Leyden Universiteti (Leiden University)
Niderlandın Leyden şəhərində yerləşir və ölkənin
ən qədim ali təhsil ocaqlarından biridir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Leyden
Universiteti 100 ən yaxşı ali məktəb arasında
60-cı yerdə olub. 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında Leyden
Universiteti "Times Higher Education World
University Rankings"in apardığı araşdırmaya
əsasən, 124-cü, "QS World University Rankings"in
açıqlamasına görə isə 82-ci yeri tutub.
Tarixi
1575-ci ilə qədər Hollandiyanın şimalında hələ
də universitet yox idi. Burada yeganə
universitet Leuven şəhərində yerləşirdi, lakin
ona nəzarəti ispanlar ələ keçirmişdilər. Elmi
Renessans ərəfəsində ispanların hücumlarına
qarşı müdafiəsinə görə Leyden şəhərinə şahzadə
Villiam tərəfindən mükafat verilir. Həmin
mükafat ilk holland universitetinin bu şəhərdə
yaradılması olur. Deyilənə görə, Leyden
vətəndaşlarına universitet yaradılması və ya
müəyyən vergilərdən azad olunması arasında seçim
təklif edilib. Lakin vətəndaşlar bildiriblər ki,
vergilərdən azad edilmək haqqında qanun
dəyişir, Avropanın böyük universitetləri isə
əsrlər boyu yaşayır.
Əvvəllər Müqəddəs Barbara kilsəsində yerləşən
universitet 1581-ci ildə Ağ Rahibələr kilsəsinə
köçürülür. 1616-cı ildə universitetin əvvəlki
binasının tamamilə dağıdılmasına baxmayaraq, bu
ali məktəb hazırda həmin ərazidə yeni binada
yerləşir.
Yarım əsr ərzində universitetin filoloq və
humanist Yustus Lipsius, ilahiyyatçılar Josef
Skaliger, Fransiskus Gomarus və Yacobus
Arminius, hüquqşünas Hugo Qrotius, filoloqlar
Daniel Heinsius və Gerhard Yohann Vossius kimi
alimləri olublar. Filoloq-klassik Yacobus
Gronovius, botanik və həkim Herman Burhaave,
tənqidçi-filoloq Tiberius Hemsterhuis və
filoloq-klassik David Ruhnkenin nüfuzu və təlimi
sayəsində Leyden Universitetinin adı Avropanın
nüfuzlu universitetləri arasında çəkilməyə
başlanılır və bu, XVIII əsrin sonunadək davam
edir.
XIX əsrin sonlarına doğru Leyden Universiteti
yenidən Avropanın aparıcı universitetlərindən
biri olur. Dünyada ilk dəfə universitetin
professoru Hayke Kamerlinq Onnes aşağı
laboratoriya temperaturunda tam sıfrdan yalnız
bir dərəcə yuxarı temperatur - 273 dərəcə Selsi
əldə edir. 1913-cü ildə Kamerlinq Onnes Nobel
mükafatına layiq görülür. Sonradan Nobel
mükafatı laureatları arasında universitetin
professorları, fiziklər Hendrik Antoon Lourens,
Piter Zeeman, Albert Eynşteyn, Paul Erenfest,
həkim və fizioloq Villem Eynthoven, ərəbşünas və
İslam dini üzrə ekspert Xristian Snuk Hurqronye
və digərləri olurlar. 2005-ci ildə Leyden
Universitetinin kitabxanalarının birində
A.Eynşteynin təkatomlu ideal qazın kvant
nəzəriyyəsinə aid əlyazması aşkar edilib.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu tədris ilində Leyden
Universitetinin illik gəlirləri 477800000 avro,
illik xərcləri isə 462800000 avro təşkil edib.
2010-2011-ci tədris ili üzrə Leyden
Universitetində tələbələrin təhsil haqqı
bakalavr pilləsində Niderland, İsveç, Surinam və
Avropa Birliyi ölkələrini təmsil edən tələbələr
üçün 1672 avro, Arxeologiya, Humanitar, İctimai
elmlər fakültələrində 5120 avro, Dəqiq elmlər və
Tibb fakültələrində, universitetin Haaqa
Kollecində 9300 avro, digər əcnəbi tələbələrin
təhsil haqqı isə 2300 avro, Dəqiq elmlər və Tibb
fakültələrində 9300-9600 avro, Arxeologiya,
Humanitar, İctimai elmlər fakültələrində
5120-5280 avrodur. Leyden Universitetinin Haaqa
Kollecində tələbələr təhsil haqqından başqa 1830
avro əlavə məbləğ ödəməlidirlər. Həmin tədris
ilində magistratura pilləsində Niderland, İsveç,
Surinam və Avropa Birliyi ölkələrini təmsil edən
tələbələr üçün təhsil haqqı 1742 avro təşkil
edir, əcnəbi tələbələr üçün isə fakültə və
proqramdan asılı olaraq bu məbləğ 14200
(Arxeologiya, Humanitar, İctimai elmlər) - 19100
(Tibb) avro arasında dəyişir.
Leyden Universitetində oxuyan tələbələrə
Niderland dövləti və universitet tərəfindən
müxtəlif məbləğdə təqaüdlər təklif olunur.
Təqaüd almaq istəyən tələbələr ərizə ilə
universitetə müraciət etməlidirlər.
Universitet bu gün
Leyden Qədim Reyn çayının sahilində, Haaqa
şəhərindən 20 km cənubda və Amsterdam şəhərindən
40 km şimalda yerləşən qədim və gözəl şəhərdir.
Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur.
329000 nəfər sakini olan Leyden şəhərinin
insanları çox mehriban və qonaqpərvərdirlər.
Qədim şəhərin saysız-hesabsız tarixi abidələri,
Muzey və qalereyaları (Morsport şəhər qapıları,
Rapenbürx kanalı, Milli Etnologiya muzeyi,
çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk
muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim
kilsələr və s.) buraya çoxlu sayda turist cəlb
edir. Həmçinin Leyden elm və təhsil şəhəri kimi
tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas
Huqo Qrotius, riyaziyyatçı Rene Dekart,
kondensatoru kəşf etmiş fizik Piter van
Müshenbruk, məşhur professor Kamerlinq-Onnes,
dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden
şəhəri işığın sınması, elektrik kondensator,
termodinamikanın molekulyar əsası, elektron
nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın
strukturu və kometaların mənşəyi,
elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.
Leyden şəhərində ölkənin ən qədim ali təhsil
ocağı olan Leyden Universiteti yerləşir. Bu
şəhərdə universitetin xüsusi kampusu mövcud
deyil. Ali məktəbin binaları şəhərin müxtəlif
hissələrindədir. Binaların əksəriyyəti çox
qədimdir və müxtəlif memarlıq üslublarına
aiddir, bəziləri isə (Lipsius, Gorlaeus və s.)
müasir tikililərdir.
Leyden Universitetində 50-dən çox bakalavr və
100-dən çox magistr və doktorluq proqramları
təklif edən 6 fakültə fəaliyyət göstərir.
Leyden Universitetinin Arxeologiya fakültəsi
Niderlandda bu sahəyə aid yeganə fakültədir.
Fakültə insanın yaranması, insan sümüyü
tədqiqatları, ekoloji, mədəni tədqiqatlar,
arxeoloji irsin idarəolunması, tarixi
arxeologiya, Şimal-Qərbi Avropa, Aralıq dənizi,
Yaxın Şərq arxeologiyası, Mesoamerika və And
mədəniyyəti, Karib dənizi və Amazoniya üzrə
tədqiqatlar həyata keçirir.
Humanitar elmlər fakültəsi Afrika, Çin, holland,
Misir, italyan, ingilis, fransız, alman, ibrani
(yəhudi) və aramey, Latın Amerikası, ispan,
Koreya, Yaponiya, Cənub-Şərqi Asiya və Okeaniya
dilləri və mədəniyyətləri, arxeologiya, ərəb,
fars və türk dilləri və mədəniyyətləri, Holland
tədqiqatları, Rus tədqiqatları, Hindu-Amerika
Tədqiqatları, Yaxın Şərq, İncəsənətin tarixi,
Assuriyalogiya, Astronomiya, Klassika, Tarix,
Müqayisəli Hind-Avropa dilçiliyi, Dilçilik,
Fəlsəfə, İlahiyyat, İslam, Dünya dinləri
tədqiqatları və s. üzrə bakalavr və magistr
proqramlarını, Ölkəşünaslıq (Asiya və Yaxın
Şərq), Dilçilik, Tarix, Fəlsəfə, İlahiyyat və s.
üzrə doktorluq proqramlarını təklif edir.
Fakültə çərçivəsində Yaradıcılıq və İfaçılıq
Akademiyası, Linqvistika Mərkəzi, Ölkəşünaslıq,
Mədəni İntizamlar, Tarix, Fəlsəfə, İlahiyyat
üzrə Humanitar Təhsil institutları fəaliyyət
göstərir.
Hüquq fakültəsi universitetin ən qədim
fakültələrindən biridir və Avropa hüququ,
beynəlxalq ictimai hüquq, hava və kosmik hüquq,
beynəlxalq vergi hüququ, beynəlxalq cinayət
hüququ, sülh, ədalət və inkişaf və s. üzrə
tədqiqatlar aparır. Fakültəyə İctimai Hüquq,
Cinayət Hüququ və Kriminologiya, Hüquq
Fənlərarası Tədqiqatlar, Dəqiq elmlər
fakültəsində Leyden Kimya, Fizika, Biologiya,
Perspektiv Kompüter Elmləri, Riyaziyyat, Ətraf
Mühit institutları, Leyden-Amsterdam Narkotik
Tədqiqatları Mərkəzi, Lourens Mərkəzi, Leyden
rəsədxanası, Niderland milli herbarisi, Botanika
bağı fəaliyyət göstərir.
İctimai və əxlaq elmləri fakültəsi Mədəni
Antropologiya və Sosiologiyanın İnkişafı, Təhsil
və Uşaq Tədqiqatları, Siyasi Elmlər,
Psixologiya, Dövlət qulluğu institutlarından
ibarətdir.
Tibb fakültəsi Leyden Universitetinin nəzdində
fəaliyyət göstərən böyük tibb mərkəzidir.
7000-dən çox əməkdaşı olan mərkəzdə xəstələrə
qulluqla yanaşı, tibbin bütün sahələri üzrə
tədqiqat aparılır və yeni mütəxəssislər
hazırlanır. Burada həkim, pasiyent, müəllim və
tələbələrin birgə əməkdaşlığı nəticəsində yeni
müalicə metodları aşkar edilir və tədqiqatlar
həyata keçirilir.
Leyden Universitetinin kitabxana sisteminə
müxtəlif binalarda yerləşən yeddi kitabxana
daxildir. Bunlar Humanitar, arxeologiya və
xüsusi kolleksiyalar və ya Universitet,
Humanitar: Şərqi Asiya, Hüquq, Leyden Tibb
Mərkəzi: Valaeus, İctimai və əxlaq elmləri,
Dəqiq elmlər: Gorlaeus, Dəqiq elmlər: Riyaziyyat
və kompüter elmləri kitabxanalarıdır.
Universitet kitabxanlarının kolleksiyasına
ümumilikdə 3 milyondan çox kitab, 16000 elektron
jurnal, yüzlərlə verilənlər bazası, elektron
kitabça, rəqəmsal mətn və qrafik material,
əlyazma, qədim qravüra, şəkil, xəritə və s.
daxildir.
Kitabxananın Qərbi əlyazma kolleksiyasına 2500
orta əsrlərə aid, 25000 müasir əlyazma, 300000
məktub və sənəd, Qərbi çap kolleksiyaya isə
1801-ci ilədək çap edilmiş, həmçinin 700
inkunabula (kitab çapı icadının ilk dövründə
yığma hərflərlə çap olunmuş ilk kitab) və
1801-ci ildən sonrakı illərə təsadüf edən nadir
kitablar aiddir. Bu kolleksiya 4 əsr müddətində
alim və imkanlı şəxslərin universitetə vəsiyyət
etdikləri materiallar (mülk) əsasında toplanıb.
Leyden Universiteti kitabxanasının Şərq
kolleksiyası "Leqatum Varnerianum" ("Varnerin
mirası") adlanır və 30000 əlyazmadan,
arxeologiya, zərdüştlük və digər dövrlərə aid,
ərəb, zulu (Cənubi Afrikada xalq) və s. dillərdə
200000 çap edilmiş kitabdan ibarətdir. Levinus
Varner Hollandiyanın Konstantinopoldakı
(İstanbul) səfiri olub və 100-dən çox Şərq
əlyazmasını universitetə hədiyyə edib. Leyden
Universiteti kitabxanasının yaranma tarixi
1575-ci ildə şahzadə Vilhelm Oranskinin
universitetə Poliqlot İncilin nüsxəsini
bağışladığı vaxta təsadüf edir.
Leyden Universitetinin rektoru, professor Pol
van der Heydendir. Universitetin idarəetmə
orqanlarına İdarəçilər Şurası, İcraedici Şura
aiddir. Hər bir fakültənin də ayrılıqda dekanın
sədrliyi ilə şurası mövcuddur. Universitetdə
ümumilikdə 3926 nəfər işçi çalışır. Onların
1121 nəfərini akademik, 1093 nəfərini
idarəetmə, qalanlarını isə inzibati heyət
təşkil edir.
Leyden Universitetində ümumilikdə 18778 nəfər
təhsil alır. Onların 12588 nəfərini bakalavr,
6190 nəfərini isə magistrant və doktorantlar
təşkil edirlər.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Leyden Universitetinin magistratura
pilləsində Avropa və beynəlxalq biznes hüququ
ixtisası üzrə Araz Elxan oğlu Ələsgərov təhsil
alır, Vüsal Abbas oğlu Qafarov isə beynəlxalq
vergi hüququ ixtisası üzrə məzun olub.
Leyden Universitetində tələbələrin
yataqxanalarla təmin olunması məsələsi ilə
universitetin Mənzil idarəsi məşğul olur. İdarə
yalnız bakalavrda oxuyan tələbələrin deyil,
magistrant və doktorantların da mənzillərdə
yerləşdirilməsinə təminat verir. Mənzillərin
maksimal kirayə müddəti 1 ildir. 1 ildən sonra
tələbə qaldığı yeri yeni qəbul olunmuş tələbə
üçün azad etməli və özünə yeni mənzil
axtarmalıdır. Magistrantlar üçün bu müddət 2
ilədək uzadıla bilər. Hər bir fakültə də
ayrılıqda tələbələrə yaşayış yeri təklif edir.
Mənzillərin daha ucuz başa gəlməsi üçün
tələbələr növbəyə yazılmalıdırlar. Mənzil
idarəsində əvvəlcədən növbəyə yazılmaq üçün 100
avro ödəmək lazımdır. Gözləmək üçün minimal
müddət 2 ildir. Universitetin təklif etdiyi tək
və bir neçə nəfərlik otaqlardan ibarət
yataqxanalar Leyden şəhərinin mərkəzində
yerləşən Herenqraxt 33-35 və Kaarsenmakersstraat
7-121, Oegstgeest rayonundakı Oranjelaan 2,
şəhər mərkəzi və Oegstgeest rayonu arasında
yerləşən Rijnfront, əcnəbi tələbələrin
məskunlaşdığı Huqo de Grootstrat 32-Horizon
Evidir. Bu yataqxanalarda otaqların qiyməti
300-700 avro arasında dəyişir. Həmçinin
universitet tələbələrə mənzillərdən ibarət
Hooigracht/Kloosterpoort, Smaragdlaan, Huqo de
Grootstrat 32-Horizon Evi yataqxanaları təklif
edir. Bu yataqxanalarda ayrıca mətbəxi, vanna
otağı, balkonu olan birotaqlı mənzillər
mövcuddur. Belə mənzillərin qiyməti 530-820 avro
təşkil edir. Tələbələr müstəqil surətdə də
özlərinə mənzil tapa bilərlər. Xüsusi evlərdə
qiymətlər otağın şəraitindən asılı olaraq
250-1000 avro arasında dəyişir.
Leyden Universitetində hər bir tələbəyə akademik
və şəxsi həyatında xüsusi diqqət ayrılır, onlara
məsləhət, informasiya, tibb, idman, mədəni
xidmətlər göstərilir. Leyden Universiteti
Avropanın qədim ali təhsil ocağı olaraq hazırda
da dünyaya yeni-yeni kəşflər və nailiyyətlər
verməkdə davam edir.
Universitetin məşhur məzunları
|
Vilgelmina Beatriks |
Niderland kraliçası |
|
|
Şahzadə Marqrit |
kraliça Beatriksin kiçik bacısı |
|
|
Şahzadə Konstantin |
kraliça Beatriksin üçüncü oğlu |
|
|
Melani Şults van Haegen |
Niderlandın infrastruktur və əraf mühit
üzrə naziri |
|
|
Nikolas Pirson |
Niderlandın sabiq baş naziri |
|
|
Con Kuinsi Adams |
ABŞ-ın 6-cı prezidenti |
|
|
Con Styuart |
Böyük Britaniyanın sabiq baş naziri |
|
|
Məhəmməd Hatta |
İndoneziyanın ilk vitse-prezidenti |
|
|
Ayan Hirsi Əli |
yazıçı,
siyasətçi |
|
Universitetin Nobel mükafatı laureatları
|
Albert Eynşteyn |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Paul Erenfest |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Hendrik Antoon Lourens |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Piter Zeeman |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Yohannes Diderik van der Vaals |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Hayke Kamerlinq-Onnes |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Enriko Fermi |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Nikolas Blombergen |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Yakob Henrik van St Hoff |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Tobias Asser |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Xristian Snuk Hurqronye |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Villem Eynthoven |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Niko Tinbergen |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Yan Tinbergen |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Tjallinq Kupmans |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|