Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.
Heydər ƏLİYEV
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin bir
qərinədən artıq davam edən ölkəyə rəhbərliyi,
millətə liderliyi dövründə təhsilə, elmə,
mədəniyyətə, bütövlükdə xalqın intellektual
səviyyəsinin yüksəldilməsinə qayğısı hər zaman
üstün yer tutmuş, aparıcı istiqamətlərdən biri
olmuşdur.
Əslində
xalqımızın son 40 illik milli intibahı mahiyyət
etibarilə xalqın təhsillənmə səviyyəsinin
yüksəlişi, fundamental elmin yaranması, milli
mədəniyyətin tərəqqisi ilə sıx bağlı olmuşdur
ki, bunların hamısı təhsil sisteminin və ondan
səmərəli istifadə edilməsinin nəticəsində mümkün
olmuşdur. Bu mənada təhsilin milli tərəqqidəki
rolundan danışarkən Heydər Əliyev deyirdi:
"...təhsil sisteminin nə qədər dəyərli olduğunu
ondan görmək olar ki, Azərbaycanda yüksək
savada, biliyə, ixtisasa, yüksək elmə malik
insanlar var və onlar cəmiyyətin çox hissəsini
təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın
iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi.
Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil
dövlət kimi idarə edə bilməzdik. Onları
qiymətləndirmək lazımdır və on illərlə əldə
etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq...".
Bəşəriyyət
müasir intellektual inkişaf səviyyəsinə görə
öncə müəllimlərə borcludur. Bütün aparılan
təhlillər göstərir ki, heç bir sənət və peşə
adamı cəmiyyətin irəliyə doğru inkişafında
müəllimin fəaliyyəti qədər rol oynamır. Çünki
müəllimlər insan zəkasını nurlandıran sönməz
işıq mənbəyi olmaqla bərabər, bəşəriyyətin
mənəvi yükünü çiyinlərində daşıyan həyat
anteyləridir.
Qəlbinə nur
hopmuş belə insanlardan biri, ömrünün yarım
əsrdən çox hissəsini təlim-tərbiyə işinə həsr
etmiş, muxtar respublikada hamının hörmət və
ehtiramla xatırladığı, mənəvi-əxlaqi
keyfiyyətləri ilə insanların rəğbətini qazanmış
Naxçıvan Dövlət Universitetinin dosenti,
pedaqoji elmlər namizədi, əməkdar müəllim
Nəriman Bilal oğlu Orucəliyev idi.
1930-cu ildə
Babək rayonunun Cəhri kəndində ziyalı ailəsində
anadan olmuşdu. 1945-ci ildə Cəhri kənd orta
məktəbini, 1947-ci ildə Naxçıvan Müəllimlər
İnstitutunu, 1962-ci ildə isə Azərbaycan
Pedaqoji İnstitutunu bitirmişdi. 1969-cu ildən
fasiləsiz olaraq ömrünü Naxçıvan Dövlət
Universiteti ilə bağlayan Nəriman Orucəliyev
1975-ci ildə namizədlik dissertasiyasını müdafiə
edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi
almışdı. 1978-ci ildə isə SSRİ Ali Attestasiya
Komissiyası ona pedaqogika kafedrasının dosenti
diplomunu vermişdi. 80-ə yaxın elmi məqalənin, o
cümlədən pedaqogika elminin aktual problemlərinə
həsr edilmiş 10-dan artıq kitabın müəllifi olan
Nəriman müəllim "Azərbaycan SSR-in əməkdar
təbliğatçısı" və "Azərbaycan Respublikasının
əməkdar müəllimi" fəxri adlarına layiq
görülmüşdü.
Ədəb-ərkan,
kamillik, təlim, bilik anlayışlarını ehtiva edən
müəllim sözünün özü əlahiddə bir dünyadır. Bu
sirli-sehrli aləmin öz səması, günəşi, ayı,
sayrışan ulduzları, barı-bəhrəsi, inkişaf
qanunauyğunluqları mövcuddur. Lakin gec meyvə
verən qollu-budaqlı, möhtəşəm ağac da olsa
pedaqoq-müəllim həm də məbəddir desək,
yanılmarıq. Bu məbəddə gələcək vətəndaş, ictimai
xadim yetişir. Bəlkə ona görədir ki, müəllimlik
dünyada ən şərəfli peşə sayılır. Nahaq deyildir
ki, Şərq dünyasının böyük filosofu və əxlaq
nəzəriyyəçisi Nəsirəddin Tusi demişdir: "Müəllim
cismani ağa, ruhani atadır. Müəllim nəfsin
tərbiyəsilə məşğul olan mütəxəssis və dünya
mövcudatının ən şəfalısıdır".
Yaxşı
deyiblər: Təmasda olduğu adamları nəcibləşdirmək
istedadı Allah vergisidir. Bir var fərd özü
nəcib yarana və bununla kifayətlənə, bir də var
fərdin nəcibliyi başqalarına sirayət edə.
Nəriman müəllim ünsiyyətdən isinmək üçün
Yaradanın insanlara bəxş etdiyi şəxsiyyətlərdən
idi. O, böyük insan olduğu qədər də pak idi. Onu
yaxından tanıyanlar bilirdilər ki, o, əxlaqi
cəhətdən qüsursuzdur. Ona görə də onun bir
pedaqoq kimi təbliğ etdiyi mənəvi keyfiyyətləri
(halallığı, düzlüyü, doğruçuluğu, əməksevərliyi,
insanpərvərliyi, obyektivliyi və s.) öz
davranışında və fəaliyyətində görənlərin
müəllimə rəğbəti birə-beş artır, tələbələri
həmişə onun şəxsiyyətini ucadan-uca tuturdular.
Universitetdə
hansı vəzifədə çalışmışdısa, o sahədə dönüş,
inkişaf yaratmışdı. Uzun illər universitetin
tarix-filologiya və pedaqoji fakültələrində
dekan, Pedaqogika və psixologiya kafedrasında
müdir vəzifələrində işləmiş, öz bacarığı və
təşkilatçılığı ilə seçilmişdi. Nəriman müəllim
həmişə deyirdi ki, xalq üçün çörəkdən və sudan
sonra ən vacibi məktəbdir. Hər bir insan təhsil
prosesində, məktəbdə tərbiyə olunur. Buna görə
də təhsil tam, aydın və sabit olmalıdır.
Alim-pedaqoq tez-tez fransız yazıçısı A.Barbusun
aşağıdakı sözlərini xatırladırdı: "Məktəb
yetişməkdə olan nəslin formalaşdığı
emalatxanadır. Əgər sən gələcəyi əldən vermək
istəmirsənsə, onu əldə möhkəm saxlamaq
lazımdır".
Onun
müəllimliyində tələbkarlıqla qayğı üzvi bağlılıq
təşkil edirdi. Dərsdə çox ciddi, tələbkar
görünən Nəriman müəllim tələbələri ilə dostluq
etməyi bacarır, onlara dəyərli məsləhətlər
verir, elm və həyat yollarında onların əsl
qayğıkeşi, yolgöstərəni olurdu.
Nəriman
müəllimin ən maraqlı xüsusiyyətlərindən biri,
deyəcəyi hər sözün, atacağı hər bir addımın verə
biləcəyi nəticəni əvvəlcədən götür-qoy etməsi
idi. O bilirdi ki, deyilən söz yaydan atılan oxa
bənzəyir. Atılan oxu geri qaytarmaq,
peşmançılıqdan yaxa qurtarmaq isə mümkün olmur.
Nəriman
müəllimin tədris etdiyi biliklər, aşıladığı
mənəvi keyfiyyətlər milli və bəşəri xarakter
daşıyır, fəaliyyəti isə həmişə planlılığı,
məqsədyönlülüyü və mütəşəkkilliliyi ilə
fərqlənirdi. Peşəsinin qəlbən vurğunu olan
Nəriman müəllim öz müəllimliyini Vətəninə,
xalqına xidmət etmək vasitəsinə çevirmişdi. Onun
dediyi söz, atdığı addımlar, apardığı dərslər
bir pedaqoq kimi cəmiyyət üçün faydalı məqsədlər
güdür, mənəvi keyfiyyətləri isə xalqımızın tarix
boyu qazandığı dəyərlər olduğundan cəmiyyətin
sonrakı inkişafı üçün əhəmiyyət kəsb edirdi.
Ömrünün 60 ilə
yaxınını müəllimlik kimi müqəddəs peşəyə
bağlamış Nəriman Orucəliyevin həm həyatı, həm də
elmi-pedaqoji fəaliyyəti bir ziyalılıq örnəyi
olmuşdur. Həyatın mənasını insanlara xidmətdə
görən Nəriman müəllim təvazökar, xeyirxah və
alicənab insan idi. Onun dost kimi sədaqətinə,
insan kimi kamilliyinə, ziyalı kimi
alicənablığına, ağsaqqal kimi nüfuzuna, vətəndaş
kimi xalqına, torpağına bağlılığına hamımız
şahid idik. Nəriman müəllim olduqca sadə, zövqlə
geyinən bütöv bir şəxsiyyət idi. Onun insanlara
rəftarında, cəmiyyət hadisələrinə münasibətində
son dərəcə səmimi bir ziyalı mövqeyi
formalaşmış, rəftarında, oturuşunda, duruşunda,
ədəb-ərkanında gözəl bir müəllim qüruru
cəmləşmişdi. Doğru deyirlər ki, müəllim nümunə,
örnək olmalıdır, istər hərəkətində, istərsə də
biliyində.
O, Azərbaycan
müəllimlərinin XI və XII qurultaylarının
iştirakçısı olmuş, ikinci çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinə deputat
seçilmişdi.
Nəriman
müəllim doğma yurda, el-obaya, boya-başa çatdığı
Naxçıvan torpağına bağlı şəxsiyyət idi. O, evi,
ocağı qədər sevib əzizlədiyi, həvəslə çalışdığı
Naxçıvan Dövlət Universitetini özünün əbədi iş
yeri sayır, bununla da demək istəyirdi ki,
Vətəni, doğma torpağı sevmək hər kəsin borcudur.
Nəriman
Orucəliyevin ən böyük keyfiyyətlərindən biri də
çoxlarına nümunə ola biləcək ailə xoşbəxtliyi
idi. Nəriman müəllimin özü həmişə etiraf edirdi
ki, həyatda qazandığı uğurlarında sədaqətli
ömür-gün yoldaşı Tamella xanımın böyük payı
vardır.
Hər kəsə bir
ömür verilib, deyiblər. Hərə də bir cür yaşayıb
bu ömrü. Elə buna görə də dilimizdə ömür,
şərəfli ömür ifadələri yaranıb. Faydalı,
xeyirxah, gənc nəslin inkişafına təkan verən,
xalqına və millətinə xidmətdə keçən ömrə dəyərli
ömür deyiblər. Cəsarətli, sözübütöv, sədaqətli,
şərəfli ömür sahibinə çevrilib bu cür
şəxsiyyətlər. Nəriman Bilal oğlu Orucəliyev də
belə mənalı və şərəfli ömür sahiblərindən biri
idi.
Ömrünü
gələcəyimiz olan gənclərin təlim-tərbiyəsinə
həsr etmiş Nəriman müəllim yaşasa idi, indi
onun 80 yaşı olacaqdı. O, bu gün bizimlə bir
sırada dayanmasa da hamımız onu yaxşı xatırlayır
və unutmuruq. Bacarıqlı pedaqoq özünün məntiqi
mülahizələri, analitik təfəkkür qabiliyyətinə
malik olan fikirləri, prinsipial və xeyirxah
mövqeyi, sərrast düşüncə tərzi ilə bir çox
alimlərdən seçilən, təmənnasız insan kimi
ümumxalq məhəbbəti qazanan və belə bir işdən
məmnunluq hissi keçirən bacarıqlı təhsil
təşkilatçısı idi.
Nəriman
müəllim etibarlı dost, yüksək əxlaqi
keyfiyyətlərə malik olan bir insan, qayğıkeş
ailə başçısı, vətənini, xalqını, dövlətini sevən
bir vətəndaş, öz fikrini həssaslıqla tərəf
müqabilinə çatdırmağı bacaran, mehriban, səmimi
bir dost idi. O, hər hansı bir şəxslə ünsiyyətdə
olarkən onun qəlbini ələ alan, yüksək səviyyədə
dinləmək qabiliyyətinə malik olduğunu göstərən,
nəyi isə öyrənmək istəyən, bildiklərini
həmkarına və tələbələrinə axıra qədər
aydınlaşdırmağı bacaran, kövrək qəlbli bir alim
idi.
Nəriman
müəllimin elmi-pedaqoji fəaliyyətindən, onun
insani keyfiyyətlərindən günlərlə danışmaq olar.
Onun haqqında pedaqoq, alim, ziyalı, kamil
şəxsiyyət kimi düşünəndə fəxr edirsən ki, belə
bir insanla birgə çalışmısan, onunla oturub
durmusan. Çünki cəmiyyətin tərəqqisinə, onun
təhsilinin inkişafına, gənc nəslin tərbiyəsinə
sərf edilmiş ömür şərəfli ömürdür. Belə bir ömür
yaşamış Nəriman Orucəliyevi isə onu tanıyanlar,
tələbələri və dostları həmişə böyük məhəbbətlə
xatırlayırlar.
Məmməd RZAYEV,
Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri
üzrə prorektoru,
əməkdar müəllim |
|