Yanvarın
28-də Təhsil Nazirliyində 2-ci Respublika muğam
müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat
konfransı keçirildi.
Konfransı
giriş sözü ilə açan təhsil nazirinin müavini
Elmar Qasımov qeyd etdi ki, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər
Əliyev Fondunun, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli
Konservatoriyasının təşkilatçılığı ilə ölkəmizdə
2-ci Respublika Muğam Festivalı başlanır.
Bununla əlaqədar olaraq muğam müsabiqəsi
keçirilir. Bu müsabiqə üçün sənədlər yanvarın
29-dan fevralın 20-dək Azərbaycan Milli
Konservatoriyasının nəzdindəki Musiqi Kollecində
qəbul olunacaq. Bildirildi ki, fevralın 21-dən
25-dək münsiflər heyəti tərəfindən iki mərhələdə
seçim turu aparılacaq, müsabiqənin nəticələri
fevralın 25-də açıqlanacaq. Qaliblər
mükafatlandırılacaq və onlar martda keçiriləcək
2-ci Beynəlxalq Muğam Festivalında iştirak etmək
hüququ qazanacaqlar.
Sonra tədbirdə
cıxış edən Azərbaycan Milli Konservatoriyasının
rektoru Siyavuş Kərimi bildirdi ki, bu
festivalın keçirilməsinin ən əsas məqsədi yeni
istedadlı gənclərin üzə çıxarılmasıdır. 18
yaşından 35 yaşınadək gənclər muğam
müsabiqəsində iştirak etmək üçün sənədlərini
təqdim edə bilərlər. Respublika müsabiqəsində
qalib gəlmiş 3 nəfər Beynəlxalq Muğam
Festivalında iştirak edəcək.
Mətbuat
konfransının sonunda jurnalistləri maraqlandıran
suallara cavablar verildi.
Ədalət DAŞDƏMİRLİ |