Yanvarın 7-də Təhsil Nazirliyində
De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi,
Dərslik və nəşriyyat şöbəsinin 2010-cu ilin
yekunlarına dair hesabatları dinlənildi.
De-İnstitutlaşma
və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət
Hacıyeva öncə rəhbərlik etdiyi qurumun yaranma
zərurəti, məqsədi, strukturu və əsas
vəzifələrindən söz açdı. O qeyd etdi ki,
"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)"nın həyata
keçirilməsi məqsədilə Təhsil Nazirliyinin
nəzdində bu idarənin yaradılması ölkəmizdə
uşaqların müdafiəsi sahəsində atılan uğurlu
addım kimi dəyərləndirilməlidir.
M.Hacıyeva artıq müvafiq Dövlət Proqramı
çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun
təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı
irihəcmli layihələrin icrasına başlandığını
bildirdi və bununla bağlı məlumatı iclas
iştirakçılarının diqqətinə çatdırdı. Natiq
çıxışının sonunda Proqramın icrası ilə əlaqədar
qarşıda duran ciddi vəzifələrdən söz açdı.
Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq
Şahbazlının hesabatında əməkdaşların vəzifə
bölgüsü, şöbənin ötən il üçün təsdiq olunmuş iş
planına uyğun olaraq 3 istiqamət üzrə fəaliyyəti
haqqında məlumat verildi.
F.Şahbazlı bildirdi ki, 2010-2011-ci tədris
ilinə I, III, VI və VIII-XI siniflər üçün nəşri
nəzərdə tutulan dərslik və dərslik komplektləri
"Ümumi təhsil sistemində dərslik siyasəti",
"Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyası (Milli Kurikulumu)" və
"Dərsliklərin nəşri, çapı və paylanması
qaydaları"na uyğun olaraq respublikanın mövcud
şagird kontingenti, eləcə də Gürcüstan və
Dağıstanın təlim Azərbaycan dilində olan
məktəblərinin, xarici ölkələrdəki "Bazar günü"
məktəblərinin tələbatı nəzərə alınmaqla müzakirə
edilmiş, onların siyahısı və tirajı
müəyyənləşdirilmişdir. 2010-2011-ci tədris ili
üçün 127 adda 4637720 ədəd dərslik və müəllim
üçün metodik vəsait çap edilmiş, bölgü əsasında
yerlərə çatdırılmışdır.
Yanvarın 8-də Ali və orta ixtisas təhsili və
Beynəlxalq əlaqələr şöbələrinin hesabatları
dinlənildi. Öncə Ali və orta ixtisas təhsili
şöbəsinin müdiri İlham Mustafayev çıxış edərək
2010-cu ildə Ali və orta ixtisas təhsili
şöbəsinin fəaliyyətinin əsas istiqamətlərindən
söz açdı. İ.Mustafayev "Təhsil haqqında"
Azərbaycan Respublikası Qanununun ali və orta
ixtisas təhsili müəssisələrində tətbiqi,
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı"nın icrası, "2010-2013-cü illərdə
Azərbaycan Respublikasının orta ixtisas təhsili
sistemində islahatlar üzrə Tədbirlər
Proqramı"nın icrası barədə danışdı. İ.Mustafayev
öz hesabatında rəhbərlik etdiyi şöbədə çalışan
əməkdaşlar, onların vəzifə bölgüsü, iş planları
barədə danışdı.
Şöbə müdiri orta ixtisas təhsili müəssisələrində
tələbələrin biliyinin qiymətləndirilməsində
çoxballı sistemin (100 ballıq) tətbiqi ilə bağlı
2009-2010-cu tədris ilində başlanan
eksperimentin 2010-2011-ci tədris ilindən bütün
kollecləri əhatə etməsi haqqında məlumat verdi.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu
Novruzov hesabatında şöbədə çalışan əməkdaşlar,
onların vəzifə bölgüsü, iş planına uyğun olaraq
görülən işlər barədə ətraflı məlumat verdi.
Şöbənin fəaliyyət istiqamətlərindən danışan
Q.Novruzov bildirdi ki, 2010-cu ildə Təhsil
Nazirliyinin beynəlxalq əməkdaşlığı əsas
istiqamətlər üzrə həyata keçirilmişdir.
Şöbə müdiri 2010-2011-ci tədris ilində xaricdə
dövlət xətti ilə təhsil alan tələbələrimizin 7
ölkədə sayının 789 nəfər olduğunu və
2010-2011-ci ildə Azərbaycanda təhsil alan
əcnəbi tələbələrin sayının isə 6173 nəfər olduğu
və onların dövlət xətti ilə 159, qeyri-dövlət
xətti ilə 6014 nəfər olması barədə məlumat
verdi.
Ötən il ərzində müxtəlif ölkələrdə və
Azərbaycanda çoxsaylı tədbirlərin
keçirilməsindən, eyni zamanda şöbəyə daxil olan
ərizə və məktublar haqqında məlumat verən
Q.Novruzov 2011-ci ildə şöbənin qarşısında duran
vəzifələri sadaladı və verilən sualları
cavablandırdı.
Yanvarın 10-da Təhsilin idarəolunmasının məlumat
sistemləri və Elm şöbələrinin hesabatları
dinlənildi.
2010-cu ildə görülən işləri iclas
iştirakçılarının diqqətinə çatdıran İsmayıl
Sadıqov çıxışında rəhbərlik etdiyi TİMS
şöbəsinin yaranma tarixi, strukturu, işçi heyəti
və s. barədə məlumat verdi. Qeyd olundu ki,
təhsilin idarəolunmasının məlumat sisteminin
yaradılmasında və fəaliyyətində başlıca məqsəd
təhsili səmərəli idarə etmək və son nəticədə
təhsilin keyfiyyətini yüksəltmək, informasiya
texnologiyaları əsasında təhsilin səmərəli
idarəolunması sistemini formalaşdırmaq, təhsil
sisteminin qısamüddətli və uzunmüddətli
perspektiv üçün inkişafını proqnozlaşdırmaqdır.
Hesabatda daha sonra Təhsil Nazirliyinin digər
şöbələri ilə əməkdaşlıq əlaqələrindən və "Xalq
kompüteri" layihəsindən bəhs olundu və sonda
2011-ci ildə görüləcək işlər diqqətə çatdırıldı.
Elm şöbəsinin müdiri Gültəkin Hüseynova
hesabatında öncə şöbənin vəzifələrindən
danışaraq bildirdi ki, bunlara ali məktəblərdə
elmi tədqiqatlar, tələbə elmi tədqiqat işi ilə
əlaqədar tədbirlərin həyata keçirilməsi, elmi
konfransların, müsabiqələrin planlaşdırılması və
təşkili, elmi-pedaqoji kadrların hazırlanması,
Elmi-Metodik Şuranın və Respublika Elmi Pedaqoji
Kitabxanasının fəaliyyətinin tənzimlənməsi,
"Təhsil xəbərləri" məlumat-informasiya
məcmuəsinin nəşrə hazırlanması daxildir. Şöbə
müdiri çıxışında bu istiqamətlərin hər biri üzrə
ötən il ərzində görülmüş işlərdən ətraflı söz
açdı.
Hesabatdan aydın oldu ki, 2010-cu ildə Nazirlər
Kabineti ilə razılaşdırılmış siyahıya əsasən
müxtəlif ali məktəblərdə 90 elmi və elmi-praktik
konfrans, o cümlədən 23 beynəlxalq konfrans
keçirilmişdir.
Sonra ötən il Elm şöbəsinə daxil olan ərizə və
məktublar haqqında məlumat verildi.
Yanvarın 11-də Monitorinq və qiymətləndirmə,
İqtisadiyyat şöbələrinin hesabatları dinlənildi.
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Təranə Hacıyevanın təqdimatında şöbənin məqsədi,
vəzifələri, strukturu, fəaliyyətində rəhbər
tutulan normativ-hüquqi sənədlərdən bəhs olundu.
2010-cu ildə görülmüş işlərdən danışan
T.Hacıyeva beynəlxalq qiymətləndirmə, bu
qiymətləndirmənin nəticələrindən istifadə
olunması, milli və məktəbdaxili qiymətləndirmə,
yoxlama və buraxılış imtahanlarının test
bankları haqqında məlumat verdi. Hesabatda daha
sonra IX və XI siniflər üzrə yekun
qiymətləndirmənin və IX siniflərdə payız
imtahanının nəticələri, imtahanlarda
valideynlərin iştirakı, istifadə olunan
qiymətləndirmə vasitələrinin, şagird
nailiyyətlərinin təhlili və keyfiyyət
göstəricilərindən söz açıldı.
İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev
hesabatında görülən işlərin hüquqi bazası,
əməkdaşların vəzifə bölgüsü, şöbənin strukturu,
əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırdı.
Ötən il ərzində görülmüş işlərdən danışan şöbə
müdiri qeyd etdi ki, ümumilikdə 255 müəssisə,
idarə və təşkilatın hər ay üzrə birbaşa
maliyyələşdirilməsi təmin edilmişdir. 2010-cu
ildə maliyyələşdirmə işləri ilə əlaqədar şöbədə
3919 məxaric cədvəli, 2660 xərclər smetası,
kredit açılışına dair 63 sifariş, bu məqsədlə
Maliyyə Nazirliyinə 80 məktub hazırlanmışdır.
Ş.Əliyevin çıxışında hesabat ilində təhsilə və
Təhsil Nazirliyinə ayrılan xərclər, tabelikdə
olan təşkilatların təhsilin ayrı-ayrı pillələri
və sahələri üzrə büdcədənkənar gəlirləri, dövlət
proqramları və xüsusi tədbirlər üçün ayrılan
vəsait barədə məlumat verildi və növbəti illər
üçün bir sıra məsələlər üzrə görülən işlərdən
danışıldı.
Yanvarın 12-də Tərbiyə və məktəbdənkənar
müəssisələr, Akkreditasiya şöbələrinin
hesabatları dinlənildi.
Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin
müdiri Ağababa İbrahimov bildirdi ki, rəhbərlik
etdiyi şöbə məktəbdənkənar müəssisələrin işinə
və təhsil sistemində tərbiyə prosesinin həyata
keçirilməsinə rəhbərlik edir və bu iş üçün
bilavasitə məsuliyyət daşıyır. Təhsil
müəssisələrində bütün kütləvi idman, mədəni,
yaradıcı tədbirlərin və respublika əhəmiyyətli
günlərin keçirilməsini təşkil edir.
Şöbə müdiri təqdimatında ekologiya sahəsində
təhsil və maarifləndirmə işlərinin təşkilindən,
uşaq və yeniyetmələrin bədii, texniki
yaradıcılığının aşkar edilməsi, idman və
şahmatın inkişafı istiqamətində atılan
addımlardan, yarışlarda qazanılan uğurlardan söz
açdı.
Verilən məlumatdan aydın oldu ki, 2010-cu ildə
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş
təqvim planına uyğun olaraq idman növləri üzrə
24 respublika birinciliyi, 8 çempionat, 4 turnir
və 66 təlim-məşq toplantısı, ümumilikdə 102
yarış keçirilmişdir.
Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev
məlumat verdi ki, rəhbərlik etdiyi şöbə təhsil
nazirinin müvafiq əmri ilə "Təhsil sistemində
idarəetmənin təkmilləşdirilməsi" alt-komponenti
çərçivəsində aparılan islahatlara və "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
16-cı maddəsinə uyğun olaraq yaradılmışdır. Şöbə
ilk olaraq onun Əsasnaməsi, "Təhsil
müəssisəsinin akkreditasiyası qaydaları"nın
layihəsini və təhsil müəssisələrinin statusunu
(tipini və növünü) müəyyənləşdirən meyarları
hazırlamış və təsdiqə təqdim etmişdir.
H.Zərbəliyevin hesabatında iş planının 5
istiqamət üzrə müəyyənləşdirildiyi bildirildi.
Şöbə müdiri 2010-cu ildə akkreditasiyası
keçirilmiş 15 təhsil müəssisəsindən 8-nin ali,
5-nin orta ixtisas, 2-nin isə ilk peşə-ixtisas
təhsili müəssisəsi olduğunu qeyd etdi.
Hesabatda 2011-ci ildə lisenziya müddəti
uzadılacaq və akkreditasiyası keçiriləcək təhsil
müəssisələri haqqında məlumat verildi.
Yanvarın 13-də Kənd rayonları üzrə ümumi təhsil
və Texniki peşə təhsili şöbələrinin hesabatları
dinlənildi.
Aydın Əhmədov rəhbərlik etdiyi şöbədə ötən il
əsas fəaliyyətin normativ-hüquqi sənədlərin
hazırlanması, araşdırma və tədqiqatlar,
istedadlı uşaq və gənclərlə iş, kurikulum
islahatı, ərizə və müraciətlərə baxılması
istiqamətlərində qurulduğunu bildirdi. Sonra bu
istiqamətlərdə həyata keçirilən tədbirlər
diqqətə çatdırıldı.
2011-ci ildə görüləcək işlərdən söz açan şöbə
müdiri istedadlı uşaqlarla iş üzrə müvafiq
Dövlət Proqramının yerinə yetirilməsi
vəziyyətinin kollegiyada müzakirəsi, rayon və
şəhərlərdə kurikulum islahatları üzrə
"Maarifləndirmə Mərkəzi"nin yaradılması
istiqamətində əməli işlərin həyata keçirilməsi,
ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi
vəziyyətinin öyrənilməsi, müzakirəsi və s.
tədbirlərin nəzərdə tutulduğunu bildirdi.
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədovun hesabatında öncə əməkdaşlar və
onların vəzifə bölgüsü haqqında məlumat verildi.
Sonra ayrı-ayrı istiqamətlər üzrə şöbənin il
ərzində fəaliyyətindən bəhs olundu. Verilən
məlumatdan aydın oldu ki, Dövlət Proqramı
çərçivəsində 4 və 11 nömrəli Bakı peşə
liseylərində əsaslı təmir işləri başa
çatdırılmış, 13, 16 və 18 nömrəli Bakı peşə
liseylərinin əsaslı təmirinə başlanmışdır. Son
20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 9
adda dərslik hazırlanmış, bir sıra əhəmiyyətli
layihələr həyata keçirilmiş, beynəlxalq
təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrə
səfərlər edilmişdir.
Təqdimatın sonunda N.Məmmədov şöbəyə daxil olan
ərizə və şikayətlərdən söz açdı və 2011-ci ildə
icra ediləcək əsas tədbirləri iclas
iştirakçılarının diqqətinə çatdırdı.
Hicran ƏKBƏROVA,
Ədalət DAŞDƏMİRLİ |