Musayev
Aqil Hüseyn oğlu
1974-cü il noyabrın 3-də Qazax
rayonunun Aşağı Əskipara kəndində anadan olub.
1991-ci ildə kəndlərindəki orta məktəbi bitirib,
sonra isə Qazax şəhərindəki 117 nömrəli texniki
peşə məktəbinə daxil olub. Burada sürücülük
peşəsinə yiyələnən Aqil 1993-cü ildə Milli Ordu
sıralarına çağırılıb. Təlim-məşq toplantılarında
iştirak edərək 777 nömrəli hərbi hissənin
tərkibində cəbhəyə yollanıb. Aqilin ilk döyüş
yolu Ağdam bölgəsindən başlanıb. Sonralar o,
Füzuli və Tərtər rayonlarının döyüş bölgələrində
də erməni işğalçılarına qarşı aparılan çətin
əməliyyatlarda bacarıqlı bir Azərbaycan əsgəri
kimi fəal iştirak edib. Füzuli istiqamətində
gedən ağır döyüşlərdə yaralanıb, bir müddət
müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə
qayıdıb.
A.Musayev 1994-cü il Gəncə hadisələri zamanı
qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak
edərkən qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr
1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə
Musayev Aqil Hüseyn oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Qazax rayonunun Əzizbəyli kəndindəki Şəhidlər
xiyabanında dəfn olunub.
Musayev
Fəxrəddin Musa oğlu
1957-ci il iyulun 30-da Türkmənistanın Bayraməli
şəhərində anadan olub. 1974-cü ildə orta məktəbi
bitirib və Qorki Politexnik İnstitutunun
gəmiçilik fakültəsinə qəbul olunub. 1975-ci ildə
ordu sıralarına çağırılan Fəxrəddin hərbi
xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal
Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk
şəhərində yerinə yetirib. Ordudan tərxis
olunduqdan sonra Bakı Məişət Kondisionerləri
Zavodunda işləyib. 1979-cu ildə Sasovski adına
Mülki Aviasiya Məktəbinə daxil olub. 1982-ci
ildə məktəbi fərqlənmə diplomu ilə bitirərək
Bakıya qayıdıb və Zabrat-2 Aviasiya İdarəsində
öz ixtisası üzrə çalışıb. 1987-ci ildə Kremençuq
Hava Uçuş Məktəbində vertolyotun idarə olunması
ixtisasına yiyələnib. Milli Ordu yarandıqdan
sonra o, təhsilini yarımçıq qoyaraq hərbi
əməliyyatlarda fəal iştirak etməyə başlayıb.
Baş leytenant F.Musayev 1992-ci il aprelin 11-də
Füzuli rayonunda erməni quldurlarına raket
zərbələri endirərkən faciəli şəkildə həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə
Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn
olunub.Qusar rayonundakı mərkəzi küçələrdən biri
onun adını daşıyır.
Mustafayev
Alı Mustafa oğlu
1952-ci il aprelin 14-də Qazax rayonunun
Qazaxbəyli kəndində anadan olub. 1969-cu ildə
Daş Salahlı kənd orta məktəbini bitirib. 1971-ci
ildə hərbi xidmətə çağırılıb, 1973-cü ildə
əsgəri xidmətini başa çatdıraraq Bakı Elektrik
Maşınqayırma Zavodunda əmək fəaliyyətinə
başlayıb. 1976-cı ildə həmkarlar təşkilatının
göndərişi ilə BDU-nun jurnalistika fakültəsinə
daxil olub. Təhsilini başa vuraraq, 1981-ci ildə
Azərbaycan Dövlət Teleradio Şirkətinin
"Xəbərlər" proqramında jurnalist kimi fəaliyyətə
başlayıb. O, vətənpərvər bir jurnalist kimi
dəfələrlə döyüş bölgələrinə gedərək qaynar
nöqtələrdən süjetlər hazırlayıb.
A.Mustafayev 1990-cı il noyabrın 20-də Tuğ,
Xocavənd, Qaradağlı kəndlərində törədilən
faciələrlə tanış olmaq üçün hökumət
nümayəndələrini aparan vertolyotun erməni
terrorçuları tərəfindən vurulması nəticəsində
şəhid olub.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr
1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə
Mustafayev Alı Mustafa oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra "Əməkdar jurnalist" fəxri adına
layiq görülüb. Bakının Nərimanov rayonundakı 202
nömrəli orta məktəb, 3-cü mikrorayondakı
küçələrdən biri onun adını daşıyır.
Mustafayev
Çingiz Fuad oğlu
1960-cı il avqustun 29-da Həştərxan vilayətinin
Vladimir rayonunda hərbçi ailəsində anadan olub.
1964-cü ildə ailələri ilə birlikdə Bakıya köçüb.
1977-ci ildə paytaxtın Yasamal rayonundakı 167
nömrəli orta məktəbini bitirən Çingiz Azərbaycan
Tibb İnstitutuna daxil olub. 1983-cü ildə
təhsilini başa çatdıraraq təyinatla Dəvəçi
rayonunda üç il həkim işləyib. O, həkim olmasına
baxmayaraq, jurnalistikaya böyük həvəs göstərib.
1990-cı il 20 Yanvar hadisələri zamanı sovet
ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə
alıb. 1991-ci ildən həyatını jurnalistikaya tam
bağlayan Çingiz Xocalı faciəsini də öz kamerası
ilə lentə almağa nail olub.
Ç.Mustafayev 1992-ci il iyunun 13-də yenidən
döyüş bölgəsinə yollanaraq qızğın döyüşləri
lentə alarkən cəsur jurnalist kimi
qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr
1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə
Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
DİN-in Şüvəlan qəsəbəsindəki istirahət guşəsi,
Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası onun
adını daşıyır. Yaşadığı binanın önünə barelyefi
vurulub, C.Naxçıvanski adına Hərbi Liseydə
yaradılmış xatirə kompleksində büstü qoyulub.
Mürsəlov
Vüqar Mirəzbər oğlu
1963-cü il martın 10-da Cəlilabad rayonunun
Prişib qəsəbəsində (Göytəpə şəhəri) anadan olub.
1980-ci ildə 1 nömrəli orta məktəbi bitirdikdən
sonra Bakıda texniki peşə məktəbində təhsilini
davam etdirib. Bakı Politexnik Texnikumunu "əla"
qiymətlərlə bitirdikdən sonra Belarusun Brest
şəhərində hərbi xidmətə göndərilib. O, ordudan
qvardiya baş çavuşu, tankçı kimi tərxis olunub.
Göytəpə Avtomobil Zavodunda öz ixtisası üzrə
əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə xüsusi
təyinatlı polis dəstəsinə yazılaraq,
torpaqlarımızın müdafiəsinə qalxıb. Füzuli,
Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə
istiqamətində erməni işğalçılarına qarşı gedən
döyüşlərdə fəal mübarizə aparıb.
V.Mürsəlov 1992-ci il iyunun 9-da Tərtər
rayonunun Cəmilli kəndi istiqamətində gedən
döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Mürsəlov Vüqar Mirəzbər oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Göytəpə şəhərində təhsil aldığı məktəbə adı
verilib, şəhərin mərkəzində büstü qoyulub.
Tərtər, Göytəpə, Cəlilabad şəhərlərində adına
küçə var.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |