Yanvarın 28-də
Əl Oyunları İdman Sarayında "Təhsildə İKT-nin
tətbiqi - bilik, təcrübə, texnologiya" adlı
baxış-sərgi keçirildi.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
birgə təşkilatçılığı ilə keçirilən tədbirdə
təhsil naziri Misir Mərdanov, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Səttar Mehbalıyev, Azərbaycan Respublikası İnsan
Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, bir
sıra dövlət qurumları, qeyri-hökumət
təşkilatlarının rəhbərləri, elm və təhsil
ictimaiyyətinin nümayəndələri, məktəb
direktorları, müəllim və şagirdlər iştirak
edirdilər.
Sərginin
açılış mərasimi Dövlət himninin səslənməsi ilə
başladı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva mərasimi açaraq
iştirakçıları salamladı və onları burada
görməsindən məmnun olduğunu bildirdi.
Ölkəmizdə
1999-cu ildən etibarən təhsil sisteminin
təkmilləşdirilməsinə yönələn əsaslı islahatların
aparılmasına təkan verildiyini deyən
N.Rzaquliyeva qeyd etdi ki, bu islahatların
istiqamətlərindən biri də təhsildə
informasiyalaşdırma oldu. Ulu öndər Heydər
Əliyev təhsil islahatlarının həyata
keçirilməsinin başlıca şərtlərindən biri kimi
təhsildə İKT-nin tətbiqini vacib hesab edirdi.
"İndi dünya mədəniyyət dünyasıdır, intellektual
dünyadır, elmi-texniki tərəqqi dünyasıdır" deyən
Heydər Əliyevin 2003-cü ildə imzaladığı
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın
təsdiq edilməsi haqqında Sərəncam bu sahədə
mühüm addım oldu. Bu proses sistemli olaraq onun
siyasətini uğurla davam etdirən Prezident İlham
Əliyev tərəfindən imzalanan "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı Proqramı (2005-2007-ci illər)" ilə
başladı.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri bildirdi
ki, proqrama müvafiq olaraq, 2005-2006-cı
illərdə Bakı şəhərinin məktəblərinə 9550 ədəd
kompüter verilmiş, V-XI siniflər üzrə hər 21
şagirdə 1 kompüter nisbəti təmin edilmişdir.
Çıxışda daha sonra qeyd olundu ki, bu
istiqamətdəki siyasətin davamı olaraq dövlət
başçısının Sərəncamı ilə "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
təsdiq edildi. Bu proqramın əsas məqsədi
təhsilin bütün pillələrində müasir informasiya
və kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi və istifadəsidir. Bununla da vahid milli
təhsil mühiti formalaşdırılmalı, bu zəmində
əhalinin bütün təbəqələri üçün keyfiyyətli
təhsil almaq imkanları təmin edilməli, habelə
ölkənin təhsil sisteminin dünya təhsil məkanına
inteqrasiya olunması üçün şərait yaradılmalıdır.
Nailə
Rzaquliyeva tədbir iştirakçılarının diqqətinə
çatdırdı ki, bu proqrama əsasən görülən işlər
çərçivəsində paytaxtın bütün məktəbləri lokal
şəbəkəyə, 267 məktəb isə genişzolaqlı İnternet
şəbəkəsinə qoşulmuşdur. Az müddət ərzində müasir
texnologiyalarla işləyən güclü kadr potensialı
formalaşmışdır. İndi Bakı şəhərinin ümumtəhsil
məktəblərində İKT-nin tədrisə tətbiqi, elektron
dərsliklərdən istifadə, İnternet resurslarının
hazırlanması sahəsində kifayət qədər səmərəli
nəticəyə nail olunmuşdur.
Təhsil
müəssisələrində yaradılmış lokal və İnternet
şəbəkələri digər təhsil müəssisələri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin xarici ölkə
məktəbləri ilə virtual əlaqələrin yaradılması,
sənədlərin qəbulu və ötürülməsi işində mühüm rol
oynayır.
Təhsil
Nazirliyinin həyata keçirdiyi "TİMS-məktəb"
layihəsi çərçivəsində 4 alt komponent üzrə
məlumatların toplanması və emalı işi başa
çatdırılıb ki, bu da təhsilin idarə edilməsində
böyük əhəmiyyətə malikdir.
İndi nəinki
informatika müəllimləri, eləcə də digər fənn
müəllimləri, hətta şagirdlər müxtəlif proqramlar
üzrə elektron vəsaitlər hazırlayır. Paytaxt
məktəblərinin beynəlxalq əlaqələri möhkəmlənir,
yeni əlaqə sistemlərindən geniş şəkildə istifadə
olunur.
Nailə
Rzaquliyeva çıxışının sonunda Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirən, Bakı təhsilinə qayğısını
əsirgəməyən nazir Misir Mərdanova, belə bir
tədbirin təşkilinə və keçirilməsinə dəstək
göstərən Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının sədri Səttar Mehbalıyevə,
İKT-nin tətbiqi sahəsində məktəblərlə müntəzəm
və qarşılıqlı əməkdaşlığa görə "AZEDUNET",
"Ultra", "İntel", "Mədəd" və digər şirkətlərə,
Data Mərkəzinə, eləcə də dəvəti qəbul edib
sərginin açılış mərasiminə gələn bütün qonaqlara
təşəkkürünü bildirdi.
Kiyev
şəhər Elm və Təhsil İdarəsinin rəisi Vera
Zinovyevna Qoryunova, Azərbaycan Respublikası
İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova
və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyev
çıxışlarında təhsil sisteminin İKT əsasında
təkmilləşdirilməsinin bu gün bütün dünyada
informasiya cəmiyyətinin başlıca xüsusiyyəti
kimi qəbul olunmasından bəhs etdilər və bu
baxımdan, "Təhsildə İKT-nin tətbiqi - bilik,
təcrübə, texnologiya" baxış-sərginin
Azərbaycanın təhsil sisteminin İKT əsasında daha
da təkmilləşdirilməsi işinə böyük töhfə olduğunu
vurğuladılar. Natiqlər yeni texnologiyaların,
həmçinin İnternet resurslarına əsaslanan dərs
vəsaitləri nümunələrinin nümayiş etdirildiyi bu
sərginin təhsil işçilərinə və şagirdlərə İKT
sahəsində mükəmməl bilgilər aşılayacağına,
ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə,
gənc nəslin intellektual səviyyəsinin
artırılmasına, informasiya texnologiyalarından
səmərəli istifadə sisteminin yaradılmasına təkan
verəcəyinə əmin olduqlarını bildirdilər. Qeyd
etdilər ki, bu genişmiqyaslı sərgi təhsildə
İKT-nin tətbiq edilməsinin təbliği baxımından
çox əhəmiyyətlidir və nümayiş etdirilən
yeniliklər, yəqin ki, xüsusi maraq doğuracaqdır.
Sonra çıxış
üçün söz Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanova verildi.
İştirakçıları,
müəllim, şagird və valideynləri salamlayan
təhsil naziri bu tədbirin Bakı Şəhəri üzrə
Təhsil İdarəsi tərəfindən artıq ikinci ildir
ki, təşkil edildiyini diqqətə çatdırdı və bunu
müsbət hal kimi dəyərləndirdi. Misir Mərdanov
qeyd etdi ki, keçən ildən fərqli olaraq bu sərgi
yalnız bir sahəyə - müasir dövrdə çox aktual və
bu gün təhsil sistemi üçün vacib olan bir
mövzuya həsr olunub.
Son illər Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin çox səmərəli
fəaliyyət göstərdiyini deyən təhsil naziri
vurğuladı ki, Bakı şəhərinin təhsil
müəssisələrində informasiya -kommunikasiya
texnologiyalarının tətbiqi, qəbul
imtahanlarında, müxtəlif müsabiqə və
olimpiadalarda qazanılan uğurlar və başqa
sahələrdəki nailiyyətlər bu idarənin öz işinin
öhdəsindən layiqincə gəldiyini bir daha sübut
edir.
Misir
Mərdanov müəllim və şagirdlərə pedaqoji
fəaliyyətlərində və təhsildə böyük uğurlar
arzuladı və baxış-sərginin açılışı
münasibətilə təşkilatçıları təbrik etdi.
Tədbirdə
ümumtəhsil məktəblərinin
informasiya-kommunikasiya texnologiyaları ilə
təminatı və təhsil sisteminin
informasiyalaşdırılması ilə bağlı Dövlət
Proqramları çərçivəsində görülən işlərdən bəhs
edən video-çarx nümayiş etdirildi. Sonra hamı
sərgiyə baxmağa dəvət olundu.
Məlumat üçün
qeyd edək ki, tədbirin keçirilməsində əsas
məqsəd paytaxt məktəblərində elektron təhsil
resurslarından, İnternet texnologiyalarından
tədris prosesində istifadəni populyarlaşdırmaq,
bu sahədə təhsil ictimaiyyətini
məlumatlandırmaqdır. Eyni zamanda müəllimləri
tədris prosesində informasiya
texnologiyalarından fəal istifadə etməyə
həvəsləndirmək də əsas məqsədlərdəndir. Bakının
ümumtəhsil məktəblərinin müəllim və
şagirdlərinin İKT sahəsindəki nailiyyətlərinin
nümayişinə həsr edilən baxış-sərgiyə təqdim
olunan işlər iki mərhələdə seçilib. Birinci
mərhələdə işçi qrupları hər bölmə üzrə layiqli
işləri seçərək Təşkilat Komitəsinə təqdim
ediblər. İkinci mərhələdə Təşkilat Komitəsi
(eyni zamanda Münsiflər heyəti) bölgələrdən
seçilib təqdim olunmuş işlərin içindən
"Əsasnamə"nin şərtlərinə və nominasiyanın
tələblərinə uyğunluq baxımından baxış-sərgidə
nümayiş etdirmək üçün daha yaxşılarını seçib.
Hər 2 mərhələdə seçim xüsusi meyarlara - məzmun,
metodika, elmilik, aktuallıq və dizayna əsasən
aparılıb. Müsabiqəyə 403-ü müəllim, 164-ü şagird
işi olmaqla cəmi 567 layihə təqdim edilib.
Təhsil naziri
Misir Mərdanov və digər qonaqlar baxış-sərgidə
15 bölmə üzrə (distant təhsil, müasir interaktiv
sinif, elektron məktəb, video-texnologiya
təhsildə, 1 şagird - 1 kompüter, sehrli göz,
veb-texnologiya (bloqlar), İKT şagirdlərin gözü
ilə, İKT ibtidai sinifdə, İKT fənlərdə,
innovativ məktəb - innovativ müəllim, ağıllı
lövhə-interaktiv sinif, sinif otaqları 1, 2, 3)
nümayiş etdirilən layihələrlə yaxından tanış
oldular. Təhsil naziri ayrı-ayrı bölmələrdə
müəllim və şagirdlərlə söhbət edərək onların
işindən razı qaldığını bildirdi.
Hicran ƏKBƏROVA |