Görkəmli
alim, istedadlı dramaturq, gözəl müəllim
Məmmədhüseyn Abbasqulu bəy oğlu Təhmasib 12
aprel 1907-ci ildə Naxçıvanda anadan olmuşdur.
Hər bir əsilli ailə kimi ruhani tacir Abbasqulu
bəyin də ailəsini əhatə edən mədəni mühitdə dini
dəyərlər, xalq ədəbiyyatı və yazılı sənət
əsərləri başlıca yer tutmuşdur. Üstəlik ailənin
böyük oğlu Rza Təhmasibin Tiflisdəki 8 illik
kommersiya məktəbini bitirməsi bu mühitdə rus və
Avropa mədəniyyəti nümunələrinin də təsirinə
şərait yaratmışdır. M.Təhmasib
"Məktəbi-tərbiyə"də oxumuş, qardaşı Rza
Təhmasibin rejissor kimi tamaşaya qoyduğu,
özünün Kefli İsgəndəri oynadığı "Ölülər"də kiçik
qardaş Cəlal obrazını ifa etmiş, geniş mütaliəsi
ilə seçilmişdir. M.Təhmasib Bakıya gəlmiş,
texnikuma daxil olmuşdur. 1928-ci ildə
Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji
Texnikumunu (indiki Azərbaycan Dövlət Pedaqoji
Kolleci) bitirən M.Təhmasib iki il müəllim
işlədikdən sonra Azərbaycan Pedaqoji
İnstitutunun filologiya fakültəsinə qəbul
olunmuş, ali təhsili başa vurandan sonra
Kürdəmir, Əli Bayramlı (indiki Şirvan) və Göyçay
bölgələrində müəllim kimi fəaliyyət göstərməklə
yanaşı, nənəsi Nazlı xanımın, bibisi Durna
xanımın təsiri ilə qəlbində oyanmış el
ədəbiyyatına məhəbbətin təsiri ilə folklor
nümunələri toplamışdır.
Pedaqoji
fəaliyyət göstərməklə yanaşı, folklor toplamağa
və bu istiqamətdə ilkin araşdırmalara başlayan
filoloq 1938-ci ildə artıq Azərbaycan Dövlət
Universitetində folklordan mühazirələr oxuyurdu.
O, həm müəllim kimi çalışır, həm də
folklorumuzun qədim növlərindən olan mövsüm və
mərasim nəğmələrini öyrənib tədqiq edir, bayatı,
lətifə, nağıl və dastan nümunələrini yazıya
alırdı.
1941-1945-ci
illərdə ədəbi işçi kimi Azərbaycan radiosunda
çalışan M.Təhmasib müharibə dövründə diktor kimi
fəaliyyət göstərmiş, aydın diksiyalı səsi,
duyumlu və orijinal oxusu ilə Azərbaycanın
"Levitanı" adını almışdır.
Böyük
yaradıcılıq eşqi və həvəsi ilə yaşayan
M.Təhmasib radioda çalışmaqla yanaşı, bayatı və
başqa folklor nümunələri toplamağa davam
etmişdir. Onu daha çox Nizami əsərlərinin təsiri
ilə yaradılmış el ədəbiyyatı nümunələri
maraqlandırmışdır. O, bu sahədə işi H.Əlizadə
ilə birlikdə başa vurmuşdur.
Ötən əsrin
40-cı illəri M.Təhmasib yaradıcılığında xüsusi
bir mərhələ olmuşdur. Belə ki, 1943-cü ildə
Nizami adına Dil və Ədəbiyyat İnstitutunda "Xalq
ədəbiyyatımızda mövsüm və mərasim nəğmələri"
mövzusunda əsəri üzərində işə başlayan
M.Təhmasib həmin il nəşr olunan ikicildlik
"Azərbaycan ədəbiyyatı tarixi"ndə bir fəsil
elmi-tədqiqat işini geniş oxucu auditoriyasına
təqdim etmişdir.
M.Təhmasib
1945-ci ildə namizədlik dissertasiyasını uğurla
müdafiə edərək Azərbaycan EA-nın Nizami adına
Dil və Ədəbiyyat İnstitutunun folklor şöbəsinə
müdir təyin olunmuşdur. Folklorumuzun ən qədim
janrlarından biri olan mövsüm və mərasim
nəğmələrini müqayisəli şəkildə tədqiq və təhlil
edən, bu gün də elmi əhəmiyyətini itirməyən
fikirlər məhz M.Təhmasib tərəfindən
söylənilmişdir. "Xalq ədəbiyyatımızda mövsüm və
mərasim nəğmələri" Azərbaycan
folklorşünaslığında ilk irihəcmli elmi-tədqiqat
əsəri, ilk namizədlik dissertasiyası olmuşdur.
Bundan sonrakı
təqribən 20 illik bir dövr M.Təhmasibin
həyatında çox mühüm bir mərhələ olmuşdur. Belə
ki, o, Azərbaycanı kəndbəkənd gəzmiş, qədim
əlyazmaların haşiyələrindəki, cüng və
yaddaşlardakı müxtəlif janrlı el sənəti
nümunələrini səbr və təmkinlə yazıya alıb
sistemləşdirmiş, tərtib edib nəşrini
reallaşdırmış, ön sözlər yazmış, şərhlər
hazırlamış, araşdırmalar aparmışdır.
Bu illər
ərzində M.Təhmasib həm toplama işləri ilə məşğul
olmuş, həm araşdırmalar aparmış, həm də
doktorluq dissertasiyası üzərində çalışmışdır.
Bütün bunlarla
yanaşı, görkəmli alim folklorşünas kadrların
hazırlanmasında yaxından iştirak etmişdir: elmi
rəhbər olmuş, opponent kimi çıxış etmişdir.
M.Təhmasib həm
də bədii yaradıcılıqla məşğul olmuş, bir neçə
pyes yazmış, iki ssenari qələmə almışdır.
Professor M.Təhmasib 1982-ci ildə sentyabr
ayının 3-də dünyasını dəyişmişdir. Böyük alimin
Azərbaycan folklorunun toplanılması, tədqiqi və
nəşri sahəsində başladığı işlər yetirmələri və
xələfləri tərəfindən davam etdirilməkdədir.
Zəngin
folklorumuzun toplayıcısı, təbliğatçısı
"Folklorun
istər nəşri, istərsə də tədqiqi ancaq səmərəli
toplama işinə istinad edir", - fikri böyük bir
elmi həqiqətin ifadəsidir.
M.Təhmasib
Azərbaycan folklorunun bir fənn kimi tədrisi
sahəsində ilk addımlar atmış, kursun proqramını
hazırlamış, mühazirələri ilə diqqəti cəlb
etmişdi. Sonra tarixi-ictimai şəraitlə bağlı iş
yeri dəyişiləndə, radioda əməkdaşlıq edəndə də
o, folklor toplamaqdan qalmamışdır.
Onun
toplayıcılıq sahəsində ilk uğuru "Nizami
əsərlərinin el variantları" olmuşdur. "Nizami
əsərlərinin el variantları" adlı 20 çap vərəqi
həcmində kitab mütəfəkkir şairin 800 illik
yubileyi münasibətilə Hümmət Əlizadə ilə
Məmmədhüseyn Təhmasibin birgə toplayıb tərtib
etdikləri dəyərli mənbə idi. Azərbaycan el
ədəbiyyatının, yaddaş ədəbiyyatının bu qüdrətli
biliciləri milli folklordan qaynaqlanaraq
Azərbaycan ədəbiyyatına dünya şöhrəti qazandıran
şairin əsərlərinin təsiri ilə yaradılmış, xalq
tərəfindən maraqla qarşılanaraq kütləviləşən,
folklorlaşmış əfsanə, nağıl və dastanları
yaddaşlardan yazıya köçürməklə folklorşünaslıq
elmi üçün yeni tədqiqat obyekti araya-ərsəyə
gətirmişdilər.
Azərbaycan
folklorunun müxtəlif mövzulu, vahid və sevimli
ədəbi qəhrəmanı Molla Nəsrəddin lətifələri
təbiətən ciddi, lakin atmacaları böyük gülüş
doğurmuş M.Təhmasibin toplama, tərtib və tədqiq
obyektlərindən olmuşdur. Lətifələrimizin elmi
tədqiqinin əsasının qoyulması, sistemli şəkildə
toplanılması, nəşri də M.Təhmasibin adı ilə
bağlıdır. Onun toplayıb tərtib etdiyi, nəşrinə
nail olduğu "Molla Nəsrəddin" lətifələri
dil-üslub xüsusiyyətləri, milli-bəşəri
motivlərin obrazlı-lakonik ifadə zənginliyi ilə
diqqəti cəlb edir. M.Təhmasib lətifələrlə bağlı
araşdırmalarında lətifələrin yaradılmasında
ayrı-ayrı fərdlərin rolunu qəbul etmiş, bunların
sonradan ağızdan-ağıza keçərək, cilalanaraq
kollektiv məhsuluna çevrildiyini təsdiqləmişdir.
Azərbaycan
nağıllarının toplanılması və tərtibində, nəşri
və təhlilində də M.Təhmasibin xidmətləri böyük
və danılmazdır. Hələ ötən əsrin 60-cı illərində
nağıllarımızdan ibarət iki cildliyin rus dilində
nəşrində, sonralar 5 cildlik "Azərbaycan
nağılları"nın tərtibi və nəşrində Ə.Axundov,
N.Seyidovla... birlikdə M.Təhmasib elmi hünər
göstərmiş, ön söz və şərhləri ilə nəşrlərin
elmiliyini təmin etmişdir.
Onun tərtib
etdiyi nağıllar kitabı 1965-ci ildə
"Qisseyi-Azərbaycan" adı ilə Tehranda farsca
nəşr olunub.
Professor
M.Təhmasib şifahi ədəbiyyatımızın qədim, zəngin
və möhtəşəm janrı olan dastanların toplanılması
sahəsində də ciddi işlər görmüşdür. Belə ki,
folklor şöbəsinin xətti ilə çoxsaylı
dastanlarımızın müxtəlif variantları yazıya
alınmış, müqayisələr aparılmış, daha geniş
yayılmış variant əsas götürülərək 5 cildlik
"Azərbaycan dastanları" 60-cı illərdə işıq üzü
görmüşdür.
M.Təhmasibin
həmin nəşrə yazdığı geniş müqəddimədə dastanın
bir janr kimi ədəbi-bədii xüsusiyyətləri şərh
olunmuş, bu janrın tarixən daşıdığı adlara
aydınlıq gətirilmişdir. Azərbaycan
dastançılığının ənənələri geniş izah olunan
müqəddimədə aşıq, buta, buta verilməsi, buta
vermədə Xızır İlyas, nurani dərviş, Həzrət Əli
kimi obrazların bədii-estetik funksiyaları
haqqında məlumatlar əksini tapmış, ayrı-ayrı
dastanların mövzu və motiv müxtəlifliyinə
toxunulmuşdur.
Dünya
xalqlarının eposları ilə müqayisədə ləyaqətli
yer tutan "Koroğlu"nun ən mükəmməl nəşri
M.Təhmasibin çoxillik əməyinin məhsulu sayılır.
Eposa
müqəddimə və şərhlər yazmış M.Təhmasib "Koroğlu"
ilə bağlı araşdırmalarını bununla bitirməmişdir.
Professor M.Təhmasib doktorluq
dissertasiyalarından birinə yazdığı rəydə
"Koroğlu" eposu ilə bağlı qeyd etmişdir: "Öz
yayılma vüsətinə görə dünya eposunda "Koroğlu"
kimi bir əsər təsəvvür etmək çətindir. O, din və
dil ayrılıqlarına baxmayaraq, orta əsrlərdə çox
möhkəm olmuş bütün siyasi-inzibati sərhədləri
aşmış, ən azı Qafqaz, İran, Əfqanıstan, Orta
Asiya, Ərəbistan, Sibir və Avropanın bir sıra
xalqları içərisində çox geniş şəkildə yayılmış,
variantlar, versiyalar əmələ gətirmişdir".
Professor
M.Təhmasib "Dədə Qorqud boyları haqqında"
məqaləsində "Dədə Qorqud" boylarının sonrakı
dövr dastanlarımıza təsiri faktlarına toxunmuş,
yeni araşdırmalar üçün bir növ istiqamət
vermişdir.
"Bir tarixi
həqiqətin eposdakı izləri" adlı məqalə 1981-ci
ildə yazılmışdır. M.Təhmasibin bu son məqaləsi
Qorqudşünaslıq qarşısında yeni elmi istiqamətlər
açmışdır. "Konseptual səciyyə daşıyan"
(M.Qasımlı) bu məqalədə folklorşünas alim
tarixi-ədəbi araşdırmalar aparmış, eposdakı
tarixi həqiqətin izlərini inam və səbrlə, diqqət
və obyektivliklə, dəqiqlik və mənbələrə istinad
etməklə təsvir, şərh etmişdir. Beləliklə,
folklorşünas alim böyük tarixi fakt və ədəbi
həqiqət olan eposun Azərbaycanla bağlılığını
təsdiqləyən onlarca fikrin sayını artırmışdır.
Professor
M.Təhmasib toplayıcı və naşir kimi xalqa xidmət
etmiş, Qorqudşünaslığa öz töhfəsini vermiş,
Koroğluşünaslıq elmi məktəbini yaratmış,
lətifələrin nəşrini öz adı ilə bağlamışdır.
M.Təhmasib
Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqında,
Türkiyə və İranda epos nəzəriyyəsi sahəsində
görkəmli mütəxəssis kimi qəbul olunmuşdu.
60-70-ci illərdə eposşünaslıqla bağlı elmi
konfrans və seminarlarda böyük alim kimi onun
adı çəkilmiş, fikirlərinə mənbə kimi
yanaşılmışdır.
Onun mövsüm və
mərasim nəğmələrini araşdırdığı namizədlik,
eposşünaslığın fundamental əsaslarından olan
doktorluq dissertasiyası buna zəmin olmuşdur.
1965-ci il
Azərbaycan folklorşünaslığı tarixində əlamətdar
bir il sayılır: həmin il respublikamızda elmlər
doktoru alimlik dərəcəsi almaq üçün birinci
dissertasiya müdafiə olmuşdur. "Azərbaycan xalq
dastanları (orta əsrlər)" adlı dissertasiya
əslində 30 illik axtarışın bəhrəsi, Azərbaycan
eposşünaslığının fundamental tədqiqinin nəticəsi
idi.
Həcminin
kəmiyyət, məzmununun keyfiyyət göstəricilərinə
görə ümumtürk xalqları və eləcə də ümumdünya
eposşünaslığında yüksək dəyərləndirilən
"Azərbaycan xalq dastanları (orta əsrlər)"
doktorluq dissertasiyası keçmiş İttifaq
miqyasında elmi ictimaiyyət tərəfindən böyük
maraqla qarşılanmışdır. Belə ki, Sovetlər zamanı
Özbəkistan SSR EA-nın akademikləri: fəlsəfə
elmləri doktoru, professor Vahid Zahidov,
filoloji elmlər doktoru, professor Abdullayev,
Türkmənistan SSR EA-nın akademiki B.A.Karrıyev,
professor A.Kəkilov, filoloji elmlər doktoru,
professor M.Y.Çikovani, Qaraqalpaq Ədəbiyyat,
Tarix və Dil İnstitutunun professoru
K.M.Maksetov, Berlin Humbolt Universitetinin
professoru K.Həzayi, Bolqarıstan alimlərindən
professor R.Mollof və başqaları "Azərbaycan xalq
dastanları" əsərini türkologiya aləmində yaxşı
bir təşəbbüs adlandırmış, bütün türk xalqları,
hətta, ümumiyyətlə, Şərq xalqları şifahi
ədəbiyyatının tədqiqində onu bir örnək kimi
qiymətləndirmişlər. Dastanların müəllif
tərəfindən irəli sürülmüş yeni təsnifatını
alimlər başqa xalqların eposu üçün də yaxşı bir
nümunə kimi qəbul edir, M.Təhmasibin bu əsəri
ilə sovet folklorşünaslıq elmini zənginləşdirmiş
olduğundan danışırdılar...
İstedadlı
dramaturq, ssenarist
Məmmədhüseyn
Təhmasib görkəmli folklorşünas alim, tanınmış və
fədakar şifahi ədəbiyyat toplayıcısı və naşiri
olmaqla yanaşı, həm də istedadlı ədib,
C.Cabbarlı, S.Vurğun ənənələrini davam etdirən
orijinal üslublu dramaturq olmuşdur.
1939-cu ildə
M.Təhmasibin folklor motivlərini dedektiv janrın
elementləri ilə üzvi şəkildə əlaqələndirdiyi
"Bahar" pyesi yaranır. Əsər gənc rejissor Mehdi
Məmmədovun quruluşunda Kirovabadda (indiki
Gəncə), sonra Bakıda Dövlət Dram Teatrında
tamaşaya qoyulur, böyük maraqla qarşılanır. Onun
"Aslan yatağı" pyesi Böyük Vətən müharibəsi
illərində Krım tatarlarının faşizmə qarşı
mübarizəsinə həsr olunub. Əsər 1942-ci ildə
dövlət teatrının səhnəsində oynanılıb. Az sonra
Krım tatarlarına inamsızlıq yarandığı üçün onlar
Orta Asiyaya sürgün edildiklərinə görə əsər
repertuardan çıxarılıb.
1955-ci ildə
M.Təhmasibin Azərbaycan folklorunun poetikası
əsasında qələmə aldığı "Çiçəkli dağ" pyesi Gənc
Tamaşaçılar Teatrının səhnəsində oynanılır.
Tamaşanın quruluşçu rejissoru Moskvada ali
təhsil almış Ağaəli Dadaşov idi. Ondan bir il
sonra nəinki təkcə Azərbaycan şifahi xalq
ədəbiyyatının, eləcə də Türk və Şərq xalqlarının
folklorunun bilicisi Təhmasibin hind
ədəbiyyatının şah əsəri "Kəlilə və Dimnə"nin
motivləri əsasında qələmə aldığı "Hind nağılı"
adlı pyesi göstərilir. Əsərin başlıca ideyası
budur: "Başqasına quyu qazan özü düşər".
"Çiçəklənən
arzular", "Çiçəkli dağ", "Bahar", "Aslan
yatağı", "Hind nağılı" pyesləri onun qələminin
məhsullarıdır. "Çiçəkli dağ" pyesinin motivləri
əsasında müəllif "Bir qalanın sirri" adlı
ssenari yaratmışdır. Araşdırıcı Aydın Dadaşov
filmin ssenarisi ilə bağlı yazısında vurğulayır
ki, sosializm şəraiti dastan, əfsanə və nağıl
nümunələrinə ideoloji müdaxilə etmiş, ilkinliyin
itirilməsinə gətirib çıxarmışdır.
Professor
M.Təhmasib "Bahar" pyesini sonralar cilalayıb
təkmilləşdirmiş, "Onu bağışlamaq olarmı?" bədii
filminin ssenarisini araya-ərsəyə gətirmişdir.
Əsərin quruluşçu rejissoru professor Rza
Təhmasib olmuşdur.
Ustad
pedaqoq
Professor
Məmmədhüseyn Təhmasib həm də ustad pedaqoq,
aydın nitqi ilə seçilən, obyektiv və prinsipial
təbiətli alim-müəllim olmuşdur. Hələ 30-cu
illərin sonlarında ADU-da folklordan mühazirələr
oxumuş, sonra radioda işə dəvət olunmuşdur.
50-ci illərin
əvvəllərində yenidən Azərbaycan Dövlət
Universitetində (BDU) işə başlayan M.Təhmasib
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
dosenti kimi ədəbiyyatşünaslığımızın korifeyləri
- H.Araslı, F.Qasımzadə, M.Cəlal, C.Xəndan,
M.Cəfər, A.Zamanov ilə çiyin-çiyinə pedaqoji
fəaliyyət göstərmiş, filoloq, jurnalist,
şərqşünas kadrların hazırlanmasında bilik,
bacarıq və ustalığını əsirgəməmişdir.
Məmmədhüseyn
Təhmasib Azərbaycan Dövlət Universitetində
sonralar alim və təhsil işçiləri kimi tanınmış
professor Pənah Xəlilov, pedaqoji elmlər
namizədi Mirabbas Aslanov, filologiya elmləri
namizədi Məmməd Məmmədov və onlarca başqasına
dərs demişdir. O günləri xatırlayan professor P.
Xəlilov yazır: "Məmmədhüseyn Təhmasibi ilk
dəfə... Azərbaycan folklorundan mühazirələr
oxuyan zaman görmüşdük. İmtahan zamanı
qorxumuzun əsassız olduğu aydınlaşdı və biz
tələbələr onu rəhmli, qayğıkeş, mehriban bir
müəllim kimi daha artıq sevdik".
Professor
M.Təhmasib APİ-nin filologiyasını (indiki ADPU)
70-ci ildə bitirənlərin böyük bir dəstəsinə -
professor N.Xudiyevə, professor M.Əliyevə,
mərhum filoloji elmlər namizədləri Ə.Əliyev və
V.Paşayevə, dosent A.Məmmədovaya, filologiya
elmləri doktoru R.Yusifoğluna, sətirlərin
müəllifinə və təhsil sistemində fədakarlıq
göstərən yüzlərlə müəllimə folklordan dərs
demiş, dünya eposşünaslığından mühazirələr
oxumuşdur.
***
1970-ci ilin
yanvar tətilindən qayıtmışdıq. Azərbaycan
elminin müxtəlif sahələrinə görkəmli
mütəxəssislər bəxş etmiş, ölkənin ümumtəhsil və
peşə məktəbləri üçün ali təhsilli kadrlar
hazırlamış Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki ADPU) filologiya
fakültəsinin IV kursunda mühazirə və seminarlar
başlanmışdı. Günlərin birində o vaxtlar dekan
müavini işləyən dosent Mürsəl Həkimov (Allah
rəhmət eləsin) 166-cı auditoriyanın qapılarını
açıb, özü ilə gələn orta boylu, saçları kül
rəngində olan, ciddi baxışlı bir nəfəri özündən
əvvəl otağa buraxdı.
Ötkəm
təbiətli, fəqət ürəyiyumşaq Mürsəl müəllimi
görən kimi hamı ayağa qalxdı. Ani olaraq otağa
nəzər salan dekan müavini: - Yəqin ki, hamınız
"Bir qalanın sirri ", "Onu bağışlamaq olarmı?"
filmlərinə baxmışsınız? - deyə soruşdu. Xorla
cavab verdik: - Baxmışıq.
- Həmin
filmlərin ssenari müəllifi, görkəmli
folklorşünas alim Məmmədhüseyn Təhmasib sizə
folklordan xüsusi kurs mühazirələri oxuyacaq, -
dedi.
Mürsəl müəllim
auditoriyadan çıxdı. Qartal baxışlı professor 75
nəfərlik birləşməni ciddi nəzərlərlə süzüb
kursla bağlı ədəbiyyat siyahısını yazdırdı. Nə
qeydə, nə də bir mühazirə mətninə baxdı. Aydın
diksiyalı, səlis və ölçülü-biçili cümlələr başa
çatdı. Ani olaraq sükutdan sonra: - Bir istək və
tələbim var, - dedi. - Çalışın məndən sonra
auditoriyaya girməyin. Mühazirəm xoşunuza
gəlməsə, dərsə girməyə bilərsiniz...
Və ilk
mühazirə başlandı. Ona qədər şumerlər barədə çox
az məlumatımız vardı: dil tarixi dərsində
professor Əbdüləzəl Dəmirçizadə danışmışdı.
İndisə xəyalən neçə əsr qədimlərə qiyabi
səyahətə aparılmışdıq; bu dəfə "Bir qalanın
sirri" barədə deyil, dünya eposşünaslığının
ilkin incilərindən olan "Bilqamıs" dastanı
haqqında söhbət başlanmışdı... Sonrakı dərslərdə
"Nart" dastanı, ulu abidəmiz "Dədə Qorqud",
qırğız "Manas"ı haqqında bir-birindən maraqlı
mühazirələr dinlədik.
Professor
M.Təhmasibin qəribə və orijinal tədris sistemi
vardı: mövzunu bir dərsdə bitirməzdi, elə bil
serial idi; elə bir məqamda mühazirəni saxlardı
ki, maraq içində qalardıq. Növbəti mühazirəni
başlayardı və birdən suallarla bizi ötənləri
yada salmağa vadar edərdi. Verilən zəif və
rabitəsiz cavabları tamamlayardı. Bir növ
əks-əlaqə idi, bir növ tələbələrin dərsdə
fəallığının təmin olunması idi.
"Ümumtürk
eposşünaslığının proqramı"
Bəhlul
ABDULLA,
əməkdar elm
xadimi, professor
Ona yaxınları,
yaşıdları "Məmmədhüseyn", tanışları, tələbələri
"Təhmasib müəllim", - deyə müraciət edirdilər.
Yetmiş beş il ömür yaşamış (1907-1982) bu
sözübütöv, özü bütöv kişinin cavanlıq çağları o
qədər də ürəkaçan olmayıb. "37"-nin xofu heç
sonralar da canından çıxmamışdı. Özünün
dediklərindən də yadımdadır: - Bizim familiyamız
(onda soyad deyilmirdi) Təhmasibəyli idi. Bu
"bəy"lə bilmirdik nə edək. Adında "bəy", "xan",
"yüzbaşı" olanlar vahimə içində yaşayırdılar.
Bir dəfə Cavid əfəndi (Hüseyn Cavid) bizə dedi
ki, a kişi, nə yapışıbsız bu bəydən. Birdəfəlik
olun "Təhmasib" qurtarıb getsin. Bax, beləcə
Təhmasibbəylidən dönüb olduq Təhmasib.
Bir dəfə
evimizdə ad günüydü. İçərişəhərdəki
evimizdəydik. Dadaşım (böyük qardaşı, xalq
artisti, görkəmli sənətkar Rza Təhmasib) dedi
ki, get Cavid əfəndini də dəvət elə, gəlsin.
Getdim. İçəridə səs-küy vardı. Qorxa-qorxa üzümü
pəncərənin şüşəsinə söykəyib diqqətlə içəri
baxdım. Bir neçə qarageyimlinin mənzili
töküb-töküşdürdüyünü seçdim. Cavid əfəndi də bir
küncə sıxışdırılıb. Bax, Cavid əfəndini belə
tutub apardılar. O gedən getdi.
Azərbaycanın
tanınmış müəllimlərindən olmuş Bilqeyis xanımla
ailə quranda da Təhmasib müəllimin başı az
ağrımayıb. Nədi-nədi, Bilqeyis xanım türkiyəli
türkün qızıdır. Təhmasib bunu partiyadan
gizlədib.
1943-cü ildə
Mehdi Hüseynin müqəddiməsi ilə Təhmasib
müəllimin "Bayatılar" kitabı çap olunub. Amma o,
bu kitabın adını heç vaxt əsərlərinin siyahısına
daxil etmirdi. Bir kərə bunun səbəbini soruşduq.
Dedi: - Bu işi Hümbət Əlizadə ilə birgə
görmüşdük. Nümunələrin də çoxunu o toplamışdı.
Hümbəti nahaqdan dolaşdırdılar. "Bayatılar"
məcburi şəkildə mənim adıma çıxdı. Nə etmək
olardı. Zaman belə zaman idi. Odur ki, o kitabı
mən öz kitabım bilmədim.
Heç siz də
bilməyin.
Bəlkə elə
belə-belə xoflar, qorxutmalar idi ki, Təhmasib
müəllim repressiyalara son qoyulduqdan sonra da
az danışırdı. Ehtiyatla danışırdı. Hətta kiməsə
bağışlayacağı kitabına yazacağı bir-iki cümlə
xatirəni də əvvəlcə ayrı kağıza yazardı,
yaxınları ilə məsləhətləşərdi. Xətasızlığına
arxayın olandan sonra kitaba köçürərdi.
Doğrudur, Təhmasib müəllim bədii əsərlər də
yazırdı. Onun folklor motivli dram əsərləri
səhnədə oynanılıb, əsərləri əsasında filmlər
çəkilib. Amma Təhmasib müəllim sözün bütöv və
böyük mənasında folklorçu və folklorşünas idi.
O, bir folklorçu olaraq Azərbaycanı qarış-qarış
gəzmiş, folklor örnəklərimizi toplayıb nəşr
etdirmişdir. Folklorşünas kimi topladıqlarına
dair hər sözü, cümləsi istifadə, müraciət
qaynağı olmuş, olacaq araşdırmalar yazmışdır.
Təhmasib
müəllim Azərbaycanda mifşünaslığın
yaradıcılarındandır. Onun namizədlik
dissertasiyası "Xalq ədəbiyyatımızda mövsüm və
mərasim nəğmələri" (1945) əsəri sonrakı mifoloji
araşdırmalar yoluna effektli işıq salmışdır.
"Koroğlu"
eposunun ilk mükəmməl nəşri də Təhmasib
müəllimin adı ilə bağlıdır. Özü az gülən
ustad-müəllim "Molla Nəsrəddin" lətifələrini
dönə-dönə çap etdirməklə oxucuları gülməkdən və
düşündürməkdən yorulmamışdır. Bu gün nadir
nüsxələrə çevrilmiş 5 cild "Azərbaycan
nağılları"nın, 5 cild "Azərbaycan dastanları"nın
üstündə Təhmasib müəllimin əlinin sığalı vardır.
Beynəlxalq kataloq indeksi almış "Azərbaycan
şifahi xalq ədəbiyyatına dair tədqiqlər"in
yaradıcısı Təhmasib müəllimdir.
"Kitabi-Dədə
Qorqud" eposu Təhmasib müəllimin yaradıcı
ömrünün xüsusi mərhələsidir. O, V.V.Bartoldun
Bakıda akademik H.Araslı ilə birlikdə çapa
hazırladıqları "Dədə Qorqud"a az qala elə
abidənin özü boyda izah və qeydlər yazmaqla,
eposa dair araşdırmaları ilə Azərbaycanda
Qorqudşünaslığın inkişafına qızğınlıq
gətirmişdir. "Kitabi-Dədə Qorqud"a vurulan yasaq
möhürü Təhmasib müəllimi də az ağrıtmamışdır.
Elə buna görədir ki, abidə haqqında bəraət
məqaləsi (1957) yazanların - M.Arif,
Ə.Dəmirçizadə, H.Araslı - sırasında professor
M.Təhmasib də vardır.
Alim var ki,
kitablarının sayı ilə öyünsə də, özü öyülmür.
Təhmasib müəllimin isə cəmi bir araşdırma kitabı
çap olunub: "Azərbaycan xalq dastanları (orta
əsrlər)". 1972-ci ildə nəşr olunmuş bu əsər
yalnız Azərbaycan yox, ümumtürk eposşünaslığının
qəbul olunmuş proqramıdır.
"Novruz
bayramı haqqında elmi əsaslandırmanı hazırlamaq
ona tapşırılmışdı"
Məhərrəm
QASIMLI,
filologiya
elmləri doktoru, professor
"Koroğlu"
eposunun ən möhtəşəm nəşri M.Təhmasibin adı ilə
bağlıdır. Təqribən 25 il yüzdən çox aşığın
repertuarındakı "Koroğlu"nu yazıya almış alim
50-dən artıq variantı səbr və təmkinlə toplamış,
daha dolğun variantı əsas götürmüş, variantlar
arasındakı fərqləri əks etdirən
şərh-açıqlamalarla eposu 17 qol şəklində 62 il
əvvəl nəşr etdirmişdir.
M.Təhmasib
nəşri həm bir xalq qəhrəmanı kimi Koroğlu
obrazının özünə, həm də eposa misilsiz bir
möhtəşəmlik və əzəmət gətirmişdir. Milli şüur və
qəhrəmanlıq-yurdsevərlik ruhunun güclənməsində
Təhmasib "Koroğlu"sunun ölçüyəgəlməz dərəcədə
mühüm rolu olmuşdur.
Dünya eposları
ilə müqayisədə fəxri, ləyaqətli yer tutan
"Koroğlu"nun hələlik ən mükəmməl nəşri onun
çoxillik əməyinin məhsuludur.
Folklorşünaslığımızda M.Təhmasib mərhələsində
folklor toplanılmasının həm rahat, həm də çətin
tərəfləri var idi. İşin rahatlığı onunla
şərtlənirdi ki, həmin dövrdə folklor söyləyicisi
problemi yox idi. Sinəsində elin söz yatırını
daşıyan adamlara az qala hər addımbaşı rast
gəlmək olurdu. Saz-söz bilicisi olan ustad
aşıqların sayı da kifayət qədər çoxuydu. Ancaq
bunun müqabilində işin başqa bir çətin tərəfi
folklorçulardan xüsusi fədakarlıq tələb edirdi:
yol-nəqliyyat çətinliyi kəndlərə, söyləyicilərin
yanına getməyi problemə çevirirdi. Bəzən atla,
bəzən də piyada saatlarla yol getmək lazım
gəlirdi. Söyləyicinin danışıqlarını yazmaq üçün
lazımi texnoloji imkanlar (səs və görüntü qeydə
alan cihazlar) olmadığından, kağız-qələm
vasitəsilə yazıyaalma kimi ağır, yorucu üsul
tətbiq edilirdi. Təhmasib müəllim digər
əməkdaşlarla birlikdə illər uzunu Naxçıvanı,
Göyçəni, Borçalını, Qazax-Qarabağı,
Şəki-Şirvanı, Muğanı, Abşeronu addım-addım gəzib
dolaşaraq, hər cür çətinlik və məşəqqətlərə
qatlaşa-qatlaşa, yorulub usanmadan şifahi
ədəbiyyat inciləri toplamaqla məşğul olur,
Bakıya döndükdən sonra isə onların
sistemləşdirilib nəşrə hazırlanması üzərində
çalışırdı.
M.Təhmasibin
elmi nüfuzunu təsdiqləyən əlamətdar hadisələrdən
biri də Novruz bayramının qeyd olunması ilə
bağlıdır. Bilindiyi kimi, XX əsrin iyirminci
illərinin sonlarından Novruz bayramına dini rəng
verilərək onun keçirilməsi rəsmi şəkildə qadağan
olunmuşdu. Altmışıncı illərdə siyasi sistemin
mülayimləşməsi nəticəsində Novruz bayramına
bəraət qazandırmaq imkanı ortaya çıxanda həmin
mövzuda elmi əsaslandırmanı hazırlamaq
respublikanın ən nüfuzlu folklor mütəxəssisi
kimi M.Təhmasibə həvalə edilmişdi. Novruz
bayramının gerçək tarixi mahiyyətini əks etdirən
elmi əsaslandırmanı yüksək səviyyədə hazırlayan
görkəmli alimin həmin arayışı 1966-cı ildə
"Ədəbiyyat və incəsənət" qəzetinin 12 mart
tarixli nömrəsində - Novruz ərəfəsində çap
olunmuşdur. Məlum olduğu üzrə artıq bundan bir
il sonra - 1967-ci ildə Bakıda Novruz mərasimi
kütləvi xalq bayramı kimi böyük təntənə ilə qeyd
edilmişdir. 1979-cu ildə Heydər Əliyevin
təşəbbüsü ilə ilk dəfə Novruz bayramının
Azərbaycan televiziyası ilə translyasiya
olunmasına hazırlıq işləri gedərkən də
M.Təhmasib əsas elmi məsləhətçi kimi həmin
mötəbər tədbirdə ləyaqətli yer almışdı.
Şamxəlil MƏMMƏDOV |