Bakının
Mərdəkan qəsəbəsindəki 181 nömrəli orta məktəbdə
2010-2011-ci dərs ilində 72 sinifdə 1514 şagird
təhsil alır. Məktəbdə şagirdlərin
təlim-tərbiyəsi ilə 156 müəllim məşğul olur.
Hazırda bu tədris ocağında təhsilin məzmun və
keyfiyyətinin yaxşılaşdırılması daim diqqət
mərkəzində saxlanılır. Tərtib olunmuş xüsusi
cədvəl əsasında təcrübəli müəllimlərin tez-tez
"açıq dərs"ləri dinlənilir və gənc
müəllimlərin onlarda iştirakı təmin edilir.
Məktəbin
direktoru Nəzakət Mahmudova bildirdi ki, təlimin
keyfiyyətini artırmaq məqsədi ilə metodbirləşmə
rəhbərləri və qabaqcıl müəllimlərin iştirakı ilə
bu təhsil ocağında "Azərbaycan təhsil sistemində
Milli Kurikulum siyasəti" mövzusunda "dəyirmi
masa" keçirilmişdir. Tədbirdə "Məktəbdə metodik
işin təşkili", "Müasir dərs", "Müasir təlim
metodları", "Yeni pedaqoji texnologiyaların
tətbiqi" və "Təlim-tərbiyə prosesinin
intensivləşdirilməsi və optimallaşdırılması
təhsilin keyfiyyətinin əsas amilidir" mövzuları
müzakirə edilmişdir. Bununla yanaşı, məktəbdə
müəllimlərin ixtisasartırma kurslarında, treninq
- seminarlarda, konfranslarda, "açıq dərs"lərdə,
müsabiqə və sərgilərdə iştirakına, qabaqcıl
təcrübənin yayılmasına şərait yaradılmışdır.
Şagirdlərin
təlim-tərbiyəsinə böyük əmək sərf edən
müəllimlərdən Aybəniz Quliyeva, Zərifə
Muxtarova, Sevda Əliyeva "əməkdar müəllim"adına
layiq görülmüş, Əbiş İsmayılov isə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə
"Tərəqqi" medalı ilə təltif edilmişdir. Əldə
edilən uğurlar pedaqoji kollektivi daha yaxşı
işləməyə sövq edir.
Şakir CƏFƏROV |
|