Ötən ilin sonlarında "Dialoq Avrasiya"
Platforması çərçivəsində Türkiyə Respublikasının
Antalya şəhərində "Ailə dini, ənənələri və
müasirliyi öz ətrafında birləşdirən dəyər kimi"
mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu
tədbirə dünyanın 53 ölkəsindən 650 nümayəndə
qatılmışdı. Azərbaycan nümayəndə heyətinə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,
xalq yazıçısı Anar, "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid, Televiziya və Radio Milli
Şurasının sədri Nuşirəvan Məhərrəmli, "Dialoq
Avrasiya" Platformasının Azərbaycan üzrə sədri
Mustafa Saatçı, professorlar İlham Məmmədzadə,
Akif Musayev, Şahlar Əsgərov, Akif Abbasov, Qulu
Məhərrəmli, Cəfər Cəfərov, Malik Cəbrayılov,
Məhərrəm Qasımlı, ADU-nun kafedra müdiri Samir
Həmidov, Ənvər Abbasov, Qafqaz Universitetinin
prorektoru Məmmədəli Babaşlı, Lider
televiziyasının nümayəndəsi Tofiq Abbasov və
başqaları daxil idilər.
Konfrans
öz işinə noyabrın 26-da Antalya şəhərinin "Rixos
Tekirova" istirahət mərkəzində başladı.
Konfransın plenar iclasında çıxış edən
Jurnalistlər və Yazarlar Fondunun başçısı
Mustafa Yeşil ailə modelinin mühafizə edilib
saxlanmasının zəruriliyini vurğuladı.
"Dialoq Avrasiya" Platformasının sədri Nurlan
Orazalin diqqəti konfransın əhəmiyyətinə
yönəltdi.
Plenar iclasda Azərbaycan Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru Rostislav Rıbakov və
başqaları da çıxış etdilər.
Plenar iclasdan sonra tədbir üç bölmədə davam
etdirildi. İki gün ərzində həmin bölmələrdə 60-a
yaxın məruzə dinlənildi. Yaxşı haldır ki,
məruzələrin müzakirəsi və münasibət bildirilməsi
üçün də vaxt müəyyənləşdirilmişdi. Bundan başqa,
bu və ya digər məruzələr qabaqcadan ayrı-ayrı
ölkələrdən olan mütəxəssislərə rəyə
göndərilmişdi. Bölmələrdə həmin şəxslərin
rəyləri də dinlənildi. Ekspertlər kimi AMEA-nın
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
direktoru, professor İlham Məmmədzadə, AMEA-nın
İqtisad İnstitutunun əməkdaşı Aqil Əsədov,
Qafqaz Universitetinin müəllimi Əbülfəz
Süleymanov çıxış etdilər.
Ayrı-ayrı bölmələrdə Türkiyədən Aytəkin Sırın
"Mənəvi nöqteyi-nəzərdən kütləvi informasiya
vasitələri və ailə", Litvadan Vanda Birute
Qinevidcenin "Müasir ailə", Rusiyadan Rostislav
Rıbakovun "Ailəyə təsir göstərən müxtəlif
ideologiyalar", Seneqaldan Fatou Sarr İfanın
"Seneqalda ailə və kasıblıq", Qazaxıstandan
Mayra Kabakovanın "Müasir qazax ailəsində
dəyərlər və ənənələr", Hindistandan Ənvər
Alamın "Dini dövlət və qadın hüquqları",
İsveçrədən Hans Ukonun "Ənənədən müasirliyə:
nəyi əldə etdik və nəyi itirdik?", Avstraliyadan
Rozmari Consonun "XXI əsrdə - informasiya
əsrində təhsil, ailə, ənənələr və dəyərlər" və
s. mövzularda məruzələri maraqla qarşılanmışdır.
"Dialoq Avrasiya" Platforması çərçivəsində
keçirilən beynəlxalq tədbir noyabrın 28-də
yekunlaşdırıldı.
Qazaxıstan Yazıçılar İttifaqının sədri, qurumun
başqanı Nurlan Orazalin son iki ildə görülmüş
işlərlə bağlı hesabat verdi. Təlimata uyğun
olaraq, yeni başqanın seçilməsi ilə bağlı
təkliflər irəli sürüldü və ukraynalı tarixçi
alim və ictimai xadim, professor Vladimir
Sergeyçuk növbəti iki il üçün qurumun sədri,
Jurnalistlər və Yazıçılar Vəqfinin sabiq başçısı
Harun Tokak həmsədr seçildilər. Platformada
Avrasiya tələbə layihəsinin on protokolu
imzalandı. Həmin protokollara uyğun olaraq,
2011-ci ildə "Dialoq Avrasiya"nın üzvü olan
ölkələr arasında tələbə mübadiləsinin həyata
keçirilməsi qərarlaşdırıldı. Bundan başqa,
növbəti ildə Avrasiya Pedaqoji klubunun
yaradılması, Avrasiya Yazarlar Birliyinin
toplantısının keçirilməsi, müasir qələm layihəsi
və "Böyüklərin dünyasında uşaqlar" mövzusunda
konfransın keçirilməsi nəzərdə tutuldu.
Konfrans Ailə Akademiyasının yaradılması kimi
mühüm təklifi irəli sürdü ki, bu, gənclərin
psixoloji baxımdan müdafiə olunmasına, onların
ailə həyatına hazırlanmalarına kömək olacaqdır.
Tədbirin sonunda çıxışlar oldu. Azərbaycanın
xalq yazıçısı Anar öz çıxışında "Dialoq
Avrasiya" Platformasının son dərəcə xeyirxah və
gərəkli istiqamətdə iş apardığını söyləyərək
əlavə etdi: "Hər savaşın sonunda bir barış var.
Ermənistan Respublikası ölkəmizin ərazisinin
xeyli hissəsini işğal etmişdir. Bu dövlətin
günahı üzündən bir milyondan artıq qaçqınımız
var. Azərbaycan dövlətinin bütün səylərinə
baxmayaraq, Ermənistan rəhbərləri sülhə doğru
addım atmaq istəmir, işğalçılıq siyasətindən əl
götürmür, danışıqlar masası arxasında oturmur,
yaxud oturduqda da bu danışıqları pozurlar.
Ermənistanın öz məkrli siyasətindən əl
götürməsi, onun da nümayəndələrinin belə böyük
bir tədbirə qoşulması məgər pis olardı?".
"Dialoq Avrasiya" Platforması çərçivəsində
keçirilən "Ailə dini, ənənələri və müasirliyi öz
ətrafında birləşdirən dəyər kimi" mövzusunda
beynəlxalq konfrans başa çatdı. İştirakçılar
konfransın işindən və nəticələrindən son dərəcə
razı qaldılar və nikbin bir əhvali-ruhiyyə ilə
Antalya şəhərindən ayrıldılar.
Akif ABBASOV,
pedaqoji elmlər doktoru,
professor,
Mustafa SAATÇI,
"Dialoq Avrasiya" Platformasının Azərbaycan üzrə
sədri |
|