Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - ¹05

 

Akademik İsmayıl Hacıyev - 60 

Azərbaycan elminin layiqli nümayəndəsi

 

Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsi yaranandan bu günə kimi xalqımızın tarixində və taleyində  mühüm rol oynayan 38 nəfər görkəmli alim onun həqiqi üzvü seçilmişdir: Heydər Hüseynov, Mirzə İbrahimov, Həmid Araslı, Ziya Bünyadov, Aslan Aslanov, Məmmədcəfər Cəfərov, İqrar Əliyev, Püstə Əzizbəyova, Feyzulla Qasımzadə, Bəkir Nəbiyev, Ziya Səmədzadə, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə və b.    Son illərdə iki nəfər görkəmli alimin, məslək və əməl dostları İsa Həbibbəylinin və İsmayıl Hacıyevin AMEA-nın həqiqi üzvü seçilməsi həmin siyahını zənginləşdirməklə yanaşı, ənənələrin, varisliyin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və yeni akademiklər nəslinin formalaşmasına dövlət səviyyəsində diqqət və qayğının təzahürü kimi qiymətləndirilməlidir.

Etiraf edək ki, son illərdə Naxçıvan MR-də elmi-mədəni və pedaqoji mühitin formalaşması Azərbaycan elmi elitasında yüksək mövqedə dayanan bu iki alimin çoxşaxəli yaradıcılığı, ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətləri ilə bilavasitə bağlıdır.  İki il bundan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi, millət vəkili, akademik İsa Həbibbəylinin ad gününü yüksək təntənə və ürək açıqlığı ilə qeyd edən Azərbaycan elmi-pedaqoji ictimaiyyəti indi AMEA-nın Naxçıvan Bölməsinin sədri, əməkdar elm xadimi, millət vəkili, akademik İsmayıl Hacıyevin anadan olmasının 60 illik yubiley günlərinin sevincini bölüşməkdədir.

1951-ci il yanvar ayının 21-də Naxçıvan MR Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində Muxtar müəllimin ailəsində dünyaya göz açan İsmayıl müəllim 60 illik şərəfli və mənalı bir ömür yaşayıb. Doğma kəndlərində səkkizillik, Noraşen kəndində orta təhsilini başa vuran İ.Hacıyev arzularının qanadında Bakıya gəlir. Azərbaycan Dövlət Universitetinə qəbul imtahanları versə də, müsabiqədən keçə bilmir. Sumqayıt şəhərindəki 2 nömrəli İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayır. Lakin tarixçi olmaq arzusu onu bir an da tərk etmir. Qəbul imtahanlarına yenidən hazırlaşmalı olur. 1970-ci ildə zəhməti və əziyyəti nəticəsində bəxti üzünə gülür, o,  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olur. Sadəliyi, səmimiliyi, istedadı və zəhmətsevərliyi ilə tələbə dostlarının və müəllimlərinin sevimlisinə çevrilir. Dörd baharlı-qışlı ilin acılı-şirinli, istili-soyuqlu günlərini, imtahan "qorxulu",  hər anı səadətli, təkrarolunmaz   günlərini yaşayır, yuxusuz gecələr, narahat gündüzlər keçirir. SSRİ-nin yaradılmasının 50 illiyi ilə əlaqədar Bakıda keçirilən Ümumittifaq tələbə konfransında uğurlu çıxışına görə diploma layiq görülür. Təhsildə və elmi tədqiqat işində uğurlarına görə ÜİLKGİ-nin və SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Əla təhsilə görə" döş nişanı ilə təltif olunur. APİ-nin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən İ.Hacıyev Culfa rayonu Xoşkeşin kənd səkkizillik məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Az sonra Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Pedaqogika və psixologiya kafedrasına  müsabiqə yolu ilə müəllim təyin olunur. Onun pedaqoji fəaliyyətində yeni bir istiqamət formalaşır. Psixologiya elminin aktual problemlərindən mühazirə və seminar məşğələləri aparır,  ilk ciddi elmi-tədqiqat işlərini də bu sahəyə həsr edir. V.İ.Lenin adına APİ-nin 60 illiyinə həsr olunmuş aspirant və dissertantların elmi konfransında "Təlim prosesində ictimai-siyasi materialın yadda saxlanılması" mövzusunda məruzə ilə çıxış edir, "Ümumi psixologiya kursunda təsniflər" (1982), "Qiyabiçi tələbələr üçün psixologiya üzrə yoxlama işləri və onların yerinə yetirilməsi" (1983) adlı əsərləri nəşr olunur.  Bu istiqamətli tədqiqatlarını o, sonralar da davam etdirmiş, "Təlim prosesində tələbələrdə mənəvi keyfiyyətlərin formalaşdırılması" (1991), "Tələbələrdə siyasi mədəniyyətin formalaşdırılması" (1993), "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sisteminə dair" (2002) əsərlərini yazmışdır. Keçən əsrin 80-90-cı illəri onun elmi-pedaqoji həyatında çoxşaxəliliyi və zənginliyi ilə yadda qalıb. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin dekan müavini təyin edilən İ.Hacıyev tədqiqat istiqamətini də dəyişir, "Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi  mədəni həyatında qadınların iştirakı (1941-45-ci illər)" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlayır. İxtisasına uyğun olaraq Sov.İKP və siyasi iqtisad kafedrasına baş müəllim seçilir. Müxtəlif səviyyəli elmi konfranslarda bu problemlə bağlı elmi məruzələrlə çıxış edir, Bakı və Naxçıvan şəhərlərinin arxivləri ilə yanaşı, Moskva şəhərindəki arxivlərdə araşdırmalar aparır. Gərgin elmi axtarışlar qısa müddətdə öz bəhrəsini verir. 1992-ci ildə uğurla namizədlik dissertasiyası müdafiə edir. O, həm namizədlik dissertasiyasında, həm də  sonralar nəşr etdirdiyi "Böyük Vətən müharibəsi illərində Azərbaycan qadınlarının ictimai həyatda iştirakı" (1990), "Böyük Vətən müharibəsi illərində ədəbiyyat və incəsənət sahəsində Azərbaycan qadınlarının fəaliyyəti" (1991), "Bilsin ana torpaq... (Naxçıvan zəhmətkeşləri Böyük Vətən müharibəsi illərində)" (1991), "Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər)" (2008) kitablarında zəngin arxiv materialları əsasında Böyük Vətən müharibəsi  illərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında qadınların iştirakını yüksək peşəkarlıqla tədqiq və təhlil etmiş, azərbaycanlı qadınların bu sahədəki fəaliyyətini ciddi elmi ümumiləşdirmələrin predmetinə çevirməyə nail olmuşdur. Naxçıvan Özəl İnstitutunda elmi işlər üzrə prorektor (1994),   kafedra müdiri (1995), Naxçıvan Dövlət Universitetində elmi işlər üzrə (1996), tədris işləri üzrə prorektor (1997-2003) vəzifələrində çalışarkən ali pedaqoji təhsilin bacarıqlı təşkilatçısı kimi hörmət və nüfuz qazanmış, səriştəli idarəetmə keyfiyyətləri ilə  fərqlənmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, elmi araşdırmalarını da davam etdirmiş, "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" mövzusunda yazdığı doktorluq dissertasiyasını başa çatdırmış, 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin  tam tərkibdə iştirakı ilə və nüfuzlu tarixçi alimlərdən təşkil olunmuş birdəfəlik dissertasiya şurası üzvlərinin iştirakı ilə müdafiə etmişdir. Akademik İsa Həbibbəyli bu elmi fakta yüksək dəyər verərək haqlı olaraq qeyd edir ki, Naxçıvanda keçirilmiş səyyar kollegiya iclasında İsmayıl Hacıyevə tarix elmləri doktoru alimlik dərəcəsinin verilməsi barədə qərarın qəbul edilməsi və hətta diplomun təqdim olunması elm tarixində nadir hadisədir. İsmayıl Hacıyevin həm doktorluq dissertasiyasında, həm də nəşr olunmuş "Tarixdə və günümüzdə Naxçıvan" (1998), "Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi" (1999), "Naxçıvan Muxtar Respublikası" (1998) adlı əsərlərində Azərbaycan dövlətçiliyinin tarixində Naxçıvan diyarının yeri və rolu müəyyənləşdirilir, Naxçıvanın tarixi ilə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir, ərazi iddiaları ilə çıxış edən ermənilərə tutarlı faktlarla cavab verilir. Elmi-nəzəri, praktik dəyərliliyi və siyasi  istiqaməti ilə seçilən bu tədqiqatlarda İ.Hacıyev Naxçıvan tarixinin qədim, orta, yeni və ən yeni dövrlərinə işıq salır, xeyli yeni  faktları elmi dövriyyəyə daxil edir, irəli sürdüyü problemləri  zaman və məkan kontekstində qiymətləndirir. Naxçıvanın tarixi keçmişinin təcrübə və müdrikliyini yeni nəslə çatdırır, naxçıvanlıların taleyinin mənzərəsini mümkün qədər tam və aydın şəkildə yaratmağa çalışır. Müdriklərdən biri yazır ki, tarixi həqiqətə yaxınlaşmaq üçün eyni bir vaxtda iki yolla getmək, yəni hadisələri qərəzçiliyə yol vermədən obyektiv şəkildə öyrənmək və bu hadisələr arasında məntiqi əlaqələri müəyyən edib əsaslandırmaq lazımdır. Bu prinsip akademik İsmayıl Hacıyevin tarixi tədqiqatlarının metodoloji əsasını təşkil edir. 

2002-ci ildə Naxçıvan Muxtar Respublikasının elmi həyatında yeni bir mərhələnin əsası qoyuldu. Xalqın ümummilli lideri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  yaradıldı. Həmin sərəncamdan bir neçə gün sonra ulu öndər Heydər Əliyev Naxçıvana gəldi və Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirə keçirdi. Həmin müşavirədə Naxçıvan Bölməsinin yaradılması zəruriliyindən və qarşıda duran vəzifələrdən bəhs edən Heydər Əliyev demişdi: "Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki,  indiyə qədər  lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var". Müşavirədə İsmayıl Hacıyevin Naxçıvanda elmin inkişafına həsr olunmuş məntiqli və məzmunlu çıxışı, intellektual səviyyəsi, zəhmətsevərliyi və elmdə qazandığı uğurlar onu qısa bir vaxtda şöhrətin uca zirvəsinə yüksəltdi. O, 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri təyin edildi, ona AMEA Rəyasət Heyətinin üzvü səlahiyyəti verildi. Naxçıvan Bölməsinin yüksək elmi uğurları bilavasitə akademik İsmayıl Hacıyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. 135 işçi, o cümlədən 50 elmi işçi, 1 elmlər doktoru, 12 nəfər elmlər namizədi ilə fəaliyyətə başlayan Naxçıvan Bölməsində hazırda 278 nəfər işçi, o cümlədən 100 nəfər elmi işçi çalışır. İldən-ilə elmi dərəcəlilərin sayı artıb. İki akademik, 4 müxbir üzv, 7 elmlər doktoru və 45 nəfər fəlsəfə doktoru bölmədə elmi-tədqiqat işi ilə məşğul olur. Bölmə Azərbaycanın və xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, elmin müasir problemlərinə və elmin təşkilinə dair nüfuzlu alimlərlə fikir mübadiləsi aparır. Bölmənin əməkdaşları beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elmin aktual problemlərinə dair məruzə ilə çıxış edirlər. Bölmənin rəhbəri İsmayıl Hacıyevin təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı elmi müşavirə və konfranslar keçirilir.

Etiraf edək ki, ən çətin iş idarə etməkdir. İdarə etmək məharəti mənəvi saflıq, daxili paklıq, obyektivlik və prinsipiallıqla bilavasitə bağlıdır. Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün insanın gərək mənəvi haqqı olsun. Çoxşaxəli yaradıcılığı, əxlaqi-mənəvi saflığı, humanizmi və qayğıkeşliyi, səmimiyyəti və prinsipiallığı və nəhayət, böyük düşüncələr sahibi olması ilə seçilən akademik İsmayıl Hacıyevin təşəbbüsü ilə Naxçıvanda elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilir. Bölmənin nəzdində sədrliyi ilə fəaliyyət göstərən tarix, arxeologiya və iqtisadiyyat  üzrə Dissertasiya Şurası Naxçıvanda elmi-mədəni mühitin formalaşmasında və kadr hazırlığında mühüm rol oynayır. Bilavasitə onun rəhbərliyi ilə 16 nəfər elmlər doktoru və namizədi yetişmişdir. O, uğurla rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarının əməkdaşlarının elmi inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır, onların elmi mühitdə tanınmasına, elmi dərəcə və ad almalarına çalışır. Onun elmi redaktorluğu ilə onlarca monoqrafiya, dərslik və dərs vəsaiti nəşr olunub. Elmi redaktorluğu və həmmüəllifliyi ilə ikicildlik "Naxçıvan ensiklopediyası" (2005), "Naxçıvan abidələri ensiklopediyası" (2008), "Naxçıvanın tarixi atlası" (2009) kimi fundamental elmi nəşrlər işıq üzü görüb. Onun "Heydər Əliyev və milli tarixi yaddaşın bərpası" (2003), "İntibahın 15 ili" (2010) monoqrafiyaları ümummilli lider Heydər Əliyevin ideyalarının araşdırılmasına həsr olunmuşdur. 

Ümummilli lider Heydər Əliyev deyirdi ki, görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Ulu öndərin müəyyənləşdirdiyi bu missiya digər ziyalılar kimi akademik İsmayıl Hacıyev tərəfindən də uğurla davam etdirilir. Onun Azərbaycan tarixinin köklü problemləri, xüsusilə Naxçıvan və naxçıvanlılarla bağlı Rusiya, Türkiyə, Misir, Qazaxıstan, Türkmənistan və İranın  nüfuzlu elmi nəşrlərində işıq üzü görən əsərləri, beynəlxalq səviyyəli sammit, simpozium və elmi konfranslarda yaddaqalan çıxışları  dediklərimizin əyani sübutudur. Onun indiyə kimi 30-a yaxın monoqrafiya, kitab, kitabça, dərs və tədris vəsaiti, 230-dən artıq elmi məqaləsi nəşr olunmuşdur ki, onlardan da 40-a yaxını məhz xarici ölkələrin elmi nəşrlərində çap edilmişdir. 

Akademik İsmayıl Hacıyevin AMEA-nın Naxçıvan Bölməsinin "Xəbərlər" jurnalının baş redaktoru, AMEA-nın "Məruzələr" və "Xəbərlər" jurnallarının, Naxçıvan Dövlət Universiteti "Elmi əsərlər" məcmuəsinin, Türkiyədə nəşr olunan "Dialoq Avrasiya" və "Meridian" dərgilərinin redaksiya heyətinin üzvü kimi göstərdiyi xidmətlər onun elmi fəaliyyətində mühüm yer tutur.  O, 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" adına layiq görülmüş, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə "Dialoq Avrasiya Platforması"na üzv seçilmiş, 2007-ci ildə akademik Y.Məmmədəliyev adına mükafat və medalla, 2010-cu ildə isə ABŞ-ın Bioqrafiya İnstitutunun qızıl medalı ilə təltif olunmuşdur. Elm sahəsində qazandığı uğurlara görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

Geniş elmi və pedaqoji fəaliyyət göstərən akademik İsmayıl Hacıyev həm də Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən,  vətəndaşlıq mövqeyi, vətənpərvərlik missiyası ilə seçilən alimlərdən biridir. Əvvəllər Naxçıvan MR Ali Məclisinin, 2005-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən  İsmayıl Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında, millətin tərəqqisinə, dövlətin  inkişafına istiqamətlənmiş  qanun və qərarların qəbul edilməsində yaxından iştirak və  maraqlı təkliflərlə çıxış edir. 

Allah təalanın bəxş etdiyi ömrün 60 ilini mənalı,  şərəfli və ləyaqətlə yaşayan, qayəsi insanlara və insanlığa, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət olan əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev  bu günlərdə dost-tanışlarından, həmkarlarından, tələbələrindən yubiley təbrikləri qəbul edir. Biz də onlara qoşularaq xalqımızın böyük ziyalı oğlunu, cəfakeş alimini, görkəmli elm təşkilatçısını yubileyi münasibətilə təbrik edir, ona tükənməz yaradıcılıq enerjisi, səmərəli və məhsuldar elmi fəaliyyət, şəxsi həyatında uğurlar arzulayırıq.   

Fərrux RÜSTƏMOV,
ADPU-nun pedaqoji fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov