"Avrasiya
materikinin mərkəzində Şərqdən Qərbə doğru
müasir beynəlxalq siyasi reallıq üçün son
dərəcə əhəmiyyətli bir coğrafi mövqedə
qərarlaşmış türk etnik-coğrafi arealı"
(M.Kərimov) 6 türk dövlətini, 10-a yaxın muxtar
respublikanı, siyasi dövlət strukturu olmayan
neçə-neçə türk toplumunu birləşdirir. Türk
xalqlarının tarixən məskunlaşdıqları coğrafi
ərazilər təkcə yeraltı və yerüstü sərvətlərlə
deyil, həm də tarixi-mədəni dəyərlərlə
zəngindir. Bu zəngin milli mənəvi və maddi
dəyərləri qorumaq, öyrənib müasirlik və
tarixilik baxımından qiymətləndirmək, optimal
yollarla inteqrasiyanı reallaşdırmaq qloballaşan
dünyada türk xalqları alimlərinin başlıca tarixi
vəzifəsidir. Bu işdə türk alimləri (eləcə də
xalqları!) bir-birilə möhkəm əlaqə və əməkdaşlıq
şəraitində çalışmalıdırlar. Belə bir vəzifənin
reallaşdırılması baxımından Azərbaycan Milli
Elmlər Akademiyası Folklor İnstitutunun (MDB
məkanında hələlik yeganə elmi-tədqiqat
müəssisəsidir) həyata keçirdiyi tədbirlər, sözün
həqiqi mənasında, təqdirəlayiqdir. Həmin
tədbirlər çərçivəsində "Ortaq türk keçmişindən
ortaq türk gələcəyinə" adlı beynəlxalq konfransı
çox dəyərli və mühüm hadisə oldu.
İkiillik
fasilədən sonra 2010-cu ilin 25-26 noyabr
tarixlərində Bakıda Azərbaycan MEA-nın Folklor
İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin
Doğu Akdeniz Universitetinin birgə
təşkilatçılığı ilə "Türk epik ənənələrində
dastan" mövzusunda "Ortaq türk keçmişindən ortaq
türk gələcəyinə" VI Uluslararası folklor
konfransı keçirildi.
Təşkilat
Komitəsinin səyi ilə yüksək səviyyədə
reallaşdırılan elmi məclisdə ayrı-ayrı
bölmələrdə 98 məruzə dinlənilib müzakirə olundu.
Həmin konfrans
materialları iri formatda 520 səhifəlik kitabda
toplanaraq nəşr edilib.
Toplunun ilk
səhifələrində Azərbaycan MEA-nın prezidenti,
akademik Mahmud Kərimovun açılış nitqi
verilmişdir. Tədbiri tarixi-mədəni yöndən
dəyərləndirən açılış nitqinin sonunda belə bir
inam ifadə olunur ki, Folklor İnstitutunun
təşəbbüsü ilə başlanan konfrans xalqlarımız
arasındakı mənəvi ünsiyyətin intensivləşməsini,
mədəni inteqrasiyanın sürətləndirilməsini təmin
edəcək.
Sonrakı
səhifələrdə Folklor İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor Hüseyn
İsmayılovun konfrans iştirakçılarına müraciəti
verilmişdir. Müraciətdə konfrans "Şanlı keçmişə
malik türkün eyni işarəli gələcəyinin real
olduğunun anılması işində irəliyə bir addım"
kimi qiymətləndirilmişdir.
Topluda
Almaniyada çalışan Abdulkadır İnaltekin,
Türkiyədəki Ərdəhan Universitetinin əməkdaşı
Əhməd İçlinin, İranda fəaliyyət göstərən Əkbər
Dövlətşahinin, Türkmənistan EA-nın Əlyazmalar
İnstitutunda çalışan Kanajan Xanubekovun və daha
neçə xarici ölkələrin alim-tədqiqatçılarının
türk epik ənənələri ilə bağlı araşdırmalarının
ümumiləşdirildiyi yazılar əksini tapmışdır.
Azərbaycanlı
professorlardan Tofiq Hacıyev, Hüseyn İsmayılov,
Nizami Tağısoy, Sədnik Paşa Pirsultanlı, Qara
Namazov və Şurəddin Məmmədlinin, filologiya
elmləri üzrə fəlsəfə doktorlarından Rövşən
Əlizadə, İslam Sadiq, Mübariz Süleymanlı, Ülkər
Əliyeva, Ülkər Nəbiyeva və başqalarının
məqalələri elmi-nəzəri məzmunu ilə diqqəti cəlb
edir.
Bütövlükdə
folklorşünaslığın epik ənənələri (türk xalqları
dastanlarının materialları əsasında) haqqında
zəngin ədəbi-bədii faktlar əsasında qələmə
alınmış tədqiqat materialları ortaq türk
dəyərlərini öyrənənlər üçün faydalı mənbədir.
Ş.MƏMMƏDOV |