Respublikamızda təhsil sisteminin inkişafı çox
mühüm təşkilati və idarəetmə amilləri ilə
yanaşı, həm də onun pedaqoji təminatından
asılıdır. Məlumdur ki, istər təlimin, istər
inkişafın, istərsə də tərbiyənin mütəşəkkil
təşkilinin ilk addımları məktəbəqədər
müəssisələrdə, xüsusilə ibtidai siniflərdə
atılır. Fəaliyyətinin normal təşkil olunmasında
onun pedaqoji təminatı xüsusi əhəmiyyət kəsb
edir. Bunu nəzərə alaraq 1970-ci ildə - ibtidai
təhsilin ilk dəfə ciddi eksperimental
axtarışlara məruz qaldığı bir dövrdə "Azərbaycan
məktəbi" jurnalının nəzdində "İbtidai məktəb və
məktəbəqədər tərbiyə" məcmuəsinin yaradılması
qərara alındı. İldə 6 dəfə 25-28 min tirajla çap
olunan bu məcmuə təhsilin aşağı pilləsini elmi
əsaslarla idarə edən, yeni uğurlara yönəldən
yeganə mətbu orqan idi. 30 illik yubileyindən
sonra məcmuəyə müstəqil jurnal statusu verildi.
2009-cu ildən jurnal təhsil qanununa uyğun
olaraq "Məktəbəqədər və ibtidai təhsil" adlandı.
40 il əvvəl belə bir məcmuənin meydana çıxması
həyatın tələbi, qaçılmaz zərurət idi.
Məcmuənin
1-ci nömrəsində oxuculara belə müraciət edilir:
"Mövcud çətinlikləri aradan qaldırmaq üçün hər
bir müəllim yorulmaq bilmədən oxumalı, yeni
proqramların tələblərini həyata keçirmək üçün öz
ixtisasını artırmalı, metodik ustalığını
təkmilləşdirməlidir. Bu işdə məcmuə sizə
yaxından kömək edəcəkdir. Onun səhifələrində
sizi maraqlandıran metodik məsələlərə dair
məqalələr oxuya biləcəksiniz.
Məcmuədə sinif
müəllimlərinin, uşaq bağçası tərbiyəçilərinin
qabaqcıl iş təcrübəsini əks etdirən materiallar,
proqramın çətin və mürəkkəb bölmələrinin
tədrisinə kömək edəcək metodik göstərişlər,
uşaqlarla aparılan tərbiyə işlərinə dair
məqalələr dərc olunacaqdır".
Beləliklə,
məcmuə oxucuları istiqamətləndirir, onların
faydalanacaqlarına təminat verir.
Məcmuə
yarandığı gündən başlıca olaraq iki istiqamətdə
fəaliyyətə başladı: a) pedaqoji kadrların
elmi-nəzəri səviyyələrinin yüksəldilməsi; b)
məktəbəqədər tərbiyə və ibtidai təhsil
müəssisələrinin təcrübəsinin öyrənilməsi,
ümumiləşdirilməsi və yayılması.
Məcmuənin
fəaliyyətinin düz 20 ili sovet hakimiyyəti
dövrünə təsadüf edir. Həmin illərdə məcmuə SSRİ
Pedaqoji Elmlər Akademiyası tərəfindən işlənmiş
təhsil sistemi dairəsində fəaliyyət
göstərmişdir. Təhsilin həyatla
əlaqələndirilməsi, ikiilliksiz təlim, təlimin
intensivləşdirilməsi, təlim prosesində
fərdiləşdirmə, təlimin texniki vasitələrindən
istifadə, proqramlaşdırılmış təlim, təlim
prosesinin optimallaşdırılması, problemli təlim
və s. məsələlərlə əlaqədar yazılar, pedaqoji
eksperimentlər məktəblərimizə yeni nəfəs
gətirmişdi.
Məcmuə
sadalanan yenilikləri təsvir etmək deyil,
onların mahiyyətini açmaq, yerli şəraitə
uyğunlaşdırmaq, müəllimləri şüurlu fəaliyyətə
qoşmaq istiqamətində xeyli iş görmüş, böyük
təşkilatçı rolunu oynamışdı. Akademik
L.V.Zankovun məcmuədəki məqalələri müəllimləri
yaradıcı axtarışlara, tədqiqatçılığa qoşdu.
Riyaziyyat, təbiətşünaslıq fənləri və müxtəlif
problemlərlə əlaqədar görkəmli rus alimlərinin
məqalələrindən müəllimlər xeyli bəhrələndilər.
Az müddət ərzində məcmuə ətrafına onlarca
pərəstişkar toplaya bildi.
O zaman
üçillik ibtidai təhsil sisteminə keçilməsi, 6
yaşdan təlimə başlanması, beşgünlük tədris
həftəsinə keçilməsi ilə əlaqədar eksperimental
tədqiqatların mahiyyətinin müəllimlərə, təhsil
işçilərinə çatdırılması məcmuənin ilk 20 ilinin
əlamətdar hadisələridir.
Nəzəri
səviyyənin yüksəldiyi, hesab fənninin
riyaziyyatla əvəzləndiyi, təbiətşünaslığın
tədrisinə I sinifdən başlandığı, yalnız yaddaşa
deyil, həm də əsasən, təfəkkürə əsaslanmağın
zəruriliyinin qarşıya çıxdığı dövrdə müəllimləri
silahlandırmaq tələb olunurdu. Akademik
L.V.Zankovun "Şagirdlərə gücləri çatan ən yüksək
çətinlik səviyyəsində biliklərin verilməsi"
ideyası eksperimentin məzmununu və yollarını
müəllimlərə çatdırmaq vəzifəsini irəli sürürdü.
Bunun nəticəsidir ki, üçillik təlimin
müvəffəqiyyətlə həyata keçirilməsində məcmuə
mühüm rol oynadı.
Məcmuə 70-ci
illərin əvvəllərindən başqa bir problem üzrə
təbliğata və praktik köməyə başladı. Bu, azsaylı
xalqların uşaqlarının məktəbdə,
azərbaycanlıların isə uşaq bağçalarında məktəbə
hazırlanmaları üçün proqramların, metodik
göstərişlərin müəllimlərə təqdim olunması,
müəllimlərin fəaliyyətinin düzgün
istiqamətləndirilməsi idi.
Bir-iki ildən
sonra həmin problem başqa aspektdə inkişaf etdi.
6 yaşdan təlimə başlamaq ideyası qarşıya çıxdı.
Problemlə əlaqədar məcmuədə sanballı məqalələr
dərc olundu.
Bununla
əlaqədar məcmuə xüsusi fəallıq göstərdi. 6
yaşdan təlimin sistemi, məzmunu, eksperimentin
gedişi yolları işlənib müəllimlərə çatdırıldı.
Beləliklə, məcmuə müəllimin bu işə hazırlığını
təmin etdi. Uşaq bağçalarının hazırlıq qrupları
və məktəblərdə təşkil olunmuş hazırlıq
siniflərində alınan müsbət nəticələr məktəb
təliminə bir il tez başlamaq fikrini
reallaşdırdı. 1992-ci ildə 6 yaşdan kütləvi
təhsilə keçildi.
Axtarışlarla
dolu olan bu dövrdə (1981-1984-cü illər)
beşgünlük tədris həftəsi üzrə işin təşkili 10
uşaq bağçası və 40 məktəbdə sınaqdan keçirildi,
jurnal onun da gedişini şərh etdi və nəticəsi
oxuculara çatdırıldı.
Bütün bunlar
müəllimlərin ixtisasının artırılmasına, təhsil
quruculuğuna faydalı xidmət olmaqla jurnalın
təşkilatçılıq və təbliğatçılıq bacarığını necə
yerinə yetirdiyini göstərdi. Bu prosesdə
məcmuənin özü də formalaşdı.
Belə
anlaşılmamalıdır ki, məcmuə yalnız kütləvi
eksperimentlərin təbliği və tətbiqinə xidmət
etmişdir. Bunlarla yanaşı, məcmuənin
səhifələrində elm, təhsil və tərbiyənin
rəngarəng sahələri də əhatə olunmuşdur.
Jurnal, hər
şeydən əvvəl, dövlətimizin ideologiyasına,
təhsil siyasətinə, məktəb quruculuğuna,
Respublika Təhsil Nazirliyinin həyata keçirdiyi
tədbirlərin dəstəklənməsinə və təbliğinə
sədaqətlə xidmət etmişdir. Bu gün jurnal
müstəqil respublikamızın təhsil islahatından
irəli gələn vəzifələrin müvəffəqiyyətlə yerinə
yetirilməsi istiqamətində yorulmadan fəaliyyət
göstərir. Bu prosesdə o, Təhsil Nazirliyinin
qərar və göstərişlərini əldə rəhbər tutur.
Məcmuənin
ərsəyə gəlməsində və formalaşmasında onun
redaksiya heyətinin üzvləri, elmlər namizədləri
Muxtar Həmzəyev, Əfşan Qədimbəyova, Məcid
İsmixanov, Nüsrət Sadıqov, Əliağa Şükürov, Ziyad
Osmanov, Paşa Hacıyev, Məmmədhənifə Musayev,
Sosialist Əməyi Qəhrəmanı Məsmə Atakişiyeva,
əməkdar müəllim Lətifə Qoşqarlı, qabaqcıl
müəllim Roza Mehdiyeva, Məhərrəm Səfərlinin
əməyi böyük olmuşdur. Bir neçə ildən sonra
Nağı Günəşli, Əjdər Ağayev, Məhəmməd Baharlı
baş redaktorun müavini kimi xüsusi xidmət
göstərmişlər.
Məcmuənin ilk
nömrələrindən M.Muradxanov, A.Abdullayev,
H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Ə.Əfəndizadə,
C.Əhmədov, B.Əhmədov, Ə.Əlizadə, Ə.Ağayev,
V.Xəlilov və başqa görkəmli professorlar öz
məqalələri ilə oxucuları düzgün
istiqamətləndirmişlər.
Yüzdən artıq
elmlər doktoru, elmlər namizədləri tədqiqata
başlayarkən öz ideyalarını məcmuənin
"meydanında" sınaqdan keçirmiş, qələmlərini
"itiləmiş", alim kimi formalaşmışdır. Beləliklə,
nəzəriyyə ilə təcrübə arasında üzvi əlaqə təmin
edilmişdir. Məcmuə dissertant, aspirant kimi
gənc qüvvələri özünə cəlb etdi. Bu gün elmlər
namizədləri Ə.Abbasov, M.Həsənov, L.Bağırova,
Z.Məhərrəmli, V.Bəşirov, M.İsmıxanov, P.Əliyev,
N.Bəşirov, L.Cəfərova, N.Çələbiyev, Z.Aslanova,
A.İmanlı, R.Ağayev, R.Hüseynov və başqaları
fəal müxbir kimi tanınırlar. Beləliklə,
məktəbəqədər tərbiyə və ibtidai təhsil sahəsində
yüksək ixtisaslı kadrların - pedaqoq, psixoloq
və metodistlərin yetişdirilməsində jurnal çox
mühüm rol oynayır.
Yarandığı
gündən məcmuə praktik aspektə ciddi əhəmiyyət
vermiş, öz səhifələrini tərbiyəçilərin,
müəllimlərin üzünə geniş açmış, qabaqcıl
təcrübəni müntəzəm əks etdirmişdir.
Qabaqcıl
müəllimlərdən Q.Tağıyeva (291 nömrəli Araz
Ekologiya Liseyinin müəllimi), Səmagül Əliyeva
(102 nömrəli məktəb), A.İbrahimova (Bakı şəhər
Müasir Təhsil Kompleksinin müəllimi), Afaq
Əliyeva (Gəncə Şəhər Təhsil Şöbəsinin
metodkabinetinin müdiri), Fəridə Babayeva (Qax
Rayon Təhsil Şöbəsinin metodkabinetinin
metodisti), L.Balakişiyeva (Qusar 3 nömrəli
məktəbin müəllimi), Cavanşir Abbasov (Lənkəran
Dövlət Universitetinin müəllimi), Sədaqət
Rəhimova (240 nömrəli uşaq bağçasının müdiri),
Zemfira Əsədova (175 nömrəli körpələr evi-uşaq
bağçasının müdiri) və başqaları fəal iştirak
edirlər.
Gənc nəslin
tərbiyəsi problemi jurnalın fəaliyyətində
aparıcı yer tutur. Jurnalda alim və müəllimlərin
mənəvi tərbiyə, vətənpərvərlik, ekoloji tərbiyə,
estetik tərbiyə, milli adət və ənənələr, düzlük
və doğruçuluq, əməyə, əmək adamlarına münasibət,
qənaətcillik, mədəni davranış qaydaları,
müəllim-şagird münasibətləri, ailə tərbiyəsi,
özünütərbiyə və s. haqqında məqalələr dərc
olunur.
Bu gün
jurnalda pedaqoji kadrların peşə hazırlığının
artırılmasına xüsusi diqqət yetirilir. Müəllimin
nəzəri hazırlığını zənginləşdirən, onları müasir
yeniliklərlə tanış edən, ayrı-ayrı fənlər üzrə
nəzəri hazırlığını yüksəldən, təhsil
müəssisəsində psixoloji xidmətin elmi əsaslar
üzrə təşkilinə dair məqalələr diqqəti cəlb edir.
Uşaqların
sağlamlığının mühafizəsi daim diqqət mərkəzində
olmuş, gün rejiminin fizioloji əsasları, şəxsi
gigiyena, bədənin möhkəmləndirilməsi, yoluxucu
xəstəliklərin profilaktikası məsələləri əhatə
edilmişdir. Xüsusi məktəblərin problemləri də
jurnalın nəzərindən kənarda qalmır. Jurnalın
səhifələrindəki surdo, tiflo, oliqofren
pedaqogika ilə əlaqədar məqalələr inklüziv
təhsilin elmi əsaslar üzrə təşkilinə yaxından
kömək göstərir.
Jurnalın
səhifələrində görkəmli maarifpərvər, elm və
incəsənət xadimləri Nəsirəddin Tusi, Mahmud
Kaşğari, Tağı Şahbazi Simurq, Ömər Faiq
Nemanzadə, Firidun bəy Köçərli, Rəşid bəy
Əfəndiyev, Hüseyn Cavid, Süleyman Sani Axundov,
Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq,
Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mir Cəlal, Mehdi
Mehdizadə və başqaları haqqında yazılar müəllim
və tərbiyəçilərimizi təhsilimizin, məktəbimizin,
elmimizin, incəsənətimizin tarixi ilə tanış
edir.
Jurnal
oxucularını xarici ölkələrin pedaqoji fikir
tarixinə dair məlumatlarla da tanış edir.
"Yaponiyada məktəbəqədər tərbiyə", "Almaniya
Demokratik Respublikasının məktəblərində",
"Hollandiya və İngiltərədə təhsil" məqalələri,
Lev Tolstoy, K.D.Uşinski, Y.A.Korçakın pedaqoji
fikirləri haqqında yazılar və s. buna misal ola
bilər.
40 il ərzində
jurnalın 180 nömrəsi çap olunub. Bu nömrələrdə
850 çap vərəqi həcmində 2400 məqalə dərc
edilmişdir. Bu məqalələr müxtəlif sahələri əhatə
etmişdir: nəzəri məsələlər 75, yeni pedaqoji
texnologiyalar 49, məktəbəqədər təhsil 435,
fənlərin tədrisi və qabaqcıl təcrübə 929,
tərbiyə məsələləri 311, psixologiya və
defektologiya 94, məsləhət 129, uşaqlar üçün 48,
görkəmli sənətkarlar haqqında 36, digər
məsələlər haqqında 294.
Jurnalın
rubrikaları vaxtaşırı dəyişmişdir. İndi daimi
rubrikalar aşağıdakılardır: "Yeni pedaqoji
texnologiyalar", "Məktəbəqədər təhsil",
"Fənlərin tədrisi və qabaqcıl təcrübə", "Tərbiyə
məsələləri", "Psixologiya və defektologiya",
"Sizin kitab rəfiniz", "Bizim iş yoldaşlarımız",
"Tənqid və biblioqrafiya", "Müdriklər demişlər".
Bundan əlavə, vaxtaşırı "Nəzəri məsələlər",
"Pedaqoji fikir tariximiz", "Müəllimin şəxsi
təhsili", "Xaricdə təhsil", "Suallara cavab",
"Sağlamlıq və gigiyena", "Mahnı töhfələri",
"Gənc istedadlar", "Valideynlərin maarifi",
"Dərslik problemi", "Pedaqoji mühazirələr" və s.
verilir.
Gələcəkdə
jurnalda tərbiyəçi və müəllimlərin şəxsi
təhsilinə, təlim məşğələlərinin, dərslərin,
fakültativ kursların təşkilinə, müəllimlərin
ilin müəllimi müsabiqəsinə hazırlanmalarına,
dərsliklər və dərs vəsaitlərinin təhlilinə həsr
olunmuş məqalələrə geniş yer veriləcəkdir.
Jurnalın
ayrı-ayrı nömrələrinin təhsil müəssisələrində
geniş müzakirəsinin keçirilməsi, irəli sürülən
tənqidi qeydlər və təkliflər əsasında onun
keyfiyyətinin yaxşılaşdırılması təxirəsalınmaz
vəzifə olacaqdır.
Jurnalın
redaksiya heyəti çalışacaq ki, jurnal təhsil
islahatının müvəffəqiyyətlə həyata keçirilməsi,
Respublika Təhsil Nazirliyinin əmr və
sərəncamlarına əməl olunması, məktəbəqədər və
ibtidai təhsil sahəsində arzuların doğrulması,
bütövlükdə təhsil sistemimizin çiçəklənməsi
sahəsində ləyaqətlə fəaliyyət göstərsin. Bu,
bizim amalımızdır.
Y.KƏRİMOV,
jurnalın baş redaktoru |
|