Sual:
Pedaqoji orta ixtisas təhsilli sinif müəllimi
ixtisasdəyişmə vasitəsi ilə Azərbaycan dili və
ədəbiyyat müəllimi ola bilərmi?
Əgər ola bilərsə, o, ali təhsilli hesab
olunurmu?
Naimə Əliyeva,
Füzuli rayonu
Cavab:
Mövcud tələblərə əsasən orta ixtisas təhsilli
Azərbaycan dili və ədəbiyyat müəllimi
hazırlanmır. Hər bir pedaqoji kadr
yenidənhazırlanma təhsilindən keçdikdən sonra
onun təhsili baza ixtisas təhsilinə uyğun
müəyyənləşdirilir.
Sual:
Mən Bakı Humanitar Kollecində Ailə və Ev təhsili
fakültəsində I kursda qiyabi təhsil alıram.
Bilmək istəyirəm ki, hazırda sağlamlığı məhdud
olan uşaqlara dərs deyə bilərəmmi?
N.Əliyeva,
Gəncə şəhəri
Cavab:
Mövcud təlimata əsasən özəl və orta ixtisas
təhsili müəssisələrində oxuyanlar yalnız diplom
aldıqdan sonra onların işlə təmin olunmağı
məsələsinə baxıla bilər.
Sual:
Xaricdə ali təhsil almışam. Mənə bildirilib ki,
sizin diplomunuz leqallaşdırılmalı, Təhsil
Nazirliyi tərəfindən tanınmalıdır. Bu barədə
sorğuma cavab verməyinizi xahiş edirəm.
Cavab:
Qaldırdığınız məsələ Azərbaycan Respublikası
Nazirlər Kabinetinin "Xarici dövlətlərin ali
təhsil sahəsində ixtsaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası) Qaydaları" haqqında 13 may
2003-cü il tarixli 64 nömrəli qərarına əsasən
tənzimlənir. Müvafiq tələb olunan sənədlərinizi
Təhsil Nazirliyinə təqdim etdiyiniz təqdirdə
diplomunuzun tanınması məsələsinə mövcud
qaydalar səviyyəsində baxıla bilər.
Xəyyam Fərəcov,
Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların
idarəolunması şöbəsinin baş məsləhətçisi
Sual:
Müəllimlərin 1994-cü ildə keçirilən
attestasiyasında mənə "Ali kateqoriya" dərəcəsi
verilmişdir. Mən 1995-ci ilin yanvarın 1-dən
15-ci dərəcə ilə əməkhaqqı alırdım. Sonra bu
ləğv edildi. Bunun hüquqi əsası varmı?
German Bayramov
Zaqatala şəhəri
Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-ci il 20 sentyabr tarixli 282 S nömrəli
qərarına əsasən müəllimlərin (ali məktəb
müəllimləri istisna olmaqla) əməkhaqqı 1994-cü
ildə keçirilmiş attestasiyanın nəticələrinə görə
deyil, "Təhsil sahəsi işçilərinin qulluqçu
vəzifələrinin vahid Tarif-İxtisas Sorğu
Kitabçası"na uyğun olaraq təhsil və pedaqoji
staja görə hesablanıb ödənilir.
Zahid Nağıyev,
Təhsil Nazirliyinin İqtisadiyyat
şöbəsinin baş məsləhətçisi
Hazırladı: Şakir CƏFƏROV |