Yanvarın 31-də
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi
Araşdırmalar Mərkəzi və Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası ilə birlikdə "Müasir
gənclərin sosial statusu" mövzusunda "dəyirmi
masa" keçiriblər.
Tədbiri giriş
sözü ilə DİA-nın tədris işləri üzrə I
prorektoru, professor Əlikram Abdullayev açaraq
son illər Azərbaycanda əldə olunan uğurlardan,
gənclərin ölkəmizin ictimai-mədəni,
sosial-iqtisadi həyatında fəal iştirakından
iftixarla danışıb. Qeyd edib ki, ümummilli lider
Heydər Əliyevin istər Azərbaycana rəhbərliyinin
birinci dövründə, istərsə də 1993-cü ildən sonra
gənclərin aparıcı qüvvəyə çevrilməsi, onların
xarici ölkələrdə təhsil almaları istiqamətində
həyata keçirdiyi tədbirlər bu gün də öz
bəhrəsini verməkdədir. Bu siyasət hazırda ulu
öndərin layiqli davamçısı cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.
2007-ci ilin "Gənclər ili" elan edilməsi də məhz
bu diqqətin bariz nümunəsi idi.
Tədbirdə
Azərbaycan Respublikası gənclər və idman
nazirinin müavini İntiqam Babayev, Milli
Məclisin deputatları Hadi Rəcəbli, Fuad Muradov,
Ceyhun Osmanlı və Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının sədri Şahin İsmayılov
məruzələrlə çıxış etdilər. Sonda iştirakçıların
sualları cavablandırıldı.
Şakir CƏFƏROV |