Microsoft korporasiyası ötən ili müvəffəqiyyətlə
başa vurub. Şirkətdən verilən xəbərə görə,
2010-cu ildə Microsoft ölkəmizdə yeni Windows 7
əməliyyat sistemini və azərbaycandilli
versiyasını təqdim etdi. Windows 7-nin
lokallaşdırılması nəticəsində Microsoft
məhsullarında istifadə olunan əmr və sözlərdən
ibarət Azərbaycan lüğəti (Glossary) yaradılmış,
interfeys Azərbaycan dilinə lokallaşdırılmışdır
(Language Interface Pack).
2010-cu
ildə "Microsoft-Azərbaycan" şirkəti Təhsil
Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və HP şirkətilə birlikdə yerli
tərəfdaşların - Bestcomp və ULTRA - dəstəyilə
əhalinin müxtəlif təbəqələrinin yüksək
keyfiyyətli kompüter və lisenziyalı proqramlarla
təmin olunmasına istiqamətlənən "Xalq kompüteri"
layihəsinin yeni mərhələsini başladı. Yeni
mərhələdə güzəştli şərtlərlə kompüter almaq
imkanından məktəb müəllimləri ilə yanaşı tələbə,
şagird və ali məktəb müəllimləri də bəhrələnə
biləcəklər.
2010-cu ildə Microsoft Azərbaycanın təhsil
sistemi çərçivəsində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sahəsindəki
fəaliyyətini davam etdirdi.
"Microsoft-Azərbaycan" şirkəti "2008-2012-ci
illərdə Təhsil Sisteminin
İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın
həyata keçirilməsində Təhsil Nazirliyinin fəal
tərəfdaşlarından biridir. "Microsoft-Azərbaycan"
və Təhsil Nazirliyinin tərəfdaşlığı bir neçə
istiqamətlərdə inkişaf edir: orta təhsildə
innovasiyaların tətbiqi, təhsil prosesində
İT-alətlərinin istifadəsi üçün müəllimlərin
peşəkar imkanlarının genişləndirilməsi və
İnternetdə uşaqların təhlükəsizliyinin təmin
edilməsi.
Bundan əlavə, Microsoft korporasiyasının Təhsil
Nazirliyinə güzəştli şərtlərlə təqdim etdiyi
lisenziyalı proqram təminatı Azərbaycanın bütün
məktəblərini leqal proqram təminatlarının ən son
versiyaları ilə təmin etməyə imkan verdi.
Səmərəli əməkdaşlıq çərçivəsində Microsoft
şirkəti Azərbaycanda yerli innovativ müəllimlər
müsabiqəsini keçirir. Müsabiqənin qalibləri
ölkəni Avropa və dünya forumlarında təmsil
edirlər. Ötən il İlhamə Əkbərova ilk dəfə olaraq
Azərbaycanı CAR-da keçirilmiş Ümumdünya
İnnovativ Müəllimlər Forumunda təmsil etdi.
Ümumiyyətlə, Microsoft korporasiyası ölkədə
informasiya-kommunikasiya texnologiyalarının
inkişaf səviyyəsini yüksək qiymətləndirir və
bundan sonra da Azərbaycanla əməkdaşlığa davam
edəcək. |