Sumqayıt Şəhər
Təhsil Şöbəsi ilə Qafqaz Universiteti arasında
hər iki tərəf üçün faydalı olan işbirliyi
mövcuddur. 1998-ci ildən başlayaraq hər il
Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin fənn
olimpiadalarının şəhər mərhələsinin ikinci
turunda qalib gələn şagirdləri ilə
universitetdə görüş və onların
mükafatlandırılması mərasimi təşkil olunur.
Növbəti ənənəvi tədbir bu ali təhsil ocağında
yanvarın 26-da keçirildi.
Sumqayıtlı
məktəblilər əvvəlcə universiteti gəzib burada
yaradılmış yüksək təhsil şəraiti ilə tanış
oldular, auditoriyalarda, laboratoriya və
kompüter mərkəzində olub tələbə və müəllimlərlə
görüşdülər.
Mükafatlandırma mərasimi universitetin akt
zalında bu ali təhsil müəssisəsi haqqında filmin
nümayişi ilə başladı. Sonra universitetin
rektoru, professor Ahmet Saniç çıxış edərək
məktəbliləri təbrik etdi.
Onları
Azərbaycanın ulduzları adlandıran rektor
aralarında gələcəyin Nobel mükafatçılarının
olacağına inandığını söylədi. A.Saniç Qafqaz
Universiteti haqqında qısa məlumat verərək
hazırda onun ölkənin ən yüksək reytinqli ali
təhsil ocaqlarından biri olduğunu diqqətə
çatdırdı. Təbrik çıxışında Sumqayıt şəhərinin
təhsil uğurlarından da söz açan rektor bu
uğurların əldə olunmasında şəhər təhsil
şöbəsinin böyük rolunu qeyd etdi, onun
məktəblərdə keçirdiyi monitorinqlərin əsl yarış
meydanı yaratdığını vurğuladı.
Mərasimdə
çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsi
Metodkabinetinin direktoru Sabir Məmmədov fənn
olimpiadasının nəticələri haqqında məlumat
verdi. Bildirdi ki, bilik yarışlarının ötən ilin
noyabrında keçirilmiş ilk turunda 10 min
məktəbli iştirak edib. Şəhər mərhələsinin
dekabrın 5-də keçirilmiş birinci turunda 814,
yanvarın 9-da təşkil olunmuş ikinci turunda isə
116 şagird öz qüvvəsini sınamışdır. Son
yarışmanın nəticələrinə əsasən 33 şagird
olimpiadaların respublika turuna vəsiqə qazanıb
və onlar mart ayında paytaxtda keçiriləcək
finalda Sumqayıt məktəblərini təmsil edəcəklər.
Qafqaz
Universiteti ilə Sumqayıt Şəhər Təhsil Şöbəsi
arasında yaranmış sıx ünsiyyəti yüksək
qiymətləndirən S.Məmmədov son iki ildə
Sumqayıtın orta məktəb məzunlarından 68
nəfərinin bu ali məktəbə daxil olmasını da məhz
həmin ünsiyyətin nəticəsi olduğunu vurğuladı.
Tədbirə
sponsorluq köməyi göstərmiş "Hədəf" kurslarının
rəhbəri Elxan Nəzərov, Sumqayıt Şəhər Təhsil
Şöbəsinin müdiri Vidadi Bağırov, Gənclər və
İdman Baş İdarəsinin rəisi Musa Həsənov
qalibləri təbrik etdilər, onlara daha böyük
uğurlar arzuladılar. Universitet rəhbərliyinə,
olimpiadaların keçirilməsində və mükafatlandırma
mərasiminin təşkilində əməyi olanlara
minnətdarlıqlarını bildirdilər.
Sonra
qaliblərə Sumqayıt ŞTŞ və Gənclər və İdman Baş
İdarəsinin fəxri fərmanları və qiymətli
hədiyyələr təqdim olundu.
Yusif ƏLİYEV |