Maqadana 10 mindən çox azərbaycanlı sürgün
olunub
(Əvvəli qəzetimizin 14 yanvar tarixli
nömrəsində)
Heç yana
qaçmaq mümkün deyildi...
Vilayətin
əbədi buzlaq ərazi olduğunu nəzərə alsaq, buraya
ərzaq, geyim, ümumiyyətlə, hər şey səkkiz min
kilometr uzaqdan gəmilərlə gətirilirdi. O da
yalnız simal dənizlərinin buzu əriyəndə mümkün
idi. Mən də Oxot dənizi sahilindəki Naqayev
buxtasında su donanda oldum. Amma bu gün
buzqıran yük gəmiləri bu yerlərə qışda da
gedib-gələ bilirlər. 30-cu illərdə Kalımda
yaradılan mədənlərdə azad insanlar da, xüsusı
komsomol putyovkası ilə buraya göndərilənlər də
işləyirdilər. Bu mədənlərin yanında tikanlı
məftillər arasında isə həbs düşərgələri vardı.
Həmin düşərgələrin hər birində orta hesabla 2
min nəfər dustaq olub. Bu qədər adamı yeməklə
təmin etmək çox böyük problem idi. Buranın qışı
isə çox çəkir. Ona görə də dustaqlar azad və ya
qismən azad adamlarla alış-veriş edirdilər.
Bunun üçün burada "qara bazar" kimi bir
alış-veriş mövcud idi. Amma bu alış-verişdə nə
pul, nə də tərəzi var idi. Məsələn, on qram
çayın dəyəri on qram qızıla bərabər idi.
Beləliklə, maxorka, çörək və qəndə dəyişdirilən
qızılların taleyi rəhbərliyi azacıq da olsa,
narahat etmirdi.
Əvvəla,
dustaqlar arasında olan satqınların xəbərçiliyi
ilə baraklarda və yaxud ərazidə gizlədilən
qızılları qəfil axtarış aparmaqla aşkar
edirdilər. İkincisi isə buradan heç yana qaçmaq
mümkün deyildi. Bir tərəf dəniz, okean, digər
tərəf isə tayqa meşələri. Qaçan dustaqlar isə
canavarlara və ya Şimal ayılarına yem olurdular,
ya da yenidən həbs olunub güllələnirdilər. Onsuz
da açıq havada işləyənlərin bəziləri mənfi 50-60
dərəcə şaxtaya tab gətirməyib donur və ya
acından ölürdülər. Belələri, sadəcə olaraq, əşya
kimi çıxdaş olunurdu. Şifrələnmiş düşərgə
terminologiyasında bu "Arxiv-tri" adlanırdı.
Sakinlərinin sayı orta hesabla 2 min olan bir
düşərgənin "Arxiv-tri"nin nə qədər böyük
siyahısı olduğunu təsəvvür edin. Lakin növbəti
"xalq düşmənləri"nin gətirilməsinə qədər burada
olan ucuz işçi qüvvələrini həm də qoruyub
saxlamaq lazım idi. Bəlkə də elə buna görə idi
ki, mərkəzdən gələn əmrlərin bəzilərində "bu
siyahıdakıların güllələnməsini təklif edirik"
yazılırdı.
Həmin
düşərgələrin yaxınlığında qəbiristanlıqlar olub.
Ona görə ki, burada ən çox lazım olan da elə bu
idi. Çünki bu düşərgələrdə hər gün ölənlər
olurdu. Çox vaxt əvvəlcədən lağımlar qazılır,
10-15 və daha çox adam bir yerdə basdırılırdı.
Adətən hər qəbirin baş tərəfində bir dirək
basdırılıb və onun üzərinə konserv qabının ağız
kəsiyində həmin adamın nömrəsi mismarla
deşilərək yazılmışdı. Məsələn, "A-28". Bir çox
dirəklərdə isə nə dəmir parçası, nə ad, nə də
tarix var. Bu kütləvi qırğın qurbanlarının
sayının və kimliyinin gizlədilməsi üçün bəzi
düşərgələrdə baraklar da, qəbirüstü dirəklər də
sökülüb. Diqqətimi çəkən o oldu ki, sağ qalanlar
bu gün də burada o zaman baş verən hadisələr
haqqında danışmaqdan qorxurlar. Sürgün
olunanların övladları da həmçinin.
Acı taleli
insanların axtarışında
1956-cı
ildə həbsdən azad olunanların bəzilərinin
materikə geri dönməsinə qadağa qoyuldu. Getmək
icazəsi olanlar arasında isə geriyə dönmək
istəməyənlər də vardı. Həmin adamlar dustaqlar
tərəfindən tikilmiş baraklarda qalıb yaşayıblar.
Amma daha həbsxana rejimi və silahlı gözətçilər
yox idi. Onlar yenə mədənlərdə qızıl dənəcikləri
yığıb təhvil verib, pul qazanıb, ailə qurub, elə
burada da ömür sürüblər. Belə insanların ömrü öz
Vətənindən xeyli uzaqda itkin düşmüş adam kimi
başa çatıb. Bu gün mən elə bu acı taleli
insanların axtarışındayam. Sərt soyuğu və
amansız şimal küləyi ilə məşhur olan Maqadan
vilayətindəki həbs düşərgələrinin çətin
yollarından keçən və keçə bilməyənlərin 90
faizinin acınacaqlı taleyi hələ də onların
doğmaları üçün qaranlıq qalmaqdadır. Arxiv
sənədlərindən biri: 20.02. 1938 O/u XDİK. 8-ci
şöbə. Çerenkovaya ..."Eyni zamanda 70 nəfər
müttəhimin istintaq işini sizə göndərirəm. Bu
adamlar üçlüyün qərarı ilə ən yüksək cəzaya
məhkum olunub. Həbs olunanların hamısı Xatınnaxa
göndərilib. UŞ üzrə XDİK-in R.Ş rəis müavini
Malişevski". Xatınnax ölümə məhkum olunanların
həbsxana və ölüm düşərgəsi idi.
Xatınnax da
Kalım yolu boyunca olan düşərgələrdən,
mədənlərdən biridir. Həmin 70 nəfər bu
düşərgənin ərazisində güllələnib. Amma təkcə bu
70 nəfər yox, buna bənzər bir neçə qərar və
əmrlərə rast gəlmək olar. Bu gün bu ərazidə nə
qədər insan uyuduğunu təsəvvür etmək çətin
deyil. Ümumiyyətlə, güllələnmə aktlarının
icraçısı kimi leytenant Kedrov, serjant
Melnikov, XDİK-də rəis müavini Volodin, XDİK-in
komendantı Kuzmenko kimi soyadlara tez-tez rast
gəldim. Güllələnmə aktlarının hər birində icraçı
kimi (YPKM) Fəhlə və Kəndli Milis İdarəsinin
rəisi Kedrov iştirak edib.
Yalnız
6 və 8 avqust 1938-ci ildə 138 nəfər güllələnib.
Aktlarda adamların kütləvi şəkildə güllələnmə
yerləri kimi Orotukan, mərkəz OQPU, mədənlər
"Verxniy At-Uryax", "Nijniy At-Uryax",
"Tumannıy","Maldyak" göstərilmişdi.
Ölüm aktları
tez-tələsik yazılıb. Məsələn, 11 aprel 1938-ci
ildə Maqadanda güllələnən Bakıdan sürgün edilmiş
Aşımov Mali Aşım-Zarenin (olduğu kimi yazıram)
arxiv nömrəsi P 16338, soyadı 1989-cu ildə
reabilitasiya (bəraət) haqda əmrdə
Babaqaşim-zade kimi yazılmışdır. Bəzən adamlar
güllələnir, sonra aktlar tərtib edilirdi.
1989-cu ildə
reabilitasiya olunmuş bir azərbaycanlı haqqında
məlumat yalnız Qəmbər oğlu kimi yazılmışdır.
Arxiv nömrəsi P 17192. Göründüyü kimi, bəzi
insanların adları, soyadları və atalarının
adlarını göstərməyi belə vacib bilməyiblər.
Vacib olan aktı tərtib edən zabit və ya
serjantların soyadı ilə imzası və Uzaq Şərq üzrə
Xalq Daxili İşlər Komissarları İdarəsi rəisinin
imzası və möhürü olan bir kağız parçası idi.
Qalan işləri buradakı insanlıq dərəcəsindən
çıxmış cəlladlar yerinə yetirirdilər.
Yerli
əhalinin dediklərindən...
Anatoli
İvanoviç Starkov, RF Jurnalistlər Birliyinin
üzvü, jurnalist:
- Burada olan
həbsxana və düşərgələri əsl insan üyüdən
dəyirmana bənzətmək olar. Elə bilirsən insanları
məhv etməklə işlərini bitmiş bilirdilər? Xeyr.
Onlar bunun üçün akt tərtib edib insanları
yararsız əşya kimi çıxdaş edirdilər. Vaxtı ilə
geoloqlar üçün buraya gətirilmiş xizəkli evləri
sonralar çəkib düşərgələrə gətirib, bu evlərin
içində barmaqlıqlar düzəldiblər. 15-20 nəfəri
həmin evlərin içinə yığıb əvvəlcədən düşərgədən
aralı qazılmış böyük xəndəyin yanına çəkib
onları şaxtanın ixtiyarına buraxırdılar. Səhər
isə gedib artıq donmuş cəsədləri basdırırdılar.
Bu məhbuslar da "güllələnsin" əmri ilə
aktlaşdırılırdı.
Mixail
İsakoviç Knyajanskini burada hamı
tanıyırdı.1973-cü ildə vəfat etdi.
O deyirdi ki,
bir çoxları kimi mən də cəzamı çəkib başa
vurdum. Məni düşərgə qapısından çölə buraxan
əsgər arxadan tüfəngin qundağı ilə vurub,"get,
onsuz da gəbərəcəksən"-dedi. Başımdan vurduğuna
görə hər şey gözlərim önündə qaraldı. Ətrafı
yaxşı görmürdüm. Bu yerlərin şaxtasında
hərəkətsiz qalmaq ölüm demək idi. Elə buna görə
də irəliyə, azadlığa tələsirdim. Yol boyu məndən
əvvəl buraxılanların donmuş cəsədlərinə
ilişirdim. Özümü ya qəsəbəyə, ya da Kalım yoluna
çatdırmağa çalışırdım. Donub ölməkdən qorxurdum.
Gözümü açanda özümü bir qadının evində gördüm.
Sən demə, yola çıxan bu qadın məni tapıb, nəfəs
aldığımı görüb sürüyə-sürüyə evinə gətirib.
Birdən ağlıma gəldi ki, axı mən niyə ateist
olmuşam. Tanrı var imiş. Doğrusu, mən ilk dəfə
idi ki, pıçıltı ilə deyirdim: "Çox şükür sənə,
Allah, sağ qaldım".
Qəsəbə
sakinləri həbsdən buraxılanlara kömək etmək üçün
tez -tez bu yola çıxırdılar... Anatoli İvanoviç
buna bənzər olaylardan mənə çox danışdı. Amma
onların içərisində bir fikir diqqətimi daha çox
cəlb etdi. O, fəxrlə qeyd etdi ki, "materik"dən
fərqli olaraq Şimalda yaşayan insanlar
bir-birinə, xüsusi ilə də qonağa kömək etməyə
çalışırlar. Bu adət bəlkə də o zamanlardan qalan
adətdir. Mən həqiqətən də Maqadan vilayətində
bu qonaqpərvərliyin şahidi oldum.
Butuqıçaq
"ölüm düzənliyi" deməkdir
Çoxsaylı Kalım
düşərgələri sırasında Butuqıçaq düşərgəsi xüsusi
ilə fərqlənirdi. Ərazisinin uzunluğu 12, eni isə
3-4 kilometr olan bu düşərgə qadın dustaqlar
tərəfindən inşa edilmişdir. Bu qadınlar sürgün
edilmiş kişilərin həyat yoldaşları, anaları,
bacıları, qızları idilər. Onlar beş ərazidən,
"zon"dan ibarət olan düşərgədən başqa, iki
düzənlik və iki aşırmadan keçən məşhur
"Butuqıçaq dairəsi" adlanan yol da salmışlar.
Bunu heç yerli tarixçilər də bilmirlər.
1938-ci il
oktyabrın 8-də bu düşərgə Cənub-Şərqi Dağlıq
İstehsalat İdarəsinin tərkibinə daxil edildi.
Beləliklə, "Dalstroy"un çoxsaylı düşərgələrinin
sayı artmaqda idi. Görəsən çoxdan pas atmış
konserv qapaqları üzərində adları şifrələnmiş bu
insanlar kimlər olub, adları nə idi?! Çox
təəssüflər olsun ki, hələ dünyanın heç bir
tarixçisi bu suala da dəqiq cavab tapa bilməyib.
İkinci Dünya
müharibəsinin başlanması buraya da öz təsirini
göstərdi. Düşərgədə dustaqlara nəzarət rejimi
gücləndirildi, iş saatı artırıldı. "Dalstroy"un
rəisi Nikişovun 1941-ci il mayın 13-də
imzaladığı əmrə əsasən qızılyumada işlədilən
dustaqlar 11 saatlıq iş gününə keçirildi. Bir
həftə sonra bu, 12 saata qaldırıldı.
Ümumiyyətlə,
"Dalstroy"un düşərgələrində dustaqların saxlanma
rejimi təxminən eyni olub. Butuqıçaqda həlak
olanların sayı daha çox idi. Ona görə ki, burada
uran emal etmək üçün torpağı əl arabası ilə
mədəndən bayıra, oradan da fabrikə daşıyırdılar.
Bu yazıqlar heç ağıllarına belə gətirmirdilər
ki, bu, açıq-aşkar ölümdür. Sağ qalmış
dustaqların dediyinə görə, burada ildə təxminən
20-25 min adam məhv olurdu. Even dilindən
tərcümədə Butuqıçaq "ölüm düzənliyi" deməkdir.
Bu ağır iş
rejimi dustaqlar arasında kütləvi xəstəliklərə
gətirib çıxarırdı. Onlar ürək çatışmazlığından
tələf olurdular. Az sonra sinqa adlanan xəstəlik
nəinki Butuqıçaqda, eləcə də bütün Kalım
ərazisində qarşısıalınmaz bir bəlaya çevrildi.
Bu xəstəliyə tutulanlar başgicəllənməsi,
dişlərin tökülməsi və ürək bulanmasından
şikayətlənirdilər. Ölüm hadisələrinin sayı
gündən-günə çoxalırdı. Bu vəziyyət 1948-ci ildə
daha da böyük vüsət aldı. Çünki həmin il
Butuqıçaqda 5 nömrəli xüsusi düşərgə olan
"Berlaq"ın 4 nömrəli düşərgə məntəqəsi
yaradılmışdı. "...Bununla əlaqədar olaraq burada
uran yataqları yaxınlığında 1 nömrəli kombinat
istehsalata buraxılmışdı. Kombinat üçün çalışan
düşərgə məntəqələrində dustaqların sayı 2243
nəfər idi". "...1951-ci ildə "Dalstroy"un
birinci bölməsində 12 minə yaxın adam işləyirdi.
1955-ci ilin yanvar ayında "Dalstroy"un rəisi
Mitrakovun əmri ilə "Butuqıçaq" mədəninin
fəaliyyəti dayandırıldı.
Butuqıçaq
Kalım torpağının həqiqətən ağrı-acısıydı. Bu gün
də buranın səmasında haray çəkən ruhların ahı,
naləsi sanki hiss olunur. Törədilən
vəhşiliklərin şahididir Butuqıçaq. Lakin
görünməmiş vəhşiliklərin canlı şahidini qoruyub
saxlamaq, muzey kimi gələcək nəsillərə göstərmək
barədə, təəssüf ki, heç düşünmürlər. Hətta
Butuqıçaqdakı köhnə qəbiristanlıqda üstü açılmış
qəbirlər gördüm. Üzərində şifrələnmiş olan,
çıxarılıb atılmış məzarüstü dirəklər isə sanki,
öz yerini axtarırdı. O vaxtdan 70-80 il
keçməsinə baxmayaraq, buradakı hər bir düşərgə
aləti, yanı üstə düşmüş dirəklər üzərindəki
tikanlı məftillər diqqətimi cəlb edirdi.
Bələdçim mənə yarısökülü bir tikili göstərdi -
BUR. Bu, Gücləndirilmiş Rejimli Barak olub.
Dəmirçi sexində əllə düzəldilmiş barmaqlıqlar
sökülüb barakın ortasına atılıb. Mənim nəzərimi
daha çox cəlb edən isə qapı oldu. Artıq
istifadəsiz hala düşmüş bu qapının üzərindəki
kilid sanki hələ də öz işini görməkdə davam
edirdi. Diametri 1 metr olan dəmir boru isə bu
cəhənnəmin qalın divarında yerləşdirilib. Bu isə
içəriyə soyuq hava doldurmaq üçündür. Qanunlara
tabe olmayanlar, yeni quruluş haqda xoşagəlməz
söz deyənlər, işə çıxmağa etiraz edənlər və s.
buranın sakinləri olurdular.
(Ardı var)
Binnət ƏSGƏROV |