· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsilin əsasları fənninin  təqdimatı

 

Sentyabrın 5-də Azərbaycan Müəllimlər İnstitutunda təhsilin əsasları fənninin tədrisinə həsr olunmuş  təqdimat mərasimi  keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, müəllimlər və KİV  nümayəndələri   iştirak edirdilər.

Təqdimat mərasimində təhsil naziri Misir Mərdanov həyata keçirilən bu layihənin əhəmiyyəti  barədə danışaraq qeyd etdi ki, pilot layihə kimi təhsilin əsasları fənni pedaqoji  kadrların hazırlığı ilə məşğul olan  Azərbaycan  Dövlət Pedaqoji Universitetinin, Müəllimlər İnstitutunun və  Gəncə Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası  üzrə təhsil alan II kurs  tələbələri üçün  nəzərdə tutulur. İlk semestrdə  60 saat olmaqla tədris olunacaq  yeni fənnin hazırlığına 3 il bundan əvvəl başlanılıb. Artıq  istənilən nəticə  əldə olunub. Yeni  layihənin hazırlanmasında  Dünya Bankı  tərəfindən ayrılan beynəlxalq mütəxəssislərlə birlikdə  respublikamızın təcrübəli müəllimləri də iştirak edib. Təhsilin əsasları fənn kurikulumu məzmun, strategiya, qiymətləndirmə  olmaqla  üç hissədən ibarət olub. Təhsilin fəlsəfəsi və təlim  prosesi, cəmiyyətin təhsil ehtiyacları və onların  hüquqi  təminatı, təhsildə dövlət  siyasəti, kurikulum və onun elmi, nəzəri, metodoloji əsasları, təhsilin  iqtisadiyyatı üzrə məsələlər burada öz əksini tapıb.

Təhsil naziri Misir Mərdanov   onu da vurğuladı ki,  bilik  və bacarığın vəhdətini əks etdirən yeni fənnin tədrisi  zamanı  tələbələrin biliyi ilə  yanaşı, müəllimlərin   də  əməyi yeni metodoloji sistem üzrə  qiymətləndirilməlidir. Bu cür  qiymətləndirmə tələbə və müəllimlərin məsuliyyətinin  artırılması  üçün gərəkdir.

Sonra Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanovanın rəhbərliyi  ilə hazırlanan    yeni layihənin əsas məziyyətləri barədə məlumat verən ADPU-nun ibtidai təhsilin pedaqogika və metodikası kafedrasının dosenti  Gülşən  Novruzova bu barədə ətraflı danışdı.

Tədbirin sonunda pilot layihə  olan təhsilin əsasları fənninin hazırlıq kurslarında iştirak edən 18 müəllimə təhsil naziri Misir Mərdanov tərəfindən sertifikatlar  təqdim olundu.

 

 

 

 

BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları

Assosiasiyasının XXII qurultayı keçirilib

 

Sentyabrın 7-8-də Bakı Dövlət Universitetində bu qocaman təhsil ocağının 90 illik yubileyi münasibətilə  Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının  XXII qurultayı keçirildi. 

Qurultay iştirakçıları  əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoydular.

Dövlət himni səsləndi.

Sonra qurultay öz işinə başladı. BDU-nun rektoru,  akademik Abel Məhərrəmov çıxış edərək bildirdi  ki,  BDU hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuş və bu təhsil ocağında  Azərbaycanın dünya şöhrətli siyasətçisi ulu öndər  Heydər Əliyev, yüzlərlə tanınmış alimlər, ziyalılar, görkəmli diplomatlar təhsil almışlar.

 BDU-nun yubileyi ərəfəsində Bakıda  keçirilən qurultayın tarixi əhəmiyyətindən danışan rektor bir daha diqqətə çatdırdı ki,  bu tədbirdə Avrasiya məkanını təmsil edən 8 ölkənin 50-dən çox universitetinin nümayəndələri iştirak edirlər.

Tədbirdə AUHTA-nın və M.Lomonosov adına Moskva Dövlət Universitetinin  birləşmiş həmkarlar təşkilatının sədri İqor Kotlobovski akademik  Abel Məhərrəmova Rusiya ilə Azərbaycan arasındakı elmi əlaqələrin inkişafındakı xidmətlərinə görə təmsil etdiyi təşkilatın medalını və xatirə hədiyyəsini təqdim etdi.

O, rəhbərlik etdiyi assosiasiyanın 22 illik fəaliyyətini əks etdirən geniş hesabat məruzəsi ilə çıxış etdi.

Qurultayın ilk günündə BDU ilə MDU  və T.Şevçenko adına Kiyev Milli Universitetinin həmkarlar komitələri arasında  əməkdaşlıq  barəsində müqavilə imzalandı.

 

Şakir CƏFƏROV

 

 

 

 

 

 

 

"Erasmus Mundus Xarici Əməkdaşlıq

Pəncərəsi - Lot 6" proqramının tərəfdaşlığına dair tədbir

 

"Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi - Lot 6" proqramı  Avropa İttifaqı ölkələri ilə yeni yaranmış müstəqil dövlətlər arasında təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirmək məqsədilə həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihədir.

Bakalavr və magistrlərin (tələbələrin), namizəd və doktorların (tədqiqatçıların), akademik heyətin, həmçinin özəl və ictimai sektor təmsilçilərinin inkişaf imkanlarını təmin edən layihə üzrə qalib ali məktəblərdən biri Azərbaycan Turizm İnstitutudur. (Bu layihəyə Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Turizm İnstitutu qoşulub).

Proqram çərçivəsində qazanılmış nailiyyətləri, ilkin mərhələnin yekunlarını müzakirə etmək məqsədilə oktyabrın 10-da "Qafqaz Point" otelində Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün "Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi - Lot 6" proqramının tərəfdaşlıq konfransının açılışı oldu.

İngilis dilində keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov açdı.

"Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi - Lot 6" proqramının məqsədini və qazanılmış nailiyyətləri konfrans iştirakçılarına çatdıran rektor C.Cəfərov Xəzər Universiteti ilə Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 16 ölkədən 30 nəfər xarici qonağın təmsil olunduğunu bildirdi.

Daha sonra Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı çıxış edərək, Avropa təhsilinə inteqrasiyada bu layihənin əhəmiyyətini dəyərləndirdi.

Rəsmi açılışda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan ali təhsilinin inkişafında, mobilliyin təmin olunmasında, Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsində "Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi - Lot 6" proqramının rolundan, qazanılmış uğurlardan danışdı.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin çıxışında xarici ölkələrlə əlaqələrdən, ayrı-ayrı layihələrin faydasından söhbət açıldı.

Avropa Komissiyasının nümayəndə heyətinin Azərbaycandakı rəhbəri Jean Lui Lavroff çıxışında donor ölkələrin köməyi ilə tələbə mübadiləsi, layihə çərçivəsində görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verdi.

Layihənin əlaqələndiricisi Tania Kapik çıxışında tərəfdaş ölkələrin nümayəndələrini təqdim etdi, layihə təşkilatçıları tərəfindən Xəzər Universitetinin yetirməsi - biznesin təşkili və idarəedilməsi üzrə magistr Aytən Məmmədovanı mükafatlandırdı.

Həmin gün fasilədən sonra Azərbaycan Turizm İnstitutu tələbələri və akademik heyətin üzvlərinin çıxışları dinlənildi.

Açılış konfransında respublikanın nazirliklərinin məsul şəxsləri, beynəlxalq və yerli təşkilatların, KİV-in nümayəndələri iştirak edirdilər.

 

 

 

 

TİMS bazasına daxil olan məlumatlar dərs ili ərzində daim yeniləşdirilib

 

ötən tədris ilində təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsi tərəfindən respublikanın bütün ümumtəhsil məktəblərini əhatə edən informasiya bazası yaradılıb.

Hazırda TİMS bazasında 1 milyon 400 mindən çox şagird və 200 mindən çox məktəb heyəti (müəllim və digər işçilər) haqqında məlumat yerləşdirilib. Burada ən önəmli cəhət ondan ibarətdir ki, bazaya məlumatların daxil olunması məhz məktəblərin (təhsil şöbələrinin) özləri tərəfindən aparılıb və həmin məlumatlar dərs ili ərzində daim yeniləşdirilib. 

ötən dərs ilində buraxılış sinifləri üçün sınaq və yekun imtahanlar TİMS bazasının məlumatları əsasında aparılıb. İmtahanların nəticələrinə görə şagirdlərə verilmiş şəhadətnamə, yaxud attestatların nömrələri məlumat bazasına  daxil edilib.

Görülmüş işlərin nəticəsi olaraq yeni dərs ilindən statistik hesabatların (1-üM) proqram təminatı tərəfindən formalaşdırılması və həmin hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaranıb. Hazırda bazada olan məlumatların yeni dərs ilinə uyğunlaşdırılması (şagirdlərin növbəti sinfə keçirilməsi və XI sinif şagirdlərinin yeni bazadan silinməsi), eləcə də məktəbəqədər tədris müəssisələri və ali məktəblər üçün proqram təminatının hazırlanması üzərində işlər gedir.