Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kəlbəcərin
126 nömrəli məktəbi üçün Abşeron rayonunun
Masazır qəsəbəsində, 19 nömrəli məktəb üçün
Xəzər rayonunun Qala qəsəbəsində yeni binalar
tikilmişdir.
Yanvarın 10-da bu binaların istifadəyə
verilməsinə həsr olunmuş mərasimlər
keçirilmişdir.
Kəlbəcər Rayon İcra Hakimiyyətindən AzərTAc-a
bildirmişlər ki, hər iki mərasimdə Prezident
Administrasiyasının məsul işçisi Rövşən Ağayev,
Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov,
Heydər Əliyev Fondunun təmsilçisi İlqar
Mustafayev, Təhsil Nazirliyinin nümayəndəsi
Sabir Həmidov, Kəlbəcər Rayon İcra Hakimiyyəti
başçısının müavini Novruz Çıraqov və başqaları
çıxış etmişlər. Natiqlər ölkədə təhsilin
maddi-texniki bazasının möhkəmləndirilməsi, o
cümlədən məktəb tikintisi sahəsində həyata
keçirilən tədbirlərdən danışmış, bu sahəyə
göstərilən diqqət və qayğıya görə Azərbaycan
Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Onlar əlamətdar hadisə münasibətilə müəllim və
şagirdləri təbrik etmiş, onlara uğurlar
arzulamışlar.
Qeyd edək ki, 126 nömrəli orta məktəb 1999-cu
ildən Masazır qəsəbəsində 9 otaqdan ibarət
darısqal binada fəaliyyət göstərirdi. Sinif
otaqlarının 4-ü Kəlbəcər rayonunun daxili
imkanları hesabına, 5-i isə Norveç Qaçqınlar
Şurası tərəfindən inşa edilmişdi. Sinif
otaqlarının çatışmazlığı, darısqallıq tədris
işlərinin səmərəliliyinə mənfi təsir göstərirdi.
Yeni bina 240 yerlikdir və 16 otaqdan ibarətdir.
Məktəb istilik, su, kanalizasiya sistemləri,
zəruri tədris avadanlıqları ilə təmin olunmuş,
yeməkxana və kitabxana üçün otaqlar ayrılmışdır.
Rayonun 19 nömrəli tam orta təhsil məktəbi
2007-ci ildən Qala qəsəbəsində yerləşir və 6
ədəd vaqon tipli otaqda fəaliyyət göstərirdi.
Yeni bina 220 yerlikdir və 15 otağı vardır. Bu
məktəbdə də şagirdlərin təlim-tərbiyəsinin
təşkili üçün bütün zəruri şərait yaradılmışdır.
Bina istilik sistemi və lazımi avadanlıqla
təchiz olunmuş, burada kompüter şəbəkəsi təşkil
edilmiş, idman meydançası yaradılmışdır. Həyətdə
yaşıllıq salınmış, bulaq kompleksi inşa
edilmişdir. |
|