Fevralın 1-də
təhsil naziri Misir Mərdanov Gürcüstan
Prezidentinin anası, Beynəlxalq Qara dəniz
Universitetinin prorektoru, professor Giuli
Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Qonaqları
səmimi salamlayan təhsil naziri Azərbaycanla
Gürcüstan arasında təşəkkül tapmış tarixi
dostluq və strateji tərəfdaşlıq əlaqələrindən
bəhs edib. Misir Mərdanov Azərbaycan və
Gürcüstan prezidentlərinin şəxsi
münasibətlərinin ölkələrimiz arasındakı
hərtərəfli əməkdaşlığa olduqca müsbət təsir
göstərdiyini vurğulayıb.
Digər
istiqamətlərdə olduğu kimi, ölkələrimiz arasında
təhsil sahəsində də qarşılıqlı əlaqələrin
inkişafının əhəmiyyəti barədə fikirlərini
bildirən Beynəlxalq Qara dəniz Universitetinin
prorektoru, professor Giuli Alasaniya bu
münasibətlərin gələcəkdə daha da inkişaf
etdirilməsi üçün əlverişli imkanların olduğunu
bildirib. Qonaq deyib ki, Azərbaycanın
təhsil müəssisələri ilə tanışlıq və ali
məktəblər arasında əlaqələrin inkişafı
yollarının müzakirəsi onları maraqlandıran
məsələlərdəndir.
Azərbaycanın
Gürcüstanda təhsilin inkişafına hər zaman kömək
etdiyini bildirən Tbilisidə fəaliyyət göstərən
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti
Muzeyinin direktoru Leyla Əliyeva rəhbərlik
etdiyi muzeydə Azərbaycan dilində olan yeni
kitablara ehtiyac duyulduğunu nəzərə çatdırıb.
Azərbaycan
dövlətinin, eləcə də Heydər Əliyev Fondunun
Gürcüstanda tədris ocaqlarının təmirində,
dərslik və əlavə vəsaitlərlə təminatında
yaxından iştirak etdiyini söyləyən təhsil naziri
Misir Mərdanov Tbilisidə fəaliyyət göstərən
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti
Muzeyinə lazım olan kitabların göndərilməsi üçün
müvafiq addımların atılacağını deyib. Nazir
təhsil sahəsindəki qarşılıqlı əlaqələrimizin
bundan sonra daha da inkişaf edəcəyinə
əminliyini bildirib. Misir Mərdanov ölkəmizin
bir sıra ali və orta təhsil müəssisələri ilə
tanışlığın Azərbaycanın təhsil sistemi haqqında
qonaqlarda xoş təəssürat yaradacağına inamını
ifadə edib. |