| 
								 Ulyanovsk 
								vilayətinin qubernatoru Sergey Morozov 
								AzərTAc-ın müxbirinə eksklüziv müsahibəsində 
								demişdir: "Azərbaycanla bizim çox səmimi 
								münasibətlərimiz vardır. Biz xalqınızın 
								ümummilli lideri Heydər Əliyevi yaxşı 
								xatırlayırıq və ən çətin vaxtda - hələ 1983-cü 
								ildə çoxlu sayda insanın həlak olması ilə 
								üzləşdiyimiz bir dövrdə buraya gəldiyinə və 
								bizim bu bəladan tezliklə yaxa qurtarmağımıza 
								kömək etdiyinə görə ona ürəkdən minnətdarıq. Biz 
								keçən il onun şərəfinə iki prezidentin - Dmitri 
								Medvedevin və İlham Əliyevin iştirakı ilə 
								şəhərimizdə Heydər Əliyev meydanı açdıq". Sergey Morozov 
								demişdir: "Biz Azərbaycanın indiki Prezidentinin 
								xanımı Mehriban Əliyevaya da ürəkdən 
								minnətdarıq. O, keçən il 1 sentyabr ərəfəsində 
								Ulyanovsk şəhərinin ən gözəl məktəblərindən 
								birinin bərpasında bizə kömək etmişdir. Bu 
								məktəb ən müasir texnika ilə tam həcmdə təchiz 
								edilmişdir. Məktəb praktiki olaraq yenidən 
								tikilmiş, orada çox gözəl bir muzey 
								yaradılmışdır. Bu muzeyə müxtəlif millətləri 
								təmsil edən çoxlu sayda insan gəlir. Hesab 
								edirəm ki, bizim yaxşı perspektivləri olan 
								kifayət qədər mehriban münasibətlərimiz vardır. 
								Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla 
								Əliyevanın da Ulyanovska gəldiyinə görə biz ona 
								səmimi təşəkkür edirik. Burada həm məktəbin 
								abadlaşdırılması ilə, həm də Azərbaycan 
								milli-mədəni muxtariyyətindən olan azərbaycanlı 
								uşaqlara yardım göstərilməsi ilə əlaqədar bir 
								neçə layihəmiz vardır".  Qubernator 
								nəzərdə tutulan müştərək layihələr haqqında 
								sualı şərh edərkən bildirmişdir ki, Leyla 
								Əliyevanın Ulyanovska səfərinin gedişində bir 
								neçə layihənin həyata keçirilməsi məsələsi 
								müzakirə edilmişdir. O demişdir: "Lakin biz indi 
								həmin layihələr barədə danışmayacağıq. Bunun 
								səbəbi çox sadədir - həmin layihələr hələlik 
								rəsmən elan edilməmişdir. Lakin bu gün 
								Ulyanovskın MDB məkanında mədəni hadisələr 
								marafonunun keçiriləcəyi ərazi kimi tanınması 
								çox cəhətdən sizin dövlətinizin sayəsində mümkün 
								olmuşdur. Ona görə ki, Azərbaycan səfiri Polad 
								Bülbüloğlu vilayətimizin MDB məkanında mədəni 
								tədbirlər keçirilməsi üçün əsas mərkəzə 
								çevrilməsinə çox fəal kömək etmişdir". 
								 Sergey Morozov 
								Ulyanovsk vilayətinin iqtisadi potensialının 
								Azərbaycanın Moskvadakı səfirliyində 
								təqdimatının praktiki davamı olub-olmaması 
								barədə sualın cavabında demişdir: "Bir şeyi deyə 
								bilərəm, Rusiya Federasiyasının iqtisadiyyatına 
								Azərbaycan Respublikası tərəfindən sərmayə 
								qoyuluşunun nisbi payına görə biz Rusiyada ən 
								birincilər sırasındayıq".  |