Orhus
Universiteti (Aarhus University) Danimarkanın
Orhus şəhərində yerləşir və Kopenhagen
Universitetindən sonra ölkənin ikinci ən böyük
və qədim ali məktəbidir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement
- QS World Universities Rankings" jurnalının
2009-cu ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Orhus Universiteti 100 ən
yaxşı ali məktəb arasında 63-cü yerdə olub.
2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında Orhus Universiteti
"Times Higher Education World University
Rankings"in apardığı araşdırmaya əsasən 167-ci,
"QS World University Rankings"in açıqlamasına
görə isə 84-cü yerdə qərarlaşıb.
Tarixi
Orhus
Universiteti 1928-ci il sentyabrın 11-də
yaradılıb. Bu zamana qədər Danimarkada təkcə bir
universitet - Kopenhagen Universiteti fəaliyyət
göstərirdi. Ölkənin ikinci ən böyük şəhəri olan
Orhusda universitet yaradılmasına ehtiyac
duyulurdu. Bu zaman Orhus şəhərinin bələdiyyəsi
yeni universitetin yaradılması üçün 33 min kron
vəsait ayırır. 1928-ci ildən Orhus şəhərindəki
Texniki Kollecin sinif otaqlarını icarəyə
götürən Orhus Universitetinin Humanitar elmlər
fakültəsi fəaliyyətə başlayır. Fakültənin
müəllim heyəti fəlsəfə üzrə 1 professor,
Danimarka, ingilis, alman və fransız dilləri
üzrə 4 dosentdən ibarət olur. 1933-cü ildən yeni
yaradılmış ali məktəb yerləşdiyi şəhərin adına
əsasən rəsmi olaraq Orhus Universiteti adını
daşıyır, bir il sonra isə universitetin
humanitar fakültəsi akkreditasiyadan keçir və
imtahan keçirmək hüququ qazanır. Həmin vaxtadək
tələbələr tədqiqatlarını Kopenhagen
Universitetində aparırdılar. 1933-cü ildə Orhus
Universitetinin Sağlamlıq elmləri, 1936-cı ildə
İqtisadiyyat və hüquq, 1942-ci ildə İlahiyyat
fakültələri açılır. Ali məktəbin kampusu memar
Kristian Frederik Müller tərəfindən inşa edilir
və indiyədək kampusun binalarının tikintisi
"Müller arxitektorları" firması tərəfindən
həyata keçirilir.
II
Dünya müharibəsində Danimarka almanlar
tərəfindən işğal olunduğu dövrdə gestapo Orhus
Universitetinin tələbə şəhərciyindəki iki
yataqxananı öz qərargahlarına çevirirlər.
1944-cü il oktyabrın 31-də Danimarka müqavimət
hərəkatının tələbinə əsasən, Kral hava qüvvələri
gestaponun yerləşdiyi universitet
yataqxanalarına havadan zərbələr endirir və
onları yerlə yeksan edir. Lakin təyyarələrin
biri almanlar tərəfindən topla vurulduğuna görə
universitetin əsas korpusuna da bombalar düşür.
Bu hadisə zamanı əsas binada olan memar Müller
xoşbəxtlikdən sağ qalır və bir müddət sonra onu
dağıntıların altından qazıb çıxarırlar. Deyilənə
görə, Müller özünə gələn kimi soruşur: "Arkalar
dağılmayıb ki?". Müller əsas binanın bəzədilmiş
hörgü arkalarını nəzərdə tuturdu və bilirdi ki,
arkalar dağılsa, onların yenidən qurulması üçün
vəsait toplamaq mümkün olmayacaq. Arkalar isə
heç bir zədə almır və hazırda da mövcuddur.
Bombardman zamanı 10 fəhlə həlak olur. Danimarka
müqavimət hərəkatı hava hücumu zamanı mülki
əhali arasında tələfatın qarşısını almaq üçün
kampusun modeli üzərində bir neçə ay gərgin məşq
aparıb. Buna səbəb Orhus Universitetinin
kampusunun iki xəstəxana ilə əhatə olunması və
sıx məskunlaşmış rayonda yerləşməsi olub.
II Dünya
müharibəsindən sonra Orhus Universiteti tədricən
bərpa olunmağa başlayır, yeni tədris proqramları
qəbul edilir, tələbə və müəllimlərin sayı artır,
yeni fakültələr açılır. 1948-ci ildə Danimarkada
aparılan orfoqrafiya islahatlarından sonra Orhus
şəhərinin adı Å hərfi ilə yazılsa da (Århus),
universitetin adı hazırda da köhnə variantda
(iki A ilə - Aarhus) olduğu kimi qalır. 1954-cü
ildə universitetdə bir neçə fakültənin
birləşməsi nəticəsində Dəqiq elmlər fakültəsi
yaradılır.
2007-ci
ildə universitetin Kənd təsərrüfatı elmləri
fakültəsi açılır. 1939-cu ildən fəaliyyət
göstərən Orhus Biznes Məktəbi, eləcə də Milli
Ekologiya Tədqiqatları İnstitutu (NERI)
universitetə birləşdirilir.
Büdcəsi və
təhsil haqqı
2009-2010-cu
tədris ilində Orhus Universitetinin illik
gəlirləri 5270096000, illik xərcləri isə
5273853000 Danimarka kronu (DKK) təşkil edib.
Orhus
Universitetinə yerli abituriyentlər imtahansız,
orta məktəbin buraxılış imtahanlarının
nəticəsini təqdim edərək qəbul olunurlar.
Universitetdə yerli və Avropa Birliyinə daxil
olan ölkələri təmsil edən tələbələr ödənişsiz
oxuyurlar. Orhus Universitetində əcnəbi
tələbələrin təhsil haqqı İctimai, Humanitar
elmlər, İlahiyyat fakültələrində, Təhsil
Məktəbində ildə 9100 avro, Biznes Məktəbində
11500 avro, Dəqiq elmlər və texnologiya,
Sağlamlıq elmləri fakültələrində ildə 15300 avro
təşkil edir. Təhsil haqqı tələbənin fakültədə
qeydiyyata düşməsindən 1 ay əvvəl ödənilməlidir.
Dünyanın digər
universitetlərində olduğu kimi, Orhus
Universiteti də tələbələrə müxtəlif təqaüd və
kreditlər təklif edir. Danimarka Dövlət
təqaüdünün məbləği təhsil və yataqxana
xərclərindən azad edilməklə bərabər ayda orta
hesabla 7500 Danimarka kronu təşkil edir. Təqaüd
və kredit almaq üçün tələbə avqust və fevral
ayında universitetə yazılı ərizə ilə müraciət
etməlidir. Tələbə götürdüyü krediti oxuduğu
müddətdə tədricən və ya universiteti bitirib işə
düzəldikdən sonra geri qaytarır. Əgər tələbə ali
məktəbi bitirdikdən sonra sağlamlığı ilə
əlaqədar və digər səbəblərə görə işləmək
imkanını itirirsə və ya iş tapa bilmirsə
götürdüyü kredit ona bağışlanır.
Universitet
bu gün
Orhus
Kopenhagendən sonra Danimarkanın ikinci ən böyük
şəhəridir və Yutlandiya yarımadasının şərqində
yerləşir. Təpə və meşələrdən ibarət bu liman
şəhəri çox əlverişli coğrafi mövqeyə malikdir.
Ölkənin bütün hissələrinin dəmir yolları Orhus
şəhərində kəsişir. 1,2 milyon əhalisi olan
şəhərin insanları çox mehriban və
qonaqpərvərdir.
Orhus
Universiteti kampusunun planı 1931-ci ildə
danimarkalı memarlar Kristian Frederik Müller,
Key Fisker, Pol Steqmann və landşaft memarı Karl
Teodor Sorensen tərəfindən hazırlanıb. Kampusun
tikintisinə 1932-ci ildə başlanıb və XXI əsrədək
davam edib. Plana əsasən böyük sahədə tikilmiş
binalar sarı kərpic və kirəmitdən ibarət
olduğundan bütün kampusa eyni görünüş verir.
Binalara sarmaşan bitkilər, yaşıl qazon və
parklar, göllər kampusa əvəzolunmaz gözəllik
bəxş edir. Orhus Universitetinin binaları
Danimarkanın Mədəniyyət Nazirliyi tərəfindən
ölkənin memarlıq nümunələri kimi qorunur.
2011-ci il
yanvarın 1-dən Orhus Universiteti 4 akademik
sahəyə bölünüb:
Milli Ekoloji
Tədqiqatlar İnstitutu, Kənd təsərrüfatı elmləri
və Dəqiq elmlər fakültələri birləşdirilərək
Orhus dəqiq elmlər və texnologiya fakültəsi
yaradılıb. Fakültəyə yeni dekan - Brayan Bek
Nielsen təyin edilib. Fakültəyə Biologiya,
Kimya, Riyaziyyat, Kompüter, Yer, İdman elmləri,
Molekulyar biologiya, Fizika və astronomiya,
Elmi tədqiqatlar departamentləri, 30-dan çox
elmi-tədqiqat mərkəzi, Təbiətşünaslıq tarixi,
Steno elm və tibbin tarixi muzeyləri, Ole Remer
rəsədxanası, Orion planetarisi, Orhus Botanika
bağı oranjereyası aiddir.
Humanitar,
İlahiyyat fakültələri, eləcə də Danimarka Təhsil
Məktəbi birləşdirilərək Orhus incəsənət
fakültəsi yaradılıb. Fakültənin rəhbəri dekan
Mette Thunodur. Humanitar fakültəyə
Antropologiya, arxeologiya və linqvistika,
Estetik tədqiqatlar, Tarix və regionşünaslıq,
İnformasiya və media tədqiqatları, Dil,
ədəbiyyat və mədəniyyət, Fəlsəfə və ideyaların
tarixi, Skandinav tədqiqatları departamentləri,
Humanitar Ali Məktəbi, Vizuallaşma və Qarşılıqlı
Təsir, Təhsilin İnkişafetdirilməsi və s. 20-dən
çox elmi-tədqiqat mərkəzi, Qədim incəsənət,
Qədim şəhər, Moesgaard muzeyləri aiddir.
İlahiyyat
fakültəsi İncil tədqiqatları, Kilsə tarixi və
praktik ilahiyyat, Sistematik ilahiyyat, Dini
tədqiqatlar, Ərəb və İslam tədqiqatları
bölmələrindən, Dini Tədqiqatlar və İlahiyyat Ali
Məktəbindən (magistrant və doktorantlar üçün),
Bioetika və Nanoetika, Müasir Din, Antik və
Xristian Tədqiqatları, Qrundtviq Təhsil
elmi-tədqiqat mərkəzlərindən ibarətdir.
Danimarka Təhsil Məktəbində Pedaqogika, Tədris,
Kurikulum tədqiqatları, Mütləq orta təhsil
departamentləri fəaliyyət göstərir.
İctimai elmlər
fakültəsi və Biznes Məktəbi birləşdirilərək
Orhus Biznes Məktəbi yaradılıb. Məktəb dekan
Svend Hilleberq tərəfindən idarə olunur. Biznes
Məktəbinin nəzdində Hüquq, İqtisadiyyat və
Menecment məktəbləri, Siyasi elmlər,
Psixologiya departamentləri, Danimarka Siyasi
Tədqiqatlar, Milli Qeydiyyat Tədqiqatları
Əsaslı, Alkoqol və Narkotik Tədqiqatları, Tədris
və Təhsil elmi mərkəzləri mövcuddur.
Sağlamlıq
elmləri fakültəsində bir sıra dəyişikliklər
edilərək yeni Orhus sağlamlıq elmləri fakültəsi
yaradılıb. Fakültənin dekanı Allan Flivbjerqdir.
Sağlamlıq elmləri fakültəsinə İctimai Səhiyyə
Məktəbi (Ümumi müalicə təcrübəsi,
Biostatistika, Sosial tibb və epidemiologiya,
Ətraf mühit və əmək tibbi, Elm və tibb bacısı,
Sağlamlıq xidmətləri tədqiqatları
departamentlərindən ibarətdir), Anatomiya
departamenti, Fiziologiya və Biofizika İnstitutu
(Fiziologiya, Biofizika, Əczaçılıq, İnsan
genetikası, Tibbi biokimya, Mikrobiologiya və
immunologiya, Məhkəmə tibbi, Stomatologiya
departamentləri, Kliniki Tibb İnstitutundan
ibarətdir), Membran Reseptorlar və Əsəb
Xəstəlikləri Mərkəzi, Stomatoloq Köməkçiləri,
Gigiyenaçı və Klinika Texnikləri Məktəbi, Orhus
Universitet xəstəxanası daxildir.
Universitetin
Nanoelmlər Fənlərarası Mərkəzi 2002-ci ildə
professor Flemminq Besenbacher tərəfindən
yaradılıb və nanoelmlər üzrə fənlərarası
tədqiqatlar üçün geniş spektrdə proqramlar
təklif edir. Burada təhsil, əsasən, fizika,
kimya, biologiya, molekulyar biologiya,
riyaziyyat, kompüter elmlərini əhatə edir.
Orhus
Universitetinin kitabxana sistemi çox zəngindir
və Danimarka dövlətinə məxsus milli kütləvi
kitabxanadır (xüsusilə universitet kitabxanası).
Universitetin kitabxana sisteminə ümumilikdə 2
əsas və 24 sahə kitabxanası daxildir. Əsas
kitabxanalara Universitet və
Danimarka Elektron Tədqiqatlar, sahə
kitabxanalarına isə Humanitar fakültəyə məxsus
Dil, ədəbiyyat və mədəniyyət, IT-Katrinebjerg,
Moesqaard, Rinqqade, Estetika, Sağlamlıq elmləri
fakültəsinə məxsus Sağlamlıq elmləri,
Stomatologiya, İctimai elmlər fakültəsinə məxsus
Hüquq, Siyasi elmlər, İqtisadiyyat, Psixologiya,
İlahiyyat fakültəsinə məxsus İlahiyyat, Dəqiq
elmlər fakültəsinə məxsus Biologiya, Kimya,
Kompüter elmləri və informasiya-media
tədqiqatları, Yer elmləri, Elm və tibbin tarixi,
Riyaziyyat, Fizika və Astronomiya, İdman
elmləri, Kənd təsərrüfatı fakültəsinə məxsus
DJF, Biznes Məktəbinə məxsus ASB, Danimarka
Təhsil Məktəbinə məxsus Milli təhsil, Milli
Ekologiya İnstitutunun
NERI
kitabxanaları aiddir. Kitabxana sisteminə
dünyanın bir çox dillərində milyonlarla kitab
daxil olmaqla jurnallar, kitabçalar, musiqi
partituraları, filmlər, şəkillər, xəritələr və
s. daxildir. Kitabxana sisteminin veb-saytına
daxil olmaqla oxucular lazımi materialları əldə
edə bilərlər.
Orhus
Universitetinin rektoru hazırda Lourints Broder
Holm Nilsen, prorektoru isə Seren Frandsendir.
Universitetdə ümumilikdə 11000 əməkdaş fəaliyyət
göstərir. Onların 4000-ə yaxını
professor-müəllim, qalanları isə inzibati və
texniki heyətdir. Bu ali təhsil müəssisəsində
38000-dən çox şəxs təhsil alır.
Orhus
Universitetinin 8000-nə yaxın yataqxana
kompleksi mövcuddur. Yataqxanalarda otaq tutmaq
üçün universitetin Mənzil İdarəsinə ərizə ilə
müraciət etmək və növbəyə yazılmaq lazımdır.
Universitetə qabaqcadan müraciət edən tələbə
otaqla daha tez təmin olunma şansı qazanır (ən
yaxşı vaxt iyulun 1-dən avqustun 1-dəkdir).
Kampus daxilində yerləşən yataqxanalardan
Bronzealdervaenget, Borqlum Kollegiet, Danimarka
Kollegiet, Qrundtvigs Hus Kollegiet, Hejredal
Kollegiet, Klovergarden, Kollegierne i
Universitetsparken, Vilhelm Kiers Kollegium,
Teknologkollegiet, Stenaldervej Kollegiet,
Skelager Kollegiet və s. qeyd etmək olar.
Kampusdan kənardakı yataqxanalar Orhus şəhərinin
müxtəlif yerlərində yerləşir. Otaqların qiyməti
yataqxanadan və otağın şəraitindən asılı olaraq
1500-5000 Danimarka kronu arasında
dəyişir (əksər yataqxanalarda qiymətlər
2000-3000 kron arasındadır). Yataqxanaların
hovuzu, idman kompleksləri, ticarət mərkəzləri,
yeməkxana və kafeləri mövcuddur, burada ictimai
nəqliyyat çox rahat təşkil olunub. Tələbələr
nəqliyyat vasitəsi kimi velosipedə daha çox
üstünlük verirlər.
Orhus
Universitetində iki böyük tələbə təşkilatı -
Tələbə İttifaqı və Studenterlauget mövcuddur.
Tələbə İttifaqı bütün universitet,
Studenterlauget isə Orhus Biznes Məktəbi üzrə
fəaliyyət göstərir. Bu təşkilatlar müxtəlif
konsert və tədbirlər, seminar və konfranslar
təşkil edir, Tələbə İttifaqı "Delfinen" tələbə
jurnalı çap edir. Universitetdə siyasi
təşkilatlar da (Sosial-demokratlar,
Mühafizəkarlar, Liberallar və s.) yaradılıb.
Mühafizəkarlar tələbə təşkilatı "Critique"
jurnalı, Liberallar isə "Minerva" vərəqələri
nəşr edir.
Orhus
Universitetinin missiyası elmi-tədqiqatlar
aparmaq, yeni proqramlar qəbul edərək dünyada
elmin, milli və qlobal rifahın inkişafını təmin
etmək, dünyanın ən elit universitetləri arasında
olmaqdan ibarətdir. Universitetin tələbə və
müəllimləri ətraf mühitlə sıx və dinamik
əlaqələr qurur, yeni-yeni elmi nailiyyətlərə
imza atırlar. Bu ali məktəbdə beynəlxalq
əməkdaşlığa xüsusi önəm verilir, xaricdən alim
və tələbə cəlb etmək üçün məqsədyönlü işlər
görülür.
Orhus
Universitetinin şüarı belə səslənir:
"Dərinliklərdə möhkəm bünövrə axtarın".
Universitetin məşhur məzunları
|
Aleksandrina İnqrid II Marqret |
Danimarka kraliçası |
|
|
Frederik Andre Henrik Xristian |
Danimarkanın taclı şahzadəsi |
|
|
Anders Foq Rasmussen |
2009-cu ildən NATO-nun Baş katibi |
|
|
Yıldız Akdoqan |
Danimarka siyasətçisi, 2007-ci ildən
Parlamentin üzvü |
|
|
Seren Qade |
Danimarkanın sabiq müdafiə naziri |
|
|
Oge Frandsen |
Danimarka siyasətçisi, Parlamentin sabiq
üzvü |
|
|
Sven Oken |
siyasətçi, Sosial-Demokrat Partiyasının
sabiq sədri |
|
|
Naser Kader |
2007-2009-cu illərdə Liberal İttifaqının
(Danimarkada siyasi partiya) sədri |
|
|
Yens Peter Bonde |
jurnalist, yazıçı, siyasətçi, Avropa
Parlamentinin sabiq üzvü |
|
|
Yorgen Kristensen Dan Yorgensen |
2004-cü ildən Avropa Parlamentinin üzvü |
|
|
Toger Seydenfaden |
"Politiken"
gündəlik qəzetinin baş redaktoru |
|
|
Yens Xristian Skou |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Byern Straustrup |
danimarkalı alim, proqramlaşdırma
dilinin ixtiraçısı |
|
|
Dalgaqaard |
məşhur
Danimarka astronomu |
|
|
Devid Qress |
Danimarka-Amerika tarixçisi |
|
|
Lene Hau |
məşhur danimarkalı fizik |
|
|
Con Frandsen |
danimarkalı bəstəkar, orqançı və dirijor |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|