Təhsil
Nazirliyinin müvafiq əmrinə əsasən, yanvarın
9-da respublika fənn olimpiadalarının rayon
(şəhər) mərhələsinin ikinci turu keçirilib. Bakı
Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız
məlumata görə, bu turda paytaxtın ümumtəhsil
məktəblərinin 1000-ə yaxın şagirdi iştirak edib.
Onlar şəhər mərhələsinin I turunda
fərqlənənlərdir.
Qeyd edək ki, olimpiadanın noyabrın 13-də
keçirilmiş ilk mərhələsində 120 min, dekabrın
5-də keçirilmiş II mərhələsinin I turunda isə 10
minə yaxın şagird iştirak etmişdir.
IX-XI siniflərin şagirdləri şəhər mərhələsinin
II turunda 7 fənn - Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat,
fizika, kimya, biologiya, informatika üzrə
biliklərini sınayıblar. İkinci turda məktəblilər
kimya və biologiya üzrə 8, Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə 23
nömrəli məktəblərdə, riyaziyyat, fizika və
informatikadan isə 160 nömrəli klassik
gimnaziyada yarışıblar.
Qeyd edək ki, nəticələr yanvarın 25-nə kimi
müəyyənləşdirilib Təhsil Nazirliyinə təqdim
ediləcək. Məktəblilərin fənn olimpiadasının
respublika turunun isə mart ayında keçirilməsi
nəzərdə tutulub. Onu da nəzərə çatdıraq ki,
bilik yarışının respublika turunda qalib gələcək
XI sinif şagirdləri Təhsil Nazirliyinin qərarı
ilə mərkəzləşdirilmiş test imtahanından azad
ediləcəklər.
Y.ƏLİYEV |
|