Maqadana 10 mindən çox azərbaycanlı sürgün
olunub
Onun
Rusiyanın Maqadan Vilayət Daxili İşlər
İdarəsinin Xüsusi Fondlar və İnformasiya
Mərkəzində tədqiqatlar apararaq sürgunə məruz
qalmış soydaşlarımızın buradakı son aqibəti
barədə məlumatlar topladığını eşitmişdik. Bu
günlər isə onunla redaksiyamızda görüşüb, tanış
olduq.
Öyrəndik ki, həmkarımız olan Əsgərov Binnət
Hümbət oğlu 1954-cü ildə Ermənistanın Vedi
rayonunun Xalisa kəndində dünyaya göz açıb.
Kəndlərindəki orta məktəbi bitirib. Bir müddət
"Sovet Ermənistanı" qəzetində linotibçi kimi
çalışıb. 1981-ci ildən isə mətbuatda fəaliyyətə
başlayıb.
1988-ci il hadisələrindən sonra "Kommunist"
nəşriyyatinda (indiki "Azərbaycan") çıxan
ermənicə "Kommunist", sonra isə "Azərbaycan"
qəzetlərində çalışıb.
Binnət Əsgərov 2008-ci ildən başlayaraq Maqadan
vilayətində keçmiş həbs düşərgələrinin
yerləşdiyi ünvanlarda olub, düşərgə və
barakların bu günə qədər qalan qalıqlarının
şəkillərini çəkərək, həmin düşərgələr haqqında
zəngin məlumatlar toplayıb. Eyni zamanda
Stalinin ölümündən sonra verilmiş amnistiyaya
əsasən bəraət alıb (Maqadanı tərk etməmək şərti
ilə) burada qalıb, ailə qurub yaşayan bəzi
soydaşlarımızın övladları və ya nəvələri ilə
görüşüb, əldə etdiyi materiallar əsasında
maraqlı yazılar hazırlayıb.
O, həm də İnformasiya Mərkəzindən aldığı
cavablara əsasən həmin düşərgələrdə olmuş
soydaşlarımızın siyahısını tərtib edib.
Bu nömrəmizdən başlayaraq B.Əsgərovun Maqadan
həbs düşərgələri və bu düşərgələrdə sürgün
həyatı yaşamış soydaşlarımızın aqibəti barədə
yazılarını dərc etməyə başlayırıq.
Vaxtilə
SSRİ-nin hər yerindən sürgün edilib bura
gətirilən dustaqlar kimi məni də sərt şaxtası,
soyuqu ilə qarşıladı məşhur Maqadan şəhəri.
Fərqimiz onda idi ki, onları Oxot dənizinin
bomboş sahilində yeni yaradılmış Naqayev
buxtasında silahlı gözətçilər, məni isə
aeroportda qardaşım gözləyirdi. Adamın gözlərinə
qarı çırpan külək güclü olduğu qədər də soyuq və
şaxtalı idi. Belə küləyə "purqa" deyirlər. İlk
baxışda bu yerlərdə insanın məskən salıb
yaşaması qeyri-mümkün görünür. Amma hələ 1929-cu
ilə qədər bu vilayətə 12 minə qədər çukça, 3
minə yaxın isə eskimos köçürülmüşdür.
Bu vilayətin ərazisi bir çox dövlətlərin
ərazisindən böyükdür. Burada havanın hərarəti
mənfi 50-60 dərəcəyə qədər olur. Bax, elə
Maqadan şəhəri məhz belə bir şəraitdə tikilib. O
zaman dustaqların əl mişarı, lom və əl arabası
ilə inşa etdikləri üç və beşmərtəbəli evlərdən
bu gün də istifadə edilir. İlk taxta barakların
tikilməsindən uzun illər keçməsinə baxmayaraq,
şaxta bu taxtaları çürüməkdən qoruya bilib. On
minlərlə "xalq düşməni"nin son dəfə gördüyü
məşhur Naqayev buxtası (indiki Maqadan)
sahilində tikilən ilk kiçik baraklar bu gün də
azad insanları buranin sərt şaxtasından qoruyur.
Bu ərazidə bəzi yerlərin adları kilometrlərlə
deyilir: 5-ci kilometr, 6-cı kilometr, 10-cu
kilometr və s. Bu kilometrlərin hər birində
ayrıca kiçik bir düşərgə olub.
Milyonlarla insanın xatirəsində SSRİ-nin ən
böyük həbsxana və düşərgələr şəhəri kimi həkk
olunmuş Maqadan Uzaq Şərqdə, Oxot dənizinin
sahilində yerləşir.
Buranın torpağı qızıl, gümüş və metallarla
zəngin olub
Hələ
1928-ci ildə Yuri Aleksandroviç Bilibinin və
Tsareqradskinin rəhbərlik etdiyi geoloqlar
dəstəsi Oxot dənizinin sahilinə çıxaraq burada
axtarışlar aparmağa başlayıb və kəşfləri barədə
mərkəzə məlumatlar veriblər. Ekspedisiya ilk
dəfə bu sahilə Maqadandan 50-60 kilometrlik
məsafədə yerləşən Ola yaşayış məntəqəsinə ayaq
basıb. Onlar uzaqdan diqqəti cəlb edən yan-yana
dayanmış şiş uclu iki qayanın yanına çıxıblar.
Qayaların aşağısında Bilibinin dəstəsinin nə
vaxt buraya çıxması barədə məlumat yazılmış bir
lövhə var. Qeyd edək ki, hələ o vaxt onun bu
ərazi haqqında mərkəzə verdiyi fantastik
məlumatlar həqiqətən də özünü doğrultdu. Buranın
torpağı qızıl, gümüş və bir çox əlvan və qara
metallarla zəngin olub. Bu təbii sərvətlərin
əldə edilməsi məqsədilə 1932-ci ildə Ümumittifaq
Kommunist (bolşevik) Partiyası (ÜK(b)P) Əmək və
Müdafiə Şurasının qərarı ilə Uzaq Şərqdə
fəaliyyət göstərəcək "Dalstroy" tresti
yaradıldı.
Mən Maqadandakı A.S.Puşkin adına elmi-kütləvi
kitabxanada əldə etdiyim məlumatlardan belə
nəticəyə gəldim ki, sərt iqlim şəraitinə görə
yaşanması çətin olan bu yerdə kənd, qəsəbə və
şəhər salınmasının səbəbi elə Bilibinin və onun
müavini Tsareqradskinin kəşfi olan qızıl
yataqlarıdır.
1929-cu ildə bir iş icraçısı, bir onbaşı və 35
nəfər fəhlə ilə bu gün Naqayev adlanan
Şərqi-Even Kultur Bazasının tikintisinə
başlanılıb. Naqayev limanının yerinin seçilməsi
isə yerli əhalinin və Şimal dənizçilərinin
məsləhəti ilə olub. Onlar burada yaşayış evləri
də tikməyə başlayıblar. Amma onların inşa
etdikləri liman qurğuları dözməyib dağılıb.
Gələn gəmilərin yükünü isə buzun üstünə
boşaldaraq dartıb sahilə daşıyıblar. Nəhayət ki,
bu çətinliyi aradan qaldırmaq üçün kömək
göndərilib. Bu barədə Naqayev qəsəbə sovetinin
ilk sədri İ.E.Koçnevin dediklərini tanınmış
tarixşünas Aleksandr Biryukov belə qələmə
almışdır:
"Kalımın fəth edilməsi üçün xeyli qızıl əsgər
gəlmişdi. Yadımdadır, buxtada yeddi gəmi
dayanmışdı. Onlara həm ərzaq, həm də lazımi
avadanlıqlar gətirmişdi. Gəmilərdən yüklərin
boşaldılması çox çətin şəraitdə həyata
keçirilirdi. Qəsəbə soveti də onlara kömək
edirdi. Əsgərlərin bir hissəsi sahildə ağac və
kolları təmizləyib özləri ilə gətirdikləri
çadırları qururdular. Bu çadırlar ayrı- ayrı
rəngdə olduğuna görə bura böyük, alabəzək bir
şəhərciyə bənzəyirdi".
1930-cu ildə Stalin "Kalım yolu"nun təcili və az
bir vaxtda çəkilməsi haqda xüsusi əmr verdi.
Bütün dövlət idarələri, Xalq Daxili İşlər
Komissarlığı, xüsusilə güc strukturları,
təbliğat-təşviqat komitələri bu sahəyə cəlb
edildilər.
Məşhur "Dalstroy" təşkilatı
1932-ci ildə Naqayev buxtasına "Saxalin" adlanan
gəmi yan aldı. Bu gəmi buraya "Dalstroy"un ilk
direktoru E.P.Berzini və dustaq dəstəsini
gətirmişdi. Bu dustaqlar adı indi də ürək ağrısı
ilə çəkilən Kalım yolunun və yolboyu mədənlərin
ilk inşaatçıları və qurbanları idilər.
Maqadanda tez bir zamanda üçmərtəbəli baraklar
və həbs düşərgələri ilə yanaşı, "Dalstroy" və
USTVİL (Şimal-Şərq Həbs Düşərgələri İdarəsi)
yerləşdirildi. Beləliklə, Maqadan Kolım
vilayətinin paytaxtı oldu. O zaman burada bir
nömrəli həbsxana da vardı. Betondan tikilmiş bu
bina çox da böyük deyildi. Xüsusi gizli şöbənin
qərarı ilə dustaqlar bu binada güllələnirdilər.
Bu gün həmin binada Vilayət Duması fəaliyyət
göstərir.
"Dalstroy" SSRİ Xalq Daxili İşlər
Komissarlığının tərkibində tamamilə qapalı bir
təşkilat idi. Bu təşkilatın tərkibində
Şimal-Şərq Həbs Düşərgələri İdarəsi (USTVİL),
Xüsusi gizli şöbə (OSO), Gücləndirilmiş rejimli
rota (RUR), Cərimə izolyatoru (ŞİZO), Gizli
siyasi şöbə (SPO) və digər şöbələr fəaliyyət
göstərirdi.Yeri gəlmişkən , arxiv
materiallarından bir neçəsi ilə sizi də tanış
etmək istəyirəm: "...Daxili həbsxananın müdiri
Kuzmenkova. Xalq Daxili İşlər Komissarlığı Uzaq
Şərq Komissarlığı İdarəsi tərəfindən təsdiq
edilmiş qərarı yerinə yetirin. Aşağıdakı
dustaqları güllələyin. (Protokol N 20 və 21). 3
dekabr 1937-ci il" və ardınca 128 nəfərin adı və
soyadı göstərilir. Və yaxud
"...XDİK-nın 3-cü şöbəsinin müdiri dövlət
təhlükəsizliyi leytenantı yoldaş Bondarenkoya.
XDİK-nın Uzaq Şərq Komissarlığının təsdiq etdiyi
qərar yerinə yetirilsin. Sizə təklif olunur ki,
aşağıda adları göstərilənlər güllələnsin. 22
oktyabr 1937". Bu qərarda 268 nəfərin adı
göstərilib.
1937-ci il 25 oktyabrda Maqadandan mərkəzə
verilən məlumat:
"Üçlükdə" işlərinə baxılmaq üçün cəmi 2348
nəfərin işi verilib. Onlardan ölümə məhkum
olunanlar 1950 nəfərdir, trotskiçi fəaliyyətinə
görə-628, əksinqilabi fəaliyyətinə görə-433,
terror-69, üsyançı-48, casusluq-74,
banditizim-219, diversiya-10, qaçış-102, sosial
təhlükəli elementlər-84, oğurluq,
basqınçılıq-138, ziyanvericilik-14, vətənə
xəyanət-18, quldurluq-24, sərhədi qanunsuz
keçmə-7, ölüm-8, xuliqanlıq-13, pasport rejimini
pozma-6, başqa cinayətlər-53. Bəzi əmrlərdə isə
ölümə məhkum olunanların siyahısı ümumiyyətlə
göstərilmir. Əmrin sonunda sadəcə "siyahıya
əsasən" sözləri yazılır.
"QULAQ"ın dustaqları siyahısında
azərbaycanlıların sayı 10599 nəfər olub
Maqadan şəhərindəki Puşkin adına kitabxanada "Za
nami pridut korabli" kitabını vərəqlədim. Bu
kitabda bəraət qazanmış 28 nəfər həmyerlimizin
adını oxudum. Bəs qalanları? Axı mənim də yaxşı
yadımdadır, atam danışırdı ki, o zaman hər
kənddən ən azı 3-4 nəfər bu "gedər-gəlməzə"
göndərilirdi. Deyirdi ki, qara maşın gecələr
gəlib adamları evindən səssiz-səmirsiz aparırdı.
Bu maşınla aparılanlar bir daha geri
dönmürdülər. Təəssüf doğuran cəhət odur ki,
həmin insanların doğmaları və ya qohumları
onların reabilitasiyası üçün indiyə qədər heç
bir yerə müraciət belə etməyiblər. Mən isə bu
sətirləri elə həmin "gedər-gəlməz" deyilən
yerlərdən birində-Maqadanda yazıram.
Burada isə yalnız ruslar və azərbaycanlılar
deyil, həm də SSRİ-nin qardaş xalqlarının
hamısının nümayəndələrindən başqa xarici
dövlətlərin xalqlari da var idi. Maqadan
vilayətində mənə hədiyyə olunmuş kitablardan
birində yazılıb:
"1940-cı il aprelin 1-nə olan məlumata görə,
"QULAQ"ın dustaqlarının ümumi sayı 1300000 nəfər
olub. Siyahıya xüsusi göndərişlə aparılanlar
salınmayıb. Bu dustaqlar Avropa, Asiya və
Amerika ölkələri vətəndaşları idilər. Həmin həbs
düşərgələri və həbsxanalarda saxlanılan
dustaqlardan: 767553-ü rus, 179951-i ukraynalı,
45623-ü belarus, 26175-i tatar, 25040-i
özbək, 21301-i qazax, 20820-i yəhudi, 18149-u
alman, 15621-i polyak, 11122-i gürcü, 10858-i
erməni, 10599-u azərbaycanlı, 9855-i türkmən,
4034-ü çinli, 2808-i qırğız, 2707-si koreyalı,
2601-i eston, 2994-ü fin, 1891-i buryat, 1475-i
iranlı, 1009-u litvalı, 389-u rumın, 334-ü
əfqan, 128-i monqol və 20 nəfəri yapon idi.
Əlavə olaraq 41706 nəfər isə başqa xalqların
nümayəndələri olub. 11457 dustağın isə şəxsi
işində hansı millətdən olduğu yazılmayıb.
1940-cı ilin məlumatına görə, SSRİ Xalq Daxili
İşlər Komissarlığının Düşərgələr üzrə Dövlət
İdarəsi (QULAQ) dustaqlarının 1261029 nəfəri
SSRİ vətəndaşı, 4136 nəfəri başqa dövlətlərin
vətəndaşları, 4620 nəfərin isə haradan olduğu
onların şəxsi işlərində qeydə alınmayıb. (David
Rayzman. "Dalstroy"un xarici könülsüzləri", səh.
16. Maqadan "Noosfera", 2009.)
Bu insanların düşərgə və ya həbsxana qanunları
ilə yaşamalarına baxmayaraq, həbs düşərgələrində
kitabxana və mədəniyyət evləri də olub. Bu
mədəniyyət evlərində konsert proqramları və
teatr tamaşaları nümayiş olunub.
Mən Maqadan Dövlət Arxivində, soydaşlarımız
Maqadan orta məktəbinin direktoru olmuş Seyidova
Asiya Keyqubad qızının şəxsi işindən başqa daha
bir mədəniyyət işçisi Əzizov Ənvər Əziz oğlunun
da şəxsi işinə rast gəldim. O, 1921-ci ildə
Aşqabadda dünyaya gəlib. Aşqabaddakı Azərbaycan
Dram Teatrının artisti olub. 1947-ci il martın
25-də Kalıma dustaq kimi gətirilib. Maqadanın
Estrada teatrında çıxış edib. 1951-ci il
noyabrın 2-də həbsdən azad edilib. M.Qorki adına
Maqadan Musiqili Dram Teatrında balet artisti
kimi qeydə alınıb. Bir neçə tamaşada
müvəffəqiyyətlə çıxış edərək tamaşaçıların və
rəhbərliyin rəğbətini qazanıb. 1952-ci ilin
yayında isə vətəninə qayıdıb.
Maqadan Musiqili Dram Teatrında isə öyrəndim ki,
teatrın 1950-1951-ci il repertuarında Üzeyir
Hacıbəyovun "Arşın mal alan" komediyası tamaşaya
qoyulub və böyük anşlaqa səbəb olduğundan başqa
qəsəbələrdə də oynanılıb. Tamaşanın rejissoru
Q.Sinelnikov, rəssamı L.Veqener olub.
(Ardı var) |