Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq
əmrinə əsasən ötən ilin noyabrında start verilən
"100 sual - 100 cavab" intellekt yarışı sona
çatdı. Şəhərin ümumtəhsil məktəblərində və
məktəbdənkənar təhsil müəssisələrində təhsil
alan IX - XI sinif şagirdləri və dərnək üzvləri
arasında keçirilən intellekt yarışında 22
komandanı 66 məktəbli təmsil etmişdir. Yarışın
final mərhələsi Azərbaycan Dövlət Pedaqoji
Universitetində keçirilmişdir. Yarışı giriş sözü
ilə açan universitetin elmi işlər üzrə
prorektoru, professor Vilayət Əliyev bütün
iştirakçıları rektorluq adından salamlamış,
final mərhələsinə çıxdıqlarına görə onları
təbrik etmiş, uğurlar arzulamışdır.
Vilayət
Əliyev qeyd etmişdir ki, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin bizim universitetə müraciət etməsi və
tədbirin məhz burada keçirilməsi bizi çox
sevindirir. Ona görə də mən idarənin müdiri
Nailə Rzaquliyevaya və təşkilatçılara
universitetin rektoru, AMEA-nın muxbir üzvü,
professor Yusif Məmmədovun, həmçinin bütün
professor-müəllim heyətinin minnətdarlığını
çatdırıram.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
Məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə
Sultanova da idarənin rəhbərliyi adından yarış
iştirakçılarını salamladı. Yüksək intellektli
yeniyetmələrin bugünkü hazırlığından, onların
dünyagörüşündən, bilik və bacarıqlarından söhbət
açdı, onlara uğurlar arzuladı. Sonra intellekt
yarışının final mərhələsinə start verildi. Bütün
iştirakçılara fizika, astronomiya, kimya,
biologiya və coğrafiya fənləri üzrə məktəb
proqramı çərçivəsində qabaqcadan hazırlanmış və
bağlı zərflərdə saxlanılan testlər paylandı.
Komanda üzvləri 1 saat 30 dəqiqə vaxt ərzində
testləri cavablandırdılar. Əlbəttə, yarışın ən
maraqlı səhnəsi test cavablarını qiymətləndirmək
oldu. Qiymətləndirmədə universitetin fizika
fakültəsinin dekanı, professor Mirzəli Murquzov,
dosentlər Xəlil Padarov və Cahangir Hüseynov
iştirak etdilər.
Nəhayət, komandalar arasında yerlər
müəyyənləşdirildi. Bakı şəhəri 35 nömrəli
Texniki Yaradıcılıq Mərkəzinin komandası və
şəxsi birincilikdə komanda üzvləri Faiq Quliyev,
Elşad Abdullayev, Kamran Əkbərov I dərəcəli,
Bakı şəhəri 21 nömrəli Uşaq Yaradıcılıq
Mərkəzinin komandası və şəxsi birincilikdə
komanda üzvləri Məhəmməd Əliyev, Zümrüd
Nəbiyeva, Tofiq Bayramov II dərəcəli, Bakı
şəhəri Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq
Mərkəzinin komandası və şəxsi birincilikdə
komanda üzvləri Şahbaz Məmmədov, Türkan Əliyeva,
Nəcibə Əhmədova III dərəcəli diplomlarla,
liderlərdən cəmi bircə balla geri qalan Bakı
şəhəri 39 nömrəli Texniki Yaradıcılıq
Mərkəzinin komandası və şəxsi birincilikdə
komanda üzvləri Paşa Çıraqov, Ümid Kərimov və
Hikmət Adışirinli fərqlənmə diplomu və qiymətli
hədiyyələrlə mükafatlandırıldılar.
Rövşən TALIBOĞLU |
|