Müslümov
Valeh Əlizaid oğlu
1968-ci il sentyabrın 2-də Lerik rayonunda
anadan olub. 1983-cü ildə rayondakı 2 nömrəli
orta məktəbin səkkizinci sinfini bitirib və
Sumqayıt şəhər 17 nömrəli peşə məktəbində dülgər
peşəsinə yiyələnib. Bir müddət Tikinti Trestinin
Səyyar Mexanikləşdirilmiş Dəstəsində çalışıb.
1986-cı ildə hərbi xidmətə çağırılıb. 1988-ci
ildə xidmətini başa çatdırıb. Ordudan tərxis
olunaraq Sumqayıta qayıdıb. 1991-ci ilin
avqustunda DİN -in xüsusi təyinatlı milis
dəstəsində xidmətə başlayıb. Şuşa, Tovuz və
Qubadlıda erməni işğalçılarına qarşı döyüş
əməliyyatlarında iştirak edib.
V.Müslümov 1992-ci il aprelin 14-də Marquşevan
kəndində gedən döyüşdə qəhrəmanlıq göstərib və
elə həmin qeyri-bərabər döyüşdə də ağır
yaralanaraq çoxlu qan itirdiyindən həyatını
xilas etmək mümkün olmayıb.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun
1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə
Müslümov Valeh Əlizaid oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Lerik rayonunda dəfn olunub. Vaxtı ilə təhsil
aldığı Lerik rayon 2 nömrəli orta məktəb onun
adını daşıyır.
Nağıyev
Dilqəm Heydər oğlu
1975-ci il iyunun 24-də Mingəçevir şəhərində
anadan olub. 1990-cı ildə Mingəçevir şəhər 9
nömrəli orta məktəbin səkkizinci sinfini
bitirdikdən sonra 69 nömrəli texniki peşə
məktəbində təhsilini davam etdirərək elektrik
çilingəri sənətinə yiyələnib. 1993-cü ildə Milli
Ordu sıralarına çağırılıb. Bakıdakı hərbi
hissələrdən birində təlim keçdikdən sonra Gəncə,
oradan da Füzuli rayonuna döyüş bölgəsinə
göndərilib. Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli,
Böyük Bəhmənli kəndlərinin müdafiəsində iştirak
edib. 1994-cü ilin oktyabrında Gəncədə dövlət
çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri
alınmasında Dilqəmin də xüsusi xidmətləri olub.
D.Nağıyev Tovuz, Ağstafa bölgəsində qiyamçıların
tərk-silah edilməsi əməliyyatında şücaət
göstərərkən qarşı tərəfdən açılan atəş
nəticəsində həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
Nağıyev Dilqəm Heydər oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Mingəçevir şəhər 9 nömrəli orta məktəb
onun adını daşıyır. Məktəbin önündə büstü
qoyulub.
Nəzərli
Hikmət Baba oğlu
1966-cı il martın 7-də Bakı şəhərində anadan
olub. 1973-cü ildə Xətai rayonundakı 27 nömrəli
orta məktəbə gedib, amma atasının iş yerinin
dəyişməsi ilə əlaqədar o, təhsilini Daşkənddə
davam etdirməli olub. Hikmət 1982-ci ildə
yenidən Bakıya qayıdıb. 1984-cü ildə hərbi
xidmətə çağırılaraq Gürcüstan Respublikasının
Duşeti şəhərindəki kəşfiyyat məktəbinə
göndərilib. 1986-cı ildə ordudan tərxis olunaraq
DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və
eyni zamanda Azərbaycan Politexnik İnstitutuna
daxil olub. Sonra Hikmət Azərbaycanın bir
vətənpərvər oğlu kimi erməni təcavüzünə etiraz
edənlərin sırasında Şıx qəsəbəsində yaradılmış
könüllülərdən ibarət müdafiə batalyonuna üzv
yazılıb. 1991-ci ildə Ağdam istiqamətində
cəbhəyə yola düşüb. Xocalı yolunda idarə etdiyi
maşınla düşmənin qarşısında maneə yaradaraq
vətəndaşları təhlükəsiz yerə çıxarıb. Son
məqamda bir neçə döyüşçü yoldaşı ilə meşəyə
çəkilib.
H.Nəzərlinin sonrakı taleyi barədə heç bir
məlumat əldə olunmayıb.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr
1992-ci il tarixli 178 nömrəli Fərmanı ilə
Nəzərli Hikmət Baba oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Nəsibov
Kamil Baladə oğlu
1946-cı il oktyabrın 8-də Laçın rayonunun Bozlu
kəndində anadan olub. 1963-cü ildə Laçın
rayonunun Minkənd orta məktəbini bitirdikdən
sonra hərbi xidmətə çağırılıb. Üçillik hərbi
xidmətdən sonra Vətənə qayıdıb. 1973-cü ildə
Azərbaycan Politexnik İnstitutuna daxil olub.
Ali təhsilini başa çatdırdıqdan sonra Minkənddə
yerləşən Tikinti Materialları Bazasına müdir
təyin edilib. Ermənilərin Laçına ardıcıl
hücumları zamanı Kamil özünümüdafiə dəstəsi
yaradaraq rəhbərliyi öz üzərinə götürərək,
dəfələrlə kəşfiyyata çıxıb. Fərəcan, Səfiyan,
Çağazur, Malıbəy, Cicimli, Qızdərə kəndlərinin
müdafiəsində igidliklər göstərib. Bu bölgələrin
düşməndən təmizlənməsində böyük xidmətləri olub.
K.Nəsibov 1992-ci il iyunun 29-da "Qonaqgörməz"
yüksəkliyi uğrunda gedən döyüşlərdə snayper
gülləsindən yaralanaraq qəhrəmancasına həlak
olub.
Ailəli idi. Dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral
1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə
Nəsibov Kamil Baladə oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Ağcabədi rayonunda dəfn olunub. Doğulduğu
kənddəki Mədəniyyət evi onun adını daşıyır.
Nəsibov
Mərifət Əhməd oğlu
1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm
kəndində anadan olub. 1989-cu ildə Aşağı
Əskipara kənd orta məktəbini bitirib. 1990-cı
ildə hərbi xidmətə çağırılaraq bir il sovet
ordusu sıralarında xidmət edib. O, Vətənə
qayıtdıqdan sonra Milli Ordu sıralarına
çağırılıb. Erməni işğalçılarına qarşı gedən
döyüşlər zamanı həmişə öndə olmağa üstünlük
verərək igidlik nümayiş etdirib. Mərifət
Ermənistanla həmsərhəd olan kəndləri cəsur bir
əsgər kimi qoruyub. Keçirilən döyüş
əməliyyatlarında xüsusi fədakarlıq göstərib. Elə
buna görə də xidmət etdiyi hərbi hissələrdə
komandirlərinin, döyüşçü yoldaşlarının həmişə
hörmət və məhəbbətini qazanıb.
M.Nəsibov 1992-ci il yanvarın 28-də Qazax
rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlər
zamanı qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə
Nəsibov Mərifət Əhməd oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Qazax rayonunun Məzəm kəndində dəfn olunub.
Qazax rayonundakı Heydər Əliyev parkında adına
bulaq tikilib.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |