Azərbaycan
Universitetində 2 fevral - Azərbaycan Gəncləri
gününə həsr olunmuş "Azərbaycan inkişaf etmiş
cəmiyyətə doğru: reallıqlar, perspektivlər"
mövzusunda gənc tədqiqatçıların ümumrespublika
elmi-praktik konfransı keçirilir.
AzərTAc xəbər
verir ki, dövlət qurumları nümayəndələrinin,
tanınmış alimlərin, təhsil işçilərinin,
qeyri-hökumət təşkilatlarının təmsilçilərinin
iştirak etdikləri konfransda çıxış edən
Azərbaycan Universitetinin rektoru, AMEA-nın
müxbir üzvü Akif Musayev ümummilli lider Heydər
Əliyevin gənclərə, onların təhsilinə daim böyük
diqqət və qayğı göstərdiyini xatırlatmış, ulu
öndərin ideyalarının Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini
bildirmişdir.
Rektor
dövlətimizin başçısı İlham Əliyevin apardığı
məqsədyönlü siyasət nəticəsində respublikamızın
dinamik inkişaf etdiyini vurğulamışdır.
Müasir dünyada
elmin, təhsilin mühüm rolunu qeyd edən professor
A.Musayev bu sahələr üzrə reallaşdırılan proqram
və layihələrin əhəmiyyətindən danışmışdır. O,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində 700-dən çox azərbaycanlı gəncin
dünyanın nüfuzlu universitetlərində təhsil
aldığını xatırlatmışdır.
Azərbaycan
Universitetinin kafedra müdiri, dosent Dünyamalı
Vəliyev, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının rəhbəri Məmməd Musayev, Milli
Məclisin deputatı Əli Məsimli və digər çıxış
edənlər Prezident İlham Əliyevin apardığı
siyasətin uğurlu nəticələrindən, ölkəmizin
iqtisadiyyatında, elm və təhsil sahələrində
qazanılan nailiyyətlərdən bəhs etmişlər.
Sonra gənc
tədqiqatçıların "Gələcəyin strategiyasının
müəyyənləşdirilməsində modernləşmə", "Gənclərin
iqtisadi fəallığının müasir vəziyyəti və
yaxşılaşdırılması yolları", "Mütəxəssis
hazırlığının məzmununda
informasiya-kommunikasiya texnologiyalarının
yeri", "Azərbaycan təhsil sisteminin Avropa
təhsil sisteminə inteqrasiyasının
perspektivləri" və s. mövzularda məruzələri
dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
|