Ölkəmizdə uşaqların müdafiəsi sahəsində ən vacib
proqramlardan biri olan "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın icrası
istiqamətində son illər bir sıra mühüm addımlar
atılıb.
Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsindən aldığımız məlumata görə,
sözügedən proqram çərçivəsində risk qrupuna
daxil olan sağlamlıq imkanları məhdud uşaqlar
üçün Bərdə şəhərindəki internat-məktəbin,
Bakının Sabunçu rayonundakı 11 nömrəli xüsusi
internat-məktəbin və Suraxanı rayonundakı 2
nömrəli uşaq evinin nəzdində günərzi qayğı,
Xəzər rayonundakı valideyn himayəsindən məhrum
uşaqlar üçün respublika yardımçı
internat-məktəbin nəzdində isə
reabilitasiya-inkişaf mərkəzləri yaradılıb.
Mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən
yenidən qurulmuş və əsaslı təmir edilib, onlara
inkişafetdirici təlim materialları,
reabilitasiya yönümlü avadanlıqlar verilib. Bu
mərkəzlərə 268 uşaq cəlb olunub.
Bununla yanaşı, övladlarını uşaq müəssisələrinə
yerləşdirmək üçün icra hakimiyyətlərinə müraciət
etmiş 15 ailəyə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə birgə müvafiq dəstək
göstərilib, beləliklə, 28 uşağın müəssisəyə
düşməsinə yol verilməyib. Habelə BP, "Azərsun
Holdinq" təşkilatları və "SOS-Uşaq Kəndləri
Azərbaycan Assosiasiyası" ailələrə dəstək işinə
cəlb edilməklə 6 ailəyə kömək göstərilib, bu
yolla daha 11 uşağın müəssisələrə düşməsinin
qarşısı alınıb.
Görülən tədbirlər nəticəsində dövlət
müəssisələrində tərbiyə olunan 15 uşaq bioloji
ailələrinə və yaxın qohumlarına qaytarılıb. |