Açdığımız bu
yeni rubrika altında dünya təhsilində baş verən
yeniliklər, inkişaf etmiş ölkələrin təhsil
sistemləri, beynəlxalq təhsil proqramları
haqqında materiallar dərc etməyi nəzərdə
tuturuq. Çoxlu sayda gənclərimizin xarici
ölkələrin ali məktəblərində təhsil almağa olan
marağını nəzərə alıb bu rubrikada ilk olaraq
xaricdə təhsil üçün əsas tələblərdən biri
sayılan TOEFL proqramı haqqında məlumatları
oxucularımıza çatdırırıq.
TOEFL
(Test of English as a Foreign Language - Xarici
dil kimi ingilis dili testi) imtahanı ABŞ-ın
Nyu-Cersi ştatında yerləşən Təhsil Test Xidməti
("Educational Testing Service (ETS)") tərəfindən
qeyri ingilisdilli şəxslərin ingilis dili
biliyini qiymətləndirmək məqsədi ilə dünyanın
əksər ölkələrində təşkil olunur. TOEFL imtahan
proqramını 16 nəfərlik idarə heyəti təsdiqləyir.
Bu heyətin əsas üzvləri dövlət və özəl
universitetlərin, institutların tələbə və
məzunları arasından seçilir. Heyətin digər
üzvləri isə ingilis dilini xarici dil, yaxud
ikinci dil kimi öyrənən mütəxəssislərdən ibarət
olur.
TOEFL imtahan
komitəsində dilçilik, dil testi, elm və tədqiqat
sahələri üzrə 12 mütəxəssis çalışır. TOEFL
imtahanı ilə bağlı məsləhət vermək onların əsas
öhdəliyidir. Komitə cari metodları və
istiqamətləri özündə əks etdirən ingilis dili
biliyinin vahid ölçüsünü müəyyən etməyə kömək
edir.
Dünyada
ingilis dilində təhsil verən 4300-ə yaxın
universitet və kollec tərəfindən bakalavriat,
magistratura və doktorantura pillələrinə ana
dili ingilis dili olmayan tələbələri qəbul etmək
üçün TOEFL sertifikatı əsas şərt kimi irəli
sürülür. Hazırda bəzi dövlət orqanları,
qurumlar, bir çox təşkilat və şirkətlər, habelə
təhsil müəssisələri işə qəbul zamanı
namizədlərdən TOEFL sertifikatını tələb edirlər.
Bu sertifikat artıq beynəlxalq səviyyədə
tanınır.
TOEFL imtahanı
təxminən 3,5 və yaxud 4 saat davam edir. Bu vaxt
ərzində imtahan iştirakçılarına, hətta qısa
istirahət də verilir. Göstərilən müddət ərzində
tələbənin yanında kompüterin istifadəsi və
testin icrası ilə bağlı məlumatlarla tanış edən
nəzarətçi müəllim və imtahan rəhbəri olur. TOEFL
proqramının rəsmi İnternet ünvanı
www.toefl.org saytıdır.
Əvvəllər
testdə iştirak etmək üçün qoyulan tələblər
həddindən çox olduğundan namizədlər iştirak üçün
aylarla gözləməli olurdu, ancaq indi bu
problemlər öz həllini tapıb. Artıq bir çox
ölkədə hər dörd həftədən bir imtahanda iştirak
etmək mümkündür. Bütün tapşırıqlar ali təhsil
mühitində istifadə olunan akademik dil
təcrübəsinə uyğun verilir.
Bu gün
Avropanın və ABŞ-ın ali təhsil müəssisələri ilə
yanaşı, bir sıra ümumtəhsil məktəbləri də şagird
qəbulu zamanı ingilis dilini bilmə səviyyəsinin
müəyyən olunmasını tələb edirlər. Bunu nəzərə
alan Təhsil Test Xidməti (ETS) "TOEFL Junior"un
fəaliyyətinə start verib. Burada əsasən 11-14
yaşlı şagirdlər test yoxlamasına cəlb edilir.
TOEFL imtahanını kimlər verə bilər?
Hər il bir
milyona yaxın müxtəlif yaş qruplarındakı
insanlar TOEFL proqramına müraciət edir. Bunun
səbəbi isə müxtəlifdir. Belə ki, kimisi
xəyalındakı universitetə qəbul olunmağı
düşünürsə, bir başqası daha yaxşı işlə təmin
olunmaq üçün bu proqrama müraciət edir.
Hesablamalara əsasən, TOEFL proqramına 1964-cü
ildən bu günə qədər 23 milyondan artıq insan
müraciət edib. "İngilis dilini normal bilmək"
anlayışı aşağıdakı şəxslər üçün orta
(intermediate) və yüksək (advanced) səviyyələri
arasında dəyişir:
·
ali təhsil müəssisəsinə daxil olmağı
planlaşdıran tələbələr;
·
ingilis dilini öyrənmə proqramına qəbul
edilənlər;
·
təqaüdçülər və müvafiq sertifikatlı namizədlər;
·
ingilis dili biliyini daha da inkişaf etdirmək
istəyənlər;
·
viza almaq istəyən tələbə, yaxud işçilər.
Testə müraciət
Dünyanın
100-dən çox ölkəsində keçirilən imtahanlarda
namizədlər istədikləri vaxt iştirak edə
bilərlər. Müraciəti 2 formada etmək mümkündür.
Həm onlayn qaydada, həm də kağız bülletenləri
dolduraraq. Əgər onlayn şəkildə müraciət etmək
istəyirsinizsə, www.toefl.org saytında yerləşən
toefl-registration.ets.org linkinə daxil olub
Təhsil Test Xidmətinə (ETS) üzv olmalısınız.
Bundan sonra ya telefon, yaxud da İnternet
vasitəsilə günü və yeri seçə bilərsiniz.
İmtahanın ödəniş qaydası
TOEFL
imtahanının ödəniş məbləği 150 dollardan 225
dollara qədər dəyişir. Bu məbləğ birbaşa Təhsil
Test Xidmətinə (ETS) ödənilir. Onlayn müraciət
zamanı ödəniş kredit kartı vasitəsilə aparılır.
Əgər seçmək istədiyiniz tarixə 7 gündən az vaxt
qalıbsa, bu zaman məbləğ 180 dollara qədər arta
bilər. Növbəti 3 gün ərzində müəyyən olunmuş
imtahan gününü 40 dollar ödəyərək dəyişmək
mümkündür.
TOEFL testinin formatı
Dünyanın bir
çox ölkəsində keçirilən TOEFL imtahanı ölkəmizdə
də təşkil olunur. İmtahanlar yerindən asılı
olaraq aşağıdakı 3 formada təşkil edilir:
·
Kağız əsaslı test (bundan sonra Paper Based Test
(TOEFL PBT));
·
Kompüterli test (bundan sonra Computer Based
Test (TOEFL CBT));
·
İnternet əsaslı test (bundan sonra İnternet
Based Test (TOEFL İBT)).
Kağız əsaslı test (TOEFL PBT)
İnternetin
mümkün olmadığı yerlərdə kağız əsaslı test
imtahanı verilir. Namizədlər ya onlayn, ya da
TOEFL bülletenini doldurmaqla ənənəvi qaydada
qeydiyyatdan keçməlidirlər. TOEFL PBT
imtahanları ildə 6 dəfə-namizədlər tərəfindən
seçilmiş vaxtda verilir. İştirakçılar
istədikləri qədər imtahan verə bilər, lakin
universitetlər və kolleclər adətən sonuncu
imtahanın nəticəsini nəzərə alırlar. TOEFL PBT
imtahanları 3 saat davam edir və maksimum 677
bal toplamaq mümkündür. İmtahan 4 mərhələdə
həyata keçirilir. Hər mərhələ ayrı-ayrı
bölmələrdən ibarətdir. Onu da qeyd edək ki,
TOEFL PBT digərlərindən fərqli olaraq daha
asandır. TOEFL PBT-də imtahan iştirakçılarına
tapşırıqların icrası zamanı qeyd götürməyə icazə
verilmir.
Dinləmək bölməsi
Dinləmək
bölməsi (30-40 dəqiqə) 3 hissədən ibarətdir. İlk
olaraq müəyyən mövzu ilə əlaqəli söhbət
dinlənilir, daha sonra mətnə müvafiq suallar
verilir. Bu söhbət mərhələlərdən asılı olaraq ya
iki nəfər arasındakı danışıqdan, yaxud da geniş
auditoriya qarşısındakı professorun
mühazirəsindən ibarətdir. Deməli, I hissədə qısa
söhbətlər haqqında 30, II hissədə uzun söhbətlər
haqqında 8 sual verilir. III hissədə isə
namizədlərə mühazirə və danışıq barədə 12 sual
verilir. Namizədlərə dinləyərkən qeyd götürmək
üçün icazə verilmir. Burada məqsəd
iştirakçıların anlamaq bacarıqlarının
öyrənilməsidir.
Qrammatika (Dilin strukturu) bölməsi
Bu bölmədə (25
dəqiqə) düzgün cümlələrdən ibarət 15 və səhvləri
müəyyənləşdirilməli 25 tapşırıq verilir.
Namizədlərin dilin qrammatikasına hansı dərəcədə
yiyələndikləri bu bölmə vasitəsilə
müəyyənləşdirilir.
Oxumaq bölməsi
Bu bölmədə (55
dəqiqə) 5 parçadan ibarət oxu hissələri
göstərilir. Hər hissəyə dair 10, ümumilikdə isə
50 sual verilir. İştirakçıların düzgün tələffüz
qaydaları və oxumaq vərdişləri öyrənilir.
Yazmaq bölməsi
Yazı
bölməsində (30 dəqiqə) orta hesabla 250-300
sözdən ibarət olan bir inşa yazılmalıdır. Lakin
bu, müraciət etdiyiniz universitetin, kollecin
tələbinə görə dəyişə bilər. Bu mərhələ 6 balla
qiymətləndirilir.
Kompüter əsaslı test (TOEFL CBT)
Zamanın tələbi
ilə TOEFL imtahanlarında kompüter texnikasının
imkanlarından istifadə olunmağa başlanıldı.
Bununla da imtahanın formatı tamamilə dəyişdi.
Burada suallar çətinlik səviyyəsinə görə TOEFL
sual bankından avtomatik seçilərək bir-bir
ekranda göstərilir. Namizədlər hər sual üçün
yalnız bir cavab verə bilərlər və I tipli
imtahanda olduğu kimi, burada da yazdığını geri
dəyişmək imkanı yoxdur, həmçinin boş qalmış
variantı saxlayıb növbəti suala keçmək də mümkün
deyil. İmtahan təxminən 3,5 saat davam edir.
İmtahanda maksimum 300 bal toplamaq mümkündür.
Bu testin maraqlı cəhəti odur ki, kompüter özü
namizədin bilik səviyyəsini avtomatik müəyyən
edə bilir. Belə ki, testə başlayarkən namizədə
bir neçə asan və bir neçə çətin sual verərək
onun bilik səviyyəsini müəyyən edir. Hər səhv
cavabdan sonra bir asan sual, hər düz cavabdan
sonra isə bir çətin sual verilir. Beləliklə,
namizədin balı imtahan ərzində dəyişir.
İmtahanın sonunda isə yekun bal göstərilir.
Lakin namizəd suallara verdiyi cavabları sonda
nəzərdən keçirə bilmir. TOEFL PBT-də olduğu
kimi, burada da namizədlərə qeyd götürməyə icazə
verilmir. İştirakçıların bildirdiyinə görə, yeni
tipli testlər yerləşdirildikdən sonra çətinlik
daha da artıb. Buna görə də imtahana getməzdən
əvvəl yenilikləri nəzərdən keçirmək və sınaq
imtahanlarında iştirak etmək məsləhətdir.
Kompüter
əsaslı test 4 əsas bölmədən ibarətdir. Bu
bölmələr TOEFL PBT ilə eyni olduğu üçün yalnız
fərqli olan bölmələr barədə məlumat verəcəyik :
·
Dinləmək (40-60 dəqiqə)
·
Qrammatika (15-20 dəqiqə)
·
Oxumaq (70-90 dəqiqə)
·
Yazmaq (30 dəqiqə)
Yazmaq
bölməsində bir inşa yazılır. Qələmlə, yaxud
kompüterdə yazıla bilər. Əldə olunmuş 12 bal
qrammatika bölməsinə qeyd olunur.
İnternet əsaslı test (TOEFL İBT)
İnternet
əsaslı test 2005-ci ildən başlayaraq tədricən
kompüter və kağız əsaslı testi əvəz etməyə
başladı. Buna baxmayaraq, kağız əsaslı test hələ
də müəyyən yerlərdə tətbiq olunmaqdadır.
ABŞ
universitetlərində ingilis dilini anlayan, lakin
danışa bilməyən tələbə ordusu ilə mübarizə
məqsədilə universitetlərin Təhsil Test Xidmətinə
(ETS) müraciəti əsasında TOEFL İBT yaranıb.
İnternet əsaslı test kağız əsaslı varianta uyğun
hazırlanır. Belə ki, CBT-dən fərqli olaraq,
sualları doğru cavablandırdıqca növbəti suallar
çətinləşmir.
TOEFL İBT
2005-ci ildən ABŞ, Kanada, İngiltərə, Fransa,
Almaniya və İtaliyada mərhələli şəkildə təqdim
edilməyə başlanıldı. 2006-cı ildən isə artıq
dünyanın digər ölkələrində tətbiq edilir.
2006-cı ilin sentyabrında kompüter əsaslı testin
dayandırıldığı söylənsə də, bu, uzun müddət
davam etmədi.
İnternetin
sürətli inkişafı həm testin formatına, həm də
mövcud olan bir sıra çatışmazlıqların aradan
qaldırılmasına yardım edir. İmtahanın bu növü
digərlərindən çətin olmasına baxmayaraq, bu gün
ən çox TOEFL İBT-yə müraciət olunur.
İştirakçılara TOEFL İBT imtahanı 4 saat davam
edir, maksimum 120 bal toplamaq olar. TOEFL
digər növlərindən fərqli olaraq bu imtahan
ərzində iştirakçılara qeyd götürməyə icazə
verilir, lakin namizədlər həftədə bir dəfədən
artıq imtahan verə bilməzlər.
TOEFL İBT aşağıdakı bölmələrdən ibarətdir:
Oxumaq
Oxumaq bölməsi
(60-100 dəqiqə) hər biri təqribən 700 söz olan
3-5 hissə və bu hissələr barədə suallardan
ibarətdir. Hissələr akademik mövzudadır. Belə
mövzulara hər bir tələbənin universitet
dərsliyində rast gəlmək mümkündür. Hissələr
səbəb-təsir, müqayisə-kontrast və əsaslandırma
kimi ritorik funksiyaları anlamağı tələb edir.
Tələbələr əsas ideya, detallar, nəticələr,
əhəmiyyətli informasiyalar, cümlə birləşmələri,
ritorik məqsədlər və sətiraltı mənalar barədə
sualları cavablandırmalıdırlar. Nəzərinizə
çatdıraq ki, TOEFL İBT-nin yeni tipli
suallarında birləşdirilmiş icmalları və
cədvəlləri doldurmaq tələb olunur.
Dinləmək
Dinləmək
bölməsi (20 dəqiqə) hər biri 3-5 dəqiqədən
ibarət olan 6 hissədən və bu hissələrə verilən
suallardan ibarətdir. Bu hissələrə tələbələrin
söhbəti və akademik mühazirə daxildir. İlk
olaraq söhbət 2 adam arasında gedir. Akademik
mühazirədə isə tələbənin məlumatı olmadığı
mövzular da yer ala bilər. Həm söhbət, həm də
mühazirə yalnız bir dəfə eşidilir. Tələbələr
dinləyərkən qeyd götürə və suallara cavab
verərkən bu qeydlərə istinad edə bilərlər. Hər
söhbətə görə 5, hər mühazirəyə görə isə 6 sual
verilir. Suallar əsas ideyanı, nəticəni,
ideyalar arasındakı əlaqəni, informasiyanın
təşkilini, danışanın məqsəd və münasibətini
anlamaq qabiliyyətini ölçməyi nəzərdə tutur.
Danışmaq
Bu bölmə
(60-90 dəqiqə) TOEFL imtahanı üçün yenidir.
Danışmaq bölməsi 6 tapşırıqdan ibarətdir.
Bunlardan ikisi sərbəst tapşırıqdır.
Birinci
sərbəst tapşırıqlar verilir. Belə ki, kompüter
vasitəsi ilə hər hansı mövzu barəsində soruşulan
suallar cavablandırılmalıdır. Eyni zamanda
namizədlərdən müstəqil bir mövzu barədə danışmaq
tələb edilir. Burada onların sərbəst, aydın və
rabitəli danışıq qabiliyyətləri yoxlanılır.
Tapşırığın ikinci hissəsində verilən bir bəndi
oxumaq və eyni mövzu barəsində danışığı dinləmək
tələb olunur. Belə ki, iştirakçı 30 saniyə
düşündükdən sonra verilən mövzu ilə bağlı 60
saniyə müddətində danışmalı, sonra isə iki sualı
cavablandırmalıdır. Üçüncü hissədə də
namizədlərdən hər hansı bir mövzuda danışığı
dinləyib qeyd götürmələri tələb olunur. Bundan
sonra da iki sual verilir. Yekun bal ümumi
cavablara görə təyin olunur.
Yazmaq
Yazmaq bölməsi
(55 dəqiqə) iki hissədən ibarət olub akademik
qaydada yazmaq qabiliyyətini yoxlamaq üçün
müəyyənləşdirilib. Birinci mərhələdə akademik
mövzu ilə əlaqədar hissə oxunur, daha sonra eyni
mövzu müzakirə edilir. Namizədlər oxuduqları ilə
dinlədiklərini əlaqələndirərək açar sözlər
vasitəsilə anladıqlarını xülasədə
yekunlaşdırmalıdırlar. İkinci mərhələdə isə
verilmiş hər hansı bir mövzuda inşa (essay)
yazılmalıdır. Bu tapşırığın icrası üçün 30
dəqiqə vaxt ayrılır.
Bəzən test
bölmələrinə əlavə, nəzərdə tutulmayan
materiallar da daxil edilir. Təhsil Test Xidməti
(ETS) gələcək test formaları üçün imtahan
suallarını istiqamətləndirmək məqsədi ilə bura
əlavə materiallar daxil edir. Məsələn, əgər 3
yox, 4 ədəd oxu hissəsi varsa, bunlardan biri
əlavədir. Qiymətləndirilərkən onlardan 3-ü
nəzərə alınır. Hər test bölməsində yalnız bir
hesablanmayan hissə ola bilər.
Qəbul olunan TOEFL balları
Kolleclərin
çoxu TOEFL sertifikatını qəbul şərtlərindən
yalnız biri kimi müəyyən edir. Bu proqramla
tələbə və işçi qəbul edənlər çox zaman minimum
TOEFL balını tələb edirlər. Minimum TOEFL İBT
balı 61-dən 109-a qədərdir. Əvvəlki TOEFL
hesablarının təcrübəsi göstərir ki, məktəblilər
üçün bu hesab 82,6 bal olsa da, tələbələr üçün
bu 74,2 baldır. Məsləhət görülür ki, namizədlər
seçdikləri istiqamət üzrə tələb olunan TOEFL
ballarını imtahandan əvvəl nəzərdən keçirsinlər.
Qeyd edək ki,
TOEFL proqramına ölkəmizdən müraciət edənlərin
sayı ilbəil artır. Ölkəmizdə TOEFL proqramına
hazırlıq məqsədilə müxtəlif kurslar, dərnəklər
fəaliyyət göstərir.
Ceyran EYVAZZADƏ,
Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin
məsləhətçisi |