Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük
əhəmiyyət kəsb edir və sistemli xarakter
daşıyır. Uşaqlarla estetik məzmunlu məşğələlərin
- təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi,
rəsm, applikasiya, quraşdırma işləri, əmək
məşğələlərinin aparılması, musiqili-didaktik
oyunların keçirilməsi, bayram tədbirləri və
əyləncələrin estetik formada təşkil olunması
onların tərbiyəsində böyük rol oynayır.
Qeyd
etmək lazımdır ki, mədəniyyətlərarası dialoq
estetik tərbiyənin daha zəngin formalaşmasına
təkan verən amillərdən biridir.
Mədəniyyətlərarası dialoq müxtəlif xalqlar və
dövlətlər arasında mövcud olan problemlər,
münaqişələrin həll edilməsi, xoşbəxt gələcəyin
qurulması, qarşılıqlı anlaşmanın və hörmətin
təşviq olunması, həmçinin mədəni müxtəlifliyin
qorunmasına şərait yaratmaqla yanaşı, müasir
beynəlxalq münasibətlərdə sülhün və
təhlükəsizliyin təmin olunmasına təkan verir.
Bunlar isə hər birimizin gələcəyi olan
körpələrin daha gözəl, xoşbəxt, firavan mühitdə
böyüməsinə imkan yaradır.
Ötən il dekabrın 18-də Bakıdakı 183 nömrəli
körpələr evi-uşaq bağçasında uşaqların
dünyagörüşünü artırmaq və onları
mədəniyyətlərarası dialoq prosesinə az qədər
olsa də cəlb etmək məqsədilə "Doğan Günəş
ölkəsinə səyahət" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil
Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri
Nərminə Alnağıyeva, Yaponiyanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke
Vatanabe və xanımı iştirak ediblər.
Tədbirdə bağçanın balaca fidanlarının ifasında
Yaponiya haqqında məlumat verilib, yapon
xalqının mədəniyyəti və incəsənətini əks etdirən
səhnəciklər, musiqi, şeir, rəqs, idman nömrələri
təqdim olunub. Yaponiya və Azərbaycanın milli
geyimlərində olan uşaqlar hər iki ölkənin dövlət
bayraqlarını əllərində tutublar. Bağçadakı
ənənəyə müvafiq olaraq tədbirdə iştirak edən
valideynlərin də övladları ilə birgə yapon və
Azərbaycan milli geyimlərində çıxışları maraqla
qarşılanıb. Tədbirdə habelə BDU-nun
Regionşünaslıq fakültəsinin (Yaponiya üzrə)
tələbələri də uşaqlarla birgə Yaponiya
mədəniyyəti ənənələrini əks etdirən "Çay
mərasimi" adlı informativ-idraki səhnəcik
nümayiş etdiriblər.
İKT
vasitələrinin imkanlarından yararlanan uşaqlar
hər iki ölkəyə qısa səyahət edərək yapon
uşaqlarının da onlardan fərqlənmədiyini, onlar
kimi oxuduqlarını, oynadıqlarını, rəqs
etdiklərini müşahidə ediblər.
Tədbirdə iki dövlət arasında əməkdaşlığın
yaranma tarixindən danışılıb, əməkdaşlığı
gücləndirmək sahəsində ümummilli lider Heydər
Əliyev və dövlətimizin başçısı cənab İlham
Əliyev tərəfindən görülən işlər barədə məlumat
verilib.
Tədbirin sonunda uşaqlar musiqi sədaları altında
qonaqları Azərbaycan mətbəxini əks etdirən
şirniyyatlara qonaq edib, onlarla rəqs edib və
birgə xatirə şəkli çəkdiriblər.
Yaponiya səfiri cənab Şusuke Vatanabe çıxış
edərək tədbirdən çox məmnun qaldığını və
Azərbaycan uşaqlarının çox böyük istedada malik
olduğunu söyləyib.
183 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Sədaqət Qurbanova qonaqları salamlayıb və
tədbirdə iştirak etdiklərinə görə onlara
minnətdarlığını bildirib.
Yusif ƏLİYEV |