İyirmi birinci
yüzillik yaşadığımız dünyanın, elmin,
texnikanın, təhsilin, mədəniyyətin son dərəcə
sürətli və yüksək səviyyədə inkişaf etməsi ilə
səciyyələnir. Lakin bütün bunlarla yanaşı,
cəmiyyətin bir sıra bəlaları vardır ki, onlar
hər bir ölkənin vətəndaşlarını narahat edir.
Narkomaniya, QİÇS, insanların hüquq və
azadlıqlarının məhdudlaşdırılması, hegemon və
güclü dövlətlər tərəfindən bəzi ölkələrin
suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə
qəsd edilməsi, bir ölkənin ərazisinin digər ölkə
tərəfindən işğal edilməsinə dünya dövlətlərinin
biganə qalması, göz yumması və s. buraya daxil
edilə bilər.
İnsan
alveri müasir dünyanın ən təhlükəli
bəlalarından, gender zorakılığının başlıca
formalarından biridir. İnsan alveri
qurbanlarının sayı hər il 700 min nəfəri ötür.
Bundan əldə edilən illik gəlir 60 milyard ABŞ
dolları təşkil edir. İnsan alveri və yaxud
trafikinq (ingiliscədə - trafficking in human
beings, yaxud human trafficking) müasir köləlik
forması olub, amansızlıq və laqeydlik
münasibətləri, insan hüquq və azadlıqlarının
kobud şəkildə məhdudlaşdırılması ilə müşayiət
olunur. Kiminsə aldanılaraq istəmədiyi işi
(fahişəliyi, ağır, əzabverici əməyi, dilənçiliyi
və s.) yerinə yetirməyə məcbur edilməsi və bu
məqsədlə yaşadığı ərazidən başqa yerlərə
aparılması insan alveri adlanır.
İnsan
alverinin məqsədi seksual istismar, məcburi
əməyə cəlb etmək, insanları kölə vəziyyətinə
salmaq, qul kimi onlardan faydalanmaq,
dilənçilik etməyə sürükləmək, insan orqanlarının
satışı ilə məşğul olmaq, uşaqları oğurlayıb,
ehtiyacı olanlara satmaq və sairdir. Hazırda
bəşəriyyət insan alveri və onun qarşısının
alınmasının vacibliyinə diqqət yönəltsə də, bu
alver qurbanlarının sayı, çox təəssüf ki,
getdikcə artmaqdadır. Özü də bu sahədə yeniyetmə
və gənclər daha çox əziyyət çəkirlər.
İnsan alveri
mütəşəkkil cinayət formalarından biri kimi ağır
cinayət hesab olunur. Bu bəla öz əhatə miqyası
etibarilə narkotik və silah ticarəti ilə bərabər
tutulur. İnsan alveri şəxsiyyətin şərəf və
ləyaqətinin kobud şəkildə pozulmasına - vətəndaş
hüquqlarının və azadlıqlarının
məhdudlaşdırılmasına, həyat və sağlamlığına qəsd
edilməsinə şərait yaradır.
İnsan
alverinin profilaktikası və aradan qaldırılması
istiqamətində vətəndaşlar, o cümlədən böyüməkdə
olan nəsil arasında maarifləndirmə işlərinin
aparılması son dərəcə vacibdir. Bu sahədə
ailənin, məktəbin, hüquq-mühafizə orqanlarının,
habelə ictimai və beynəlxalq təşkilatların
üzərinə mühüm vəzifələr düşür.
Ailədə və
məktəbdə, müvafiq təşkilatlarda maarifləndirmə
məqsədilə yeniyetmə və gənclər arasında iş
aparılarkən onlara başa salınmalıdır ki,
Azərbaycan vətəndaşı ona xaricdə işə düzəlmək və
ideal həyat şəraiti yaratmaq vəd edildiyi
təqdirdə yaxşı-yaxşı düşünməli, necə deyərlər
"yüz ölçüb, bir biçməli", ailə üzvləri, ən yaxın
qohumları, müvafiq təşkilatlarla
məsləhətləşməlidir. Unutmaq olmaz ki, belə
"başgicəllədən", əfsanə, şirin röya, cənnət kimi
görünən təkliflər bir sıra hallarda adamların
istismarı, şərəf və ləyaqətinin alçaldılması və
tapdalanması, bəzən hətta intiharı ilə
nəticələnir.
Yeniyetmə və
gənclər xarici ölkələrdə təhsil almaq
istəyirlərsə, bir sıra məlumatlara malik
olmalıdırlar. Buraya xaricdə təhsil almaq
təklifi ilə yanaşı, rəsmi müqavilənin (bu
müqavilə mütləq başa düşülən dildə olmalıdır)
təqdim olunması; xarici ölkədə təhsil almağa
gedərkən gəncə tələbə vizasının verilməsi;
xarici ölkədə təhsil almağa razılıq verdikdə, bu
ölkənin Azərbaycanda yerləşən nümayəndəliyinə
hökmən rəsmi şəkildə müraciət edərək, həmin
təhsil müəssisəsi haqqında məlumatın alınması
daxildir. Xarici ölkənin Azərbaycanda
nümayəndəliyi yerləşmədiyi təqdirdə respublika
Təhsil Nazirliyinə müraciət edilə bilər.
Gənclər,
habelə müəyyən yaş həddinə çatmış şəxslər xaricə
getmək istədikdə insan alveri təhlükəsi ilə
üz-üzə gəlməmək üçün bir sıra təhlükəsizlik
qaydalarını bilməlidirlər.
Yeniyetmə və
gənclərlə maarifləndirmə işi aparılarkən onlara
öyrətmək lazımdır ki, xarici ölkəyə yola
düşməzdən qabaq Azərbaycan səfirliklərinin və
konsulluqlarının əcnəbi dövlətlərdəki
telefonlarını öyrənməli, lazım gəldikdə vaxt
itirmədən onlarla əlaqə yaratmalıdırlar.
Təhsilalma, biznes, ailə üzvləri ilə birləşmək
üçün viza növləri vardır ki, həmin viza növləri
olmadan ölkəni tərk etmək yolverilməzdir. Bundan
başqa, xarici ölkəyə çatdıqda Azərbaycan
səfirliyi, yaxud konsulluğunda, müvafiq ərazinin
polis orqanlarında qeydiyyata düşmək vacibdir.
Vətəndaşları
bir çox hallarda məhz yaxınları, tanıdıqları
şəxslər insan alverinə cəlb edirlər. Viza və
pasport alınmasını başqa şəxslərə həvalə etmək
olmaz. Bu və ya digər ölkədən iş, təhsil,
yaxud nikah ittifaqına girmək barədə təklif
olunarsa, həmin ölkədəki Azərbaycan səfirliyi
əməkdaşlarına müraciət edərək, bu müqavilələrin
həqiqi, qanuni, yoxsa saxta olduğunu araşdırmaq
lazımdır. Əcnəbi ölkədə vizada nəzərdə tutulmuş
müddətdən artıq yaşamaq ciddi qanun
pozuntusudur. Xarici ölkədə işə düzəlmək
istədikdə, onun vizası turist, yaxud qonaq
vizası deyil, əmək vizası, təhsil almağa
yollandıqda tələbə vizası, nikah ittifaqına
girmək istədikdə, bu, nişanlı vizası olmalıdır.
Tələbə vizası ilə işləmək qanunsuz sayılır.
Miqrasiya üzrə
Beynəlxalq Təşkilatın dəstəyi ilə hələ 2008-ci
ildə regionda - Azərbaycan, Gürcüstan və
Ermənistanda insan alverinin qarşısının alınması
üzrə məktəb çərçivəsi layihəsi həyata
keçirilməyə başlanmışdır. Layihənin məqsədi
adları çəkilən respublikalarda ümumtəhsil
məktəbləri şagirdlərinin, habelə müəllimlərin və
valideynlərin insan alverinin təhlükəsinin aydın
şəkildə başa düşülməsinə kömək göstərəcək tədris
materiallarının hazırlanması və yayılmasından,
məktəblilər arasında maarifləndirmə işlərinin
aparılmasından ibarətdir. Layihənin iki il
ərzində reallaşdırılması və 2010-cu ildə başa
çatdırılması, nəticələrinin təhlili və yekun
rəyin hazırlanması nəzərdə tutulmuşdur. Bu
istiqamətdə artıq iki ildir ki, hər üç
respublikada iş görülür. Xüsusi hazırlanmış
tədris və metodik vəsaitlərin yardımı ilə
müəllimlər hazırlıq kurslarından keçmişlər.
Regional
layihənin uğurla həyata keçirilməsində hər üç
respublikanın təhsil nazirliklərinin köməyindən
yararlanmaq nəzərdə tutulmuşdur. Layihənin
məqsədi, həmçinin insan alverinin profilaktikası
və aradan qaldırılmasının müəyyən sistemini,
strukturunu formalaşdımaq, fəaliyyətin səmərəli
formalarını və həyata keçirilməsi yollarını
müəyyənləşdirmək idi ki, bu iş də, ilk növbədə,
həmin istiqamətdə insan alveri barədə
məlumatların və bu sosial bəlaya qarşı
mübarizənin aparılması üzrə ayrı-ayrı
məsələlərin tədris planlarına daxil edilməsini
nəzərdə tuturdu.
Ötən ilin
dekabr ayında Gürcüstanın paytaxtı Tbilisi
şəhərində regional konfrans keçirilmişdir.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)
Gürcüstandakı nümayəndəliyinin rəhbəri Meri
Şihan, Gürcüstanın təhsil və elm nazirinin
müavini İrine Kurdadze və İsveçrə İnkişaf və
Əməkdaşlıq Agentliyinin Gürcüstandakı
nümayəndəliyinin milli proqram rəhbəri Natalya
Qvinqadze və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı
nümayəndələri salamladılar. Sonra hər üç
respublikanı təmsil edən nümayəndə heyətinin
üzvləri təqdim olundu, ötən dövr ərzində
ölkələrdə layihə ilə bağlı əldə olunmuş
nailiyyətlərin təqdimatı keçirildi.
Respublikamız tərəfindən BMqT Azərbaycan
nümayəndəliyinin proqram koordinatoru Səltənət
Məmmədova məlumat verdi.
Yerinə
yetirilmiş layihə çərçivəsində respublikalarda
insan alverinə qarşı mübarizə, insan alverinin
profilaktikası və aradan qaldırılması, bu
istiqamətdə əhali və gənc nəsil arasında
aparılan maarifləndirmə tədbirləri ilə bağlı
sual-cavab və müzakirələr oldu.
Ayrı-ayrı
respublikalar hazırladıqları tədris vəsaitlərini
təqdim etdilər. Audio-vizual materialların da
təqdimatı oldu. İnsan alveri qurbanlarının cəlb
edilməsinə dair tədris filmləri nümayiş
etdirildi. Sonra həmin filmlərə münasibət
bildirildi.
Azərbaycan
tərəfindən hazırlanmış "Günahkarlar və
günahsızlar" filmi də maraqla qarşılandı. Filmdə
uğursuz ailədaxili münasibətlər nəticəsində
ata-anasından ayrı düşmüş, özünü köməksiz, tənha
hiss edən, yetkinlik yaşına çatmamış qızın öz
rəfiqəsigildə yaşaması, rəfiqəsinin xalasının
ucbatından xaricə gedərək əldən-ələ düşməsi, bir
sözlə, insan alverinin qurbanı olması təsvir
olunur. Müvafiq təşkilatların köməyilə Vətənə
qayıdan qız başına gələnləri danışır,
yaşıdlarını, yaşından asılı olmayaraq bütün
vətəndaşları ayıq olmağa, insan alverinin
qurbanı olmamağa səsləyir.
Konfransda
tələbə auditoriyalarında da insan alveri və
onunla mübarizə tədbirlərinin həyata keçirilməsi
məqsədəuyğun hesab edildi.
Konfrans
iştirakçıları insan alveri barədə
maarifləndirmə işlərinin aparılması, bu
təhlükəli bəlaya qarşı mübarizə tədbirləri
barədə məlumatın verilməsi məqsədilə fakültativ
məşğələlərin keçirilməsini, tədris
proqramlarına daxil edilməklə xüsusi saatların
və mövzuların nəzərdə tutulmasını vacib hesab
etdilər.
Akif ABBASOV,
pedaqoji elmlər doktoru, professor,
Səltənət MƏMMƏDOVA,
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan
nümayəndəliyinin
Proqram koordinatoru |
|