Hicab mövzusu
tarixən mübahisəli, müəyyən dövrlərdə isə hətta
qalmaqallı məsələ olmuşdur. Hazırda islam
ölkələrində ruhanilər, ilahiyyatçılar və fikir
adamları arasında bu məsələyə radikal baxışlarla
yanaşı, liberal yanaşmalar da mövcuddur. Ən
əvvəl onu demək lazımdır ki, qadınların
örtünməsi faktına islamdan çox-çox öncə müxtəlif
dinlərdə və ölkələrdə rast gəlinir, yəni bu,
islamın gətirdiyi və onun inhisarında olan bir
məsələ deyildir. Məşhur tarixçi və filosof
Uilyam Dürant "Sivilizasiya tarixi" adlı
çoxcildlik kitabında yəhudilikdə hicabın tətbiq
olunduğunu və "Talmud"da bunun qanun şəklinə
salındığını göstərərək yazır: "Əgər hər hansı
bir yəhudi qadın bu qanunu pozmaq fikrinə
düşsəydi, məsələn, başına bir şey örtmədən
camaatın arasına çıxsaydı... kişilərlə söhbət
edib ucadan danışsaydı və onun səsini qonşular
eşitsəydi, onda o qadını başlıq vermədən
boşayardılar".
"Tövratda,
daha konkret desək, "Yaradılış kitabı"nda
İbrahim peyğəmbərin zamanında hicaba riayət
olunduğuna dair aydın işarələr var: "Rivqa
başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. O,
nökərdən soruşdu: "Bizi qarşılamaq üçün çöllüyə
gələn bu adam kimdir?" Nökər: "Ağamdır" - dedi.
Rivqa rübəndini üzünə çəkib örtündü".
U.Dürant
həmçinin qədim İranda Dariyuşun zamanından
etibarən (e.ə. VI-V əsrlər) xüsusən varlı
təbəqədən olan qadınlar arasında ciddi hicab
qaydalarının hökm sürdüyünü göstərir:
"Cəmiyyətin yüksək təbəqələrinə mənsub olan
qadınlar məxsusi kəcavə və örtülü arabalardan
başqa bir şeylə evdən çıxmağa cürət edə
bilməzdilər. Onlara heç vaxt icazə verilmirdi
ki, aşkar surətdə kişilərlə
qaynayıb-qarışsınlar. Ərli qadınların heç bir
kişini, hətta ata və qardaşını belə görməyə
haqqı yox idi. Qədim İranın daş kitabələrində
həkk olunmuş şəkillərdə bir nəfər də olsun
üzüaçıq qadın görünmür və onların adı çəkilmir".
Qeyd etmək
lazımdır ki, İran ərazisində qadının geyiminə və
münasibətlərinə qoyulan məhdudiyyətlər Sasanilər
dönəmində daha da sərtləşmiş və daha geniş
sosial təbəqələri əhatə etmişdi. Tarixi
qaynaqlar islamdan öncə Hindistanda və Bizansda
da hicabın müxtəlif formalarının mövcud olduğunu
göstərməkdədir.
Beləliklə,
qadınların bədənini, başını və üzünü örtməsi
bəşər cəmiyyətinin inkişafının müəyyən
mərhələsində meydana gələn mədəni-ictimai
hadisədir və onun tətbiqi din amili ilə bağlı
olmaya da bilər. Tədqiqatçılar bu problemi
çeşidli yönlərdən açıqlayaraq, hicabın tətbiqini
müxtəlif səbəblərlə izah etmişlər. Həmin
səbəblər aşağıdakı şəkildə qruplaşdırılır:
1.
Guşənişinlik və tərkidünyalığa meyil (fəlsəfi
səbəb);
2.
Təhlükəsizlik və sosial ədalətin olmaması
(ictimai səbəb);
3. Kişinin
ailədə hökmranlığı və qadını öz mənafeləri üçün
istismar etməsi (iqtisadi səbəb);
4. Kişinin
qısqanclıq hissi və eqoizmi (əxlaqi səbəb);
5. Qadın
orqanizmində hər ay təkrarlanan fizioloji
prosesin onun yaradıcılışca kişi ilə müqayisədə
nöqsanlı olması barədə təsəvvürlər və həmin
proses dövründə onunla ünsiyyətdən çəkinilməsi
(psixoloji səbəb).
Müsəlman
müəllifləri islami hicabın qeyd olunan
səbəblərin heç biri ilə əlaqədar olmadığını, tam
fərqli və əlahiddə xarakter daşıdığını, ilahi
hikmətin təzahürü kimi meydana çıxdığını sübut
etməyə çalışsalar da, onun əvvəlki
mədəniyyətlərin (xüsusən İran və Bizansın)
təsirinə məruz qaldığını etiraf edirlər.
Məsələn, müsəlman dünyasının, xüsusən şiələrin
ən nüfuzlu din alimi və filosoflarından sayılan
ayətullah Mürtəza Mütəhhəri "Hicab məsələsi"
adlı kitabında yazır: "Qəbul etməliyik ki,
sonralar ərəblərin təzə müsəlman olan qeyri-ərəb
xalqları ilə qaynayıb-qarışması nəticəsində
hicab və örpək məsələsi peyğəmbəri-Əkrəmin (s.)
dövrü ilə müqayisədə daha da şiddətləndi".
Təsadüfi deyil ki, bir çox müəlliflər hicri
tarixin birinci əsrində hicaba o qədər də önəm
verilmədiyini, qadın və kişilərin bir-birilə
görüşdüyünü, küçədə birgə getdiyini, məsciddə
birlikdə namaz qıldığını yazmış, yalnız xəlifə
II Vəlidin dövründə (hicri 126-127-ci illərdə)
hicabın qanun şəklində tətbiq olunduğunu
vurğulamışlar.
Ümumiyyətlə,
islamın yayıldığı geniş regionda hicaba baxış
müxtəlif olmuş, yerli adət-ənənələrin təsiri ilə
onun çeşidli formaları meydana gəlmişdir. Başqa
tipli faktlar da olmuşdur: islamı X əsrdə qəbul
etmiş Volqaboyu tatarlarında hicaba bütövlükdə
riayət olunmamışdır. Hicabın tətbiqi Yaxın və
Orta Şərqdə, Mərkəzi Asiyada daha sərt şəkildə
həyata keçirilmişdir və burada təzyiq,
məcburiyyət və zorakılıq faktoru az rol
oynamamışdır. Təsadüfi deyil ki, dahi Nizami
Gəncəvi "İskəndərnamə" əsərində hicabın
"inzibati" yolla tətbiqinə münasibətini
bildirmiş və çox maraqlı bir alternativ irəli
sürmüşdür. Qıpçaq çölünə çatan İskəndər "ağappaq
gözəllərin" örtüksüz və yaşmaqsız gəzdiyini və
bu üzdən subay əsgərlərin idarəolunmaz hala
gəldiyini görüb tayfa başçılarını yanına
çağırır, onlara qadınlarını çarşaba bürüməyi əmr
edir. Qıpçaq böyükləri hər bir məsələdə
İskəndərə itaət göstərəcəklərini, lakin bu əmri
yerinə yetirməyin mümkünsüzlüyünü bəyan edərək
deyirlər:
Üz örtmək
doğru yol deyildir, ancaq
İtaət etməz bu
ayinə qıpçaq.
Üz örtmək
ayini qoy olsun sənin,
Bizə də göz
örtmək olmuşdur ayin.
Baxmamaq
gərəkdir naməhrəm üzə,
Nə suçu var
üzün?! Cəza ver gözə!...
Örtü
salmaqdansa xalqın üzünə
Özün bir örtü
çək baxan gözünə.
Vəziyyəti belə
görən İskəndər müdrik məsləhətçilərindən kömək
istəyir.
Bəlinas
problemi həll edəcəyinə hökmdarı əmin edir. O,
qara daşdan bir qadın heykəli düzəldir, üstünə
ağ mərmərdən çarşab salır. Heykəl Qıpçaq çölünün
ən görünən yerinə qoyulur. Heykəldən nümunə
götürən qıpçaq qadınları bir-birinin ardınca
çarşab örtür və beləcə həmin ərazidə hicaba
riayət olunmağa başlayır...
Bu epizodla
dahi mütəfəkkir iki fikri çatdırmaq istəyir.
Qıpçaq böyüklərinin dilindən söylənən sözlərlə
Nizami hicabın ictimai əxlaqın qorunmasında
yeganə vəsilə olmadığını vurğulayır, "açıq üzlə"
yanaşı "baxan göz"ün də məsuliyyəti məsələsini
qoyur, yəni faktiki olaraq yalnız qadına
günahkar qismində baxılmasının düzgün olmadığını
vurğulayır. İkinci bir tərəfdən, hicabın
tətbiqində əmr və göstərişin səmərəli
olmadığını, qadının buna daxili inam və
könüllülük əsasında gəlməsinin vacibliyini
göstərməyə çalışır. Bu ideyaların günümüzdə də
aktual olduğunu geniş şərh etməyə, fikrimizcə,
lüzum yoxdur.
Nizaminin
müasiri, bəşər, özəlliklə qadın azadlığının
yorulmaz tərənnümçüsü Məhsəti Gəncəvi isə
qadının zorla evin bir küncündə saxlanmasına
daha kəskin formada etirazını bildirir:
Olsan qoca, bir yerdə bizi kim saxlar?
Qəmlər dolu evlərdə bizi kim saxlar?
Zəncir kimidir zülfüm, özün bax, ey şeyx,
Burda daha zəncirdə bizi kim saxlar?!
Yüzilliklər
sonra əslən Azərbaycan türkü olan qəzvinli şairə
Tahirə Qürrətüleyn (1818-1852) sanki Məhsətinin
arzusunu gerçəkləşdirdi və müsəlman Şərqində
çadrasını atmış ilk qadın oldu. Əlbəttə,
odlu-alovlu şeirlər müəllifinin bu hərəkətini
onun babilik əqidəsi ilə izah edənlər də var.
Amma babiliyə qarşı amansız mübarizə aparan
Qacar hökmdarı Nəsrəddin şahın da hicabın
götürülməsi fikrinə düşməsi və öz sarayında
həyata keçirməsi artıq bunun zamanın tələbi
olduğunu söyləməyə əsas verir. Həmin tələb
tədricən Azərbaycan və İran maarifçilərinin
əsərlərində təzahürünü tapdı və Məşrutə inqilabı
dövründə (1905-1911) var qüvvəsi ilə səslənməyə
başladı. İranın mütərəqqi və yenilikçi ədibləri
hicabdan qurtulmanı qadın azadlığının mühüm
şərti kimi dəyərləndirirdilər. Mirzadə Eşqi,
Arif Qəzvini, İrəc Mirza, Məliküşşüəra Bahar
kimi şairlər açıq şəkildə hicabın götürülməsinin
vacibliyini ifadə edən şeirlər yazırdılar.
Çiçəklənmə dövrünə qədəm qoymuş mətbuatda bu
məsələ başlıca mövzulardan birinə çevrildi, ilk
qadın fəalları və cəmiyyətləri meydana gəldi.
Ötən əsrin
20-ci illəri Orta Şərqdə qadın azadlığı və bu
kontekstdə hicabsızlıq uğrunda mübarizənin ən
qızğın çağları olmuşdur. Türkiyədə Mustafa Kamal
Atatürk, Əfqanıstanda Əmanulla xan, İranda Rza
şah bu mübarizənin önündə gedirdilər. Maraqlıdır
ki, həm Əmanulla xan, həm də Rza şah bu işə öz
ailə üzvlərindən başlamaqla cəmiyyətə, bir növ,
nümunə göstərmişlər. Digər düşündürücü məqam
ondan ibarətdir ki, həmin dövrdə Sovet
Azərbaycanında da qadınların çadradan xilas
olması uğrunda analoji mübarizə gedirdi - bu onu
göstərir ki, həmin mübarizə siyasi sistemlərdən
və dövlət quruluşlarından asılı deyildi,
obyektiv tarixi inkişafın özünün məntiqi ilə
diktə olunurdu.
1928-ci ildə
İran parlamenti hicabın qadağan edilməsi barədə
qanun qəbul etdi. Bu, İran qadınlarının ictimai
həyata sürətli inteqrasiyasına təkan verdi.
Sonralar, ötən əsrin 40-cı illərində Məhəmmədrza
Pəhləvi din xadimlərinin təzyiqi ilə həmin
qanunu ləğv etdi. Bir neçə onillik ərzində
ölkədə hicabı qadağan, yaxud məcburi edən hüquqi
baza olmadı. Məsələ bir də 1979-cu il
inqilabından sonra gündəmə gəldi. Radikal dini
dairələr hicabın məcburi şəkildə tətbiq
olunmasına dair çağırışlar səsləndirməyə
başladılar. Həmin dövrdə - 1979-cu ilin martında
rəsmi "Ettelaat" qəzetində ayətullah Mahmud
Taleqani ilə hicabla bağlı geniş müsahibə dərc
olundu. "Hicab məsələsində məcburiyyət yoxdur"
başlığı ilə manşetə çıxarılan həmin müsahibə
dövlət idarələrində hicabın məcburi tətbiqinə
dair hökmə etiraz idi. Ayətullah Taleqani
müsahibənin bir yerində deyirdi: "Hətta müsəlman
qadınlara da hicabda məcburiyyət yoxdur, o da
qalsın dini azlıqların nümayəndələrinə...
Qadınlar bizim cəmiyyətin fəal üzvləridir...
İslam, Quran və din xadimləri istəyirlər ki,
qadının şəxsiyyəti qorunsun. Burada heç bir
məcburiyyət ola bilməz. İslamın əvvəlindən
indiyə qədər kəndlərimizdə qadınlarımız necə
yaşayıblar? Məgər onlar çadra örtüblər?.. Kim
bizim qadınları hicablı, ya hicabsız nümayişlərə
gəlməyə məcbur edib? Onlar özləri məsuliyyət
hiss ediblər. İndi də onların başını
örtüb-örtməməsinə kimsə məcburiyyət
qoymamışdır".
Lakin
mütərəqqi düşüncəli ruhanilərin səsi tezliklə
boğuldu və radikal dairələrin mövqeyi üstün
gəldi. Ölkədə total hicablaşdırma prosesi
başladıldı. Cəza qanununa "bədhicab" (hicaba
riayət etməyən) qadınlara şallaq zərbəsi
vurulması barədə bənd salındı, daha sonra bu,
həbs və ya cərimə ilə əvəzləndi. Beləcə, bir
vaxtlar hicabın inzibati üsullarla qadağasını
pisləyənlər onu zorla tətbiq etməyə başladılar.
Əlbəttə, müasir demokratik düşüncə hər iki yöndə
zorakılığı qəbul etmir. Amma ictimai orqanizmin
inkişafına mane olan xəstəliyə cərrahi müdaxilə
ilə onu geriyə sürükləmək cəhdinin fərqini, hər
halda, nəzərdən qaçırmamalıyıq.
Bu gün məhz
həmin radikal dairələr Azərbaycan
Respublikasında hicab probleminin mövcudluğu
barədə hay-küy qoparmışlar. Qəribə burasıdır ki,
hicab az qala islami kimliyin təməli,
müsəlmanlığın ən mühüm göstəricisi kimi qələmə
verilir, onun "əldən getməsi" imanın, namus və
qeyrətin süqutu kimi təqdim olunur. Doğrudanmı
belədir? Bəs müqəddəs kitabımız bu barədə nə
deyir?
Qeyd etmək
lazımdır ki, "hicab" sözü Quranda bugünkü
mənasında deyil, müxtəlif kontekstlərdə əsasən
"pərdə" mənasında işlənir. Yalnız, bir yerdə -
"Əhzab" surəsinin 53-cü ayəsində bu söz
qadınlarla, daha dəqiq desək, peyğəmbərin
zövcələri ilə əlaqədar işlənmişdir ("Peyğəmbərin
zövcələrindən bir şey istədiyiniz zaman pərdə
arxasından istəyin"). İslami ədəbiyyatda "hicab
ayəsi" dedikdə məhz bu ayə nəzərdə tutulur, onun
nazilolma səbəbləri və şəraiti barədə
təfsirlərdə geniş izahat verilmişdir.
"Hicab"
sözünün indiki, yəni qadın örtüyü mənası ilə
bağlı isə Quranda iki ayə vardır. Bunlar "Nur"
surəsinin 31-ci və "Əhzab" surəsinin 59-cu
ayələridir. Daha öncə nazil olmuş birinci ayədə
deyilir: "Mömin qadınlara de: Gözlərini
naməhrəmə baxmaqdan çevirsinlər, eyib yerlərini
örtülü saxlasınlar, öz-özlüyündə görünənlər
istisna olmaqla, zinətlərini göstərməsinlər, baş
örtüklərini yaxalarına çəksinlər... Öz
ayaqlarını yerə elə vurmasınlar ki,
gizlətdikləri zinətlər bəlli olsun..." Burada
baş örtüyü mənasında "xumar" (daha doğrusu, onun
cəm şəkli "xumur") işlədilmişdir. Həmin örpəyin
konkret şəraitlə və ərəb mühiti ilə bağlı
olduğunu "Kəşşaf"a istinadən M.Mütəhhəri də qeyd
edir: "Ərəb qadınları adətən uzun köynək
geyirdilər, onların boğazları açıq qalırdı,
boyunları və sinələri örtülmürdü. Başlarına
atdıqları örpəklərin uclarını da qulaqlarının
arxasından keçirib dal tərəfdə bir yerə yığır və
kürəklərinə atırdılar... Belə olan halda onların
qulaqları, qulaqlarının dibi, sırğaları,
sinələri və boyunları aşkar şəkildə görünürdü.
Bu ayə göstəriş verir ki, örpəyin başın dal
tərəfində asılı vəziyyətdə salınan hissələri
boyuna və sinənin sağ və sol tərəfdən
üstünə atılmalıdır ki, bu hissələr tam
örtülsün".
"Əhzab"
surəsinin 59-cu ayəsi daha konkret sosial
şəraitlə və ictimai amillərlə bağlıdır. Həmin
ayədə deyilir: "Ey peyğəmbər! Zövcələrinə,
qızlarına və möminlərin arvadlarına de ki,
örpəklərini gözlərinə yaxınlaşdırsınlar. Bu
onların tanınmaları və əziyyətə məruz
qalmamaları üçün daha münasibdir".
Burada örpək
mənasında "cilbab" (daha doğrusu, onun cəm şəkli
"cəlabib") işlənmişdir. M.Mütəhhəri etiraf edir
ki, təfsirçilərin yazdıqlarından bu sözün mənası
o qədər də aydın olmur. Amma onun fikrincə,
"qadınlar üçün iki növ örpək var imiş. Onlardan
biri kiçikdir, ona ximar və məqnəə də deyilir.
Adətən qadınlar evin daxilində ondan istifadə
edirlər. Digəri isə evdən kənarda istifadə
etdikləri böyük örpəkdir. "Bu məna "cilbab"
sözünün qeyd olunduğu rəvayətlərə də uyğun
gəlir".
M.Mütəhhəri və
tərəfdarları belə hesab edirlər ki, bu ayələrdə
həm hicabın prinsipi, həm də forması müəyyən
olunmuşdur. "Cilbab" sözü isə çadra (yaxud
çarşab) anlamına gəlməkdədir. Lakin məsələyə
fərqli baxış da vardır. Məsələn, Türkiyənin
keçmiş dəyanət işləri başqanı, görkəmli
ilahiyyatçı alim, professor Əli Bardakoğlu bir
müddət öncə verdiyi telemüsahibədə demişdir:
"Quran və hədislər qadınların örtünməsini
istəmişdir. Örtünmənin hansı parça ilə, nə
şəkildə olacağını, haradan bağlanacağını
bildirməmişdir. Bu, artıq insanların zövqünə,
bölgəsinə, mədəniyyətinə görə verəcəyi
qərardır". Bardakoğlu həmçinin çarşab və niqabın
dinin əmri olmadığını vurğulamışdır.
"Əhzab"
surəsinin 59-cu ayəsinin ikinci hissəsi ilə
bağlı M.Mütəhhəri təfsirçilərə istinadla yazır:
"Münafiqlərdən bir qrupu axşam hava qaralarkən
camaatın keçdiyi küçələrdə dayanaraq kənizlərə
sataşırdı (kənizlər üçün başı örtmək vacib
deyildir). Bəzi hallarda bu əxlaqsızlar hətta
azad qadınlara da sataşır, sonra bəhanə edib
deyirdilər ki, biz onun azad qadın deyil, kəniz
olduğunu zənn etmişdik. Buna görə də azad
qadınlara göstəriş verildi ki, cilbab olmadan -
yəni bədəni tam örtmədən evdən çıxmasınlar ki,
kənizlərdən tamamilə seçilsinlər və əxlaqsızlar
tərəfindən əziyyətə məruz qalmasınlar".
Bütün bunlar
məsələnin konkret tarixi şərait və sosial
strukturla sıx bağlı olduğunu aydın
göstərməkdədir. Əlbəttə, biz heç də hicabın
islamda vacib olmadığı təsəvvürü yaratmaq
fikrində deyilik. Bura qədər dediklərimizlə
sadəcə iki məsələni qabartmaq istəyirik.
Birincisi,
hicab məsələsi nə qədər vacib sayılsa da,
islamın təməl prinsipləri və ilkin şərtləri
sırasında yer almır. Bunu, misal üçün, İranda
nəşr olunmuş "İffət və hicab" adlı kitabçanın
müəllifləri də etiraf edirlər: "Hicab islamın
mühüm qaydalarından biri olsa da, şübhə yoxdur
ki, o, dinin əsaslarından sayılmır, dindarlıq və
küfrün hüquqlarını müəyyənləşdirən amil hesab
edilmir. İslam rəvayətlərində də ondan dinin
əsası və islamın təməl daşı kimi bəhs olunmamış,
onun üzərində namaz, oruc, zəkat, həcc qədər
təkid edilməmişdir". Əli Bardakoğlu yuxarıda
xatırlanan müsahibəsində daha konkret şəkildə:
"Din yalnız hicabdan və namazdan ibarət
deyildir. Başını bağlayan hər kəsə dindar demək
böyük yanlışlıqdır. İnsanın yaxşı bir müsəlman
olması üçün yerinə yetirməli olduğu çoxsaylı
şərtlər vardır", - söyləmişdir.
Bu halda
hicabla bağlı hər hansı problemi dini düşüncə və
etiqadın əsaslarına təcavüz kimi təqdim
edənlərin başqa niyyətlər daşıdığını anlamaq o
qədər də çətin deyil. Yaxud hicabı islamın
simvolu və atributlarından biri kimi
səciyyələndirən üzdəniraq ekspertlərin dini
biliklərinin səviyyəsinə acımamaq mümkünsüzdür.
İkincisi,
Quran və hədislərdə azyaşlı qızların hicaba
riayət etməsi, örtünməsi kimi göstəriş yoxdur.
Əksinə, bir çox hədislərdə, əski osmanlıcada
işlənən ifadə ilə desək, qızların "çarşaba
girməsi" üçün yetkinlik yaşına çatmasının
vacibliyi vurğulanır. Örnək olaraq Ayişə bint
Əbubəkrdən nəql olunan iki hədisi göstərmək
mümkündür. Belə olan halda bəlli qrupların
hicabın orta məktəblərə girməsi üzərində təkid
etməsi nə dərəcədə düzgündür? Həddi-büluğa
çatmamış bir qızın ailə üzvlərinin, qohumlarının
tapşırığı, təzyiqi əsasında örtünməsi dinin
tələblərinə uyğundurmu? Axı o uşaq dinin
mahiyyətini, Quranın hikmətini nə zaman anlayıb
dərk etdi ki, indi də hicaba riayət etsin?
Görəsən onun yaxınları örtünmənin onun hələ tam
formalaşmamış şüurunda hansı təsirlər qoyduğu,
onda hansı psixoloji komplekslər doğurduğu
barədə düşünürlərmi?!
Bura qədər
dediklərimiz bir məsələni - mövzunun praktik
aspektini də unutmamağı zəruri edir. İstənilən
halda hicab məsələsinə tarixi-ictimai şərait
nəzərə alınmaqla yanaşılmalıdır. Köhnə çağlarda
- qadınların əsasən evdə oturduğu, uzağı
həyətyanı sahəsində çalışdığı vaxtlarda bu
məsələ nisbətən rahat həllini tapır,
sosial-psixoloji konfliktlərə meydan açmırdı.
İndi isə qadınlar total şəkildə ictimai həyata
cəlb olunmuşlar. Azərbaycan Respublikasında
ictimai həyat dünyəvi prinsiplərlə tənzimlənir.
Kimin xoşuna gəlib-gəlməməsindən asılı
olmayaraq, hicabla haqqında söz açdığımız
mübarizə qadın azadlığının, bütövlükdə
modernləşmənin tərkib hissəsi kimi, çağdaş
şərtlərlə ayaqlaşmaq istəyinin təzahürü kimi baş
tutub. Bu, tarixdir, tarixin gedişatıdır.
Tarixin təkərini isə geri döndərmək mümkün
deyil! Bunu tələb edənlər, bu cəhddə bulunanlar
onun sonrakı sosial, mədəni və nəhayət, siyasi
nəticələrini də göz önünə almalıdırlar, almağa
borcludurlar!
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı,
AMEA-nın akademik Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor |