Bildiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli
Sərəncamı ilə təsdiq olunmuş "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində Təhsil Nazirliyi təhsil
sisteminin pedaqoji heyətinin
informasiya-kommunikasiya texnologiyaları (İKT)
üzrə bilik və bacarıqlarının artırılmasına
yönəldilmiş treninqlər və bu sahədə kompleks
tədbirlər həyata keçirir.
Bununla
əlaqədar 2010-cu ilin sentyabr ayından Təhsil
Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi bu sahədə
təcrübəsi olan "Mədəd" Humanitar Təşkilatı
İctimai Birliyi ilə birgə Ucar rayonunun bütün
ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün
"Müəllimlərin peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi" üzrə təlim kurslarının
təşkil olunmasını davam etdirməyə başlamışdır.
2009-2010-cu
tədris ilində rayonumuzun 251 nəfər, cari tədris
ilinin ilk yarımilində isə 238 nəfər pedaqoji
işçisi bu təlim kurslarında iştirak etmişdir.
İkinci tədris yarımilində bu təlim kurslarının
təşkili davam etdirilir.
Ucar şəhər 6
nömrəli tam orta məktəbin ingilis dili müəllimi
Kəmalə Ağayeva və Təzə Şilyan kənd tam orta
məktəbinin coğrafiya müəllimi Seymur Nuriyev bu
layihəyə təlimçi kimi cəlb olunmuşlar.
Qeyd edim ki,
rayonun 34 ümumtəhsil məktəbində 369 ədəd
kompüter, 4 ədəd noutbuk vardır.
Tədrisdə yeni
texnologiyalardan müvəffəqiyyətlə istifadə edən
rayon müəllimləri bildirirlər ki, İKT vasitələri
öz geniş imkanları ilə tədris prosesini xeyli
sadələşdirir, onu dinamik və çevik edir,
kompüterin də əlavə edilməsi tədrisi individual
proqram üzrə təşkil etməyə, şagirdin dərsə
marağını və istəyini stimullaşdırmağa imkan
verir.
İlham BABAYEV,
Ucar Rayon Təhsil Şöbəsinin metodisti |