Yanvarın 6-da Təhsil Nazirliyində Strateji
təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsi və Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin 2010-cu ilə
dair illik hesabatları dinlənilib.
Qeyd
edək ki, hesabat iclasları Dövlət
qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi işinin təşkili barədə "Dövlət
qulluğu haqqında" Qanuna uyğun olaraq Təhsil
Nazirliyi mərkəzi aparatının əməkdaşlarının
2010-cu il ərzində xidməti fəaliyyətinin
qiymətləndirilməsi işinin daha səmərəli təşkili
ilə əlaqədar verilən müvafiq əmrə əsasən
keçirilir.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir
Mərdanov açaraq bildirib ki, bu gündən
başlayaraq nazirliyin bütün şöbələrinin 2010-cu
il ərzində gördükləri işlərlə bağlı hesabatları
dinləniləcək.
İclasda Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov çıxış edərək rəhbəri olduğu şöbənin əsas
vəzifə və funksiyalarından söz açıb. F.Qədirovun
verdiyi məlumata görə, ötən il şöbə tərəfindən
nazirliyin 3 illik Strateji Planı və 2010-cu il
üçün illik fəaliyyət planı hazırlanıb. Şöbə
müdiri bildirib ki, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununun tətbiqi ilə əlaqədar
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi
təhsil müəssisələrində işə başlamış gənc
mütəxəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi
haqqında" sənəd hazırlanıb, bununla əlaqədar
Nazirlər Kabineti tərəfindən müvafiq qərar
imzalanıb.
Ölkənin ümumtəhsil məktəblərində mövcud
vakansiyaların ümumiləşdirildiyini və təhlil
olunaraq dövlət sifarişinin hazırlandığını qeyd
edən şöbə müdiri əlavə edib ki, ötən il ucqar
kənd məktəblərinə həvəsləndirmə tədbirləri
tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr
göndərilib. Bildirilib ki, 2010-2011-ci tədris
ili üçün ölkənin ümumtəhsil məktəblərində 288
vakant müəllim yeri müəyyənləşdirilib və işə
qəbulla bağlı reqlament nazirliyin İnternet
saytında yerləşdirilib.
Bir sıra proqram və layihələrin icrası
istiqamətində görülən işlərdən bəhs edən
F.Qədirov, eyni zamanda ixtisasartırma təhsili
müəssisələrinin fəaliyyətinin
əlaqələndirilməsinin təmin edilməsi məqsədilə
ötən il şöbənin nəzdində Əlavə təhsil sektorunun
yaradıldığı, bununla bağlı sənədlərin
hazırlandığı və müvafiq tədbirlərin həyata
keçirildiyi barədə məlumat verib, qarşıda duran
vəzifələri nəzərə çatdırıb.
Sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin müdiri Samir Məmmədov illik
hesabatında qeyd edib ki, Təhsil Nazirliyinin
nəzdində təsərrüfathesablı fəaliyyət göstərən bu
idarə 3 şöbədən ibarətdir.
S.Məmmədov qeyd edib ki, ölkəmizin 500 təhsil
müəssisəsində kompüter sinifləri, müəllim və
direktorların otaqlarını əhatə edən lokal
şəbəkələr yaradılıb. İdarə müdiri ümumilikdə
1000 təhsil müəssisəsinin İnternet şəbəkəsinə
qoşulduğunu diqqətə çatdırıb. Samir Məmmədov
hesabatında ümumtəhsil məktəblərində çalışan
müəllimlərin İKT bacarıqlarının artırılmasından,
müvafiq sahədə aparılan işlərdən və bu
istiqamətdə mövcud olan problemlərdən danışıb.
Konfransda hər iki hesabatla əlaqədar sual və
təkliflər səsləndirilib.
Tədbiri yekunlaşdıran təhsil naziri Misir
Mərdanov Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin nazirliyin
ayrı-ayrı şöbələri ilə daha sıx əlaqəli
işləmələrini tövsiyə edib, qarşıda duran
vəzifələri nəzərə çatdrıb.
Şakir CƏFƏROV |