Qars Qafqaz
Universitetinin rektoru, professor doktor Sami
Özcan və ali məktəbin 23 nəfərlik akademik
heyəti Naxçıvan Dövlət Universitetində səfərdə
olmuşlar. Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəyli heyəti qəbul
edərək universitetlə tanış etmişdir. Qonaqlar
universitetin beynəlxalq münasibətlər və xarici
dillər fakültəsində linqvistika və kompüter
mərkəzlərində tədris prosesində müasir
texnologiyalardan istifadədən razı qalmışlar.
Olimpiya tipli idman kompleksində universitetin
idmanın ən müxtəlif sahələri üzrə qazandığı
möhtəşəm uğurları sərgiləyən idman muzeyi,
idmançı tələbələrlə görüş xüsusi maraq
doğurmuşdur.
Qars
Qafqaz Universitetinin nümayəndələri NDU-nun
incəsənət fakültəsində müxtəlif kafedra və
siniflərdə olmuş, müəllim və tələbələrin
hazırladıqları mini-konsert proqramı böyük
rəğbətlə qarşılanmışdır.
Türkiyəli
qonaqlar universitet televiziyasında tədris
yönlü verilişlərin hazırlanması, jurnalist
tələbələrin praktiki fəaliyyəti üçün yaradılan
mükəmməl şəraitdən razı qalmış, ali məktəb
televiziyasının əməkdaşına müsahibə vermişlər.
Sonra
rektorluqda işgüzar görüş keçirilmişdir.
Rektor, akademik İsa Həbibbəyli universitetin
strukturu, professor-müəllim heyəti, tələbə
kontingenti ilə bağlı ətraflı məlumat vermişdir.
Azərbaycan və Türkiyə arasındakı sarsılmaz
birlikdən və tarixi köklərdən danışan rektor
qeyd etmişdir ki, 37 ölkə ilə beynəlxalq əlaqəyə
malik Naxçıvan Dövlət Universiteti qardaş
Türkiyənin Ankara, Ərdahan, Van 100-cü il,
Kocaeli universitetləri ilə dayanıqlı elmi
əməkdaşlığa malikdir. Bu tərəfdaşlıqda xüsusi
yeri olan Qars Qafqaz Universiteti ilə 1999-cu
ildən başlayan əlaqələr universitetlərin ən
müxtəlif sahələrdə inkişafı, dünya elm, tədris
sisteminə inteqrasiyası üçün əsas zəmin
olmuşdur. Xatırladılmışdır ki, Qars Qafqaz
Universitetinin təşəbbüsü ilə
Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində
yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi
uğurla həyata keçirilməkdədir. NDU-nun baytarlıq
ixtisası tələbələrinin mütəxəssis kimi
yetişmələrində Qars Qafqaz Universitetinin
baytarlıq fakültəsinin mühüm xidmətləri var.
İsa Həbibbəyli bu əməkdaşlığın qurulmasında Qars
Qafqaz Universitetinin sabiq rektorları Necati
Kaya və Abamüslüm Güvenin əməyini xüsusi
qiymətləndirmiş, yeni seçilmiş rektor, professor
doktor Sami Özcanın universitetlərarası
əlaqələrin gələcək inkişafına böyük dəstək
olacağına əminliyini bildirmişdir.
Qars Qafqaz
Universitetinin rektoru, professor doktor Sami
Özcan Naxçıvan Dövlət Universitetinin elmin,
təhsilin tərəqqisi, müasir texnologiyaların
tətbiqi, yeni tədris üsullarının mənimsənilməsi
istiqamətində böyük inkişaf yolu keçdiyini
söyləmişdir. Qars Qafqaz Universiteti haqqında
geniş məlumat verən rektor gələcək əməkdaşlıq
haqqında yeni təkliflər vermişdir.
Müzakirə
zamanı bakalavr, magistratura, doktorantura
təhsil pillələri üzrə elmi-pedaqoji kadr və
tələbə mübadiləsi hər iki ali məktəbdə mükəmməl
ixtisasa yiyələnmiş məzunlara qoşa diplomların
verilməsinin mümkünlüyü məsələlərindən söhbət
açılmışdır.
NDU-nun tədris
işləri üzrə prorektoru, əməkdar elm xadimi
Hüseyn Həşimli və tərbiyə işləri üzrə
prorektoru, əməkdar müəllim Məmməd Rzayev, Qars
Qafqaz Universitetinin rektor yardımçıları -
professor doktorlar Hidayət Mətin Ərdoğan və
Cavid Arslan universitetlərarası əlaqələrin yeni
mərhələdə inkişafı ilə bağlı bir sıra məsələləri
müzakirə etmişlər.
Belə ki, "Araz
hövzəsi: Naxçıvan və Qars", "Qafqaz və Türkiyə
mənbələrində Naxçıvan və Qars" adlı beynəlxalq
simpoziumların, uluslararası Qafqaz şairlərinin
toplantısı, şeir gecələri, mədəniyyət
kollektivlərinin qastrolları, idman yarışlarının
təşkili ilə bağlı razılaşmalar əldə edilmişdir.
Görüş zamanı
fevral-mart aylarında Qarsda imzalanacaq
qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin ilkin
variantı müzakirə olunmuşdur.
Qars Qafqaz
Universitetinin rektor yardımçısı, baytarlıq
fakültəsinin dekanı Hidayət Mətin Ərdoğan və
fakültənin bir qrup nümayəndəsinin də qatıldığı
heyət Naxçıvan MR Elmi-Tədqiqat Baytarlıq
Stansiyasında da olmuşlar. Naxçıvan Dövlət
Universitetinin baytarlıq ixtisası tələbələri
üçün elmi-təcrübi baza rolunu oynayan bu
stansiyada yaradılan şəraitlə tanışlıq,
əməliyyat otaqları, diaqnostika-müayinə
laboratoriyaları türkiyəli həmkarların marağına
səbəb olmuşdur.
Türkiyəli
heyəti Naxçıvan MR Ali Məclisinin sədri Vasif
Talıbov qəbul etmişdir.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |