Dəyərli
insanlar haqqında düşünəndə, göz önünə ilk
gələnlərdən biri də Abbas müəllim olur. Mən
bütün şüurlu həyatını elm və təhsil məbədi Bakı
Dövlət Universiteti ilə bağlayan, xoş niyyəti,
xeyirxah əməli, biliyi-savadı ilə tələbə və
müəllimlərin ehtiramını qazanan əməkdar müəllim
Abbas Abbasovu nəzərdə tuturam. On ildən artıq
bir kafedrada birgə çalışdığım Abbas müəllimi
həmişə öz üzərində işləyən bir alim, obyektiv
müəllim, təmənnasız, sadə və təvazökar insan
kimi tanımışam. İki kitabının redaktoru, bir
neçə əsərinin məsləhətçisi olduğum alimin özü və
çox gərəkli dərslikləri, dərs vəsaitləri və
lüğətləri haqqında söz deməyə, düşünürəm ki,
mənəvi haqqım vardır. Abbas müəllim otuz ildən
artıqdır ki, elm və təhsil ocağı BDU-da ingilis
dilindən dərs deyir. On beş ildən artıqdır ki,
bu universitetdə Xarici dillər kafedrasının
müdiridir. Dərslik yazmağa mənəvi haqqı olan
alimlərdəndir.
Məlumdur ki, dərslik yazmaq üçün illərlə
auditoriyada tələbələrlə (orta məktəbdə
şagirdlərlə) ciddi məşğul olmalı, mövcud
dərsliklərin müsbət və mənfi cəhətlərini
dərindən bilməlisən ki, uğurlu dərslik yaza
biləsən. Əks təqdirdə yazılan dərsliyin ömrü
qısa, faydası çox az olacaqdır. Abbas müəllimin
müvafiq fakültələrin təsdiq olunmuş proqramları
əsasında yazdığı dərsliklər tədris prosesində
təcrübədən keçirilir, müvafiq fakültədə müzakirə
olunur, mütəxəssislərin məsləhətləri nəzərə
alınır. Həmin sahə üzrə görkəmli alimlərin rəsmi
rəyindən sonra Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Elmi-Metodik Şurasının Avropa
dilləri və ədəbiyyatı bölməsində müzakirə və
təsdiq olunur. Əlbəttə, belə dərsliyin ömrü
uzun, əhəmiyyəti və faydası böyük olur.
Məsələn, alimin U.Əliyeva ilə birgə ingiliscə
yazdığı "Coğrafiyaçılar üçün dərslik" (Bakı,
2008, 316 səh.) əsərində yer alan bütün
materiallar BDU-nun coğrafiya fakültəsində
tədris prosesində dönə-dönə yoxlanılıb, sınaqdan
keçirilib və yararlılığı bir daha
təsdiqlənmişdir. Dərsliyə görkəmli
coğrafiyaşünas alim, coğrafiya fakültəsinin
dekanı, kafedra müdiri, professor Müseyib
Müseyibov rəsmi rəy vermiş və çapını tövsiyə
etmişdir. Bu maraqlı dərsliyə "Günəş sistemi",
"Zəlzələlər", "Vulkanlar", "İqlim", "Tropik
meşələr", "Səhralar", "Buzlaqlar", "Küləklər",
"Çaylar", "Çöllər", "Okeanlar", "Avrasiya",
"Afrika", "Şimali Amerika", "Cənubi Amerika",
"Avstraliya", "Antarktida" və "Azərbaycan" kimi
maraqlı və zəruri mövzular daxil edilmişdir.
Dərslikdə, tələbələrin bilik səviyyəsinə uyğun
olmaqla, hər mövzu ətrafında lazımi həcmdə
materiallar verilir. Sonda mətnlərdə qarşıya
çıxan nisbətən çətin ifadə və söz
birləşmələrinin tərcüməsi vardır. İfadələrin
ardınca çoxsaylı leksik və ya leksik-qrammatik
xarakterli tapşırıqlar, şifahi nitqin inkişafına
xidmət edə biləcək mövzular verilir. Dili daha
yaxşı mənimsəmək üçün dərsliyin növbəti
bölümündə ingilis dilində mövcud olan nitq
hissələri, felin zamanları, sifət və zərfin
dərəcələri, zamanların uzlaşması, modal fellər,
məchul növ və s. barədə izahat verilir və
tapşırıqlarla möhkəmləndirilir. Dərsliyin
sonunda tələbələrə kömək məqsədi ilə nisbətən
çətin tərcümə oluna biləcək söz və ifadələrin,
eyni zamanda qaydasız fellərin cədvəli verilir.
Deyilənlər eyni ilə alimin Y.Mustafayeva və
A.Bayramova ilə birgə yazdığı, redaktoru olduğum
"Riyaziyyatçılar üçün ingilis dili dərsliyi"ndə
(Bakı, 2008, 400 səh.) də vardır.
Mexanika-riyaziyyat və tətbiqi riyaziyyat, eləcə
də kibernetika fakültəsinin tələbələrinin
ehtiyacını ödəmək naminə yazılmış bu dərslik də
Təhsil Nazirliyinin Elmi-Metodik Şurasına çatana
qədər, coğrafiya fakültəsinin tələbələri üçün
yazılmış dərslik kimi uzun bir yol keçmişdir.
Eləcə də Abbas müəllimin professor Abdulla
Qarayev və Roza Abbasova ilə şərikli yazdıqları
aşağı kurs tələbələri üçün dərslik və hüquq
fakültəsinin tələbələri üçün dərs vəsaiti də
belə hazırlanıb. Hələ biz mətbəədə olan filoloq
və psixoloqlar üçün yüksək səviyyədə yazılmış
dərs vəsaitlərini qeyd etmirik.
Abbas müəllimin yaradıcılığı çoxşaxəlidir. Onun
lüğətçilik sahəsindəki fəaliyyəti də
təqdirəlayiqdir. Mən onun şərikli yazdığı
"Rusca-ingiliscə idman terminləri lüğəti"nin
(523 səh.) redaktoru kimi deyə bilərəm ki,
idmanın bəzi növləri üzrə Azərbaycanda lüğətlər
çıxsa da, bu lüğət idmanın bütün mövcud
növlərini əhatə edən ilk təcrübədir. Otuz mindən
artıq termin, söz birləşməsi və cümləni əhatə
edən lüğət AMEA-nın Terminologiya Komissiyası
tərəfindən çapa tövsiyə edilmişdir. Lüğətə
terminologiya üzrə mütəxəssis, professor Sayalı
Sadıqova və tanınmış dilçi alim, professor
Əbülfəz Rəcəbli müsbət rəy vermişlər. Kitabın
məsləhətçiləri karate üzrə dünya çempionu Ülvi
Quliyev və sambo üzrə dünya çempionu Faiq
Ağayevdir.
Belə bir unikal lüğətin yaranması təsadüfi
deyildir. Son illərdə Azərbaycan Respublikasının
Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti, möhtərəm İlham Əliyevin davamlı
qayğısı nəticəsində ölkəmizdə idmanın bütün
sahələri üzrə böyük nailiyyətlər əldə
edilmişdir. Bununla yanaşı, ölkəmizdə idmanın
təbliği və inkişafına dəstək olan çoxsaylı elmi
və publisistik kitablar da işıq üzü görmüşdür.
Onlardan biri də filologiya elmləri namizədi,
dosent Abbas Abbasov, M.Quliyeva və
E.Cəfərovanın birgə yazdıqları "Rusca-ingiliscə
idman terminləri lüğəti"dir. Lüğət idman
ictimaiyyəti və geniş oxucu auditoriyası üçün
nəzərdə tutulmuşdur. Bu əsər idmançı və
məşqçilərimizin müxtəlif idman yarışları vaxtı
əcnəbi idmançılarla ünsiyyətinə kömək baxımından
böyük əhəmiyyət kəsb edir.
Dosent Abbas Abbasovun AMEA Rəyasət Heyətinin
Terminologiya Komissiyasının tövsiyəsi ilə nəşr
edilən "İngiliscə-Azərbaycanca hüquq terminləri
lüğəti" (Bakı, 2007, 315 səh.) adlı sanballı və
gərəkli əsərini vərəqlədikcə bir daha dərk etdim
ki, lüğət üzərində işləmək, onu hasilə
gətirmək, necə deyərlər, iynə ilə gor qazmaq
kimi bir şeydir. Odur ki, hər adam bu işə
girişməyə cürət etmir. Bu işə o adamlar
girişirlər ki, təmənnasız olaraq xalqa xidmət və
elmin inkişafı barədə düşünürlər. Belə
insanlardan biri, ömrünü təhsilimizin, elmimizin
inkişafına həsr edən, BDU-nun Xarici dillər
kafedrasının müdiri Abbas Abbasovdur. Mən on
ildən artıq BDU-nun Qərbi Avropa dilləri
kafedrasında çalışarkən hüquq fakültəsində dərs
demişəm. Tələbələr (elə müəllimlər özləri də)
böyük çətinliklərlə üzləşirdilər. Hüquq
terminlərini Azərbaycan dilinə çevirmək və
onların mənasını anlamaq problemə çevrilmişdi.
Hətta o vaxtların özündə belə Abbas müəllim
asudə saatlarını hüquqşünas müəllimlərin yanında
keçirər, əlində dəftər hey yazıb-pozardı.
Abbas müəllimin iyirmi minə yaxın söz-termini
əhatə edən bu lüğəti ali təhsil müəssisələrində
fəaliyyət göstərən hüquq fakültələrinin müəllim
və tələbələrinin, diplomatlar və hüquqşünasların
ehtiyacını ödəmək baxımından böyük əhəmiyyət
kəsb edir. Azərbaycanda ilk təcrübə olan bu
lüğətdən hüquq məsləhətxanalarında çalışan
vəkillərin, tərcüməçilərin, hüquq
ekspertlərinin, aspirant və dissertantların,
jurnalistlərin, iş adamları və digər peşə
sahiblərinin də qədərincə bəhrələnəcəkləri şübhə
doğurmur.
Əməkdar müəllim Abbas Abbasovun iyirmi ildən
artıq üzərində çalışaraq çapına nail olduğu
dəyərli əsərlərdən biri də
"İngiliscə-Azərbaycanca atalar sözləri və
zərbi-məsəllər lüğəti"dir (Bakı, 2009, 472
səh.). Bu sanballı əsər Təhsil Nazirliyinin
Elmi-Metodik Şurası tərəfindən dərs vəsaiti kimi
təsdiq edilmişdir. Əsər filoloji aspektdə
aparılan tədqiqat işindən daha çox praktik
məqsəd daşıyır və ingilis dilini öyrənənlər üçün
nəzərdə tutulmuşdur. Məlumdur ki, insanın
nitqini frazeoloji birləşmələr, atalar sözləri
və məsəllərsiz təsəvvür etmək qeyri-mümkündür.
Nəsillər dəyişir, lakin hər nəslin həyat
dərsləri atalar sözləri və məsəllərdə gələcək
nəsillərə irs olaraq qalır. O da məlum bir
həqiqətdir ki, atalar sözləri və məsəllər təkcə
tədris obyekti kimi qalmır, təkrarsız tədqiqat
obyektinə çevrilir. Tarixçi atalar sözü və
məsəlləri qədim tarixə, tarixi hadisələrə dair
məlumat baxımından, hüquqşünas onları xalq
həyatının yazılmamış qanunları baxımından,
etnoqraf onları unudulub getmiş, adət-ənənələrin
hifz olunub saxlandığı mənəvi dəyərlər mənbəyi
baxımından qiymətləndirir. Filosof atalar sözü
və məsəllər vasitəsi ilə xalqın düşüncə tərzini
öyrənməyə, məntiq aləmində yerini
dürüstləşdirməyə can atır. Dilçi isə atalar sözü
və məsəllərə insan nitqinin inkişaf pillələrini,
dilin leksik-qrammatik qayda-qanunlarını tədqiq
etmək işində əvəzsiz mənbə nöqteyi-nəzərindən
yanaşır. Məhz buna görə də biz Abbas müəllimi bu
sanballı əsərini təkcə dərs vəsaiti olmaq
baxımından deyil, eləcə də xalqın minillər boyu
yaratdığı tükənməz mənəvi sərvətlər baxımından
qiymətləndiririk.
Haqqında bəhs etdiyimiz lüğətlərdən əlavə, Abbas
müəllim səriştəli mütəxəssislərlə aşağıdakı
lüğətləri də hazırlayaraq çapına nail olmuşdur:
"İngiliscə-rusca atalar sözləri və
zərbi-məsəllər lüğəti" (490 səh.),
"İngiliscə-rusca hüquq terminləri lüğəti" (435
səh.), "İngiliscə-Azərbaycanca müxtəsər hüquq
terminləri lüğəti" (196 səh.). Bunlardan başqa,
"İngiliscə-Azərbaycanca texniki terminlər
lüğəti" (400 səh.), "İngiliscə-rusca kimya
terminləri lüğəti" (1000 səh.),
"İngiliscə-rusca- Azərbaycanca riyaziyyat
terminləri lüğəti" və s. çapa hazırdır. Abbas
müəllimin rəhbərlik etdiyi Xarici dillər
kafedrasının başlıca vəzifəsi tələbələrə xarici
dilləri öyrətmək olduğu halda, məmnunluqla demək
olar ki, kafedra böyük bir lüğət şöbəsinin görə
biləcəyi işin də öhdəsindən gəlmişdir.
Yuxarıda dediyim kimi, Abbas müəllim çoxşaxəli
yaradıcılığa malik pedaqoq və alimdir. O,
orijinaldan tərcümə sahəsində də qələmini
sınamış və uğur qazanmışdır. Onun "İngilis
gülüşü" (Bakı, 2006, 152) kitabı deyilənlərə
dayaq olur. İngilis xalq yumorunu içinə alan
əsər, mərhum Ağa Laçınlının təbirincə desək,
ədəbi yenilik kimi qiymətləndirilə bilər.
Kitabda yığcam lətifələr, məzhəkələr, gülməcələr
toplanmışdır. İnsanlara təmənnasız gülüş bəxş
edən, sevilə-sevilə oxunan və söylənilən xalq
müdrikliyi inciləri arasında bir çox görkəmli
şəxsiyyətlərlə bağlı lətifələri oxumaq insana
xüsusi məmnunluq gətirir. Tərcüməçi "İngilis
gülüşü" kitabını anası Gülüş Cəlil qızına ithaf
etmişdir. Onu da deyim ki, Abbas müəllim əksər
əsərlərini dünyasını dəyişmiş unudulmaz
insanlara həsr etmişdir. Onların arasında neçə
il BDU-da bir kafedrada çalışdığım, həddən artıq
ləyaqətli, tələbə və müəllimlərin sevimlisi Roza
xanımın adını görəndə (Abbas müəllimin həyat
yoldaşı) ürəyim sancdı. Dahi Səməd Vurğunun
misrası qəlbimə hakim kəsildi:
"Nə ömrə acıyır, nə yaşa dünya".
Abbas müəllimin son zamanlar yazdığı çoxsaylı
əsərləri nəzərdən keçirəndə dərk etdim ki, alim
təskinliyini yazıb-yaratmaqda tapır. Qəfildən
qədim Çin mütəfəkkiri Konfutsinin böyük mənalar
kəsb edən kəlamı yadıma düşdü: "Elm, bilik elə
bir həzz mənbəyidir ki, o insana hər şeyi, hətta
fiziki iztirabı, necə qocaldığını belə unutdura
bilir".
Abbas müəllimlə bağlı bir məsələdən də söz
açmaq istərdim. Yuxarıda göstərdiyim kimi, Abbas
müəllim otuz ildən artıqdır ki, Bakı Dövlət
Universitetində ingilis dilini tədris edir. On
beş ildən artıqdır ki, Xarici dillər
kafedrasının müdiridir. Neçə-neçə dərslik, dərs
vəsaiti və lüğətlərin müəllifidir.
Sovet dönəmində belə alimlərə doktorluq
dissertasiyası müdafiə etmədən professor adı
verirdilər. İndinin özündə belə incəsənət və
musiqi sahəsində xidməti olan mütəxəssislərə
professor fəxri adı verilir. Bütün şüurlu
həyatını təhsil və elmə həsr edən, dərslikləri
Təhsil Nazirliyi tərəfindən yüksək
qiymətləndirilən, lüğətləri AMEA-nın
Terminologiya Komissiyası tərəfindən
dəyərləndirilərək çapa tövsiyə edilən Abbas
Abbasovun da belə bir ada layiq görüləcəyinə
inanırıq.
Qəzənfər PAŞAYEV,
professor |
|