(Əvvəli qəzetimizin 14 yanvar tarixli
nömrəsində)
2. Ali
təhsilin innovativ inkişafi
Məlum
olduğu kimi, müasir ali təhsilin müxtəlif
istiqamətləri var: ali iqtisadi təhsil, ali
texniki təhsil, ali tibbi təhsil, ali aqrar
təhsil, ali hüquqi təhsil, ali pedaqoji təhsil
və s. Bu təhsil istiqamətlərinin ümumi
cəhətləri olduğu kimi, xeyli fərqli, spesifik
cəhətləri də var. Bir məqalə çərçivəsində bu
istiqamətlərin hamısının innovativ inkişaf
problemlərini, informatlaşma məsələlərini
əhatə etmək, təbii ki, mümkün deyil, bu iş
bəlkə də yüzlərlə mütəxəssisin illərlə tədqiq
etməli olduğu problemlərdir. İnkişaf etmiş
ölkələrdə bu problemlər xeyli müddətdir ki,
ciddi tədqiq edilir, bu sahədə təhsil
tədqiqatlarına güclü investisiya qoyulur. Bu
mənada ali təhsilin yalnız bir istiqaməti - ali
pedaqoji təhsilin İKT əsaslı innovativ inkişaf
problemləri barədə fikrimizi bildirəcəyik. Bu
seçim həm də bizim uzun müddət ərzində pedaqoji
təhsil müəssisəsində fəaliyyətimizlə bağlıdır.
Müasir
informasiya cəmiyyətində tələbə lazımi məlumatı
axtarmaq, seçmək, təhlil etmək, yeni informasiya
yaratmaq, bu əsasda mövqe formalaşdırmaq, qərar
qəbul etmək və qərarı həyata keçirmək kimi
səriştələrə yiyələnməlidir. Müasir müəllimin
əsas funksiyası şagirdlərə öyrənməyi
öyrətməkdir. Bunun üçün müəllim özü daima
inkişafda olmalıdır.
Elmi
biliklərin həcmi bu gün sürətlə artır,
təhsilin məzmunu fasiləsiz təkmilləşir, yaranan
yeni biliklər davamlı olaraq universitet
proqramlarına daxil edilir. Lakin universitetdə
tədris materialının öyrənilməsinə ayrılmış vaxt
məhduddur. Belə vəziyyət tədris prosesində
müasir texnologiyalardan, innovativ təhsil
metodlarından istifadəni tələb edir. Əgər
əvvəllər müəllim əsas informasiya mənbəyi idisə,
indi vəziyyət dəyişmişdir. İndi müəllim
informasiya mənbələri ilə tələbə arasında
vasitəçi funksiyasını yerinə yetirir. O,
tələbəyə müxtəlif təyinatlı informasiya
mənbələri ilə səmərəli iş metodlarını,
informasiya proseslərini öyrətməlidir. Bütün bu
xüsusiyyətlər ali təhsilin, o cümlədən
pedaqoji təhsilin məzmun və texnologiyasını
təkmilləşdirməyi tələb edir. Müasir pedaqoji
təhsilin məqsədi informasiya cəmiyyətinin,
innovasiya cəmiyyətinin tələblərinə uyğun
yeni formatlı müəllim kadrları hazırlamaqdır.
Bu gün universitetlərimizdə Avropa və dünya
təhsil sisteminə inteqrasiya istiqamətində
"2009-2013- cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar
üzrə Dövlət Proqramı", təhsilin
informatlaşması istiqamətində "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" icra edilir. Digər universitetlər
kimi, ali pedaqoji təhsil müəssisələri də
Avropa təhsil məkanına inteqrasiyaya cəhd edir,
tədris prosesi informatlaşır. Bu dövlət
proqramlarının qəbulundan iki il əvvəl isə
"Azərbaycan Respublikasında fasiləsiz pedaqoji
təhsil, müəllim hazırlığının konsepsiya və
strategiyası", 2008-2015-ci illər üçün bu
strategiyanın icrası ilə əlaqədar müvafiq
tədbirlər planı hazırlanmış, 2007-ci ildə
Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Strategiya və tədbirlər planına uyğun olaraq
pedaqoji təhsilin informatlaşması istiqamətində
aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur:
1. Müəllim
hazırlığında İKT-nin, yeni təlim üsulları və
texnologiyaların tətbiqi.
2. Pedaqoji
ixtisaslar üzrə təhsil alan tələbələrin
biliyinin cari və yekun qiymətləndirilməsi üzrə
yeni üsulların, texnologiyaların, İKT
vasitələrinin tətbiqi.
3. Pedaqoji
təhsil müəssisələrində distant təhsil formasının
tətbiqi.
4. Pedaqoji
təhsil müəssisələrinin kompüterləşdirilməsi,
elektron təhsilin həyata keçirilməsi.
Göründüyü
kimi, "Fasiləsiz pedaqoji təhsil, müəllim
hazırlığının konsepsiya və strategiyası"nın
tədbirlər planında pedaqoji təhsilin
informatlaşması istiqamətində əhəmiyyətli
layihələr nəzərdə tutulmuşdur. Hesab edirik ki,
bu layihələr çərçivəsində "Pedaqoji təhsilin
informatlaşması strategiyasi" və strategiyanın
yaxın 5 il ərzində reallaşması üçün tədbirlər
planı hazırlanmalı, onun reallaşması üçün
lazımi maliyyə dəstəyi verilməlidir. Müqayisə
üçün bildirək ki, qonşu Rusiya və Türkiyədə
analoji innovativ layihələr üçün hər bir
universitetə ildə 2-8 milyon ABŞ dolları
həcmində investisiya qoyulur, həmin
universitetlərin inkişafının əsas səbəblərindən
biri məhz mükəmməl investisiya siyasətidir. Bu
amil universitetlərin inkişafı üçün zəruri
şərtdir (son 20 ildə bu, bir daha hiss edildi).
Bazar münasibətləri şəraitində təhsil
siyasətinin mühüm hissəsi səmərəli investisiya
siyasətinə bağlıdır, əgər investisiya təhsilin
keyfiyyətini yüksəltmirsə, deməli, səmərəsızdır.
İnformasiya cəmiyyəti şəraitində təhsilə qoyulan
investisiya əsasən innovasiyalara, nəticə
etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə
xidmət etməlidir (yəni investisiyalar maddi
obyektlərə yox, qeyri-maddi obyektlərə,
elmtutumlu məhsullara yönəlməlidir).
Pedaqoji
təhsilin İKT əsasında innovativ inkişaf
layihələrinin hazırlanması və icrası zəruri
maliyyə dəstəyi olmasa mümkünsüzdür. Bu, müasir
tələblərə cavab verən müəllim kadrlarının
hazırlanması üçün zəruridir.
Eyni zamanda
qeyd etməliyik ki, bəzi pedaqoji profilli
universitetlərdə dövlət proqramlarından asılı
olmadan daxili imkanlar hesabına müəyyən işlər
görülür, məsələn, ADPU-da belə təşəbbüslər var.
2007-ci ildə Kompüter Mərkəzi yenidən təşkil
edildi, məqsəd pedaqoji təhsilin
informasiya-təhsil məkanının formalaşması, bu
əsasda pedaqoji təhsilin keyfiyyətinin və
əlyetərliyin təmin edilməsi idi. Pedaqoji
təhsilin informasiya-təhsil məkanının
formalaşması məqsədi ilə Kompüter Mərkəzinin 5
illik iş planı və onun icrası üçün zəruri
layihələr sistemi müəyyənləşdirildi. Tələbələrin
biliklərinin qiymətləndirilməsində bir çox
qabaqcıl dünya universitetlərində uğurla tətbiq
edilən "Elektron-test sistemi" layihəsi
hazırlanıb müvəffəqiyyətlə sınaqdan çıxarılıb
və bu gün uğurla tətbiq edilir. Lakin hər
bir yeniliyin tətbiqi təbii olaraq əlavə
problemlər də yaradır, onları həll etmədən
inkişaf mümkün olmur.
Son vaxtlar
respublikanın pedaqoji ictimaiyyəti qiyabi
təhsildə distant texnologiyalarının tətbiqi
zərurəti barədə müzakirələr aparır. Nəhayət
gec də olsa, XXI əsrin ən böyük təhsil
innovasiyası olan distant təhsilin
respublikamızda da reallaşması, deyəsən,
yaxınlaşır. "Fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığının konsepsiya və
strategiyası"nın müvafiq tədbirlər planına uyğun
olaraq respublikamızda distant pedaqoji təhsil
sisteminin yaradılması və inkişafına ciddi
ehtiyac var. Bu gün əksər ölkələrdə, o cümlədən
bir çox MDB ölkələrində müəllimlərin ilkin
hazırlığı, yenidənhazırlığı, ixtisasartırılması
distant təhsil texnologiyaları vasitəsilə
reallaşır. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan
və s. ölkələrdə 10 ildən artıqdır ki, bu sahədə
sistemli iş aparılır, xeyli təcrübə
toplanmışdır. Hesab edirik ki, respublikada
belə bir pilot layihəni də ADPU-da başlamaq
mümkündür. Bu, virtual pedaqoji təhsilin
inkişafına səbəb olmaqla yanaşı, müəllimlərin
fasiləsiz əlavə təhsili üçün imkanlar verə
bilər. Digər mühüm məsələ pedaqoji təhsil
üçün elektron tədris resurslarının
hazırlanmasıdır. Pedaqoji ixtisasların spektri
və tədris planında olan fənlərin müxtəlifliyi,
Boloniya prosesinə keçidlə əlaqədar
tələbələrin müstəqil işlərinin xüsusi çəkisinin
artması bunu tələb edir. İnternetdə pedaqoji
təhsillə əlaqədar milli resurslar demək olar ki,
yoxdur. Bu istiqamətdə də sistemli iş aparmaq
lazımdır.
Respublikada
pedaqoji təhsil portalının yaradılması
əhəmiyyətli ola bilər. Portal vasitəsi ilə
pedaqoji təhsil müəssisələri bir-birləri ilə
daha sıx əlaqələr yarada bilər, virtual
əməkdaşlıq edər, pedaqoji təhsil problemlərinə
dair müəyyən forumlar təşkil edər, elektron
nəşrlər hazırlaya bilərlər. Portal tələbə,
magistr, doktorantlar, alimlər və gənc
müəllimlər üçün faydalı ola bilər. Portalda
pedaqoji təhsil üzrə zəruri elektron resurslar,
beynəlxalq təcrübəyə dair materiallar verilə
bilər. Portal vasitəsi ilə peşəyönümü işi
aparmaqla abituriyentləri, istedadlı gəncləri
pedaqoji sahəyə yönəltmək mümkündür. Bu, ali
pedaqoji məktəblərin adambaşına maliyyələşmə
prinsipinə keçdiyi ərəfədə əhəmiyyətli ola
bilər.
Təhsilin
informatlaşması elə bir prosesdir ki, burada
beynəlxalq təcrübə çox fayda verə bilər.
Lakin bu təcrübəni olduğu kimi respublikada
tətbiq etmək mümkün deyil, burada zaman, məkan
və imkan amilləri nəzərə alınmalıdır. Rusiya
Federasiyasında ümumtəhsil məktəblərinin
informatlaşması prosesində ali pedaqoji təhsil
müəssisələri mühüm rol oynayır.
Respublikamızda da orta təhsilin ( eləcə də
orta ixtisas, ali və ilk - peşə təhsilinin )
informatlaşması istiqamətində pedaqoji təhsil
müəssisələrinin böyük perspektivləri var.
Məlum olduğu kimi, bu təhsil pillələrinin hər
birinin inkişafı üçün xüsusi dövlət
proqramları təsdiq edilmiş, icrasına maliyyə
vəsaiti ayrılmışdır. Bu inkişaf proqramların
mühüm tərkib hissəsi təhsilin
informatlaşmasına xidmət edir. Milli təhsilin
informatlaşması prosesinin strateji-konseptual,
elmi-metodiki, resurs, kadr təminatı
problemlərinin həllində pedaqoji institutların
potensialını yüksəltməklə bu sahədəki
problemləri həll etmək olar. Respublikada
pedaqoji elmlər üzrə olan alimlərin böyük
qismi ali pedaqoji təhsil müəssisələrində
çalışır (pedaqogika, psixologiya, ayrı-ayrı
fənlərin tədrisi metodikaları kafedralarında).
Bu alimlərin elmi tədqiqat işlərini təhsilin
informatlaşmasının pedaqoji, psixoloji və
metodik təminatı problemlərinin həllinə
yönəltmək lazımdır. Bu problemlər tələbələrin,
magistrlərin, doktorantların tədqiqat obyekti
olmalıdır. Artıq klassik pedaqogikadan elektron
pedaqogikaya, real pedaqogikadan virtual
pedaqogikaya keçidin, kagız üzərində olan
dərslik və testlərdən elektron dərslik və
testlərə keçidin pedaqoji problemlərini
tədqiq etmək vaxtıdır. Bu prosesdə təcrübəli
pedaqoqlarla gənc tədqiqatçıların birgə
fəaliyyətinə, elmi ənənələrlə innovasiyaların
sintezinə ehtiyac var. Kafedraların 5 illik
elmi-tədqiqat işlərinin planlaşdırılmasında bu
amillər nəzərə alınmalıdır. Gələcəkdə bu
imkanlardan səmərəli istifadə etmək üçün bu gün
pedaqoji universitetlərə ciddi investisiya
qoyulmalı, islahatlar aparılmalı, yeni
strukturlar, beynəlxalq əlaqələr yaradılmalı,
bu sahədə olan zəngin beynəlxalq təcrübə (heç
olmasa MDB və Türkiyə səviyyəsində) təhlil
edilərək öyrənilməlidir.
Digər mühüm
problem təhsilin informatlaşması üzrə müasir
kadr hazırlığı məsələsidir. Təhsilin
informatlaşması kimi yüksək texnoloji və
elmtutumlu problemin həlli, ilk növbədə, kadr
təminatından asılıdır. İnkişaf etmiş
ölkələrdə təhsilin informatlaşması prioritet
məsələ kimi qiymətləndirilir, təhsil sisteminin
gələcəyi onun informatlaşma səviyyəsindən
asılıdır. Artıq 25 ildir ki, bir çox
ölkələrdə təhsilin informatlaşması üzrə
müxtəlif səviyyələrdə ixtisaslı kadr
hazırlığı həyata keçirilir. Bakalavr, magistr,
əlavə təhsil, aspirantura, doktorantura
pillələrində fasiləsiz olaraq təhsilin
informatlaşması üzrə kadrlar hazırlanır. Bizim
respublikada da bu istiqamətdə pedaqoji
universitetlərdə "Təhsilin informatlaşması"
ixtisası üzrə sistemli şəkildə kadr
hazırlanmasına ehtiyac var. Müvəqqəti olaraq
vəziyyətdən çıxmaq üçün 1 illik tədris
proqramı əsasında informatika müəllimləri
üçün "Təhsilin informatlaşması" ixtisası üzrə
yenidənhazırlanma və magistr kursları,
gələcəkdə isə bakalavr hazırlıq proqramları
yaratmaq lazımdır.
Hələlik isə
bu istiqamətdə gələcək müəllimlərə pedaqoji
universitetlərdə yeni təhsil standartları
əsasında 45 saat həcmində "Təhsildə İKT" adlı
xüsusi fənn tədris olunur. Bu gün "Təhsildə İKT"
fənni eyni zamanda bir neçə kafedra tərəfindən
tədris olunur. Hesab edirik ki, bu fənn bir
kafedra tərəfindən tədris olunsa, daha səmərəli
olar, gələcəkdə isə "Təhsildə İKT" adda yeni
kafedraların yaradılması məqsədəuyğundur.
Pedaqoji ali
təhsil müəssisələrində informatika müəllimləri
hazırlanmasının da xeyli problemləri var.
İnformatika müəllimlərinin hazırlığı üzrə
təhsil standartlarının daim təkmilləşdirilməsi,
tədris-metodik və proqram-texniki təminat
problemlərinin həlli aktualdır. Pedaqoji ali
təhsil müəssisələrində informatika
kafedralarında çalışan müəllimlərin sistematik
ixtisasartırma kurslarına cəlb edilməsi
zəruridir. Çünki bu sahənin inkişaf tempi çox
yüksəkdir. Bu işdə yerli İT şirkətlərinin,
Rusiya və Türkiyənin distant İT kurslarının,
beynəlxalq İT akademiyalarının imkanlarından
istifadə etmək olar.
Cəmiyyətin,
təhsil sisteminin inkişafında pedaqoji
təhsilin əhəmiyyəti və məsuliyyəti böyükdür,
problemlər də gördüyümüz kimi az deyil. Bu
problemlər əsasən keçid dövrünün çətinlikləri,
texnologiyaların sürətlə dəyişməsi və insan
amilinə bağlıdır. Pedaqoji təhsilin mövcud
problemlərini həll edərək, ümumtəhsil
məktəblərimizi gələcəkdə daha keyfiyyətli
müəllim kadrları ilə təmin edə bilərik, nəticədə
elm-təhsil səviyyəmiz daha da yüksələr.
İnformasiya və innovasiyalar cəmiyyətində bu,
çox mühümdür, çünki məşhur filosof
Konfutsinin təbirincə desək, elm və təhsildən
faydalanmağı bacaran xalq firavan yaşayar.
İlham ƏHMƏDOV,
dosent, ADPU-nun Kompüter Mərkəzinin direktoru |
|