Ölkəmizin
bütün sahələrində olduğu kimi, təhsil sahəsində
də aparılan məqsədyönlü islahatlar bu gün öz
bəhrəsini verməkdədir. Gənclərimizin hərtərəfli
inkişafını prioritet istiqamət kimi qəbul edən
orta və ali təhsil ocaqları bu sahədə ardıcıl və
məqsədyönlü iş aparmaqla bir çox uğurlara imza
atıblar. Belə təhsil müəssisələrindən biri də
Bakı Dövlət Sosial İqtisad Kollecidir. Kollecin
direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru,
dosent Mübariz Mahmudovla söhbətimiz də bu
təhsil ocağının tarixi, fəaliyyəti və uğurları
ilə bağlıdır.
- Mübariz müəllim, təhsil ocağının tarixi və bu
günü haqqında məlumat verməyinizi xahiş edirik.
- Kollecimiz 1966-cı ildə cəmi 150 tələbə və 11
müəllimlə texnikum kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26
avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı
ilə Bakı Plan İqtisad Texnikumunun bazasında
Bakı Dövlət Sosial İqtisad Kolleci
yaradılmışdır. Hazırda məktəbimizdə 1412 tələbə
təhsil alır. Onlardan 943 nəfəri əyani, 469
nəfəri isə qiyabi şöbədə oxuyur. Onların
təlim-tərbiyəsi ilə məşğul olan 128 müəllim
işinin öhdəsindən layiqincə gəlir.
Bildiyimiz kimi, 2010-cu il yanvarın 13-də
Nazirlər Kabineti "2010-2013-cü illərdə
Azərbaycan Respublikasının orta ixtisas təhsili
sistemində islahatlar üzrə Tədbirlər Proqramı"
haqqında qərar qəbul edib. Qərarda ölkəmizdə
orta ixtisas təhsili sisteminin müasir tələblər
səviyyəsində inkişaf etdirilməsi, ölkə
iqtisadiyyatının inkişafı istiqamətlərinə əsasən
əmək bazarının tələbatına uyğun istehsal və
xidmət sahələrinin yüksək keyfiyyətli orta
ixtisas təhsilli kadrlarla təmin olunması
nəzərdə tutulur. Həmin qərar kollektivin
Pedaqoji Şurasında geniş müzakirə olunmuş və
əməli işimizdə konkret fəaliyyət proqramı kimi
qəbul edilmişdir.
Son
illər kollecin maddi-texniki bazasının
yaxşılaşdırılmasında xeyli iş görülmüş, tədrisdə
istifadə olunan avadanlıqlar müəyyən qədər
təzələnmiş, iki ixtisaslaşmış kompüter kabineti
yaradılmış, kabinetlərdən biri sürətli İnternetə
qoşulmuş, istilik sistemi bərpa olunmuş, dam
örtüyü dəyişdirilmiş, köhnə pəncərələr yenisi
ilə əvəz olunmuşdur. Kollecin binasının əsaslı
təmirinə başlanmışdır.
- Mübariz müəllim, rəhbərlik etdiyiniz kollec
hansı ali təhsil ocaqları ilə əlaqə saxlayır?
- Orta ixtisas təhsili fasiləsiz təhsil
sisteminin tərkib hissəsidir və nəticə
etibarilə bir-biri ilə üzvi surətdə bağlı olan
iki əsas məsələni həll edir. Yəni yeniyetmələr
müxtəlif peşələrə yiyələnməklə yanaşı, eyni
zamanda ümumi icbari təhsil də alırlar.
Bütün ölkədə olduğu kimi bizim kollecdə də
təhsil məzmununda dəyişikliklər aparılmış, kadr
hazırlığı aparılan ixtisaslar və istiqamətlər
üzrə orta ixtisas təhsilinin standartları və
buna müvafiq yeni tədris planları və proqramları
hazırlanmışdır.
Kollecimizdə bütün ixtisaslar üzrə 100 ballıq
sistemə keçilmişdir. Xüsusi qeyd etməliyəm ki,
bu sistemə keçid tələbələrin məsuliyyətini xeyli
artırmışdır.
Kollecimiz
bir sıra ali təhsil müəssisələri ilə, o cümlədən
Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı
Dövlət Universiteti ilə sıx əlaqə saxlayır. Elə
bunun nəticəsidir ki, hər il məzunlarımızın
10-15 faizi ali məktəblərə qəbul olunur.
Onlardan bəziləri hətta 550, 580, 600 balla Bakı
Dövlət Universitetinə və Azərbaycan Dövlət
İqtisad Universitetinə qəbul olublar.
Yeri gəlmişkən, qeyd edim ki, məzunlarımızdan
Kamran Əlizadə bu təhsil ocağını bitirdikdən
sonra təhsilini BDU-da davam etdirib və hazırda
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində
məsul vəzifədə çalışır. Fərid Quliyev də bizim
məktəbi bitirdikdən sonra ADİU-da təhsilini
davam etdirib, hazırda bank işində yüksək
vəzifədə işləyir. 2009-cu ildə isə
məzunlarımızdan Zümrüd Hüseynova 625 balla
BDU-nun filologiya fakültəsinə qəbul olub.
Fəxrlə deyə bilərəm ki, hazırda respublikanın
müxtəlif elm və istehsalat sahələrində layiqincə
çalışan məzunlarımız vardır.
- Təhsil ocağında hansı ixtisaslar üzrə kadrlar
hazırlanır?
- Kollecimizdə iqtisadiyyat təmayüllü ixtisaslar
üzrə mühasibat uçotu və audit (təftişçi),
maliyyə işi, bank işi, menecment və gömrük işi,
hüquq təmayüllü ixtisaslar üzrə isə hüquq,
hüquq-mühafizə fəaliyyəti, Dövlət Yol Polisinin
inzibati hüquq fəaliyyəti və informatika
müəllimi ixtisasları üzrə kadrlar hazırlanır.
-
Torpaqlarımızın bir qisminin işğal altında
olduğu zamanda kollecinizdə tələbələrin
vətənpərvərlik ruhunda tərbiyəsinə necə diqqət
yetirilir?
- Məktəbimizdə mütəmadi olaraq ümummilli lider
Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq
ideyaları təbliğ olunur. "Vətənin hər qarış
torpağı uğrunda ölməyə hazırıq" devizi altında
bir sıra diskussiyalar aparılır. Müharibə
veteranları, şəhid ailələri, digər ziyalılarla
görüşlər keçirilir, şəhidlər xiyabanlarına,
tarixi yerlərə ekskursiyalar təşkil edilir.
Kollecimizin məzunlarından Qarabağ uğrunda gedən
döyüşlərdə şəhid olmuş Araz Pirimovun, Mübariz
Sahibovun, Zaur Ələkbərovun xatirəsini
əbədiləşdirən guşə yaradılmışdır. Məktəbimizdə
həmçinin bu il böyük şücaət göstərərək Vətən
uğrunda canından keçən Milli Qəhrəman Mübariz
İbrahimovun da xatirəsinə xüsusi guşə yaradılmış
və qəhrəman haqqında tələbələrə ətraflı məlumat
verilmiş, doğulub boya-başa çatdığı Biləsuvar
rayonuna və Bakıdakı iki nömrəli fəxri və
şəhidlər xiyabanına - məzarı üstünə ziyarət
təşkil edilmişdir.
Kollecimizdə tələbələrin fiziki tərbiyəsinə də
xüsusi diqqət yetirilir. Təhsil ocağında
fəaliyyət göstərən idman zalı, voleybol və
futbol meydançaları gənclərin ixtiyarına
verilib. İdmanı tədris edən müəllimlər
tələbələrin sağlamlığının təminatçısı kimi
çalışır və bu yolda əllərindən gələni
əsirgəmirlər. Təsadüfi deyil ki, 2008 və 2009-cu
illərdə kolleclər arasında keçirilən basketbol
və voleybol yarışlarında məktəbimizin qızlar və
oğlanlar komandaları I yeri tutmuşlar.
2010-cu ildə Şən və Hazırcavablar Klubunun
təşkil etdiyi məktəblərarası yarışlarda
kollecimizin komandası I yeri tutub.
Tələbələrimizin
ictimai mühitdə tutduqları mövqe, əldə etdikləri
nailiyyətlər deməyə əsas verir ki, kollecimizdə
yüksək intellektli kadrlar hazırlanır.
- Təhsil müəssisələrinin nailiyyətləri
müəllimlərinin fəaliyyəti ilə ölçülür. Siz necə,
müəllimlərinizin işindən razısınızmı?
- Bu gün kollecimizin bütün müəllimləri işini
günün tələbi səviyyəsində qurmağa səy göstərir
və buna nail olurlar. Onların arasında elmlər
doktoru və elmlər namizədləri elmi dərəcələri
olanlar vardır. Kollecimizdə vaxtaşırı keçirilən
müşavirələrdə, Pedaqoji Şuralarda müəllimlərin
əməyi qiymətləndirilir, tədrisin yüksək
səviyyədə aparılmasına dair addımlar atılır,
yaranmış problemlərin aradan qaldırılması üçün
təcili tədbirlər görülür. Müəllimlərimizdən
Fikrət Əhmədovun, Qələndər Muxtarovun, Rəfail
Əhmədovun, Seyidağa Rzayevin, Nigar Umarovanın,
Hüseyn Qələndərovun və başqalarının yaxşı
işindən danışmağa dəyər.
- Sonda həmkarlarınıza və gənclərə tövsiyəniz.
- Ümummilli liderimiz Heydər Əliyevin memarı və
qurucusu olduğu müstəqil Azərbaycan
Respublikamızı göz bəbəyimiz kimi qorumağı,
torpaqlarımızın hər qarışı uğrunda canımızdan
keçməyə hazır olmağı tövsiyə edirəm.
- Müsahibəyə görə çox sağ olun.
Nizami MİRZƏ |