramlarında, texniki tədris vəsaitlərində
olan yeniliklərlə operativ tanışlıq, bu sahədə
öz həmkarları ilə təcrübə mübadiləsi;
*
distant-məsafədən ötürmə vasitəsilə yeni
materialların əldə olunması, bu istiqamətdə
fikir mübadiləsinin aparılması;
* aktual
mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl
mütəxəssislərin dayaq məntəqələrinə dəvət
olunması, problem mövzular ətrafında fikir
mübadilələrinin, diskussiyaların təşkili;
* dərslərdə
kollektiv iştirak, konkret metodikanın
aprobasiyası, nəticələrin təhlili;
* kadr
hazırlığı, ixtisasartırma və yenidənhazırlanma
təhsilində tətbiq olunan plan və proqramlara,
eləcə də yeni dərslik, dərs vəsaitlərinə
əsaslandırılmış təkliflərin verilməsi;
* "öyrədəni
öyrədən" statuslu müəllim və metodistlərlə
işgüzar görüşlərin, "dəyirmi masa"ların,
problematik diskussiyaların keçirilməsi, təhsil
orqanları, tədris müəssisələri qarşısında
müvafiq vəsatətlərin qaldırılması.
Bütün hallarda
ixtisasartırmanın və təkmilləşdirmənin
keyfiyyəti bu işləri ilkin fazada təşkil etməyə
məsul olan yerli təhsil orqanlarının
metodistlərindən, eləcə də əlavə təhsil
müəssisələri metodistlərindən, onların
hazırlıqlarından çox asılıdır. Ona görə də
metodistlərin attestasiyasının keçirilməsi,
vakant olan yerlərə metodistlərin müsabiqə yolu
ilə işə qəbulu, eləcə də işləyən metodistlərin
mütəmadi olaraq ixtisaslarının artırılması
zəruridir.
Musa ƏHMƏDOV,
Təhsil Nazirliyinin baş məsləhətçisi,
Rahim ƏZİZOV,
Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil
üzrə prorektoru |